mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin
məhdudlaşdırılması hüququnu itirir.
Maddə 263. Məsuliyyətin məhdudlaşdırılması fondu
263.1. Gəmi mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq
məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə vurulan zərərin əvəzinin ödənilməsinə dair
ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud belə iddia verilmədikdə, onun verilə
biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan
məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır.
263.2. Məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 254-cü maddəsində
müəyyən edilmiş qaydalar tətbiq edilir.
Maddə 264. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı
264.1. Təhlükəli və zərərli maddələri faktiki olaraq daşıyan gəminin mülkiyyətçisi, bu
fəsildə müəyyən edilmiş qaydalara əsasən vurulan zərərə görə öz məsuliyyətini örtmək
üçün, bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq vurulan zərərə görə
məsuliyyətinin həddi məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə
təminatı (kredit təşkilatlarının zəmanətini) təqdim etməlidir.
264.2. Bu Məcəllənin 264.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər
maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ yalnız bu fəsildə müəyyən
edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir.
Maddə 265. Təhlükəli və zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin
sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə
265.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu
təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq qüvvəsi olan təhlükəli və
zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin sığortalanması və ya digər maliyyə
təminatı haqqında şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin
264.1-ci maddəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir gəmiyə onu
qeydiyyata almış orqan tərəfindən verilir.
265.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır:
265.2.1. gəminin adı, onun çağırış siqnalı və qeydiyyata alındığı liman (yer);
265.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri;
265.2.3. beynəlxalq dəniz təşkilatının gəmiyə verdiyi identifikasiya nömrəsi;
265.2.4. məsuliyyətin maliyyə təminatının növü və onun qüvvədəolma müddəti;
265.2.5. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını
verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı
və ya maliyyə təminatının verildiyi yer.
265.2.6. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının
müddətindən artıq olmayan qüvvədəolma müddəti.
265.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün
təhvil verilməlidir.
265.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Maddə 266. Vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia
266.1. Zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu
fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə bilər.
266.2. Zərərin əvəzinin ödənilməsi haqqında iddiaya bu Məcəllənin 257-ci maddəsində
müəyyən edilmiş qaydalar tətbiq edilir.
XX fəsil. Gəmilərin və digər əmlakın xilas edilməsi
Maddə 267. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi
267.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və
ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün xilasetmə əməliyyatlarına tətbiq edilir.
Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək,
habelə bu Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş ətraf mühitə vurulan zərərin
qarşısını almaq və ya azaltmaq vəzifəsindən kənara çıxmaq hüquqları yoxdur.
267.2. Bu fəslin məqsədləri üçün:
267.2.1. xilasetmə əməliyyatı — istənilən sularda təhlükə altında olan hər hansı
bir gəmiyə və ya digər əmlaka kömək göstərilməsi məqsədi ilə həyata keçirilən
istənilən hərəkət və ya istənilən fəaliyyətdir;
267.2.2. əmlak — bilərəkdən və daimi olaraq sahilə təhkim edilməmiş əmlak və
riskdə olan fraxtdır;
267.2.3. ətraf mühitə vurulan zərər — çirkləndirmə, yanğın, partlayış və ya digər
oxşar hadisələr nəticəsində daxili sularda, sahilboyu sularda, yaxud onlara yanaşı
olan rayonlarda insanın sağlamlığına, dəniz flora və faunasına və ya ehtiyatlarına
vurulmuş əhəmiyyətli real zərərdir.
267.3. Bu fəsildə müəyyən edilmiş qaydalar, bu Məcəllənin 272.2-ci maddəsində
müəyyən edilmiş qayda istisna olaraq, habelə aşağıdakılara şamil edilir:
267.3.1. Azərbaycan Respublikasının mülkiyyətində olan hərbi gəmilərə,
yardımçı hərbi gəmilərinə və digər gəmilərə, habelə xilasetmə əməliyyatları
aparılan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və istifadə
edilənlərə;
267.3.2. dövlətin mülkiyyətində olan qeyri-kommersiya yüklərinə.
267.4. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilmir:
267.4.1. stasionar və ya üzən platformalara, yaxud dəniz səyyar qazma
qurğularına, əgər belə platformalar və ya qurğular olduqları yerdə dəniz təkinin
mineral ehtiyatlarının kəşfiyyatı, işlənməsi və ya hasilatı ilə məşğuldurlarsa;
267.4.2. tarixi və ya arxeoloji əhəmiyyəti olan mədəni xarakterli dəniz əmlakına,
əgər o, dənizin dibindədirsə.
Maddə 268. Xilasetmə haqqında müqavilələr
268.1. Gəmi kapitanının gəmi sahibinin adından xilasetmə əməliyyatlarının aparılması
üçün xilasetmə haqqında müqavilələr bağlamaq hüququ vardır. Gəmi kapitanının və ya
gəmi sahibinin gəmidə olan əmlakın sahibi adından belə müqavilələr bağlamaq hüququ
vardır.
268.2. Xilasetmə haqqında müqavilə və ya onun hər hansı bir şərti aşağıdakılara görə
etibarsız hesab edilə və ya dəyişdirilə bilər:
268.2.1. müqavilə həddindən artıq təsir və ya təhlükə altında bağlandıqda və onun
şərtləri ədalətli olmadıqda;
268.2.2. müqavilə ilə nəzərdə tutulmuş mükafat faktik göstərilmiş xidmətlərə
münasibətdə həddən artıq qaldırıldıqda və ya azaldıldıqda.
Maddə 269. Xilas edənin, gəmi sahibinin və gəmi kapitanının vəzifələri
269.1. Təhlükə altında olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilas edən
aşağıdakıları etməyə borcludur:
269.1.1. xilasetmə əməliyyatlarını lazımi qayğı ilə həyata keçirməlidir;
269.1.2. bu Məcəllənin 269.1.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə
yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün
lazımi qayğı göstərməlidir;
269.1.3. halların tələbi ağlabatan olduqda kömək üçün digər xilas edənlərə
müraciət etməlidir;
269.1.4. təhlükə altında olan gəminin kapitanının və ya sahibinin, yaxud təhlükə
altında olan digər əmlakın sahibinin tələbi ağlabatan olduqda, əgər bu, mükafatın
miqdarına təsir göstərməyəcəkdirsə, digər xilas edənlərin iştirakına razılıq
verməlidir.
269.2. Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya
təhlükə altında olan digər əmlakın sahibi aşağıdakıları etməyə borcludurlar:
269.2.1. xilasetmə əməliyyatlarının gedişində onunla tam əməkdaşlıq etməlidirlər;
269.2.2. bu Məcəllənin 269.2.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə
yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün
lazımi qayğı göstərməlidirlər;
Dostları ilə paylaş: |