75
törədir. Yəni içində olduğu sinfin təsiri ilə o, yaşayış səviyyəsindən narazıdırsa, sənətkar kimi yaradanda bu
narazılıq əsərlərində özünü göstərir və s.
Göründüyü kimi, məntiq tamam aydın və yetərincə səliqəlidir. Ancaq bir məsələ var: bəs necə olur ki, bir
sinfin içində böyüyüb, boya-başa çatan kəs sonradan o biri sinfin cəbhəsinə keçir? Bəs necə olur ki, bir sinfin
tərbiyəsindən çıxan düşünər (mütəffəkir) siniflərin heç birinə tərəfkeşlik etməyən yaradıcılıqla məşğul olur?
Daha sonra, çağdaş psixologiya, özəlliklə, Freydin Psixoanalizi və Yunqun analitik psixologiyası göstərir
ki, bir çox yaradıcıların yaradıcılığı onların psixologiyalarının lap dərinliyindən başlayıb, gələ-gələ şüura,
oradan da əsərə çıxır. Həmin dərinlik isə sosial təsirlərin ya çatmadığı, ya da bir neçə zərrəciklə çatdığı
dərinlik, qaranlıqdır. Onda deməli, belə yaradıcılara ictimai çevrənin (əhatənin) təsiri az olur. Ya da o
səviyyədə olur, nə dərəcədə ki hər şey insana təsir edir.
Marksizm tarixdə şəxsiyyətin rolu haqqında
Marksizmdə insan anlayışı tarixdə böyük adamların rolu məsələsini də çözməyi asanlaşdırmır. Əgər
Marksizmin dediyi kimi, tarixi zərurətlər irəlidədirsə, onda peyğəmbərlər, napaleonlar, vaşinqtonlar,
leninlər, qandilər tarixin yaradıcıları sayılmamalıdırlar. Onlara olsa-olsa güclü, istedadlı şəxsiyyətlər kimi,
zərurətlərin gerçəkləşməsini asanlaşdıranlar kimi baxmaq olar. Hegeldə də təxminən belə idi. Mütləq Ruh
istəmini gerçəkləşdirmək üçün böyük şəxsiyyətlərin əli ilə iş görür. Marksizmdə Mütləq Qutun yerini tarixi
zərurət tutur.
Ancaq tarixə başqa baxış da yetərincə əsaslıdır: bir çox hallarda böyük şəxsiyyət tarixin yaradıcısı olur və
onun istədikləri toplumda gerçəkləşəndən sonra biz geriyə baxıb, onun işlərinə zərurət adını qoyuruq.
Xristianlıq, İslam yer üzünü nə qədər dəyişdirib. İndi geriyə baxanda İsa Məsih də, Məhəmməd peyğəmbər
də zərurəti gerçəkləşdirən kəslər kimi görünürlər.
Tarixdə nəsə olandan sonra «bu olmalıydı, onun üçün oldu» deməyə nə var ki?!
Problemə bizim öz baxışımız isə belədir: doğrudan da toplumda adamların çoxu səbəb-nəticə zəncirinin
içində yetişir və bu zəncirdə ya bilməzə, ya da bilərəkdən davranır. Belə adamlara ictimai münasibətlərin
yetişdirməsi kimi baxmaq xeyli asan və doğru olur.
Ancaq adamlar da var ki, özlərini yaratmaqla, yapmaqla məşğuldurlar. Bu zaman bir də görürsən ki,
filan azərbaycanlı çevrəsindəkilərin üstündən Çin Daosizminə və ya Atatürk şəxsiyyətinə və ya Qərb
dünyasına doğru boylanıb, düşünə-düşünə özünü dəyişdirir, başqalaşdırır. Başqa birisi isə öz iç
bolluğundan hansı gələcəyə getməyin üstünlüyünü tapır və gücü çatırsa, tarixin meydanında bu yolun
başlanğıcını qoyur.
Adətən, belə adamların düşüncə yönümü, düşüncə vasitələri, dəyər sistemi (nələri dəyərli saymaları)
çoxluğunkundan ayrılır. Düzdür, belə adamların ruhunu çevrəsi bağlar atıb «noxtalamaq» istəyir. Belə
adamların ruhunun xeyli hissəsi təbiətdən, toplumdan, işdaşlarından, qonşularından, ev-eşiyindən alınan
görklərlə dolur və bu mənada sosial ilişgilər həndəvərindən ona uzanıb onun şəxsində özünü göstərir.
Ancaq bu sosial ilişgilər onun səbəbi, onun necəliyini itələyib, sürükləyən güc olmur. Sadəcə, onun üçün
özünün özgürlüyünü gerçəkləşdirən meydan olur və sadəcə, yaradıcılığı üçün material olur.
Futbolçuya öz yaradıcılığını göstərmək üçün bir top, bir meydan və bir də oyunda rəqiblər gərəkdir.
Eləcə də yaradıcı insan üçün içində olduğu toplumun materialları ruhunun devikməsi, «gəzişməsi», adlayışı
üçün vasitələrdir, yəni obrazlı desək, «top», «meydan», «qapı» və s.,-dir.
Nitsşe Üst insan haqqında
76
Nitsşe, sonralar isə ispan filosofu Orteqa-i-Qasset, bax, beləcə, çevrəsinin burulğanından çıxmış,
çevrəsinin çəkimindən (cazibəsindən) qurtulmuş adamlardan danışır. Nitsşe insanları yığnağın, çoxluğun,
sürünün adamlarına və seçmə, yaradıcı adamlara, daha doğrusu, Üst insanlara (supermənlərə) ayırır və
söyləyir: insan sürüsü, yığnaq adamları üç baxımdan özlərini göstərirlər: birincisi, böyük adamların
kopyası, - üzünün köçürülməsi, özü də pis köçürülməsi kimi, ikincisi, böyük adamların etdiklərinə əngəl
kimi, üçüncüsü isə böyük adamların aləti, aracı, silahı kimi.
Sonra Nitsşe tarixin zərurətlə yeridiyini bildirən qanunlar haqqında soruşur: - «Tarixdə qanun varmı?
Bəyəm, bu sürünün axmaqlığını, qul kimi yamsılayıb, meymunluq etməsini, sevgisini, aclığını qanun
adlandırmaq olarmı?»
Sürünün dünyasını mədəniyyətlə bağlı Nitsşe belə açır: indiki insanlar biri-biri ilə elə darıxırlar ki,
özlərini maraqlı etmək üçün dürlü sənətlərdən istifadə edirlər. Və bax, beləcə, onlar sənətkarlara ləziz,
pikant «yeməklər» sifariş verirlər. Sənətkarlar isə Qərb və Şərq ədvası ilə bəzənmiş əsərlərini yaradıb onlara
yemək üçün yollayırlar. Sözsüz, bu əsərlərin Batı və Doğu ətriyyatı ilə dolu qoxuları var. İnsanlar bu gözəl
formalara tamaşa edə-edə axırda inanırlar ki, gözəl görünüşün arxasındakı məzmun da gözəl olmalıdır.
Onun üçün də hər biri darıxdırıcı görünməmək üçün gözəl formalar axtarır, sanki gözəl formanı taxan kimi
məzmun da darıxdırıcı yox, gözəl olacaq.
Nitsşe sürünün belə sifarişləri qarşısında buyuruq qulu olan sənətkarlara çox pis baxır, çünki hesab edir
ki, hər bir adamın borcu çoxluğun, yığnağın xeyrinə yox, ən nadir, ən dəyərli insan ekzemplyarlarının
(nüsxələrinin) xeyrinə çalışmaqdır. Nitsşeyə görə, insanlıq durmadan ayrı-ayrı böyük adamların
hazırlanması işində çalışmalıdır. İnsanlığın borcu, bax, budur, daha ayrı şey deyil.
Sürü üçün nə xarakterikdir? Gərəklərin, istəklərin biri-birinə oxşaması. Əgər adamların yaxşı saydıqları,
pis saydıqları eynidirsə, deməli, onlar biri-birindən az fərqlənirlər. Fərdilik isə təkcə filankəsin bədəninin
filankəsinkindən ayrı olması deyil. Fərdilik sənin nəyə üstünlük verməndə, hansı yöndə düşünməndə,
nədən duyğulanmanda və necə duyğulanmanda özgün, yəni orijinal, bənzərsiz olmağındır. Belə fərdlər az
olur, seçmə dəstəni əmələ gətirir. Nitsşenin dediyinə görə, ulusları də yaradan bu cür fərdilikləri olmuş
böyük adamlardır. Yaradıcılıqla yeni ideya, düşüncə ortaya atanlar da onlardır.
Hamı kimi düşünənin tapdığı hamının tapdığı olur, deməli, yenilik kimi seçilmir. Hamıdan ayrı cür
düşünüb-davranan kəs isə hamının çətin alışacağı, hamıya gözlənilməz olan yenilikləri ortaya atır. Bütün
bunları Nitsşe «Vaxtı çatmış düşüncələr», «Böylə buyurdu Zərdüşt» kitablarında bildirir.
«Avtobioqrafiya» adlanan yazısında isə o, seçkin adamların fərdiliyinə, başqalarına oxşamamasına örnək
kimi öz şəxsiyyətini göstərir. Məsələn, bir yerdə söyləyir ki, Zərdüşt kitabımla mən insanlığa çox böyük
ərmağan verdim. Bu kitab ən yüksək kitabdır, dağ havası kimi bir kitabdır.
Nitsşe bu cür öyünməklə cəmiyyətdə hamının tələb etdiyi «təvazökar ol!» buyuruğunun acığına belənçi
danışır və sonucda dikbaşlıqla çoxluğun əxlaqı ilə kəllə-kəlləyə gəlmək istəyir (onu da bilək ki, sağlığında
Nitsşe tanınmış filosof deyildi).
O, uğurlu olan insan haqqında (bu da seçmə insandır) deyir: belənçi adam bütün bəd hadisələri öz
xeyirinə çevirə bilir. Nə onu məhv etmirsə, onu güclü edir, yəni məhv olsa, heç, ancaq hadisənin onu yox
etməyə gücü çatmırsa, o, hadisənin zərərini özü üçün faydalı edir. Məsələn, götürək xəstəliyi. Ağır
xəstəlikdə adamların çoxu sızıltı və inləməklə, yazıq-yazıq ah-of etməklə yaşayır. Seçmə insan isə xəstəliyi
nə qədər ki, onu öldürməyib, öz xeyirinə çevirir. Örnək kimi Nitsşe özünü göstərir. Söyləyir ki, xəstəlik
halında onda yaranmış sağlamlıq istəyindən, həyat istəmindən özünə bütöv bir fəlsəfə yaratdı.
Nitsşe özünü uzun illər ayıb sayılan, yasaq edilən məsələlərin içində səyahət edən səyyah adlandırırdı.
Doğrudan da onun açdıqları, söylədikləri heç cürə çoxluğun əxlaqına sığmırdı. Məsələn, o özünü döyüşçü
adlandırıb, sonra dava etməsinin dörd prinsipini verirdi:
a) mən həmişə qalib gəlmişlərə hücum edirəm;
b) o şeylərlə döyüşürəm ki, onlara qarşı özümə tərəfdar, köməkçi, qahmar tapmayacam;
Dostları ilə paylaş: |