Növbəti dua otağının iki addımlığında dayanıb içəriyə girə bilməmək məni dəli
edirdi. Hər şeyin belə bitəcəyini gözləmirdim.
Hər iki əlimi qaldırıb gözlərimi kağızdakı üç dairəyə və bu dairələrin altında
yazılan cümlələrə zillədim.
Meksikalı əsgərin gülüş səsini həzm edə bilmədim. O qədər əsəbləşdim ki, üzümü
ona çevirib “vur!” dedim.
Tüfəngin lüləsini üzümə yapışdırıb tətiyi çəkməyə hazırlaşan əsgərə anidən nəsə
oldu.
Silahı əlindən düşdü. Mənə baxan göz bəbəkləri böyüdü. Dizləri üstə çökdü. Sonra
isə üzü üstə yerə yapışdı.
Cəsəddən bir qədər aralıda başqa bir adam dayanmışdı. Qaranlıq olduğu üçün onun
üzünü aydın görə bilmirdim. Həmin adam yerdə uzanmış əsgərə yaxınlaşıb aşağı
əyildi və onun kürəyindən bıçağını çıxardı. Bir müddət ona baxıb dedi:
“Əsgər
kimdir? Əsgər sadəcə əmr quludur. Görəsən, bu əmrləri verənlər hansı mənsəbə
qulluq edirlər? Görəsən, ölümündən sonra bu əsgəri kimsə yad edəcək? Onun
ölümünün bir mənası varmı? Bu bıçaq onu adsız qəhrəmanlardan birinə çevirdi.
Halbuki, bıçaq mənim kürəyimə saplananda bütün dünya ölümümü və adımı
müzakirə edirdi. Bu günə kimi də müzakirə edirlər. Bu əsgər isə unudulmağa
məhkumdur”.
Heyrətlənmişdim. Donub qalmışdım. Çünki sözlərinə qulaq asdığım insanın kim
olduğunu anlamışdım. Təxminlərimi qətiləşdirmək üçün danışmağa davam etdi:
“Heç kim onları yad etmir. Yaxınları belə onlardan gec-tez əlini üzür. Əmrlərə tabe
olmaq da bir həyat deyil. Bəzən qaydaların əksinə getmək lazımdır. Elə səninlə
danışan gəncin etdiyi kimi qaydaları görməzdən gəlib öz işini qurmalısan. Hələ də
inana bilmirəm ki, əsgərlik çəkə-çəkə bu gənc ilk milyon dollarını qazanıb”.
Ayağa qalxıb mənə tərəf yaxınlaşan adamın kim olduğunu artıq dəqiq bilirdim.
Ona təəccüblə baxdığımı görüb gülümsədi və dedi:
“Darıxma, dostum, hər şeyi 13-cü gün anlayacaqsan”.
O, dua otağına daxil oldu. Onun arxasınca gedəndə gözlərim qaraldı. Ayaqlarımın
altında boşluq yarandı. Dərin boşluğa düşəcəyimi zənn edib qışqırdım. Gözlərimi
açanda evdə olduğumu və qışqırıq səsimlə evdə yatan hər kəsi oyatdığımı anladım.
Yuxuya qayıtmaq istəyirdim. Amma bilirdim ki, bu, mümkün olmayacaq. Deməli,
onunla söhbətimizin ardını gözləməli olacaqdım.
Fəsil 3
Üçüncü görüş - Kağızda çəkilmiş dairələrin sirri
“Qaydaları pozmayın. Amma onları görməzdən gəlin. Qaydalara əməl etsək,
sadəcə “rəqəmlərdən” birinə çevrilərik. Tabe olan rəqəmlərdən birinə. Halbuki,
biz canlıyıq.”
Toğrulla növbəti görüşümüzün vaxtı gəlib çatmışdı. İş otağında onu gözləyirdim.
Masanın üstündəki kağızı götürüb diqqətlə baxmağa başladım. Dünən gördüyüm
yuxunun təsiri altında idim. Kağızda çəkilmiş dairələrin aşağı hissəsinə dönə-dönə
baxdım ki, bəlkə, nəsə tapdım. Amma heç bir yazı görmədim.
Otağa daxil olan Toğrul onun verdiyi kağıza diqqətlə baxdığımı görüb soruşdu:
“Nə düşünürsünüz?”.
Dünən gördüyüm yuxunu hiss etdirməmək üçün tərəddüd etmədən, “dairələrin
içində yazılmış sözləri düşünürəm”, - dedim.
Cavabımı eşidən Toğrul məni onunla birlikdə divana əyləşməyə dəvət etdi. Hiss
olunurdu ki, məni dərin və ətraflı izahat gözləyir. Divana əyləşəndən sonra mənim
üçün süzülmüş çaydan bir qurtum aldım. Toğrul da “ofisin ən iri stəkanından” bir
qurtum içərək söhbətinə başladı: “Gəlin bu kağızda yazılmış dairələrin mənasını
bir-bir izah edim. İnanıram ki, sizə çox böyük faydası dəyəcək. Bu üç söz ayrı-
ayrılıqda heç bir işə yaramır. Amma üçünün birliyindən inanılmaz nəticələr əldə
etmək mümkündür”.
Birinci dairədə yazılmış sözü göstərib davam etdi: “Burada EHTİRAS sözü
yazılıb. Sirli sousun resepti üçün ən vacib hesab etdiyim elementlərin ilkidir.
Ehtiras çox güclü hissdir. Bu hiss sizi idarə edirsə, o zaman qaydaları görməzdən
gəlirsiniz. Adətən insan sevdiyi bir işə ehtiras hissini bəsləyir. Məsələn, siz hazırda
kitab yazırsınız. Halbuki, kitab yazmaq qaydalarla dolu olan normal həyatımıza
görə bir iş deyil. Amma əminəm ki, yazmağa qarşı çox güclü ehtiras hiss edirsiniz.
Bu, çox vacibdir. Çünki yalnız bu hisslə qaydaları dəyişə biləcəksiniz. (Ona
təəccüblə baxdığımı görüb gülümsədi.) Siz də hamı kimi “normal” şəkildə yaşaya
bilərdiniz. Amma bunu etmək əvəzinə, ehtirasınızın qurbanına çevrildiniz. Uğurlu
ola bilmək və ya xoşbəxt ola bilmək üçün, ilk növbədə, bizi ehtirasa gətirən sahəni
və ya işi tapmalıyıq.
Mən əvvəllər pulu sadəcə çətinlik görən ailəmə görə qazandığımı düşünürdüm.
Düşünürdüm ki, bu güclü istəyim ehtiyacdan yaranıb. Amma bu gün öz həyatımı
təhlil edəndə görürəm ki, pul qazanmaq və problemləri həll etməkdən həzz alıram.
Qazanmağa olan ehtirasım o qədər güclüdür ki, normal hesab edilən bütün
qaydaları və prosedurları görməzdən gəlmişəm. Həyatımı idarə edən başlıca hiss
məhz bu dairədə gördüyünüz sözlə bağlıdır”.
Onun sözlərini eşitdikdən sonra beynimdə bir sual yarandı: “Məktəbdə və
universitetdə bizə öyrədilənlər ehtiras hissimizi öldürmürmü?”.
Toğrul sanki sualımı eşidərcəsinə söhbətinə davam etdi:
- İlk dəfə məhz məktəbdə və universitetdə sosial bərabərsizliyi hiss etmişəm.
Məktəbdə bunun fərqinə bir o qədər varmasam da, universitetdə bərabərsizliyi
açıq-aşkar görmüşəm. Düşünün ki, bir qrupda həm çox kasıb, həm də çox varlı
ailələrdən olan tələbələr təhsil alırlar. Varlı tələbələrin gələcəyi, demək olar ki,
artıq sığortalanıb. Onlara verilən cib xərcliyi bəzən müəllimlərin maaşından daha
çox olur. Yadımdadır ki, universitetin birinci kursunda mənə verilən aylıq cib
xərcliyini başqa tələbə sadəcə bir nahara xərcləyirdi. Sonra ikimiz də eyni
auditoriyada əyləşib, eyni dərsləri öyrənirdik. Mən anlayırdım ki, sosial cəhətdən
hansı qrupa məxsus olmaq istəyirəm. Və yalnız dərs oxumaqla buna nail ola
bilməyəcəyimi gün keçdikcə daha yaxşı başa düşürdüm. Deyim ki, yaxşı
qiymətlərlə oxuyurdum. Hətta uzun müddət əlaçı belə olmuşam. Amma hiss
etmişəm ki, əsas işi görmürəm. Əsas iş isə pul qazanmaqdır. Böyük şəklə baxsanız,
görərsiniz ki, ailələr bizi məktəbə və universitetə, ilk növbədə, gələcəkdə iş tapıb
pul qazana bilməyimiz üçün göndərirlər. Buna görə illərimizi təhsil ocaqlarında
itiririk. Halbuki, daha tez işləmək və qazanmaq şansımız var. Mən artıq 17
yaşımda ayda təqribən 3000 dollar qazanırdım. Amma əminəm ki, bir çox insan 50
yaşına çatsa da, bu məbləği qazana bilməyib. Səbəb sadədir. Onlar ehtiraslarının
ardınca getməyiblər. Onlar qaydalara tabe olublar və həyatlarını normal şəkildə
yaşamağa çalışıblar. Mən isə fərqli düşünürəm. Hər kəs bu həyatı gec-tez tərk
edəcək, amma hər kəs bu həyatı yaşaya biləcək qədər cəsarətə sahib olmayacaq.
Cəsarət ehtirasın çoxluğundan yaranır. İşinə sevgin varsa, bu, sənin həyatına çox
böyük təsir göstərir.
Sirli reseptimin birinci sözünə diqqət yetirin. Nəyə ehtiras göstərdiyinizi vaxtında
müəyyənləşdirin. Çünki kiçik yaşlardan həmin istiqamətdə çoxlu iş görməli
olacaqsınız. Əlbəttə ki, bu hissin bir neçə çaları var. Gərək onları da bir-bir izah
edim. (Toğrul divandakı yerini rahatlayıb söhbətinə davam etdi.)
Xoşuma gələn ilk qızdan danışmaq istəyirəm.
Dostları ilə paylaş: |