Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

tələb etmək yanlışdır, o, kos mopolit də ola bilər və

bu üzdən məsələyə hər hansı münasibət sərgiləməkdə

azaddır. Nekrasov deyirdi ki, şair olmaya bilərsən,

amma vətəndaş olmağa borclusan. Blok isə əksinə

deyirdi - vətəndaş olmaya bilərsən, amma şair

olmalısan. Bəs Gülnar nə deyir, bu mövqelərin

hansında durur, bax, bunu anlaya bilmədim. Məsələ

onda deyil ki, Gülnarın fakta münasibəti yoxdur,

var, şübhəsiz ki, sadəcə,  o bunu sərgiləməyib,

demək istədiyini deyə bilməyib, demək istəməyib.

Heç mənim də cəngavərlik eləmək, onun

demədiklərini dilə gətirmək fikrim yoxdur. Sadəcə,

bunu deyə bilərəm ki, fikrin dumanlı ibarələr altında

gizlədilməsi, ideyanın mübhəm qalması, bir sözlə,

oxucunun yazıdan bir təməssük anlamaması Gülnar

Səmanın esse yarışmasının qalibi olmaq şansını

aradan qaldırır.      

“Müharibə tumurcuqları” essesinin müəllifi

Sadıq Qarayev isə Gülnarın əksinə fikrini tam

aydınlığı ilə deyir. Zatən onun konspiroloji ifadə

tərzinə əl atmasına ehtiyacı da yoxdur. O, söz bir

olar prinsipi ilə dövlət qəzetlərindən tutmuş dövlət

kanalına qədər bütün rəsmi kütləvi informasiya

mənbələrinin dediklərini təkrarlayır - aprel döyüşləri

göstərdi ki, “zəfər tumurcuqlarının açılma zamanı,

qələbənin mövcudluq növbəsi gəlib çatmışdır...”. 

Sadığın “Müharibə tutmurcuqları” essesi janrın

tələblərinə lazımınca cavab verir,  elmi məzmunu

ilə seçilir, üstəlik, bədiilik elementlərindən də xali

deyil: “ Bahar gəldi... Tumurcuqlar açıldı. Azərbaycan

xalqı zəfər çiçəklərinin ətrindən məst oldu...

Qazilərimiz fəxarət badəsini içdilər... Şəhidlərimiz

üçrəngli bayrağa çevrilib, çiyinlərimizdən başımız

üzərinə, vətən səmalarına yüksəldilər...” Hətta hərdən

“mövcudluq növbəsi” kimi qeyri-bədii, süni,

qondarma ifadələrdən istifadə belə Sadığın essesinin

oxucuda yaratdığı müsbət auranı dağıda bilmir. Ona

iradım dil məsələsi ilə bağlı deyil, çünki başqa,

daha ciddi bir məsələdə tənqidi qeydim olacaq -

Sadıq essenin girişində qoyduğu məsələni axıracan

apara bilmir, vətənpərvərlik hissi  onun elmi məntiqinə

üstün gəlir, bir sözlə, məsələ dağ olmur. 

Gəlin, “Müharibə tumurcuqları” essesi müəllifinin

yarımçıq qoyduğu bu işi axıra çatdıraq. Müəllif

esseyə fərqli, hətta çoxlarına əcaib görünə biləcək

bir girişlə start verir. “Müharibələr olmasaydı,

bəşəriyyət indiki inkişaf səviyyəsinə çata bilməz,

bəlkə də, mövcud olmazdı. Müharibələr bəşəriyyətin

svilizasiyasının sanitarlarıdırlar. Digər canlılarda

növün saxlanılması üçün bəzi fərdlərin qurban

getməsi necə təbiidirsə, bəşəriyyətin davamlı inkişafı

və tam məhv olmamsı üçün müharibələr zəruridir”.

Mənim  bu fikrə etirazım yoxdur. Bu liberal

yanaşmanın orijinal olmadığı, ingilis ruhanisi

Maltusdan gəldiyini də vurğulamayacam, çünki

Sadıq özü də pambıqla baş kəsən bu soyuqqanlı

ingilisə istinad etdiyini gizləmir. Məni maraqlandıran

esse müəllifinin oxucunu öz firkinə nə dərəcədə

inandıra bilməsidir. Sadıq məhz bu nöqtədə ilişir.

Essenin əvvəlində maltusanə bir yanaşma ilə

müharibələrə haqq qazandıran müəllif, ortada

Qarabağ müharibəsini başlayan erməniləri amansız

ironiya atəşinə tutur, sonda isə aprel döyüşlərində

qalib gələn  Azərbaycan əsgərini tərənnüm edir,

başqa sözlə desək, gah nala vurur, gah da mıxa.

Sadığın məntiqindən belə çıxır ki, Maltusun  müharibə

nəzəriyyəsi bizim qalib gələcəyimiz təqdirdə doğru,

əks halda isə yanlışdır. Yəni o, planetar, ümumbəşəri

bir ideyanı sırf milli marağa tabe etmək istəyir.

Bu yanaşma hər hansı ideoloq, iqtisadçı, deputat,

nazir, partiya başqanının... dilindən, bəlkə də, məqbul

sayıla bilər.  Bəs yazıçı mövqeyi kimi necə? Məncə,

yazıçıya görə, müharibə ümumən yolverilməzdir -

qələbəli, qələbəsiz, ədalətli, ədalətsiz. Öldürməyə

haqqımız yoxdur, çünki yaratmamışıq. Bütün bu

göstərilənlərdən dolayı “Müharibə tumurcuqları”

müəllifinin qalib olmaq arzusu gül açmayıb, eləcə

tumurcuq qaldı. Qoy olsun, əsas odur ki, Sadığın

ümummilli arzusu həyata keçsin - zəfər çiçəkləri

Qarabağda açsın. 

İştirakçılar arasında iki nəfərin də yazısını xüsusi

vurğulamağa ehtiyac görürəm. Kənan Hacı və Vəfa

Mürsəlqızı. Bunların heç birinin ədəbi qabiliyyətinə

şübhəm yoxdur. Xüsusilə Kənan artıq ədəbi camiə

və oxucular arasında kifayət qədər tanınan bir

imzadır, o dərəcədə ki hətta özünü çox vaxt avtoritet,

“toxunulmazlıq statusu olan istedadların” hamisi

kimi aparır. Peşmansan ki, bir nəfəri yüngülvari

tənqid edəsən, Kənan dərhal etiraz səsini ucaldacaq

ki, bəs, ay aman, dəyməyin, o istedaddır, istedada

toxunmaq olmaz, bu Əsəd Cahangir bilmirəm niyə

belə edir, əlqərəz, at getdi, örkən apardı. Kənanın

yanaşmasından belə çıxır ki, bizdə gərək tənqid

olsun, amma tənqid etmək olmasın, paraya dəymə,

bütövü kəsmə, doğra, doyunca ye. Bir sözlə, Kənan

ədəbiyyatımızın qarasaçlı ağsaqqalı, köhnə

kişilərindəndir. Amma təəssüf ki, canlı və cansız

klassiklərə ehtiram bəzən onların düşüncə və üslub

dairəsindən çıxmağa, orijinal olmağa Kənana lazımı

imkan vermir. Mən bunu onun müsabiqəyə təqdim

28

I



ULDUZ


etdiyi “Yağının işğal edə bilmədiyi səs” essesində

də gördüm.

Etiraf edim ki, Kənanın essesi özünün dil-üslub

yetkinliyi ilə müsabiqə materialları arasında birinci

yerdə durur. Onun bircə yerdə belə ilişgə-tilişgəsi

olmayan cümlələri günəş şüaları altında kiminsə o

üz-bu üzə çevirdiyi xəncər kimi bərq vurur. Amma

bu cilalı dillə, su kimi axan cümlələrlə Kənan elə

bir yeni söz demir, bu xəncər cümlələrlə kütləşmiş

yaddaşımızı yaralayıb, ömrü boyu izi qalan fikir

söyləmir. Onun sıx-sıx istifadə etdiyi “müdrik

dağlar”, “didik-didik olmuş duman”, “səsini bir

əsim mehə bükmək”, “şahbaz atların kişnərtisinə

qəribsəyən dağlar” və sair bu tipli lirik-romantik

ifadələr az qala bir əsr bundan öncəki nəsr dili və

üslubunu yada salır. Bir sözlə, Kənanın xəncərinin

suvenir olduğunu başa düşmək üçün essenin bir

abzasını oxumaq kifayət edir. 

Onun Qarabağı səslə eyniləşdirməsi Rafael

Hüseynovun sənət adamları barədə  yazılarını, “Ac

qalardı, yad adamın atdığı tikəyə yaxın durmazdı...”

cümləsi Elçinin “Dolça” povestini, “Kənddən çıxanda

birdən yadımıza düşdü ki, Bozdar həyətdə zəncirə

bağlı qalıb...” cümləsi Kamil Əfsəroğlunun “Çadır”

romanını yadıma saldı.

Bəli, Kənan heç nəyi nəzərdən qaçırmayan əla

oxucudur və bunun yazıçı üçün danılmaz faydası

olduğu kimi, zərəri də var. Onun yazısının həyatdan

daha çox, sənətdən gələn fakt təsiri bağışlaması,

olsun ki, həm də bu amillə bağlıdır. Çünki istər-

istəməz oxuduqlarının təsiri altına düşürsən. Təsir

problemini həll etmək üçün ya heç oxumamalı, ya

da o qədər oxumalısan ki, bütün oxuduqlarını ayrı-

ayrılıqda unudasan, onlar şüuraltı qata keçib, bir-

birinə qarışa, yaxşıca qaynaya, bişə və günlərin bir

günü ordan məhz sənə məxsus şəkildə üzə çıxa.

Kə nanın oxuduqları tam özününküləşmir, həyatdan

daha çox, kitabdan, gördüklərindən daha çox

eşitdiklərindən gələn bir şeylər təsiri bağışlayır.

Halbuki onun iddiası məhz həyatiliyədir. Onun

yazısı hətta konkret bir fakta söykənir və bu cəhəti

ilə essedən daha çox oçerkə bənzəyir:  “Aradan

uzun illər keçib, amma Horadizdə rastlaşdığım bir

oğlan uşağını indiyəcən unutmamışam. Dağların

boynuna dolanan cığırın ayaqları budanmışdı. O

səmtə nə əl çatır, nə ün yetirdi. Tarixdə müzəffər

yürüşləri və qələbələriylə tanınan Makedoniyalı

İsgəndərin adaşı olan bir uşaqla burda rastlaşdım.

Üzünü qiblə bildiyi uca dağlara tutaraq səsini bir

əsim mehə büküb o səmtə yollayırdı. “Qarabağ

şikəstəsi” oxuyurdu. Bir qarış sinədən ox kimi

sıyrılan bu səs şahbaz atların kişnərtisinə qəribsəyən

dağların yeganə həyanı, simsarı idi... Bu zalım

balasının özündən, öz səsindən xəbəri yox idi.

Bütün varlığı uçuna-uçuna öz səsinin oxu ətrafında

fırlanırdı”.

Amma bütün bunlara rəğmən, təsəlli bulmağa

ən azı bir şey var - oçerk hekayə ilə müqayisədə

esseyə daha yaxındır və Kənan esse məsələsində,

tutaq ki, Ramil Əhmədli və ya Yadigar Ələkbərov

qədər yanılmır.

Vəfa Mürsəlqızının “Ən bahalı beşik” adlı

essesinə gəlincə, öncə deyim ki, yazıya ad düzgün

qoyulmayıb, çünki beşik məsələsi yazıdan epizodik

olaraq keçsə də, mətni öz məhvəri ətrafında tam

birləşdirmir. Vəfa yazıya postmodernist kimi tamam

kənar, dəxli olmayan bir ad da qoymayıb ki, “bunu

düşünülmüş şəkildə edib” deyə ona bəraət

qazandırasan. Hər şeyi özündə birləşdirən adın

tapılmaması özü göstərir ki, müəllif mövzunun

nüvəsinə çatmayıb. Ona görə Vəfanın yazısı mənə

monolit, bitkin bir şeydən daha çox, izafi emosiya

sərfi hesabına “birləşdirilən” ayrı-ayrı parçaların

yan-yana düzülməsi təsiri bağışladı.   

Emosiya demişkən, “Ən bahalı beşik” on altı

yazı arasında ən emosional essedir. Və əgər

emosiyanın şiddəti yarışmada qələbənin əsas şərti

kimi qoyulsaydı, Vəfa qeyd-şərtsiz birincilik

qazanacaqdı. “Mənsə qışqırmaq, dəli kimi

hönkürmək, o diktor qızın yaxasından tutub

silkələmək, koko-shanel qoxulu saçlarını yolmaq

istəyirəm. Niyə, niyə o gecə hava haqqında məlumat

verəndə demədi ki, göylərdən dolu yerinə güllə

yağacaq? Niyə demədi ki, qışın ortasında cəhənnəm

odunda bişəcək körpə balalar!! Niyə? Niyə? Sonra

yalvarıram ki, sussun. O qız sussun, bütün dünya

sussun. Bir dəqiqəlik də olsa sussun. O gün

balalarımın şəkillərini yandırmaq istəyirəm, isməti

tapdalanmış qızlardan utanıram”.

Fikir veririsinizmi, küləkli havada gah qalxan,

gah da enən dalğaları xatırladan bu cümlələrin

müəllifini dediyi sözdən, ifadə etdiyi fikirdən daha

çox, sözün melodiyası, musiqisi, axıcılığı

maraqlandırır. O, mətni idarə etmir, mətnin havacatı

özü onu qabağına qatıb aparır. Elə bil ki, hansısa

əyalət aktrisası Şekspirin, Cavidin, İlyas Əfəndiyevin

qadın qəhrəmanının məzmun dərinliyinə varmadan

əzbərlədiyi monoloqunu çılğın bir ehtirasla deyir və

bu zaman onu nə Şekspir, nə Cavid, nə İlyas Əfəndiyev

dühası, nə də oynadığı qəhrəmanın faciəli taleyi yox,

bircə şey maraqlandırır - səsinin tembri, diapazonu,

amplitudası, bir sözlə, məlahəti ilə zala xoş gəlmək,

tamaşaçıların qəlbini ovlamaq. 

№10 (569) oktyabr 2016

I

29



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə