189
belə pis danışarsız.
Dadaş quru bir tərzdə:
—Mən olanı deyirəm, — dedi. — Səni də xəbərdar edirəm.
Çünki sən də mənim oğlumsan. Əmin kimi sənin...
Çox gülməli çıxdı: "Mən sənin əminəm, sən mənim oğlum" və
Zaur qəhqəhə çəkdi. Əsəbi bir gülüş idi bu, Dadaşın düz gözlərinin
içinə baxa-baxa gülürdü. Və gülə-gülə də:
—Nə siz mənim əmimsiniz, — dedi, — nə də mən sizin
oğlunuz. Mən uşaq deyiləm... Nə elədiyimi özüm bilərəm...
Düz üzünə dedi bunu Dadaşın və özünün də xoşuna gəldi ki,
fikrini neçə də açıq, mərd-mərdanə bu burnu ziyilli kişinin
üzünə çırpdı. "Mənimlə ömürlük düşmən olacaq, cəhənnəmə
ki, olur-olsun. Əlindən gələni beş qaba çəksin" deyə düşündü
və xudahafizləşmədən şəstlə otaqdan çıxdı...
Dördüncü fəsil
Həm vüsali vurur od canıma, həm hicranı
Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.
Hər bir insan yaşadığı evin içinə nə sayaq alışır, məhrəm
olursa, maşın sürən adam da şəhərə, şəhərin küçələrinə,
meydanlarına, dalan və döngələrinə, enişinə-yoxuşuna o cür
alışır, məhrəm olur. Evlərin sakinləri mənzillərinin hər əyər-
əskiyinə bələd olduqları kimi, maşın sürən adam da yolların
hamarına, çuxuruna bələd olur. "Dünən burada keçidi
bağlamışdılar, bu çəpərin üstündə "sağa burulmaq olmaz"
nişanı vurulub, bu yolayrıcında işıqfor pis işləyir, bu döngənin
dalında çuxur var" — bütün bu əlamətlər sükan arxasına
keçmiş adamçün gündəlik qayğılardır — daman dam, xarab
olmuş su kəməri, sınmış pəncərə, cırıldayan döşəmə — ev
sahiblərinin gündəlik qayğıları olduğutək. Mənzilinə alışmış
adam otağının içində qaranlıqda da yeriyə bildiyi kimi Zaur da
190
şəhərin avtomobil yollarını, küçələri, döngələri gözübağlı da
seçə, tapa, burula bilərdi... Əlbəttə, gözübağlı sürmürdü maşını,
diqqətlə başqa maşınları, piyadaları, işıqforları, yönəldici
milisin hərəkətlərini izləyirdi. Amma şəhəri beş barmağı kimi
tanıdığı üçün maşını sürərkən müəyyən istiqamət barəsində
düşünmürdü, fikirləri tamam başqa, kənar məsələlərə
yayınırdı... İndi isə o yalnız Dadaş haqqında fikirləşirdi —
gündüz elədikləri söhbət haqqında...
Dadaşın sifətini gözləri qarşısında dönə-dönə canlandırır,
ona get-gedə daha artıq nifrət edərək, hey söyürdü kişini:
"Adam satan köpəkoğlu... Gör bir nə ağızdolusu danışırdı:
"onunçün heç təfavütü yoxdur, — alverçilər, baza müdirləri..."
Yaxşı, madam ki, heç təfavütü yoxdur, səni niyə mağmın
qoyub? Yeddi həndəvərinə buraxmayıb, odur ki, belə
salveylənmiş küçük kimi zingildəyirsən də. Ağzıgöyçəklik
eləyib, özgənin üstünə min çirkab atırsan!"
Amma ən dəhşətlisi o idi ki Zaur yüz faiz əmin ola bilmirdi:
doğrudanmı Dadaşın atdığı çirkab ancaq onun öz uydurmalarıdır,
real gerçəklik deyil? O, Təhminə haqqında Dadaşın sözlərindən
təcrid olunaraq düşünmək istəyirdi və heç bir şey müəyyənləşdirə
bilmirdi. Elə bil iki Təhminə vardı — biri Zaurla görüşlərdə
mövcud olan Təhminə — Zaur onun hər sözünə inanmağa hazır
idi — biri də başqa, Zaura yad, Zaurun tanımadığı, amma bir çox
adamların fikrində, dilində, təsvirində mövcud olan Təhminə...
Hansı Təhminə daha real, daha həqiqi idi? Bəlkə elə ikisi də. Biri
əsl Təhminə... biri də onu yamanlayanların, onu istəməyənlərin öz
təsəvvürlərində, xəyallarında yaratdıqları, bəzədikləri Təhminə...
Axı onu bəzəyən, onun haqqında olmazın iftiralar uyduranların
özləri də Təhminəyə biganə deyildilər — kəsirdilər ondan, ya
nifrət edirdilər ona, ya kiməsə qısqanırdılar Təhminəni, ya paxıllıq
edirdilər, ya hayıf çıxmaq istəyirdilər. Onun gözəlliyinin
tamarzısında olanların çoxusu isə əslində istəyinə çatmayıb, heç
olmasa uzun dilləriylə, bayağı söhbətləriylə, müfəssəl təsvirləriylə
qurdlarını öldürmək istəyirdilər.
191
...Və bütün bu şeylər haqqında fikirləşdikcə Təhminəyə
zəng eləmək həvəsi get-gedə sönüb gedirdi. Hələ dünən bu
zəngin bir mənası vardısa, bu gün, Dadaşla söhbətdən sonra
tamam yersiz bir iş olardı. Zəng eləyib nə barədə soruşacaqdı?
Spartak barədə, ya o televiziya rejissoru barədə? Yaxud baza
müdirləri, alverçilər barədə? Təhminə nə cavab verərdi bütün
bu sorğu-suala? "Əgər məni fahişə hesab eləyirsənsə, onda nə
təfavütü var sənin üçün, — deyə bilərdi, — yox, əgər hesab
eləmirsən, necə ağlıva sığışdıra bilirsən bütün bu şübhələri?"
Bəlkə də hər şeyi inkar edəcəkdi, bircə o televiziya rejissorunu
boynuna alacaqdı... Ya Spartakı... Nə isə, yenə qarışırdı Zaurun
fikirləri. Yox, özünü ələ almalıdır. Bütün bu şeylər haqqında
düşünməməlidir. Gözləməlidir, vəssalam. Heç kəsnən Təhminə
barəsində söhbət aparmaq lazım deyil. Özünə də zəng eləmək
olmaz... Gözləmək lazımdır vəssalam... Gec-tez özü zəng
eləyəcək, buna Zaurun şəkk-şübhəsi yox idi. Özü zəng eləsə,
özü görüş təyin eləmək istəsə, görüş təyin eləsə, o zaman sözü
açmaq olar.
***
...Günlər bir-bir ötürdü. Təhminədən səs-soraq yox idi...
***
Bir axşam Zivər xanım sözarası dedi ki, Zaurun kooperativ
mənzili bir-iki aya hazır olmalıdır. Zaur bu eyhamın gizli
mənasını başa düşürdü: mənzildən söhbət salanda, anası
ardınca evlənmə barəsində söz açardı... Zaur düşünürdü ki,
doğrudan, təəccüb qalası işdir. Axı lap yaxşı bilirdi ki, anası
gələcək gəliniylə yola getməyəcək, aralarında dedi-qodu
olacaq, sancıb-dalayacaq gəlinini, yox əgər gəlin də dilli-
dilavər olsa, söz götürməyəcək, cavabını verəcək, dava-mərəkə
ərşə qalxacaq, sözgap düşəcək aralığa və bütün bunlara
baxmayaraq, Zivər xanım oğlunu evləndirməyə, qayınana
olmağa can atırdı, tələsirdi... Ərşdən-kürşdən, o yandan-bu
Dostları ilə paylaş: |