Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə35/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   31   32   33   34   35   36   37   38   ...   184

 

79

 



Oktyabr, 1971. 

 

 



 

 



 

80

BALADADAŞIN ILK MƏHƏBBƏTI  

  

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd 



yer üzündə bircə  kənd idi, çünki gün möhkəmcə  şığıyırdı, hamı da gizlənmişdi 

evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı 

deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı 

idi. 


Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, 

taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş  həyətlərindən, salxımları qoralamış 

meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca 

günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil 

qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin 

tənhalığına layla deyirdi. 

Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası 

asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından 

fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağacın qotur kölgəsi nə vaxt 

idi yerini dəyişmişdi, amma Baladadaş yerini dəyişməmişdi, elə-eləcə günün altında 

oturub mürgü döyürdü. 

Baladadaş yalın ayaqlarına səndəl geymişdi,  əynində parusin şalvar, qısaqol 

miləmil trikotaj köynək var idi, başına «aerodrom» kepka qoymuşdu və  hərdənbir 

tər damcıları bu «aerodrom» kepkanın altından yuvarlanıb Baladadaşın sısqa 

sifətindən üzüaşağı axırdı. 

Içi pivə  çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının 

tırıltısı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın  əlindən gecə yaxşı yata 

bilmədiyinə görə,  əməlli-başlı  qızarmış gözlərini açıb yerindən tərpənmədən 

maşının ardınca baxdı, sonra gözlərini qıyıb günəşə baxdı, sonra da tut ağacının 

yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və  kəsalət onu 

basdığından yenə  də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidq-ürəkdən 

əsnədi və qollarını da geniş açıb yaxşıca gərnəşdi. 

Qarşıdakı  həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan 

uşağı Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazasının 

kiçik qapısı açıldı və həmin oğlan uşağı həyətdən çıxıb Baladadaşa tərəf gəldi; bir 

əlində yaxmac tutmuşdu, o biri əlində də taxta parçası, gəlib Baladadaşın qabağında 

dayandı və yaxmacdan dişləyib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı: 

– Şumaqədər yon də mənimçün!.. 

Baladadaşdan səs çıxmadı. Oğlan yenə yaxmacdan ləzzətli bir dişdəm alıb dedi: 

– Nolar, yon də!.. 

Baladadaşdan səs çıxmadı. Oğlan ağzındakı dişdəmi çeynəyib qurtardıqdan 

sonra yenə dedi:  

– Nolar... 

Baladadaş gözlərini qıyıb bir müddət oğlana baxdı, elə bil, onu birinci dəfə idi 

görürdü, sonra dedi: 

– Qəmişini çək məndən. 

Oğlan  əlindəki yaxmaca baxdı  və elə bil, bir az məyus oldu ki, yaxmacın 

qurtarmasına az qalıb, dedi: 

–  Əhmədağanı  əsgərliyə aparanda demədin ki, onun yerinə  şumaqədər 

yonacaqsan mənə? 

Baladadaşdan səs çıxmadı.  



 

81

Oğlan dedi: 



– Dünən  Əhmədağadan məktub gəlmişdi, soruşurdu məndən ki, şumaqədər 

yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən 

Baladadaşa. Öz canımçün. 

Baladadaş  əvvəlcə yenə heç nə demədi və yenə  də bir müddət yerindən 

qımıldanmadı, sonra bir balaca gərnəşdi,  əlini  şalvarının cibinə salıb «Avrora» 

çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu 

cibinə  və bu dəfə  də o biri əlini  şalvarının o biri cibinə salıb açılıb-örtülən bıçaq 

çıxartdı, açıb dırnağında itiliyini yoxladı və dedi: 

– Ver bura. 

Səhərdən bəri səbrlə Baladadaşdan cavab gözləyən oğlan  əlindəki taxta 

parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəfinə baxdı, 

sonra da yonmağa başladı. 

Qarşıdakı göy darvazanın kiçik qapısı yenə açıldı  və  həyətdən bir qadın çıxıb 

Baladadaşın yanındakı oğlanı səslədi: 

– Ağanəcəf, ay Ağanəcəf! 

Ağanəcəf anasına tərəf baxdı: 

– Nə var? 

– Gəl otur uşaqların yanında, gedirəm bazara. 

Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və  əlindəki yaxmacın axırıncı 

tikəsini ağzına soxub çeynəyə-çeynəyə dedi: 

– Qurtaranda çağır gəlim götürüm, hə? 

Baladadaş öz işində idi və elə bil heç nə  eşitmirdi və ümumiyyətlə, elə bil ki, 

dünya Baladadaşın vecinə deyildi. 

Ağanəcəf qaçıb həyətə girdi.  

Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı: 

– Necəsən, Baladadaş, anan necədir? 

Baladadaş başını qaldırmadan: 

– Yaxşıdır, – dedi. 

– Haçan gedirsən əsgərliyə? 

– Payızda. 

– Inşallah. Əhmədağa da kursa girib orda. 

Baladadaş başını qaldırıb qadına baxdı: 

– Mən də girəcəyəm. 

– Inşallah. 

Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə 

başını qaldırıb qadının ardınca qışqırdı: 

–  Əhmədağaya salam yazun məndən, atəşin. Yazun ki, salamduası var sənə 

Baladadaşın.  

Qadın gülümsəyib başını tərpədə-tərpədə: 

– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi. 

Yenə də bir kənd idi, bir günün cırhacırı, bir də tut ağacının altında oturub cidd-

cəhdlə şumaqədər yonan Baladadaş. 

Bir də dəniz idi; göy uzaqda üfüq xəttilə birləşirdi və güclə sezilən bu üfüq xətti 

elə bil ki, dünyanın axırı idi. 

Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və bu təmizlikdə, bu 

səssizlikdə bu dəqiqə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə 

çovğun, nə dəniz uğultusu, nə də ki, bir başqa şey. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə