Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

Uşağın əynindəki yorğan üzündən tikilmiş köynək şairə on il əvvəl yazdığı 
poemasının misralarını xatırlatdı: 
 
Uşaq əziz gündə sınmasın deyə, 
Anam cehizliyi yorğan üzündən 
Mənə üst köynəyi tikdi hədiyyə. 
Mən də iki dəfə öpdüm üzündən, 
Ah, mehriban ana! Ah, əziz ana! 
O gündən bəridir həsrətəm sana! 
 
- Ay bala, siz kimsiniz, bu yeməyi, pulu bizə verirsiniz? 
- Götür, ay ana, nəyinə lazım kimik? - deyə şair kədərlə gülümsündü. - Bu 
uşaqları bayramda yaxşıca doydur. Ayranla bayram keçirmək olmaz. 
Birdən onun gözü azca aralıda evin yarımçıq qalmış hörküsünə ilişib qaldı. 
- Bu kimindi, sizindimi? 
- Hə, bizimdi. Oğlum yenicə tikdirirdi. Dava başlandı, - arvadın səsi qırıldı, 
yazıq, kədərli səslə - o gedən oldu, bir daha qayıtmadı... 
- Fikir eləmə, ay ana, yaman günün ömrü az olar. - Uşaqları göstərdi. - Bax 
bu igidlər böyüyəndə hamısı düzələcək. 
Şair uşaqlarla bir-bir görüşüb, maşına əyləşdi. Maşın tərpənəndə arxadan 
uşaqların səsi gəlirdi: 
- Sağ ol, əmi, sağ ol! 
Bir neçə gündən sonra Köçəri kəndinə iki usta gəldi. Onları deputat Səməd 
Vurğun Gözəl qarının yarımçıq qalmış evini tikməyə göndərmişdi... 
 
 
 
A R A B A Ç I 
 
Yolun qırağında dayanan “Pobeda” maşınını görcək Tapdıq kişi “ho-ho” 
eləyərək arabasını saxladı. Maşının yanında tanımadığı bir adam vardı. Quru iydə 
çır-çırpısından ocaq qalayıb qızınırdı. Maşın yoldan qıraqda elə saxlanmışdı ki, 
sanki gözdən yayındırılmışdı. 
Bura sərhəd zonası idi. Tapdıq kişi bilirdi ki, bu yerlərdə şübhəli adam ola 
bilər. Odur ki, maşının yanındakı adamı süzüb dedi: 
- Yoxsa maşının xarab olub, bəlkə bir köməyim dəydi? 
- Yox, yox, çox sağ ol. Səmədi gözləyirəm, burda ov eləyir, - deyə maşının  
yanında dayanan adam əlini qamışlığa tərəf-uzatdı. 
- Tanıya bilmədim. Səməd kimdir? Hansı kənddəndir? 
- Bura adamı deyil, şəhərdən gəlib... Bəlkə eşitmiş olasan, şair Səməd 
Vurğun. 
Tapdıq kişinin üzü elə bil işıqlandı: 
- Pah!.. Necə eşitməmişəm?! Onu tanımayan adam varmı? Demək, sən də 
onun sürücüsüsən, hə?.. 


Maşının yanında dayanan adam başını tərpətdi. Arabaçı əlilə alnını ovub 
dedi: 
- Ay şofer qardaş, bir bənd şer desəm, gələndə ona çatdırarsanmı? 
- Niyə çatdırmıram ki, buyur. 
- Ona deyərsən ki: 
 
Ay Səməd Vurğun kişi, 
Şoferi yorğun kişi, 
Quşlar sənə neyləyib, 
Salıbsan qırğın, kişi? 
 
Sürücü şaqqanaq çəkib güldü. Sonra dedi: 
- Sən əməlli-başlı şairsənmiş ki! - O, dərhal maşına cumdu, kağız-qələm 
götürüb Tapdıq kişinin yanına gəldi. 
- Onu bir də de, yazacağam. 
- Yazmaq niyə, elə-belə deyərsən. 
- Qorxuram unudum. Bilirsən, bir az skleroz olmuşam. 
- O nə olan şeydir? 
- Yaddaşım bir az xarab olub, qardaş, ona görə. Bir də mükafatdan əlim 
çıxmasın. 
- Nə mükafat? - Tapdıq kişi təəccüblə soruşdu. 
- Bilirsən, Səmədin bir şərti var, kim yaxşı şer desə, onu mükafatlandırır. 
Tapdıq kişi şeri təkrar etdi. Sürücü onu tələm-tələsik yazdı. Arabaçı 
sürücünün üzünə baxa-baxa: 
- Qardaş, - dedi, - Səməd Vurğun Bakıda yaşayır, yoxsa öz kəndində? 
- Əlbəttə, Bakıda. 
- Onda qoy bir bənd də deyim. 
- De, - sürücü sevindi. 
- Səməd Vurğuna deyərsən ki: 
 
Yaşadığın yerdi Bakı, 
Yazan olmaz sənin təki. 
Qırma dəyib tökür tükü
Lüt quş sənə neyləyibdi? 
 
Sürücü dərhal bu bəndi də yazdı. Arabaçı isə qabarlı əllərini bir-birinə 
sürtdü. Bu qabarlı əllər evdəki beş baş körpənin dolanacağı idi. 
- Əyə, şofer qardaş, bu tərəflərə ova çoxmu gəlirsiniz, bu yerlərə 
bələdsənmi? 
Sürücü sorğu-sualın bir bənd şer olacağını duyubmuş kimi: 
- Hə - dedi, - nə istəyirsən soruş, cavab verim. 
Tapdıq kişi qırx ildən çox sahilində yaşadığı Arazı gösərib dedi: 
- Bu axan çayın adı nədir? 
Sürücü sualın asanlığını görüb sevincək: 


- Araz, - dedi. 
- Əgər Arazdırsa, onda bu bəndi də əlavə elə. 
 
Bu çaya deyirsən Araz
Bir şairsən sözün taraz, 
Qoy bizə də qalsın bir az, 
Turac sənə neyləyibdi? 
 
Tapdıq kişi “di sağ ol” deyib öküzləri hayladı. Sürücü yüyürüb arabanın 
qabağını kəsdi. Yalvara-yalvara dedi: 
- Əyə, dədəm-nənəm sənə qurban, axı Səməd Vurğun bunu belə 
natamam görüb narazı qalar. Bəs deməzmi bu şeri deyənin adı nə idi? 
Arabaçı başa düşdü ki, belə şeylərdə sürücünün də səriştəsi var. Əl çəkənə 
oxşamır. Fikirləşdi ki, qoy tapşırmasını da deyim. 
 
Tapdıq tərif eylər yazı, 
Kamil ovçu ovlar qazı. 
Nə qırırsız xoruz, bozu, 
Kəklik sənə neyləyibdi? 
 
Sürücü dönə-dönə “çox sağ ol” deyib arabanın qabağından kənara çəkildi. 
Günəşin artıq xeyli yuxarılara qalxdığını görən Tapdıq kişi öküzləri haylayıb 
meşəyə tərəf qovdu. 
 
* * * 
 
Arabaçı gedəndən sonra sürücü intizarla şairin yolunu gözlədi. Dəfələrlə 
arxın qırağındakı torpaq qalağının üstünə çıxıb dabanlarını qaldırdı. Uzaqlara 
baxdı, nə şairi, nə də onun ovçu dostunu görə bildi. Hətta bir neçə dəfə “Ay Səməd 
dayı, ay Səməd dayı”, - deyə çağırdı da. Lakin səsinə hay verən olmadı. Səssiz-
səmirsiz Muğan düzü onun cır və yeknəsəq səsini acgözlüklə uddu. Günəş günorta 
yerinə qalxıb yeri-göyü yandıranda şair ovçu dostu ilə qayıdıb gəldi. Şair sürücüyə:  
- Bir dolça su ver, - dedi, - ciyərim yandı. 
Sürücü balaca bardaqdan şairin əlindəki dolçaya su töküb: 
- Ay Səməd dayı, - dedi, - indicə bir şair tapmışdım. Zalım oğlunun yaman 
sözləri var, budur, yazıb götürmüşəm. 
O, əlindəki kağız parçasını şairə uzatdı. Şair gülümsəyib dedi: 
- Oxu görüm, necə şeydi. 
Sürücü birinci bəndi oxuyanda şair öz adını eşidib gülümsündü. Kağızı onun 
əlindən alıb diqqətlə baxa-baxa: 
- Nə yaxşı şerdi, bunu kim yazıbsa, təbli adamdı, dedi, - al, gerisini oxu, 
xəttindən baş aça bilmədim. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə