Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə


II fəsil ƏMLAKIN ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ VƏ YA GİROV QOYULMASI HAQQINDA ƏQDLƏRİN TƏSDİQ OLUNMASI



Yüklə 0,53 Mb.
səhifə4/8
tarix05.03.2018
ölçüsü0,53 Mb.
#29926
növüQaydalar
1   2   3   4   5   6   7   8

II fəsil
ƏMLAKIN ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ VƏ YA GİROV QOYULMASI HAQQINDA ƏQDLƏRİN TƏSDİQ OLUNMASI


45. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir.

46. Notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar.

47. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir.[46]

48. Daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. [47]

Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.

Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir.

49. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Ümumi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir.

Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir.

Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizələrini notariusa şəxsən təqdim edən şəxslərin imzalarının həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius razılıq vermiş şəxslərin şəxsiyyətini müəyyən edir və onların imzalarının həqiqiliyini yoxlayır, bu barədə ərizələrdə qeyd edir və onların şəxsiyyətini təsdiq edən sənədin adını, nömrəsini, verildiyi tarixi və sənədi vermiş idarənin adını göstərir.

Ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır.

Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyət olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun.

Əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxs onun ərinin (arvadının) olmaması (subay, dul olması) haqqında ərizə təqdim edərsə, notarius bunu əqdin digər iştirakçısının nəzərinə çatdırır, o isə ərizədə imza etməklə, həmin halın ona məlum olduğunu təsdiq edir. Göstərilən ərizə əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxsin özü tərəfindən, əqd nümayəndə vasitəsilə bağlandıqda isə nümayəndə tərəfindən verilməlidir.

Əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən, notarius bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər özgəninkiləşdirilən və ya girov qoyulan əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir.

Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.

Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, notarius satanın xahişi ilə onun ərizəsini satılan əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərə bilər.

Paylar məlum olan ümumi mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınmaz əmlak üçün 45 gün ərzində, daşınar əmlak üçün isə 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, notarius payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.

Əmlakda ki, payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin o halda təsdiq edilə bilər ki, paylar məlum olan ümumi mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamasınlar və onların ünvanı məlum olmasın. Bunu təsdiq etmək üçün ünvan stolunun müvafiq arayışı təqdim edilməlidir.

Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər.

Ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilər notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilərlər.[48]

50. Satılmış əmlak üçün alınan məbləği yetkinlik yaşına çatmamışların və ya fəaliyyət qabiliyyəti olmayan digər şəxslərin adına bank əmanətinə qoyulması qəyyumluq və himayə orqanı tərəfindən valideynlərə, qəyyumlara və ya himayəçilərə tapşırılarsa, notarius həmin tələbin yerinə yetirilməsini yoxlaması və bunu müqavilənin mətnində göstərməlidir.

51. Yaşayış evinin, bağın, bağ evinin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən yaşayış evinin, bağın, bağ evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olduğu müəyyən edilərsə və tərəflərin torpağı da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsində qeyd olunan hallarda tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların binanı (qurğunu) əldə edənə keçməsi barədə müddəalar bu əqddə öz əksini tapmalıdır. Əgər torpaq xüsusi mülkiyyәtdә deyilsə, o zaman notarius tərəflərə izah etməlidir ki, torpaqdan yalnız istifadə (icarə) hüquqi digər tərəfə keçir.[49]

Eyni zamanda izah edilməlidir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq torpaq yalnız Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xüsusi mülkiyyətində ola bilər.

52. Daşınmaz əmlakın müəyyən hissəsinin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən müqavilənin mətnində tərəflərin arzusu ilə həm əmlakın konkret hissələri, həm riyazi paylar (1/2; 1/3 və sairə), həmçinin konkret hissələr göstərilə bilər.

Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri tərəfindən daşınmaz əmlakda ona məxsus payın özgəninkiləşdirilməsi haqqında müqavilədə daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası yalnız o zaman göstərilə bilər ki, daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında müvafiq saziş olsun və ya buna onların yazılı razılığı olsun, yaxud da daşınmaz əmlakın konkret hissələrindən istifadə qaydası haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun.

Daşınmaz əmlakın konkret hissələri (mənzillər, otaqlar, mərtəbələr və s.) göstərilməklə ümumi daşınmaz əmlakdan istifadə qaydası haqqında paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında saziş müstəqil sənəd tərtib etmək yolu ilə rəsmiləşdirilə bilər.

Bu cür sazişlər təsdiq olunarkən daşınmaz əmlakın hüquq müəyyənedici sənədi və texniki pasportu tələb edilir.

53. Notarius daşınmaz əmlaka ümumi mülkiyyətdə payın özgəninkiləşdirilməsi haqqında müqaviləni təsdiq edərkən payı əldə edənə izah edir ki, iştirakçıların paylarına müvafiq surətdə daşınmaz əmlakın ayrı-ayrı hissələrindən istifadə etmək qaydası haqqında bu daşınmaz əmlakda paylar məlum olan ümumi mülkiyyət iştirakçıları arasında əvvəllər bağlanmış saziş notariat qaydasında təsdiq olunmuş və müvafiq dövlət orqanında qeydə alınmışsa, bu saziş həmin daşınmaz əmlaka ümumi mülkiyyətin bir hissəsini əldə edən şəxs üçün də məcburidir.

54. Daşınmaz əmlak üçün hüquq müəyyənedici sənəddə payların miqdarı göstərilməmişsə və ya qeyri-düzgün göstərilmişsə, payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında saziş həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquq müəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər.[50]

Paylar məlum olan ümumi mülkiyyətin iştirakçısı öldükdə, payların miqdarının dəyişdirilməsi haqqında saziş onun mirası qəbul etmiş vərəsələrinin iştirakı ilə təsdiq edə bilər.

Daşınmaz əmlakı üçün məlum olan ümumi mülkiyyətin iştirakçılarından hər birinə məxsus olan payın miqdarının müəyyən edilməsi, eləcə də payların miqdarının dəyişdirilməsi haqqında saziş təsdiq edilərkən təsdiq qeydində göstərilir ki, bu saziş dövlət reyestrində qeydə alınmalıdır.

Payların miqdarının müəyyən edilməsi və ya dəyişdirilməsi haqqında saziş hüquq müəyyənedici sənədə (sənədlərə) əlavə olunur.

(Çıxarılıb)[51]

Tikintisi başa çatdırılmamış daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə təsdiq edilərkən, zəruri sənədlərlə yanaşı müvafiq icra hakimiyyəti orqanından tikintisi başa çatdırılmamış daşınmaz əmlakın dəyəri haqqında və özgəninkiləşdirməyə qadağanın və həbsin olmadığı barədə arayış tələb edilir.

56. Tarix və mədəniyyət abidələrinin özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına dair müqavilələrin təsdiqi zamanı müvafiq mədəniyyət orqanlarının bu barədə razılığı olmalıdır.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə