- 18 -
Gecə-gündüz qan gedər.
Araz yanıq dillidir.
Suyu necə lillidir.
Gah axır, gah dayanır,
Görünür nisgillidir.
Araz axar, yan düşər,
Daşlar yaxadan düşər.
Araz bildiyin desə
Xəta çıxar, qan düşər (3.387).
Məlum həqiqətdir ki, 1813-cü ildə və 1828-ci ildə İranla Rusiya arasında bağlanmış
Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının taleyinə gətirdiyi nisgil, həsrət və
ağrı-acılar ona görə bilavasitə Araz çayı ilə əlaqələndirilir ki, həmin müqavilələrdən sonra Araz
Azərbaycanın Şimalı və Cənubu arasında sərhəd rolunu oynamış və bu gün də oynamaqdadır. Buna
görə də Azərbaycan şeirində Araz bir nisgil, həsrət və ayrılıq simvolu kimi də təsvir edilir.
Araz kənarında dayanıb xəyallara dalan xalq şairi Mirvarid Dilbazi:
Bu geniş düzlərin aynası Araz
Məni xəyallara qərq etmədi az (4.7) – deyəndə də,
Şairə Mədinə Gülgün:
Sularında damlanam,
Başına mən dolanam.
Həsrət çəkmiş balanam,
Çağla, Arazım, çağla! (5.55)-yazanda da,
Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadə:
Mən dizimə döyüb zar-zar ağladım,
Çöllər göz yaşımla gölmə-gölmədi.
Qranit dağları dələn fəryadım
Tək Araz çayını aşa bilmədi (6.55)-deyib
kövrələndə də Araz həsrət, ayrılıq simvoluna çevrilir və xalqın nisgilini ifadə edir. Ötən əsrin 70-ci
illərində
21-ci əsrə
Keçəcəyik bir azdan,
içmək olmur Arazdan,
keçmək olmur Arazdan... – yazan
xalq şairi Nəriman Həsənzadənin Sovet imperiyası dağılanda sonra 1991-ci ildə yazdığı
Yatıb oyana bilmirəm,
Baxım hayana, bilmirəm.
Keçdim Arazdan, ay baba,
Qaçdım Arazdan, ay baba!
Hələ inana bilmirəm,
Mənəmmi qonaq Təbrizə,
Qurban ay Allah, Təbrizə! (7.239)-
misralarında da müəyyən bir inamsızlıqdan, sevinc və kövrəlmədən doğan poetik duyğular əks
olunur. Hətta Araz Azərbaycan poeziyasında ayrılıq rəmzi kimi o qədər simvollaşdırılır ki, bəxtdə,
taledə baş verən digər hicran və ayrılıqlar da Arazın adı ilə bağlanır, onunla müqayisə olunur. Xalq
şairi Sabir Rüstəmxanlının təsvir etdiyi kimi:
Aramızda Araz oldun,
İçəcəyəm bəxtim, səni.
Bu saralan zəmi kimi
Biçəcəyəm, bəxtim, səni (8.275).
Araz Azərbaycan poeziyasında nə qədər həsrət, nisgil və ayrılıq rəmzi kimi təsvir edilsə də,
- 19 -
ona ümid, təsəlli kimi baxanlar da olur. Hətta xalq şairi Nəbi Xəzri onu xatırlamaq istəyənlərə
tövsiyə edir ki,
Kim məni xatırlasa,
Əyilib səhər çağı
Kürdən, Arazdan içsin.
Bəzənəndə Şahdağı
Dərədən asta keçsin (9.140).
Azərbaycan poeziyasında taleyi və yaradıcılığı Arazla bağlı olan ən qüdrətli sənətkarlardan
biri də xalq şairi Məmməd Arazdır. Araza daha yaxın, daha doğma olan qədim Azərbaycan
torpağında – Naxçıvanın Şahbuz bölgəsində dünyaya göz açan Məmməd Arazın Araz sevgisi və
Araz dəliqanlılığı bu çayın adını şairin özünə təxəllüs götürməsi ilə nəticələnmiş, əvəllər Məmməd
İbrahim kimi tanınan şair sonralar Məmməd Araz adı ilə Azərbaycan şeirinin ən parlaq ulduzuna
çevrilərək, milyonlarla oxucu qəlbinə yol tapmışdır. Onun müxtəlif illərdə yazdığı “Araz yadıma
düşüb”, “Yenə Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Arazın işıqları”, “Nə bilim”, “Babək
qılıncı”, “Şəhriyar gəlmədi”, “Araz dili”, “Məmməd Araz dünyası” və s. şeirlərdə əsl Araz obrazı
yaradılmış və bu obraz digər şairlərin yaratdıqlarından tamamilə fərqlənmişdir:
Mən neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? – bilmirəm!
Quş dilində danışmışam? – bilmirəm!
Daş dilində danışmışam? – bilmirəm!
Mən neçə yol danışmışam Arazla...
Mən neçə yol danışmışam Arazla...
Araz dili – ürək dili, göz dili...
Torpaq dili, hava dili, göy dili.
Mən neçə yol danışmışam Arazla... (10.27)
Məmməd Arazın Araz sevgisinin nəticəsidir ki, onun adı hər yerdə Arazla qoşa çəkilir və
eyniləşdirilir. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub haqlı olaraq Araz çayı üzərindəki bütün
körpülərin hər tağında Məmməd Araz adı, Məmməd Araz möhürü olduğunu təsvir edir:
Yetişib Təbrizə, qovuşub Qarsa,
Eşitsin, dünyanın qulağı karsa.
Harda Araz üstə bir körpü varsa,
Onun hər tağında Məmməd Araz var (11.161).
Məmməd Araz Araz çayının adını özünə təxəllüs götürdüyü kimi, övladına da Araz adı
verənlər də çox olub. Onlardan biri də istedadlı Azərbaycan şairi, mərhum Nüsrət Kəsəmənlidir.
Şairin öz övladına Araz adı verməkdə təsəllisi odur ki, evlərində hər gün Araz adı çağrılır:
Vətən alov etsin odunu sənin,
Böyü, bu torpaqla, bu yurdla öyün.
Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün (12.241).
XX əsr Azərbaycan şeirinə nəzər salarkən məlum olur ki, yuxarıda adları qeyd olunan
şairlərdən əlavə Məmməd Rahim, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Qabil, Xəlil Rza,
Hüseyn Arif, Cabir Novruz, Fikrət Qoca, Hüseyn Razi, Musa Yaqub, Məmməd Aslan, Əliyar
Yusifli, Kəmalə Ağayeva kimi görkəmli Azərbaycan şairləri də bu mövzuya müraciət etmiş və Araz
mövzusunda yaddaqalan şeir nümunələri yaratmışlar.
ƏDƏBİYYAT
1.
Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə, I cild. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005
2.
Süleyman Rüstəm. Seçilmiş əsərləri. 3 cilddə, II cild. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005
3.
Rəsul Rza. Seçilmiş əsərləri. 4 cilddə, II cild. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1968