77
v) mən heç vaxt şəxsiyyətin özünə həmlə etmirəm. Şəxsiyyətdən ancaq böyüdücü şüşə kimi istifadə
edirəm. Bu böyüdücü şüşə ilə hamıdakı bəlaları böyüdüb göstərirəm. Yoxsa, konkret adamla mənim nə
işim?!
q) kiməsə həmlə edirəmsə, bu, mənim ona xeyirxahlığımdır, hətta təşəkkürümdür.
Nitsşe çağındakı adamlarının əxlaqını bürümüş «suç», «gerçək», «əbədi həyat» (o biri dünyada) –
anlayışlarını xəstəlik sayırdı və söyləyirdi ki, mən antixristianam, ona görə də xristianlığın mənəvi
dəyərlərinə, nəyi yaxşı, nəyi pis saymasına düşmənəm.
O, sevgini də tamam başqa cür anladırdı. «Sevginin fəlsəfəyə yaraşan tərifini yalnız mən sizə verirəm:
sevgi işlətdiyi vasitələrə görə savaşdır, öz kökünə görə isə qadınla kişinin biri-birinə ölümcül nifrətidir».
Nitsşe belə Nitsşeydi<
İnsan problemi haqqında yekun sözü
Biz insanın necəliyi ilə bağlı fəlsəfənin hansı düzənliklərə çıxdığını, hansı dolanbaclara, döngələrə
düşdüyünü göstərmək üçün ayrı-ayrı çağlardan, Şərqdən və Qərbdən örnəklərə baxdıq. Bu səyahətimizdən
sonra yenə kimsə soruşmaq istəyəcək: bəs, insan haqqında filosoflardan hansı doğru deyib, hansı düz
göstərib?
Bu soruya cavab vermək nəinki çətindir, yəqin ki heç mümkün də deyil. Bir fəlsəfi sistemdən başqasına
baxanda doğrudan da başqasında çatışmazlıqları görmək olur. Məsələn, Kant maarifçilərə göstərir ki,
eqoizmi, öz səadətini əxlaqi davranışın kökünə qoyanda hamıya aid, hamı üçün gərəkcə gücünü saxlayan
qanunlara arxalanmırsan. Əxlaq insan münasibətlərini düzümə, düzgünlüyə salandır, ancaq hər kəs xoşbəxt
olmaq üçün davrananda hərə bir tərəfə çəkir, dağıntı yaranır.
Maarifçilər isə yəqin Kanta deyərdilər ki, sənin söylədiyin əxlaqlı adam, yəni öz xeyrini güdmədən
yalnız borc duyğusundan çıxış edən adam, elə özün də boynuna alırsan ki, çox adamın bacardığı iş deyil.
Əxlaq isə bir-iki nəfərin igidliyi yox, xeyli adamın münasibətlərini səliqəyə salacaq düzümləmə vasitəsi
olmalıdır.
Marksizm Kantı onda suçlaya bilər ki, yalnız tək-tək adamların əxlaqından danışır və adamları bir növ
ideal baxımından əsl əxlaqa çağırır, hərçənd həm də başa salır ki, əgər bu əsl əxlaqı bilməsələr, nələrdən
ziyan çəkəcəklər. Ancaq yenə də, Marksizmə görə, insanları filan cür olmağa çağırmaqla onları filan cür
düzəltmək olmaz. Cəmiyyəti dəyişdirmək gərəkdir ki, insan da dəyişsin.
Əvəzində Kant da Marksizmə deyə bilərdi ki, sənin insanın səbəblərin qırmancı ilə döyülə-döyülə
dəyişir. Əsl əxlaqın daşıyıcısı, subyekti isə azad insan olmalıdır. Yəni adamın bu cür də, o cür də
davranmağa azadlığı olanda hərəkətinə görə cavabdeh olur. Ancaq onun başqa cür davranmağa yolu
yoxdursa, hərəkətinə görə məsuliyyəti də olmur, deməli, onu əxlaqın sözünə baxmamaqda suçlamaq da
olmaz.
Belə-belə yəqin ki, düşüncə dəyişməsi sonsuzluğacan uzana bilər. Kimlərsə bunu acı bağırsağın
uzanmasına oxşada bilər. Ancaq sonsuzluğa uzanan söhbət doğrudan da maraqlıdır. Bunu «Fəlsəfə nə
üçündür?» bölməsində söyləmişdik. İndi isə bir az başqa yöndə açaq.
M. Bulqakovun «Ustad və Marqarita» romanının axırında Ponti Pilatla İsus Ay işığında gedə-gedə
sonsuz, əbədi söhbətdə bulunurlar. Sokrat ölümdən qorxmurdu, deyirdi ki, ruhum Göy aləmində müdrik
adamların ruhları ilə birlikdə olacaq və biz yaxşı söhbətlər edəcəyik.
(Yəqin Sokratın arzuladığı aləmdə söhbətlərin sonu yox idi. Bu yerdə «Rəşid Şərif» adında gözəl bir
rəssamın işi yada düşür. Həmin əsərdə alma boyda ulduzların arası ilə bir yol keçib qaranlıq dərinliklərdə
78
yox olur. Rəssam isə bu yol haqqında bizə belə demişdi: arzum var ki, öləndən sonra ruhum ürək dostumla
əbədi söhbət edə-edə bu yolla getsin).
Sonsuz söhbət elə bir söhbət ola bilər ki, heç vaxt darıxqanlıq gətirməsin, yerli-yerində yenilikdən təpgi
alsın, dolana-dolana təzə-təzə düşüncə çalarlarına, məsələlərinə çıxsın. Fəlsəfi sistemlərin mədəniyyət üçün
gərəyi onların insan haqqında sonsuz söhbətlərə yol açmasıdır. Dedik ki, yəqin mədəniyyətin bir ölçüsü də
həmin mədəniyyətin məkanında nə qədər maraqlı söhbətlərin getməsidir. Əgər belədirsə, fəlsəfə insan
haqqında maraqlı düşüncələr, söhbətlər üçün dürlü problemlər ortaya atır. Bax, beləcə, fəlsəfəni sevənlər,
həm də fəlsəfi sistemdən özü-özlüyünə həzz alanlar insan haqqında bir fəlsəfədən başqasına adlaya-adlaya
düşüncələrlə, dialoqlarla məşğul olurlar.
Ancaq elə adamlar da var ki, fəlsəfədən özü haqqında, necə yaşaması, necə etməsi, necə dəyişməsi
haqqında buyuruqlar almaq istəyir və bu zaman hansı fəlsəfi sistem ona doğma görünürsə, ona həm də
doğru görünür.
İkinci bölmə. Mədəniyyət
Mədəniyyətin tərifi
Fəlsəfədə insan problemindən mədəniyyət probleminə qapılar taybatay açıqdır. Ona görə də ya
mədəniyyət problemindən insan probleminə girmək olar, ya da insandan mədəniyyətə çıxmaq olar. İndi də
mədəniyyət dünyasına tərəf «yeriyək».
Toplum yalnız insanların toplanması deyil, həm də insan eyləmlərinin və insanın eyləyib,
düzəltdiklərinin toplusudur. Mədəniyyət anlayışının 259-dan çox tanımı var, biz onlardan birini – indicə
söylədiyimizi seçdik.
Avropa dillərində və Türkiyədə mədəniyyəti bildirmək üçün «kultura» (türk deyimində «kültür»)
işlədilir. Həmin söz latınca torpağın şumlanıb, hazırlanmasını bildirir. Torpaq üzərində insan iş görür,
deməli, insanın xam torpağı şumlaması sonralar hansı bir məntiqləsə mədəniyyət anlayışına gətirib
çıxarmışdır. Bizcə, burada məntiq belə idi: insan xam torpağı şumlamaqla iş görür və iş görəndə eyləmlə
(etməklə, eyləməklə, fəaliyyətlə) məşğul olanda xam olan, hələ toxunulmamış, təbii vəziyyətində qalmış
nəyisə özünə gərəkli yöndən dəyişdirir, mənimsəyir.
Deməli, mədəniyyət anlayışı xam, ilkin, təbiətdəki kimi olanın insan tərəfindən dəyişdirilib, başqa
biçimə, başqa dona salınmasını bildirir. Ona görə də bir çox mifoloji dünya görklərində, modellərində,
fəlsəfi quramlarda Mədəniyyət Təbiətlə qarşılaşdırılır və bu qarşıdurmadan öz anlamını, tanımını qazanır.
Bu baxımdan biz azərbaycanlıların ərəbcədən götürdüyü «mədəniyyət» sözü maraqlıdır. Ərəb dilində
«mədinə (tun)» şəhər deməkdir. Deməli, mədəniyyət şəhərə xas olmağı bildirir. Səhradakı bədəvi ərəblərin
Dostları ilə paylaş: |