81
Biz elə bunu «Yenidənqurma» adlanan çağda yaşayanda yaxşı görmüşdük. İqtisadiyyatda, maddi
dəyərlərin düzəldilməsində əyər-əskiklər, öncəki mülkiyyət, yiyəlik münasibətlərindən doğan
bacarıqsızlıqlar hamısı qəzetlərdə nələrin yazılmasına, adamların nədən söhbət etməsinə, necə düşünməsinə
təsir etmişdi. Ancaq bu təsir çoxluq üçün belədir, yenə də dəyərlər bölgəsində yetərincə yaradıcılar var ki,
belə təsirlərdən özgürdürlər. Və əgər siyasəti götürsək, demək olar ki, mənəvi dəyərlər dünyasının bir
bölgəsi olan siyasətdə elə adamlar və ya siyasi dəstələr ortaya çıxırlar ki, toplumda yaranmış vəziyyətdən
vasitə kimi istifadə edərək öz istəmlərini həyata keçirməklə cəmiyyətin hərəkətini başqa yönümə yönəldə
bilirlər. Yəni öz mənəviyyatları əsasında cəmiyyəti dəyişdirə bilirlər.
Onu da deyək ki, maddi dəyərlərin yoxsulluğu, azadlığının azlığı və nəticədə mənəvi dəyərlərin
yoxsulluğu olan toplumlarda Marksizmin materialist modelinə uyğun vəziyyətlər tez-tez yaranır: yəni
maddi dəyərlər bölgəsi mənəvi dəyərlərin necəliyinə güclü təkanverici, itələyici, dəyişdirici etgilər göstərir,
onun necəliyini təyin edir. Ancaq maddi sərvətlər bolluğunu yaratmış, İnsan Haqlarını tanımış azad
toplumlarda durum marksist modelə sığmaz xarakter alır. Mənəvi mədəniyyət öz bölgələrində sərbəst
şəkildə gedən axtarışlar nəticəsində dəyişərək özünə istiqamət qazanır və hətta sonra maddi dəyərlər
sahəsini də yönəldir.
Bizcə, Marksizmdə maddi və mənəvi sərvətləri biri-birinə tərəf boylandıraraq öyrənmək ideyası xəlvət-
xəlvət «maddi sərvətlər mənəvi sərvətlərə səbəb olur» ideyasına çevriləndə çoxlu uyğunsuzluqlar yaranır.
Belə uyğunsuzluqlardan birinə örnək: Əski Yunanıstanda sənət, fəlsəfə sonrakı çağlara baxanda xeyli yuxarı
idi və bunu Marks da qəbul edirdi. Marks özü soruşurdu: bəs necə olur ki, maddi dəyərlərin istehsalına
görə özündən sonrakı çağların toplumundan geri qalan Yunanıstan onların hamısı üçün üstünlüyünə görə
əlçatmaz olan mənəvi mədəniyyəti yaratmışdı?
Bu cür sualın cavabında marksist ədəbiyyatda kitabdan-kitaba, ağızdan-ağıza keçən deyim yaranmışdı:
maddi və mənəvi mədəniyyət bölgələri qeyri-bərabər inkişaf edir.
Belə tez-tez deyirlər və sanki bununla Marksizm özünü şaşırdan problemi neytrallaşdırır. Ancaq
anlayanlar üçün bayaqkı sual suallığında qalır: maddi istehsalatın, iqtisadi münasibətlərin mənəvi
yaradıcılığa səbəb kimi təsiri o deməkdir ki, birinci qabağa gedəndə ikincini də irəli itələməlidir, geri
qalanda isə ikincini də arxasınca çəkməlidir. Əgər belə deyilsə, deməli, əlaqə tamam başqa cürdür. Yəni bir
yerdə, bir çağda maddi dəyərlər ürətimindən (istehsalından) başlanan proseslər mənəvi mədəniyyət
sahəsində köklü dəyişgilər yaratdığı halda, başqa yerdə, başqa çağda, məhz, mənəvi mədəniyyətdə yetişən
proseslər maddi mədəniyyəti güclü şəkildə dəyişdirir.
Toplumun xeyli sahələri var ki, orada «birinci hansı tərəf səbəb olub?» sualı «toyuq-yumurta»
məsələsinə oxşayır. Çevrənin başlanğıcı, sonu yoxdur. Eləcə də çevrəvi hərəkətin. Bu mənada toplumun elə
sahələri var ki, orada maddi tərəflə mənəvi tərəf arasındakı əlaqələr, təsirlər durmadan çevrəvi
əvəzlənmələr xarakteri alır. Yəni bu ona, o buna təsir edir. Beləcə, biri-birinin başına fırlanırlar və bilmək
olmur, hansı ilkin başlayıb və əslində, bunu tapmağın mənası da olmur. Çünki ola bilər ki, nəsə maddi
dəyərlərin istehsal bölgəsindən başlasın, ancaq mənəvi sahəyə keçəndə elə artsın, elə güclənsin ki, tarix də
onun qarşısında dayana bilməsin. O, mənəvi yaradıcılıq dünyasının gücü ilə tarix üçün yeni yol açsın.
Məsələn, biz İslamın yaranmasına səbəb kimi V yüzilin Məkkəsində hansı iqtisadi ilişgilərin necə
olmasından nə qədər danışsaq da İslam sayəsində dünya xəritəsinin niyə bu dərəcədə dəyişməsini
anlamayacağıq. Ancaq İslamın ruhundan gələn gücü, insanlara, tarixə nələr verdiyini, insanları necə
dəyişdirdiyini anlasaq, onun yayılmasının da, onun başqa uluslar tərəfindən sevilməsinin də necəliyini başa
düşəcəyik.
Başqa incəlik. Toplumun nəsnəl varlığında nə olur-olsun, onlar toplumun başqa qatlarında və
bütünlükdə, toplumun özündə dəyişgilər törətmək üçün öncə adamların duyğularından, düşünüşündən
keçməlidir. Keçəndə isə burada «səsi» bata bilər, hənirtisi gurultuya çevrilə bilər. Məsələn, götürək təbii
fəlakət nəticəsində baş vermiş aclığı. Ulus var ki, bu aclığın acıları, qorxusu onun ruhundan keçəndə bu
ruhu darmadağın edir və sonucda dağılmış ruhu ilə millət dağınıq işlər görüb, toplumu viran qoyur.
82
Ulus da var ki, həmin aclıq onun qutuna təsir göstərəndə burada özünütoplama, səliqəli davranma gücü
yaranır və nəticədə etdikləri ilə ulus nəinki aclıqdan qurtulur, hətta qonşularından xeyli qabağa gedir.
Bütün bu «əmmalar» qarşısında təkcə Marksizm yox, bütün fəlsəfə duruxur. Bir yandan, çox rahatdır,
əlverişlidir cəmiyyətdə bir tərəfi səbəb, o biri tərəfi isə həmin səbəbin nəticəsi kimi götürmək. Bu zaman
fəlsəfə toplumu insan biçimində modelləşdirir. Yəni insanın gövdəsi (bədəni, cismi), nəsnəl tərəfi var və bir
də ruhu var. Gövdəni aşağı ilə, ruhu isə yuxarı ilə bağlayırıq (elə dinlərin çoxu da Tanrını yuxarıda,
Materiyanı aşağıda yerləşdirir). Bizim aclığımız, bədənimizin ağrıları, sinir sistemimizin necə işləməsi,
gözümüzün necə görməsi hamısı qutumuza öz təsirini, özü də güclü təsirini göstərir. Tikilidə özül üst
tərəfin dayağı olduğu kimi. Və belə bir obraz əsasında Marksizm toplumun quruluşuna baxır, deyir ki,
cəmiyyətin də öz gövdəsi və öz ruhu var. Maddi dəyərlər, maddi istəklər, bu istəklərin ödənilməsi və
ödənilməsi üçün maddi dəyərlərin ürətimi bərabərdir toplumun bədəninə, bədənin işləməsinə. Fəlsəfi, dini,
əxlaqi, bədii yaradıcılıqlar isə bərabərdir cəmiyyətin bilincinə, qutuna.
Və Marksizm belə hesab edir ki, toplumda da insanda olduğu kimi bədən ruha güclü təsir edir. Elə güclü
təsir edir ki, ona toplum ruhunun yaradıcısı, qurucusu, dəyişdiricisi demək olar.
Bəzi idealist fəlsəfi sistemlər isə deyir ki, aşağı yuxarının deyil, yuxarı aşağının səbəbidir, necə ki Tanrı
varlığın yaradıcısıdır, necə ki insan bədənini əsasən ruhu davrandırır. Deməli, toplumda maddi dəyərlərin
istehsalının, paylanmasının necə getməsi asılı olur burada dinin, əxlaqın, fəlsəfənin hansı səviyyədə,
vəziyyətdə olmasından.
Bunların hansı doğrudur? Fəlsəfə tarixi hələ ki cavab tapmayıb, hər iki baxış tez-tez elə olaylarla rastlaşır
ki, həmin əsaslarla bu olayları anlada bilmir.
Dediyimiz vəziyyəti toplum haqqında aşağıdakı nəzəri modeldə gözdən keçirmək olar.
Freyd mədəniyyətin yaranması, mədəniyyət hadisələrinin
vəzifələri, işi haqqında
Məsələn, baxaq Avstriya alimi Freydin Psixoanalizinə. Bu nəzəriyyə öncə insan, sonra isə mədəniyyət
haqqındadır.
Freydizmin ən böyük nailiyyətlərindən biri odur ki, heç bir nəzəriyyə onun kimi insanda və
mədəniyyətdə səbəbdən nəticəyə gedən təsiri bu qədər incə, zərif naxışlı cizgilərlə aça bilməyib. Buna
Marksizm sosiologiyası da (cəmiyyətşünaslığı da) idealist sosiologiya da qibtə edə bilər.
Dialektik materializm fəlsəfi sistemləri bölüşdürəndə materializm, idealizm anlayışlarından başqa vulqar
(yəni qara camaata xas, qaba) materializm anlayışından da istifadə edir. «Qaba materializm» termini ilə o
göstərilir ki, bəzi materialist olan filosoflar materiyanı o qədər sevirlər ki, qabalıq edib hətta ruhla,
mənəviyyatla bağlı necəlikləri də maddi necəliklər kimi açırlar. Yəni biz beyinin düşüncə törətməsini
mədənin turşu törətməsinə bərabər proses saysaq, vulqar materializmə yol verəcəyik.
Freydizm öz özüllərinə görə qaba materializm sayıla bilər. Çünki insanın bilincinin, insanın mənəvi
dəyərlər yaratmasının əsasına seksuallığı qoyur. Seksuallıq isə ən öncə bir cinsdən olan adamın başqa
cinsdən olan adama şəhvəti, ehtirası, bədən istəyidir. Biz çoxdan gələn ənənələrin təsiri ilə seksuallığı nəsə
ayıb, deməli, qaba sayırıq, onun üçün də Freydizmi qaba materialist hesab etmək istəyirik. Ancaq di gəl ki,
Psixoanalizdə bilinclə, mənəviyyatla, mədəniyyətlə bağlı qurulan ilişgi şəbəkələrinin narınlığına çox
nəzəriyyələr paxıllıq edə bilər və əslində XX yüzilin sənəti, humanitar düşüncəsi və marksist araşdırmalar
da bu baxımdan Freydizmdən təsirlənmişlər.
Bir paradoksu da deyək. Marksizm, xüsusilə, Dialektik materializm dərslərində materializmi irəlici sosial
siniflərin istəkləri ilə bağlamışdı. İnandırmışdı ki, hər materialist filosof və ondan tərbiyə alan ateistlər
irəlicidirlər (mütərəqqidirlər), ayıqdırlar, dumansız beyindirlər, insanlığa xeyir verəndirlər, idealizm və
dindarlıq isə geriyə çəkən siniflərin qulluğunda durandır. Bu bölgüyə görə Freydizmə Marksizmin
Dostları ilə paylaş: |