528
hələ bir az gözlə... İndiki situasiyada yaxşı düşməz, təpiyi sənə
dəyər. O saat səni istəməyənlər ora-bura yazacaqlar ki, bəs
Fuad Mehdiyev vəzifəsindən sui-istifadə edir, öz
valideynlərinə təzə ev verir.
Fuad:
—Ay ana, — dedi, — neçə il dözmüsüz, bir az da səbir
eləyin, indi görək neynirik...
Çərkəz:
—Sənə qurban olum, ay bala, — dedi, — başımızın
ucalığısan... — Çöl qapısına çatanda əlavə etdi: — Bilirsən, mən
dözərdim e, amma bu tualet lap əziyyətdir. Hər halda qoca kişidir
də, gecələr neçə dəfə durub taytaya-taytaya aşağı düşür.
Fuad başını tərpətdi, yəni ki, hər şeyi başa düşürəm.
Anasıyla görüşüb küçəyə çıxdı, evlərinin tinində, səkidə iri qır
tiyanı qoymuşdular. Fuad bir-iki addım atmışdı ki, anasının
səsini eşitdi:
—Fuad, ay Fuad.
—Nədi?
—Başıva dönüm, ay Fuad, kül mənim yaddaşıma, deyirəm
axı nə deyəcəydim sənə... Qurban olum, Fuad, bu balıqların
suyun dəyişə bilmirəm təkbaşına... Qurban da düşüb yorğan-
döşəyə... Bəlkəm bir kömək eləyəydin, akvariumu
boşaldaydıq... bağışla, sənə zəhmət verirəm...
Fuad saatına baxdı:
—Ana, vallah tələsirəm, vacib iclasa getməliyəm. Sabah
Qasımı göndərərəm, gəlib sənə kömək eləyər.
—Neynək... Get bala, iclasından qalma, qurban olum sənə...
Amma yadından çıxmasın ha!… Qorxuram balıqlar zay ola.:.
Qurbanın da ki, fikri-zikri bu balıqlardır... Ceyhunla Pərvizin
üzlərindən öp...
On ikinci fəsil
529
Sərginin açıldığı yer atasıgilin evinə yaxın idi. Ora tərəf
addımladıqca Fuad çıxışını bir də məşq edirdi. Mixail
Moiseyeviçin yazdığı cibində idi, onu əzbər bilirdi, tezislərini
özü vermişdi axı. Amma sinədən danışmaq istəyirdi —
kağızsız çıxışın təsiri daha artıq olur. Çıxışını məşq etdikcə
hərdən fikri ora-bura yayınırdı, lakin nigaran olmurdu bundan.
Təcrübəsi vardı, yaxşı bilirdi ki, tədbir başlayan kimi bütün içi
sim kimi gəriləcək, tarımlanacaq, fikirləri də toplanıb sapa
düzüləcək, nizama düşəcək...
Bu da sərgi yeri... Yeddiyə altı dəqiqə qalmışdı. Amma nə
qəribə — heç kəs yox idi. Nə izdiham, nə qonaqlar, nə
maşınlar.
Sərginin növbətçisi Fuadı görüb:
—Salam, yoldaş Mehdiyev, — dedi: — Açılışa gəlmisiz? —
Fuadın təəccübünü başa düşərək, — Bəs sizi xəbərdar
eləməyiblər? — deyə soruşdu. — Bir saat o yana çəkiblər,
səkkizdə olacaq açılış...
—Belə de!.. Yaxşı, onda bir az gəzib-dolanım, səkkiz üçün
gələrəm.
Deməli, bir saat vaxtı vardı. Qutabxananın yanından
keçəndə Fuadı iy vurdu, ağlına gəldi ki, nahaq yerə anasının
qayğanağından imtina elədi... Banketdə nə yemişdi ki... elə
belə, quş yeməyi, indi də möhkəm acıb... Evə gedib-gəlməyə
çatmazdı, atasıgilə gedə bilərdi, vaxt vardı... Bəlkə gedə... Yox,
yüngüllük çıxar, ayda bir dəfə gəlir atasıgilə, indi yarımca saat
bundan qabaq onlardan çıxandan sonra təzədən atıla-atıla
qayıtsın ki, nə var, nə var, qayğanaq yeməyə gəlmişəm? —
Bəlkə elə bu yanından keçib ötdüyü qutabxanaya girsin?
Kimdir burda onu tanıyan. Girib qurdun öldürər, bir vaxtlar
burada əntiqə dadlı qutab verərdilər. Təqribən bir on beş il
bundan qabaq...
Fuad qutabxanaya girdi. Balaca, darısqal yeməkxana tüstüyə
qərq olmuşdu. Adam çox idi. Xoşbəxtlikdən Fuadı tanıyan və
Fuadın tanıdığı adamlardan bura gələni çətin ola... Küncdə bir
530
stol boşaldı, arxasından durdular. Fuad keçib oturdu; masanın
üstü yeyib gedənlərin artıqlarıyla dolu idi — boş araq şüşəsi,
içinə papiros, siqaret kötükləri basılmış, yağı donmuş
boşqablar, əzilib bulaşmış kağız salfetlər...
Xidmətçi gəlib stolun üstünü yığışdırdı, süfrəni çırpıb o biri
üzünə çevirdi...
—Nə buyuracaqsınız?
—Nəyin var?
—Ət qutabı da var, göy qutabı da, hansından xətriniz
istədi...
—Beş dənə ondan qoy, beş dənə də o birindən.
—Gözüm üstə, bir şey içəcəksiz, araq da var, konyak da,
çaxır da...
—Yox, bir şüşə soyuq borjom.
—Borjom yoxdu, badamlı gətirim?
—Gətir. Amma tez elə, vaxtım azdır.
—Baş üstə...
Əvvəlcə pendir gətirdi, vəzəri, turp, tutma xiyar, bir şüşə də
badamlı... Bir azdan qutablar da hazır oldu... Qutablara söz ola
bilməzdi. Fuad elə iştahla yeyirdi ki...
Kənar stollarda şıdırğı sağlıqlar deyirdilər, bərkdən gülüb-
danışırdılar.
—Nöş sənin sağlığıva deyirəm, çünki kişi oğlansan,
oğulsan. Ağabala da kişidir, bu ölsün... amma mən liçni sənin
sağlığıva içirəm, nöşün ki, oğulsan, kişi adamsan...
—Tofiqin qardaşı qayıdıb əsgərlikdən, o gün bizimçün
söhbət elədi, and içir ki, öz gözümlə görmüşəm...
—Mən nöş sənin sağlığıva içirəm, nöşün ki, kişi adamsan
sən, yox adamın allahı var, Ağabala da kişidir, amma sən
oğulsan, mən onunçün içirəm sənin sağlığıva... bax deyərsən
ki, Nadir piyandır, canımçün bu ölsün, Ağabalaya da demişəm,
Tələt kişi adamdır...
—Yox, sən mənə de görüm, hər samitin bir saiti olmalıdır
ya yox, hə? Hər gülün bir bülbülü, hər fincanın bir nəlbəkisi,
531
hər samitin bir saiti olmalıdır ya yox, hə, mən ölüm necə
sözdür?
—Yalan deyirəm bu bərəkət mənə haram olsun, mən on
qəpik verməzdim Fazil alan maşına... xamlayıblar Fazili...
—Deyir öz gözümlə görmüşəm bax, Nadir də ordaydı, neçə
adamın yanında and içdi...
—Mən nöş sənin sağlığıva qaldırıram, Tələt, sonra deyərsən
sənə işim-zadım düşüb, bax, on iki imam haqqı işim-zadım
düşməyib sənə... intəhası, sən kişi adamsan, oğulsan... Quran
haqqı düz deyirəm!..
Bu söz, cümlə, səs hərc-mərcliyində Fuad kürəyinə
zillənmiş baxışları elə bil birdən-birə duydu, başını çevirdi,
geriyə baxdı. Doğrudan da qapı tərəfdəki masanın arxasında
oturmuş buxara papaqlı sinli kişi zəndlə Fuada baxırdı. "Aman
allah, kaş ki, tanış çıxmaya, ya bəlkə sərxoşdur, gəlib
yapışacaq yaxamdan. Yox mollagunə adama oxşayır, sərxoş
olmaz, onda yəqin tanışdır. İşə düşəcəm".
Fuad bilmirdi qalan qutabları ağzına yeyir, burnuna, durub
burdan çıxmağa tələsirdi. Özünü saxlaya bilmədi, çevrilib bir
də buxara papaqlı kişi oturan səmtə baxdı. Kişi yenə də
gözlərini Fuada dikmişdi, hətta deyəsən gülümsünürdü də...
Bəli, gülümsünürdü, açıqdan-açığa gülümsünürdü Fuada baxıb,
sonra başını da tərpətdi hələ — salam verdi. Fuad da istər-
istəməz salamını aldı və bu zaman kişi durub onun masasına
yanaşdı.
—Qonşu, — dedi, — demə ki, səni tanımadım ha...
Fuadın ürəyi düşdü: "Görəsən ötən ömrün hansı müdhiş
qəlpəsi keçmişdən qopub mərmi kimi onun üstünə gəlirdi".
—Deyən sən də məni tanımadın, qərdeş oğlu. Əlabbasam
da, qırçı Əlabbas.
Fuadın hafizəsində duman içindən Əlabbasın sifəti
durulmağa başladı. Bəli, vardı belə bir qonşuları — qırçı
Əlabbas...
—Qurban müəllimin oğlu deyilsən, balam?
532
—Bəli.
—Mən də bu məhəllədənəm də. Damıvıza o qədər qır
basmışam ki...
Fuadın, nəhayət, yadına düşdü, qırçı Əlabbas. Yalın
ayaqlarının qızmış qırda yandığını duydu elə bil, qır iyi gəldi
burnuna. Sonra isə o vaxtkı Əlabbasın hisdən qapqara qaralmış
sifətini xatırladı və hətta qardaşı Ağarzanı da yadına saldı.
Ağarzayla yaşıd idilər. O qədər çilingağac, atmirnoy
oynamışdılar ki...
Fuad:
—Necəsən, Əlabbas dayı? — dedi.
—Sağlığıva dolanırıq. Day qolumda o qüvvət qalmayıb, elə
gözlərim də zəifləyib bir balaca, amma səni tanıdım ha,
görürsən. Bayaqdan göz qoyuram, görürəm, balam deyəsən axı
bu adamın suyuşirin dəyir gözümə...
—Elə mən də səni o saat, sən yanaşan kimi tanıdım. Yenə
qır basırsan? — Atasıgilin tinindəki qır tiyanı yadına düşdü. —
O tindəki tiyan sənindir?
—Bə nə! Qonşu — görünür, o da Fuadın adını unutmuşdu
— nə əcəb, heç gəlib-eləmirsən bu tərəflərə?..
—Nə bilim, vallah, yolum düşmür...
—Yaxşı, de görüm oğuldan-uşaqdan nəyin var?
—İki oğlum var.
—Allah saxlasın…
—Allah səninkiləri də saxlasın, Ağarza necədir?
Əlabbas tutuldu, elə bil bir müddət dili söz tutmadı.
—Qonşu, — dedi — bəs bilmirsən ki, Ağarza beş ildi
rəhmətə gedib. Özün pəsməzara da gəlmişdin ki, Qurban
kişiynən... Yasamaldaydı yasımız, heyvan uşaq orda təzə ev
almışdı axı...
Fuad qıpqırmızı qızardı. Əlbəttə, yadına düşdü. Atasıyla
getmişdilər yasa. Əlabbasa başsağlığı da vermişdilər, "axır
qəminiz olsun" da demişdilər. Onu çaşdıran Yasamal oldu.
Yaddaşındakı Keçmişdə Ağarza, yaşıdı, məhlə uşağı Ağarza
533
burada yaşayırdı, burada, bu küçələrdə, bu dalanlarda onunla
qaçdı-tutdu, aşıq-aşıq, gizlənpaç oynardılar. Əlabbasın arvadı
Məşədi Gülsüm xalanın düzəltdiyi qırmızı şirni konfeti — taxta
çöpə keçirilmiş qırmızı "xoruzu" Ağarza tində satardı və bəzən
satmamışdan əvvəl yalayardı, həm öz qurdunu öldürərdi, həm
də "xoruzU par-par parıldardı. Fuada da təklif edərdi ki,
yalasın... Amma Çərkəz bərk-bərk tapşırmışdı ki, məbadə o
qırmızı şirin "xoruzlardan" yeyəsən, azar-bezar gələr adama
onlardan... Bu xoruzların puluna neçə dəfə kinoya getmişdilər,
Ağarza demişkən "İndiski qrabnisa" filminə, "Bağdadski vor"
filminə, daha neçə-neçə əmiri kinoya... həmin Ağarza, uşaqlıq
yoldaşı Ağarza, bax, bu məhəllədəki keçmişdə qalmışdı,
sonrakı illər Fuad onu görməmişdi, Yasamala isə tamam başqa
bir adamın, heç bir vaxt tanımadığı, görmədiyi bir başqa
Ağarzanın yasına getmişdi. Atası Qurbanın təkidiylə:
"Qonşudur, haqq-salamımız var, ayıbdır. Vaxt tap gedək". Bir-
birinə oxşayan Yasamal evlərinin, bir-birinə oxşayan
həyətlərindən birində qurulmuş çadırın altında bir-birinə
oxşayan təziyyə məclislərindən biri...
—Bağışla, Əlabbas dayı, demək istəyirdim ki, Ağarzanın
külfəti necə dolanır?
—Niyə, sağ ol, pis deyillər.
"Bəlkə yenə səhv eləyib. Bəlkə Ağarzanın heç külfəti-filanı
yoxmuş, subay ölübmüş. Gərək bir Çərkəzdən, ya atasından
xəbər alsın".
Əlabbas durdu, görüşdüyündən qat-qat daha az bir
mehribançılıqla Fuadla xudahafizləşdi, bufetçiyə yanaşdı,
sonra çıxıb getdi...
Fuad xidmətçini çağırıb yeməyinin pulunu ödəmək istədi,
xidmətçi:
—Sizin hesabınız çatıb, — dedi.
Küçəyə çıxanda Fuad fikirləşdi ki, heç yaxşı düşmədi. Həm
qırçı Əlabbasın onu qonaq eləməsi, həm də Ağarza haqqında o
yersiz sual. Amma indi bütün bunlarla doldurmamalıydı başını,
534
çıxışını düşünməliydi. Səkkizə on beş dəqiqə qalmışdı. Bayaq
gəldiyi tinə deyil, o biri tinə buruldu və dərhal, bir an içində, tini
sağa burulan kimi iki küçə arasındakı üçkünc bağı görən tək, bütün
səhnə bir an içində gözləri qarşısında canlandı. Həmin bağ, həmin
tin, həmin küçələr idi... Yəni doğrudanmı, o gündən bəri yolu bura
düşməyib heç?
Toy günlərindən bir gün qabaq — gecə vaxtı — bir ya iki
radələri olardı — indi dəqiq yadında deyil — amma hər halda
gec idi, gecə yarını keçmişdi — Fuad Rumiyyəgildən çıxıb
evlərinə gəlirdi. Buradan keçəndə gördü ki, üç nəfər, ya dörd
nəfər idilər, yadında deyil, bir nəfəri maşına basıb aparmaq
istəyir, görünür başına bir iş gətirmək niyyətindədirlər;
öldürmək, boğmaq, kim bilir — nə; çünki o adam qurbanlıq
quzu kimi mələyirdi, daha doğrusu, səsini qısmışdı, amma
xısın-xısın yalvarıb-yaxarır, ilan dili çıxardırdı ki, keçin mənim
günahımdan, anama rəhminiz gəlsin....
O vaxt Fuad istədi köməyə çatsın, hətta bir addım atdı da,
amma dərhal ayaq saxlayıb durdu, əksinə, — bu lap dəqiq
yadında idi, — bir evin çöl qapısına qısılıb gizləndi. Gizləndi
ki, onu görməsinlər, şahid kimi ona da xətər gətirməsinlər
birdən, pusdu onları, ta ki o biçarəni maşına basıb apardılar.
Amma bu pusquda durduğu, qısılıb gizləndiyi dəqiqələrdə
Fuadın beynindən kinolenti kimi min cür fikir, min cür səhnə
keçdi: elə bil açıq-aydın gördü ki, işə qarışsa necə öldürərdilər
onu, necə kürəyindən bıçaqlardılar, elə bil kürəyinə sancılmış
bıçağın soyuğunu da duydu, bədəninin qıc olmasını da.
...və hətta bundan sonrakı səhnələri də gördü — elə əyani
gördü ki, sanki gerçəkləşiblərmiş — elə bil doğrudan da
haradasa mövcud olan, amma xoşbəxtlikdən, onun, Fuadın heç
bir vaxt yetib çatmadığı bir gələcəyi görür, öz ölümünü, yasını,
dəfnini, deyilən sözləri və hətta Rumiyyənin başqa birisinə ərə
getməsini, təzə toyunu. Çıqqırını belə çıxarmadan qısılıb
gizləndiyi o anlar niyə belə açıq-aydın görmüşdü bu qəmli
gələcəyi, elə aydın, elə əyani şəkildə görmüşdü ki, həmin
535
gələcəyin gerçəkliyinə, büsbütün inanmaq olardı. Bəlkə belə
bir gələcək, doğrudan da mövcud imiş, amma Fuad taleyini
aldadıb, bu gələcəyə gedən yoldan burulub, başqa yolla, kəsə
cığırla başqa bir gələcəyə — indi içində yaşadığı gələcəyə
yetirib özünü.
Qəribədir... çox qəribə fikirdir... deməli, taleyimizə
gələcəyin bir neçə müxtəlif variantı yazılıb, onlardan hansı
birini seçmək isə özümüzdən asılıdır. Deməli... qəribə fikir idi
bu... ətraflı fikirləşmək lazım idi bu barədə... Macal olanda...
O gecə, o uzaq gecə maşın tərpənəndə ölümə məhkum
olmuş adam axır ki, çığırdı, bərkdən qışqırdı. Elə dəhşətli
qışqırdı ki, qışqırığı indiyənəcən Fuadın qulaqlarındadır.
Amma maşın çox böyük bir sürətlə uzaqlaşıb getdi... Maşın
səsi də, insan səsi də uzaqlaşıb itdi...
...Fuad marığından çıxdı, ətrafa boylanıb evlərinə tərəf
addımladı o gecə... Həyətləri zülmət qaranlıq idi. Göz-gözü
görmürdü. Otaqları da qaranlığa qərq olmuşdu. Ata-anası
çoxdan yatmışdı. Fuad qaranlıqda çarpayısına tərəf
addımlayanda ayağı ilişdi akvariuma, akvarium aşdı, atasıgil
oyanıb işığı yandıranacan balıqların çox qismi tələf oldu...
Sonralar Qurban təzə akvarium aldı, təzə-təzə balıqlar saxladı...
Neçə il keçmişdi bundan: on doqquz il? Atası hələ də balıq
saxlayır. Balıqlar, akvarium... Nə isə yadına düşdü Fuadın...
Bir neçə addım da atdı sərgi yerinə tərəf. Nə barədəsə düşünür,
düşünür, düşünürdü...
Sərgi salonunun qapısını gördü. Maşınlar bir-bir gəlib
dayanırdı, maşınlardan çıxan adamlar bir-birlərinə əl verirdi,
görüşürdülər, sərgi salonunun qabağında topa-topa yığışıb
söhbət edirdilər.
Beş dəqiqə qalmışdı səkkizə.
Fuad nəsə düşünür, düşünürdü. Ayaq saxlamışdı hətta...
Sonra sərgi salonu tərəfə bir də nəzər saldı, çevrilib geri
addımladı...
536
***
Çərkəz həyətdə Anaxanımla danışırdı. Təəccübdən gözləri
böyüdü.
—Bıy başıma xeyir, Fuad, sən hardan gəldin ay bala?
—Gəldim balıqların suyunu dəyişməyə...
—Bəs iclasa getmədin?
Fuad:
—Getmədim, — dedi.
Yurmula. Dubultı. İyul, 1977
537
OXUDUQLARINIZ
Ağ liman.........................................................................3
Beşmərtəbəli evin altınjı mərtəbəsi..............................151
Macal............................................................................381
538
ANAR. Əsərlər. II cild
Bakı, Nurlan, 2003, 515 səh.
Nəşriyyat redaktoru:
MƏLAHƏT QƏMBƏROVA
Bilgisayar tərtibi:
SEVİNC HÜSEYNOVA
Yığıcı:
ARZU MAHMUDOVA,
SEVİNC HÜSEYNOVA
539
Yığılmağa verilib: 15.08.2003.
Çapa imzalanıb: 05.09.2003.
Həcmi: 36,1ç.v. Format:60x88 1/2
Ofset çap üsulu
Sayı: 500.
Qiyməti müqavilə yolu ilə
“Nurlan” Nəşriyyat Poliqrafiya Birliyi
Dostları ilə paylaş: |