2
Respublikanın ümumtəhsil məktəblərinin
10-cu sinifləri üçün “Yeni tarix” dərsliyi
Müəlliflər:Tofiq Vəliyev
Nisbət Mehdiyeva
Məmməd Fətəliyev
Qabil Əliyev
Rafiq Qurbanov
Murad Vəliyev
Ağası Hüseynov
Bakı: Çaşıoğlu, 2010.
Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər
əsasında hazırlanmış
YEKUN RƏY
Rafael Süleymanov
Əkbər Qocayev
3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi- metodiki uyğunluğu baxımından.
1. Məzmunun işlənməsi baxımından
Dərslik hazırda respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris
proqramı əsasında hazırlanaraq, 3 bölmə (“Dünya ölkələri XIX əsrdə”, “Dünya
ölkələri XX əsrin əvvəllərində”, “Birinci Dünya müharibəsi”),10 fəsil və 128
səhifədən ibarət olmaqla, 34 paraqrafı əhatə edir. Tədris proqramında nəzərdə tutulan
mövzular dərslikdə tam əhatə olunmuşdur. Dünya tarixinin XIX əsrdən I Dünya
müharibəsinə qədər olan dövrünü əhatə edən dərslik şagirdlərdə müvafiq dövrlə bağlı
biliklərin formalaşdırılmasına əsasən imkan verir. Dərsliyin yenidən işlənməsi,
mövzularının sayının azaldılması, mətnlərdə ixtisarların aparılması təqdirəlayiqdir.
Paraqrafların sonunda əlavə oxu və araşdırma üçün tarixi sənəd və materiallar isə
verilməmişdir.
Dərslikdə giriş hissənin verilməsi və burada paraqrafların əhatə etdiyi
məsələlərə aydınlıq gətirilməsi məqsədəuyğundur.
Dərslikdə məzmunla bağlı müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:
Səhifə 3. 1-ci abzasda XIX əsrin 1-ci yarısında İngiltərədə maşınların istehsalı
göstərilir, 2-ci abzasda isə XIX əsrin ortalarında maşınqayırmanın yaranmasından söz
açılır.
Yenə həmin səhifədə 4-cü abzasın 2-ci cümləsindəki fikir doğru deyil. İngiltərə
burjuaziyasının xarici bazarlarda da rəqibləri, əlbəttə ki, var idi. Lakin onun təqdim
etdiyi sənaye malları rəqabətə daha davamlı idi.
Səhifə 4. 3-cü abzasın ilk cümləsində fikrə dəqiqlik gətirilməsi
məqsədəuyğundur. Belə ki, dünya bazarının formalaşması hələ böyük coğrafi kəşflər
dövründən başlamışdır. Sənaye çevrilişi onun keyfiyyətcə yenidən qurulmasına səbəb
olmuşdur.
Yenə həmin səhifədə “taxıl qanunları”ndan bəhs olunarkən bu qanunun qəbul
edilməsinin təkcə iri torpaq sahiblərinin deyil, ümumilikdə, aqrar sahədə sahibkarlıq
4
fəaliyyəti ilə məşğul olan milyonlarla insanın müflisləşməsinin qarşısını almaq üçün
atılmış məcburi addım olması vurğulanmalıdır.
Səhifə 6. 1-ci abzasdan çıxan nəticəyə əsasən, əgər 50-70-ci illərdə kənd
təsərrüfatının inkişafı sənayenin inkişafı ilə bağlı idisə, bu halın XVIII əsrin II
yarısı-XIX əsrin I yarısı üçün xarakterik olmaması sual doğurur.
Səhifə 8. 4-cü abzasın axırında Müqəddəs Roma imperiyasının dağılması
verilməlidir. Çünki 7-ci sinif “Orta əsrlər tarixi” dərsliyində Müqəddəs Roma
imperiyasının yaranması verilib.
Səhifə 8-9. Napoleon müharibələrindən bəhs edilərkən işğal olunmuş ərazilərdə
həyata keçirilən əsaslı dəyişikliklərdən bəhs edilməsi, əsarətə qarşı yerli xalqların
mübarizə aparmalarına diqqət yetirilməsi məqsədəuyğundur.
Səhifə 10. Hollandiyanın hansı keçmiş müstəmləkəsindən söhbət getdiyi məlum
olmur.
Yenə həmin səhifədə 1815-1852-ci illərdə hansı siyasi quruluşun mövcud
olması naməlum qalır. Dərsliklərdə həmin dövrdən həm əvvəlki, həm də sonrakı
illərə yer ayrıldığına görə restavrasiya, iyul monarxiyası, ikinci respublika dövrlərinin
heç olmasa, adları çəkilməlidir. Digər tərəfdən, Almaniya, İtaliya, Avstriyadakı 1848-
1849-cu illər inqilablarına dərslikdə yer ayrılmasına baxmayaraq, həmin inqilablar
üçün təkan rolunu oynamış Fransa inqilabından yazılmaması, həmin inqilabın adının
yalnız “Almaniya” mövzusunda (səh.13) çəkilməsi anlaşılmazdır.
Səhifə 10-11. Fransanın 1814-1815-ci illər tarixindən birbaşa 1852-ci ildə
yaranan II imperiya tarixinə keçildiyinə görə boşluq yaranır. 1814-1852-ci illərdə
mövcud olmuş Burbonların restavrasiyası, İyul monarxiyası, II respublika haqqında
qısa məlumat verilməsi məqsədəuyğundur.
Səhifə 10. Vyana konqresində Fransanın da iştirak etdiyini və onun ən mühüm
qələbəsi kimi ərazi bütövlüyünü qoruyub saxlamasına nail olması qeyd edilməlidir.
Səhifə 11. Fransa ilə Almaniya arasında 1871-ci ildə yekun sülh müqaviləsi
fevralda Versalda deyil, mayda Frankfurt-Maynda imzalanmışdır.
Yenə həmin səhifədə axırıncı abzasda Tyer hökumətinin mürtəce
dəyərləndirilməsi sovet tarixşünaslığından qalma ənənədir. Tyer hökuməti legitim
əsaslara malik olmuşdur.
Səhifə 12. Paris Kommunasının Fransa tarixində nəyə görə çox faciəli rol
oynaması açılmır.
5
Bu mövzuda bir sıra hadisələrin günləri ixtisar edilə bilər. Məsələn, 2 dekabr, 19
iyul, 2 sentyabr və s.
Yenə həmin səhifədə sonuncu abzasda Fransanın Afrikada hansı ölkəni
İngiltərəyə güzəştə getdiyi yazılmır.
Səhifə 13. Xronologiyada 1871-ci ilin fevralında Fransanın “ Prussiya” ilə deyil,
“Almaniya” ilə müqavilə imzaladığı yazılmalıdır. Çünki yanvarın 18-də Prussiyanın
yerinə Almaniya imperiyası yaranmışdı.
Yenə həmin səhifədə 2-ci abzasda Almaniyada bir sıra dövlətlər olduğu halda,
burjuaziyanın hansı dövlətdə kral hakimiyyətini məhdudlaşdırmaq istədiyi
anlaşılmazdır.
Səhifə 15. Fransa-Prussiya müharibəsinin Fransa tərəfindən başlanması aydın
şəkildə qeyd edilməlidir. Çünki səhifə 11-də də bu məsələ dəqiq şərh edilməmişdir.
Səhifə 16. 5-ci abzasda Almaniyanın Fransadan aldığı təzminatın miqdarı ixtisar
edilsə, mövzunun informasiya yükü azalar.
Səhifə 17. Xronologiyada Berlin silahlı üsyanının “ fevral” deyil, “ mart” ayına
aid olduğu yazılmalıdır.
Səhifə 19. 2-ci abzasda “O dövrdə Sardiniya konstitusiyası olan yeganə
dövlət idi” cümləsində ziddiyyət var. Çünki o dövrdə (yəni XIX əsrin ortalarında) bir
çox ölkələrin – ABŞ-ın, Prussiyanın və s. konstitusiyası var idi. Bu cümlə belə
yazılmalıdır: “O dövrdə Sardiniya İtaliyada konstitusiyası olan yeganə dövlət idi”.
Yenə həmin səhifədə 5-ci abzasın axırındakı “1861-ci ildə parlamentin
qərarı ilə İtaliya krallığı yaradıldı” cümlə 7-ci sinif Orta əsrlər tarixi dərsliyindəki
(səh.178) “Verden müqaviləsinə əsasən 843-cü ildə İtaliya krallığı yarandı”
cümləsi ilə ziddiyyətlidir. Çaşqınlıq yaranmaması üçün belə yazılması
məqsədəuyğundur: “1861-ci ildə Pyemontun və onunla birləşmiş vilayətlərin
ərazisində İtaliya krallığı təşkil edildi”.
Səhifə 20. İtaliyanın birləşdirilməsi 1870-ci ildə Papa vilayətinin ələ keçirilməsi
ilə başa çatmışdır. Bunun Romanın paytaxt elan olunması ilə əlaqələndirilməsi
düzgün deyil.
Səhifə 21. Metternixin ölkəni məhz baş nazir olaraq idarə etməsi göstərilməlidir.
Səhifə 22. Macarıstan inqilabında türkçülük ideyalarının qabardılması təklif
edilir.
6
Səhifə 23. Paraqrafı 1867-ci ildə Avstriya-Macarıstan dualist imperiyasının
yaradılmasının səbəblərinin və onun siyasi nəticələrinin şərhi ilə yekunlaşdırmaq
daha məqsədəuyğundur.
Səhifə 25-27. 60-70-ci illər islahatları verilir, sonra səhifə 28- də 1853-56-cı illər
Krım müharibəsindən danışılır. Onların yeri dəyişdirilsə, düzgün olar. Ona görə ki,
Krım müharibəsində Rusiyanın məğlub olması ziddiyyəti artırmış və islahatların
keçirilməsini zəruri etmişdir.
Səhifə 26. 3-cü abzasın axırında “Yalnız 1881-ci ildə müvəqqəti
mükəlləfiyyətlilik ləğv edildi.” yazılmışdır. Lakin 10-cu sinif “Azərbaycan tarixi”
dərsliyində (səh.152) bu tarix 1881 və 1886-cı illərə aid edilmişdir.
Yenə həmin səhifədə axırıncı abzasda Rusiyada məhkəmə islahatının
keçirilməsi ilə bağlı fikir (“hakim hökumət tərəfindən təyin edilsə də”) 10-cu sinif
“Azərbaycan tarixi” dərsliyindəki “Rusiyada hakimlər seçildiyi halda,
Azərbaycanda onlar yalnız ruslardan təyin edilirdi” cümləsi ilə (səh.71) ziddiyyət
təşkil edir.
Səhifə 27. 1864-cü il islahatının nəyə görə 60 -70 -ci illərin islahatları içərisində
daha ardıcıl sayılması izah edilməlidir. Həmçinin, şəhər islahatına da yer ayrılması
məqsədəuyğundur.
Səhifə 28. Krım müharibəsinin gedişində çərkəz soyqırımı xüsusi qeyd
olunmalıdır.
Səhifə 29. 1878 -ci il San -Stefano müqaviləsinə görə Bolqarıstanın şimal hissəsi
deyil, Bolqarıstanın müstəqilliyi tanınıb.
Səhifə 30. Sülh müqaviləsi Kentdə deyil, (Belçikanın) Gent şəhərində
imzalanmışdır.
Səhifə 31. Dərslikdə Latın Amerikası ölkələrinin müstəqillik əldə etmələrindən
danışılmadığından, “Monro doktrinası”nın, “Müqəddəs İttifaq”ın İspaniyanın keçmiş
müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülməsi fikri ya
çıxarılmalı, ya da geniş izah edilməlidir.
Səhifə 32. Respublikaçılar partiyasının yaradılması barəsində məlumat verilsə
də, demokratlar partiyasının ondan əvvəl yaranmasından bəhs edilmir.
Səhifə 33. ABŞ tarixinin XIX əsrinin son 35 illik dövrü paraqrafda əks
olunmamışdır. Bu dövr ABŞ-ın sürətli iqtisadi inkişaf dövrü olmaqla yanaşı, həm də
onun beynəlxalq aləmdə rolunun güclənməsi ilə səciyyəvidir.
7
Səhifə 35. Valaxiyanın müasir Rumıniyanın, Moreyanın, müasir Yunanıstanın
bir hissəsi olduğu göstərilə bilər.
Yenə həmin səhifədə axırıncı abzasda verilmiş “Yunanıstan müstəqillik əldə
etdi” cümləsi düzdürsə, səhifə 36-dakı “1830-cu ildə müttəfiqlər Yunanıstanın
Osmanlı imperiyasından tamamilə ayrılması haqqında qərar qəbul etdilər”
cümləsi anlaşılmazlıq doğurur.
Səhifə 37. Feodal-mütləqiyyət zülmü və xarici kapitaldan asılılığın
güclənməsinin Osmanlı burjuaziyasının formalaşmasına necə təkan verməsi
anlaşılmazdır. Cümlədə “təkan” sözünün “maneə” sözü ilə əvəzlənməsi
anlaşılmazlığı aradan qaldırar.
Yenə həmin səhifədə axırıncı abzasda verilmiş “Midhət konstitusiyası ilə
Osmanlı imperiyası konstitusiyalı monarxiya elan edilirdi” cümləsi ilə səhifə 82-
dəki “Osmanlı dövləti konstitusiyalı monarxiya elan edildi” cümləsinin
müqayisəsindən belə nəticə çıxır ki, Osmanlı dövləti həm 1876-cı ildə, həm də 1908-
ci ildə konstitusiyalı monarxiya elan edilib.
Səhifə 38. 3 -cü abzasda Bolqarıstanın üç hissəyə bölündüyü göstərilir. Onlardan
ancaq 2-si haqqında məlumat verilmiş, 3-cü hissə isə göstərilməmişdir.
Səhifə 40. Məlumatların verilişində xronoloji ardıcıllıq pozulmuşdur.
Səhifə 43- 44. Şeyx Şamilin istər özünə, istərsə də başçılıq etdiyi hərəkata bir az
da geniş yer ayrılsa, bu zaman hərəkatın yatırılmasından sonra çoxlu miqdarda
Qafqaz sakininin Osmanlı imperiyasına köçməyə məcbur edilməsi göstərilsə, yaxşı
olar.
Səhifə 47. Ən mühüm hadisələrin xronologiyasında əksini tapan “İranla
İngiltərə arasında Herat üstündə münaqişənin baş verməsi” faktı mətndə əksini
tapmayıb.
Səhifə 48. “Bentinkinin general- qubernatorluğu dövrü” ifadəsinin əvəzinə
konkret tarixi dövr göstərilməlidir.
Səhifə 49. Axırıncı abzasda sipahilər üsyanının məğlubiyyət səbəbləri arasında
müstəmləkəçilərin nizami orduya və texniki üstünlüyə malik olmaları yazılmamışdır.
Səhifə 53. Taypinlər hərəkatının Çində kapitalizmin meydana gəlməsinə və
inkişafına yol açması fikri elmi cəhətdən anlaşılmazdır. Həmçinin, Taypinlər
üsyanının dünya tarixinin ən qanlı vətəndaş müharibəsi (“Ginnesin rekordlar
kitabı”na görə) sayılması vurğulana bilər.
8
Yenə həmin səhifədə axırıncı abzasın son cümləsi ixtisar edilsə, səhifə 52-də
verilmiş “Honkonq adası İngiltərənin sərəncamına keçdi” cümləsi ilə ziddiyyət
aradan qalxmış olar.
Səhifə 59- 62. Mövzu həddindən artıq yüklənərək, dərslikdən çox hər hansı bir
məlumat kitabını xatırladır. Mövzuda 16 kəşf, 29 şəxs və 19 əsər adı verilir.
Şəxsiyyətlərdən 9-nun həyat və yaradıcılıq illərinin də verilməsinə lüzum yoxdur.
Paraqraf “Avropa və Rusiya mədəniyyəti” adlansa da, mətndə ABŞ mədəniyyətinə
də yer verilmişdir.
Səhifə 62. “Hərb və sülh” əsərində 1812-ci il Vətən müharibəsinin tarixinin əks
olunması göstərilir. Halbuki, “Fransa” (§2) mövzusunda həmin müharibə o cür
adlanmır, “Rusiya” (§6) mövzusunda isə onun heç adı da çəkilmir. O müharibənin
yalnız rusiyalılar üçün Vətən müharibəsi adlandırılması doğrudur.
Səhifə 63. Xronoloji ardıcıllıq baxımından 4-cü abzasın 3-cü abzasdan əvvələ
keçirilməsi məqsədəuyğundur.
Səhifə 64. 2 -ci yarımbaşlığın 3-cü abzasında işlənmiş “etimologiya” sözünün
izahı verilməlidir.
Səhifə 74. 5 -ci abzasda Sol Radikal partiyasının adı çəkilirsə, siyasətdəki
“sollar” və “sağlar” anlayışları barədə qısa məlumat verilməsi yaxşı olar.
Səhifə 76- 77. I Rusiya inqilabında daha çox milli-azadlıq hərəkatına önəm
verilməlidir. Həmçinin inqilabın səbəbləri arasında Rusiyanın xalqlar həbsxanası
olmasını vurğulamaq yaxşı olar.
Səhifə 81. Birinci Balkan müharibəsindən sonra həmin müharibədə Osmanlı
dövlətinə qarşı birləşmiş Balkan dövlətlərinin bir-biri ilə toqquşması səbəblərini
qabartmaq təklif edilir.
Səhifə 82. Sultan II Əbdülhəmidə Sovet hakimiyyəti dövründə mövcud olan
münasibətin dəyişdirilməsi məqsədəuyğundur.
Səhifə 83. Birinci Balkan müharibəsində Osmanlı qoşunlarının geri
çəkilməsinin nəyə görə Avropa dövlətlərini təşvişə salmasının səbəblərini göstərmək
təklif edilir.
Səhifə 92. 4-cü abzasda “(1911-ci ildə) bütün Xubey əyaləti respublika elan
edildi” cümləsinin “1911-ci ildə Çin respublika elan edildi” kimi verilməsi daha
dəqiq olar. Çünki səhifə 92-də axırıncı abzasdan görünür ki, Sun Yatsen Nankində
Xubey əyalətinin deyil, Çinin ilk prezidenti seçilir.
9
Yenə həmin səhifədə 6-cı abzasda Yuan Şikayın istefada olması göstərilirsə,
əvvəllər baş nazir olması da verilə bilər.
Səhifə 95. Öldürülməsi Koreyanın işğalına səbəb olmuş knyaz İtonun kimliyinə
aydınlıq gətirilməlidir.
Səhifə 100- 102. Mövzu çox çətin işlənib. Bir mövzuda 34 ad çəkilir.
Səhifə 101. 5-ci abzasda Tatarıstan ziyalılarının tələbinin kimə qarşı yönəldiyini
qeyd etmək məqsədəuyğundur.
Səhifə 107. Marna çayı sahilində baş verən döyüş ərəfəsində alman hərbi
qüvvələrinin gücünün azalması təkcə Rusiya ordusu Şərqi Prussiyaya girdiyinə görə
oraya iki korpus göndərilməsi ilə bağlı deyil. Məsələnin belə qoyuluşu rus
tarixçilərinin hadisələri təhrif etməsi ilə bağlıdır. Alman komandanlığı zəbt olunmuş
ərazilərdə qoşun hissələri saxlamağa da məcbur idi. Cəbhənin digər hissələrində
fransızlar inadkarlıqla müqavimət göstərdikləri üçün müəyyən qədər alman qüvvələri
burada saxlanmışdı.
Səhifə 116. 2-ci abzasın axırıncı cümləsində 3 min nəfər azərbaycanlının hansı
tərəfdən vuruşduğunu göstərmək məqsədəuyğundur.
Bəzi mövzuların sonunda (§15, §24, §29 və s.) ən mühüm hadisələrin
xronologiyası verilməyib.
Materialların müasir elmi baxışlara uyğunluğu məsələsinə gəlincə, qeyd
olunmalıdır ki, dərslikdə sovet tarix elminin ideoloji baxışları kifayət qədər nəzərə
çarpır. Elmi-metodiki baxımdan dərslikdə verilən materialların müəyyən hissəsi
mübahisə doğurur.
2. Dil və yazı üslubu baxımından
Dərsliyin dili əsasən, yuxarı sinif şagirdləri üçün anlaşıqlıdır. Bəzi sözlərin
izahları verilmişdir. Lakin məlumatların bolluğu, natamamlığı, anlaşılmazlığı və ya
aralarında rabitənin olmaması mənimsəməni ləngidir (məsələn, § 1, səh.4; § 34,
səh.123). Bəzi məlumatlar 1 abzasda 1 cümlə şəklində verilmişdir. Bəzi istilah və
anlayışların izah edilməsi yaxşı olar (“Fələstindəki müqəddəs yerlər” - səh.28;
“dinc nüfuzetmə” - səh.72; “yuxarı təbəqələrin inqilabı” – səh.83).
Dil və yazı üslubu ilə bağlı qüsurlar aşağıdakılardır:
Səhifə 3. 2 -4 -cü abzaslar xronoloji ardıcıllıq prinsipinə əsasən, həmin
yarımbaşlığın axırına (səh.4) yazılmalıdır.
10
Yenə həmin səhifədə sərbəst sütunda verilmiş “təmərküzləşmə” anlayışının
izahı uğurlu deyil. Həmin söz sənaye müəssisələrinin genişləndirilməsindən daha çox
cəmləşmə mənasında işlədilir.
Səhifə 3- 4. Sərbəst sütunda izahı verilmiş ifadələrin önündə “ İ” hərfi
yazılmayıb.
Səhifə 4. “Tsiklik inkişaf” sözünün mənası açıqlanmalıdır.
Yenə həmin səhifədə sərbəst sütunda izahı verilmiş “İqtisadi Böhran”
ifadəsində “böhran” sözü kiçik hərflə başlamalıdır.
Səhifə 5. 5 -ci abzasda 2 -ci cümlədə “palataya” sözünün “ parlamentə” sözü ilə
əvəz edilməsi məqsədəuyğundur.
Səhifə 6. Sərbəst sütundakı “inhisar” sözünün izahını səhifə 5-ə keçirmək
yaxşı olar. Çünki inhisarlar haqqında bu səhifədə məlumat verilir.
Yenə həmin səhifədə 2-ci abzasda 4-cü cümlənin “ 1867-ci ildə növbəti
parlament islahatı keçirildi” kimi yazılması islahatlara aydınlıq gətirər.
Yenə həmin səhifədə sonuncu abzasda 3-cü cümlənin “ Kanada parlamentinin”
ifadəsi ilə başlaması məqsədəuyğundur.
Səhifə 8. 3-cü abzasın 1-ci cümləsində “yanında” sözünün əvəzinə
“yaxınlığında” sözü verilsə, düzgün olar.
Yenə həmin səhifədə 6-cı abzasda “Rusiya Napoleon tərəfindən Avropada
həyata keçirilmiş dəyişiklikləri tanımağa... məcbur oldu” cümləsində
“dəyişiklikləri” sözünün “ işğalları” sözü ilə əvəz edilməsi məqsədəuyğundur.
Səhifə 9. 1-ci abzasda Kutuzovun adının tam yazılması və yaxud ixtisar edilməsi
məqsədəuyğundur. Həmçinin, eyni abzasda fransızlar barədə “düşmən” ifadəsinin
işlənməsi çox ciddi qüsurdur. Fransa yalnız Rusiya üçün düşmən kimi qəbul edilə
bilər, bizim üçün deyil. Eyni məntiqlə səhifə 11-də 1-ci abzasın axırında “düşmənə
təslim oldu” ifadəsinin “ almanlara məğlub oldu” kimi yazılması məqsədəuyğundur.
Səhifə 15. 1-ci abzasda “Qolşteyn” əvəzinə “ Holşteyn” yazılmalıdır.
Yenə həmin səhifədə 4-cü abzasda “yuxarıdan birləşdirilmə” ifadəsinin izahı
daha aydın verilməlidir. Bu ifadə əslində köhnəlmiş Sovet ideologiyasına aid olduğu
üçün ixtisar da edilə bilər.
Yenə həmin səhifədə ikinci abzasın yeri dəyişdirilərək, 5-ci abzasdan əvvələ
gətirilməlidir.
Səhifə 18. 2-ci abzasda “... kral konstitusiya verməyə məcbur oldu”
cümləsində fikrin ifadəsi uğursuzdur.
11
Səhifə 19. “Salferino” əvəzinə “Solferino” yazılmalıdır.
Səhifə 20. “Auda” əvəzinə “ Adua” yazılmalıdır. Ümumiyyətlə, Adua
döyüşünün verilməsi çox vacib deyil.
Səhifə 21. 2-ci abzasda “çulğaşma” sözünün izahı yazılmalıdır.
Səhifə 25. “Şəxsi azadlıq” və “təhkimçilikdən azad olunma” məfhumları
mahiyyət etibarilə eyni mənanı verir.
Səhifə 27. 2-ci abzasda “hərbi islahat” sözləri qalın şriftlərlə verilsə, yaxşı olar.
Səhifə 29. Axırıncı abzas 2 -ci cümlədə “–” işarəsi artıqdır.
Səhifə 30. Xronologiyada “Dekabirstlər” əvəzinə “ Dekabristlər” yazılmalıdır.
Səhifə 31. “Auksion” sözü izah olunmalıdır.
Səhifə 32. “Konferensiya” sözünün izahı verilsə, yaxşı olar.
Səhifə 39. Atçılıqdan söhbət gedərkən mötərizədə redaktor tərəfindən “xüsusən
axaltəkin cinsi” sözlərinin əlavə edilməsinə lüzum yoxdur. Onun əvəzinə “qaragül
dəriləri istehsalı”nın nə demək olması izah edilə bilər.
Səhifə 48. “Böyük Moğal” ifadəsinin əvəzinə “ Böyük Moğollar” yazılmalıdır.
Səhifə 50. Tilakın adı “Balqandahar” deyil, “ Balqanqadhar” olmuşdur.
Səhifə 55. “Syoqun” sözü kiçik hərflə yazılmalıdır. “Samuray” sözünün
açıqlanmasına ehtiyac var.
Səhifə 56. 2 -ci abzasın 10-cu sətrində “əsrin ortalarında” ifadəsinin əvvəlinə
“XVII əsrin” ifadəsinin əlavə edilməsi məqsədəuyğundur.
Səhifə 60. Hötenin adı “Volfanq” deyil, “ Volfhanq” olmuşdur.
Səhifə 62. “Qalvonoplastika” əvəzinə “ qalvanoplastika”, “Lermantov”
əvəzinə “Lermontov” yazılmalıdır.
Səhifə 63. 2-ci abzasda “İslahat dünyəvi ibtidai, orta və ali məktəblərin
açılmasını nəzərdə tuturdu” cümləsinin “ İslahatda dünyəvi ibtidai, orta və ali
məktəblərin açılması nəzərdə tutulurdu” şəklində yazılması məqsədəuyğundur.
Səhifə 66. “Kabardinli” əvəzinə “ Kabardalı” və ya da “ Kabardin”
yazılmalıdır.
Səhifə 68. Yapon yazıçıları Tamyenaqa Syunsyun və Ryutyey Tanyexikorun
adları verilməsə, dərslik bundan ciddi bir şey itirməz.
Səhifə 72. “Kartel” və “sindikat” ifadələrinin izahı oxşardır. S əhifə 79-da
trestlərdən söhbət gedərkən “trest” sözünün də izahı eyni cür verilməli olduğundan,
şagirddə çaşqınlıq yaranır. Əslində, bu hal eyni anlayışın müxtəlif ölkələrdə fərqli
adlandırılmasından irəli gəlir deyə, vahid ad altında verilməsi məqsədəuyğundur.
12
Səhifə 75. 1-ci abzasda “klerikal” və “sağ dairələr” ifadələrinin izah edilməsi
və ya çıxarılması məqsədəuyğundur.
Səhifə 77. Axırdan 2-ci abzasda “qarət edilməsi” ifadəsinin başqa formada
yazılması daha aydın olar.
Səhifə 79-80. ABŞ prezidentlərinin adlarının dalbadal çəkilib qısa məlumatlar
verilməsi dərsliyin dilini ağırlaşdırır.
Səhifə 81. 1 -ci abzasın sonuncu cümləsində “Federal ehtiyat idarəsi” əvəzinə
“Federal ehtiyat idarəsi” yazılmalıdır.
Yenə həmin səhifədə növbəti abzasın sonuncu cümləsindən “də” sözü
çıxarılmalıdır.
Səhifə 88. İran şahının adı şəklin altında “Müzəffərəddin” mətndə isə 2 dəfə
“Müzəfərəddin” kimi verimişdir.
Səhifə 105- 114. Müharibə ilə bağlı xəritənin verilməməsi böyük çatışmazlıqdır.
Səhifə 114. Xronologiyada “Macarıstan” əvəzinə “ Avstriya-Macarıstan”
yazılması məqsədəuyğundur.
3. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin ümumi tərtibatını qənaətbəxş hesab etmək olar. Bəzi mətnlərə tematik
xəritələrin və şəkillərin əlavə edilməsi şagirdlər tərəfindən mövzuların mənimsənmə
imkanlarını artırır.
Dizayn və bədii tərtibatla bağlı aşağıdakı qüsurlar vardır:
Səhifə 6. Böyük Britaniya kraliçası Viktoriyanın rəsminin hansı məqsədlə
verildiyi bilinmir. Təsvir olan hissədə onun barəsində qısa məlumat verilməsi
məqsədəuyğundur. Onun İngiltərə tarixində rolu qeyd olunmursa, şəklin əvəzinə
materialın daha yaxşı mənimsənməsi üçün müvafiq xəritənin verilməsi
məqsədəuyğundur.
Səhifə 8. Sol tərəfdəki şəkil çox solğun verilib. Burada nə Napoleon, nə də tac
aydın görünür.
Səhifə 9. Xəritədə “1842-ci ildə rus qoşunlarının hərəkəti” ifadəsində “1842-
ci il” əvəzinə “ 1812-ci il” yazılmalıdır.
Səhifə 14. Şəklin altındakı yazıda küçənin adını yazmamaq olar.
Səhifə 19. Xəritədə əks olunmuş qırmızı oxların izahı verilməmişdir.
Səhifə 31. Şəklin ölçülərini böyütmək olar.
13
Səhifə 51-54. Tiryək müharibələri və Taypin dövləti ilə bağlı xəritənin verilməsi
məqsədəuyğundur.
Səhifə 94. Xəritədə Port-Artur qalası Lyaodun yarımadası əvəzinə Şandun
yarımadasında göstərilib.
17,19,24, 31-34-cü paraqraflarda heç bir illüstrativ material verilməyib. Halbuki
bu mövzularla əlaqəli kifayət qədər zəngin illüstrasiya seçimi mümkündür.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Paraqrafların sonunda və sərbəst sütunda düşündürücü sual və tapşırıqların
qoyulması şagirdin tarixi təfəkkürünü inkişaf etdirmək baxımından təqdirəlayiqdir.
Sintez suallarının yazılması məqsədəuyğundur.
Bəzi mövzulara aid xəritələr verilmədiyi halda, şagirdlərə bu barədə sual və
tapşırıqların verilməsi (səh.110, tap.8; səh.114, tap.6; səh.117, tap.4; səh.120 tap.6;
səh.121) metodik cəhətdən doğru deyil.
Səhifə 7. 3-cü sual ilə bağlı paraqrafda dolğun məlumat verilməmişdir.
Yenə həmin səhifədə tapşırıq 5-də cədvəl adının belə yazılması yaxşıdır:
“İngiltərədə XIX əsr parlament islahatları”. Çünki islahatı əsrlər yox, insanlar keçirir.
Eyni zamanda verilmiş cədvəldə islahatların kim tərəfindən keçirildiyi soruşulsa da,
paraqrafda bu barədə məlumat verilməmişdir.
Səhifə 12. 6-cı sualda 1870-ci il 4 sentyabr inqilabının səbəbləri soruşulduğu
halda, paraqrafda bu barədə məlumat verilməmişdir.
Səhifə 23. 1-ci sual ilə bağlı kifayət qədər material verilməmişdir. Həmçinin
Rusiyanın “Avropa jandarmı” kimi tanınmasının “Müqəddəs İttifaq”ın qoyduğu
vəzifələrlə bağlı olması barədə sual yerləşdirmək olar.
Səhifə 48. Sərbəst sütunda verilmiş sual tamamlanmayıb.
Nəticə
1. Dərsliyin əhatə etdiyi tarixi dövrlə bağlı olaraq, materiallar müxtəlif faktlar,
adlar, rəqəmlərlə yüklənmişdir. Onların azaldılması materialların mənimsənməsini
asanlaşdırar, əvəzində isə daha vacib fakt və izahların verilməsinə şərait yaradar.
2. Dərslik materiallarının müəyyən hissəsi Sovet dövründə nəşr edilmiş
dərslikdən (“Новая история” - Учебник для 9 класса / Москва: “Просвещение”,
1987) birbaşa köçürülərək, tərcümə edilərək verilmişdir. Məsələn, səhifə 69-dakı 2-
14
ci abzas Moskva dərsliyinin səhifə 74-dəki 3-cü abzası ilə eynidir. Başqa nümunələr
belədir: səhifə 69-da 3-cü abzasın 6-14-cü sətirləri Moskva dərsliyinin səhifə 75-dəki
4 və 6-cı abzasları, səhifə 90-da 2, 4-6-cı abzaslar Moskva dərsliyinin səhifə 143-
dəki 2 və 5, səhifə 144-dəki 1-2-ci abzasları, səhifə 91-93-dəki “Çin”paraqrafının
böyük bir hissəsi Moskva dərsliyinin səhifə 136-dakı 1-ci, səhifə 138-dəki 1, 2, 4-6-
cı abzasları, səhifə 139-dakı 1 və 4-cü, səhifə 140-dakı 3-4-cü abzasları ilə eynidir.
2. Mənası verilməmiş sözlərin açıqlanması, habelə xəritə və illüstrasiyaların
zənginləşdirilməsi dərsliyi daha oxunaqlı edər.
Dostları ilə paylaş: |