154
onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın
qoşunları onu necə ihatə etmişlər? İndi biz onu dutub təzə arı
səbətinə salmalıyıq. Onda arılar da onun başına cəm
olacaqlar.
Bu sözlərdən sonra, Piri kişi yüzünü Qaraca qıza tərəf
dutub, dedi:
-
Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə
salıb ağzını büz.
Qaraca qız pişik kibi ağaca dırmaşmağa başladı. Ağca
xanım Piri kişidən soruşdu:
-
Baba, o arılar Qaraca qızı sancmazlarmı?
-
Yox, xanım, arını incitməsən və onlardan qorxmasan,
adamı sancmazlar.
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri
kişi dedi: İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün,
ya da budağı sındır, torbanın içində qalsın. Qaraca qız budağı
sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı
arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.
-
Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və
balı da öz ixtiyarında olacaqdır. Haçan könlün bal istədi
gələrsən, kəsib verərəm. Bundan Ağca xanım çox şad oldu.
Hüseynqulu ağa dedi:
-
Qızım, bu da sənin arın,
imdi gəl gedək, anan bir azdan
sonra gələcəkdir.
Bunlar səlamətləşib evə qayıtdılar.
***
Axşamçağı Pəricahan xanım Mariya İvanovna ilə şəhər-
dən gəlib çıxdı. Pəricahan xanım Ağca xanımı çox şad və
yanaqları qızarmış görüb dedi:
-
Bax, qızım mənə qulaq asıb evdən bayıra çıxmadın,
ona görə də sağalıb rəngin özünə gəldi. Gör, qızım, sənə nə
qədər şeylər gətirmişəm!