Muxtar qurumlar tərkibində olduqları müttəfiq respublikalara inanmırlar. Belə
olduqda respublikaların da haqqı vardır ki, guya yenidən, yeni əsaslarla qurulacaq
İttifaqa etibar etməsinlər. Gör necə etibarsız suverenlikdir, gör necə də sısqa İttifaqdır
ki, respublikalardan biri o birisinin ərazisinin bir hissəsini ağına-bozuna baxmadan
birtərəfli qaydada öz torpağına qatır, sonra da onun boynuna minnət qoyub, guya
güzəştə getdiyini bildirir, öz iddialarından, hikkələrindən əl çəkmək istədiyinə işarə
vurur. İşə bax ki, qondarma iddialarını qədim-qədim xəritələrə istinad edərək
əsaslandırırlar. Halbuki, bu xəritələr tərtib edilən dövrlərdə kartoqraflar əmin idi ki, Yer
kürə şəklində deyil, göz işlədikcə uzanıb gedən düzəngah formasındadır. Xəritə
demişkən, görünür, kiçik xalqların uğursuz qədəri elədir ki, onların taleyini böyük-
böyük dövlətlərin böyük-böyük rəhbərləri o biçarələrdən xəbərsiz həll edirlər. Deyək ki,
1918-ci ildə Versalda, yaxud çox-çox sonralar Podstamda, Yaltada və ya Maltada
olduğu kimi, bir otağa toplaşıb danışıqlar stolu arxasında əyləşir və həll edirlər: hansı
kiçik və ya azsaylı xalqın sərhədləri haradan keçməlidir. Lakin bu məsələdə də hər
halda müəyyən «tərəqqi» gözə dəyir. «Literaturnaya qazeta»(15.05.91) bizi agah etdiyi
kimi, demə, lap bu yaxınlarda Ermənistan ilə Azərbaycan arasında sərhədə qayçı salıb
onun ülgü-biçimini dəyişdirirlərmişlər... Özü də harada? Moskva mənzillərindən birinin
mətbəxində…Özü də kimlər? Bu problemə heç bir dəxli olmayan iki cüt bir tək adam.
Azərbaycanlılarla ermənilərin adət-ənənələrində də, mədəniyyətlərində də oxşar
cəhətlər çoxdur. İndi bu barədə danışmağı nədənsə çoxları özünə ar bilir, amma di gəl
ki, acı və təhqiramiz sözlər dillərdən düşmür. Bütün bunlara baxmayaraq, qonşularımıza
- ermənilərə üz tutub demək istəyirəm: doğrudanmı sizin heysiyyətinizə toxunmur ki,
sizli-bizli hamımızın problemlərini tamam yad və kənar adamlar Moskva mətbəxində
həll edirlər? Qoy lap bu mətbəx çox hörmətli və görkəmli bir adamın mənzilində olsun.
Məgər bunu hər hansı digər xalq barəsində etməyi - böyük və ya kiçik xalq olsun- rəva
görə bilərdilərmi? Mətbəxdə oturub xəritədə özgəsinin ərazisinə əl gəzdirirlər, bütöv
rayonları kağız üzərində aldəyiş edirlər, yəni, minlərlə, yüz minlərlə adamın - taleyi ilə
oynayırlar. Gör nə günə qalmışıq. 200 min azərbaycanlıdan Ermənistanda bu gün bir
nəfər də qalmayıb, hazırda Azərbaycanda 200 min erməni yaşayır. Halbuki faciəli
hadisələr başlanmazdan əvvəl burada onların sayı iki dəfə çox idi. Bəs sabah nə olacaq?
Tutaq ki, İttifaq müqaviləsini Azərbaycan imzaladı,onda Ermənistan imzalamayacaq və
beləliklə xarici dövlətə çevriləcəkdir. Bu halda Dağlıq Qarabağla bağlı iddialar təkcə
Azərbaycana deyil, həm də SSRİ-yə yönəldiləcəkdir. Elə deyilmi? Yox, mən bu
varianta inanmıram. Onsuz da, təsadüfi amillərlə qurulumuş ölkə olsa da, böyük bir
məmləkətdə yaşayırıq, ixtiyarımız öz əlimizdə deyildir.
Odur ki, təcrübəli parlament üzvlərindən biri bəzi respublikalar haqqında dəqiq
demişdir: «İmzalasalar da, imzalamasalar da İttifaqda qalacaqlar, ağızları nədir?». Bir
halda ki, tale bizə ümumi bir evdə yaşamağı məsləhət bilib, onda heç olmasa gəlin, nə
Qırmızı sovet evində, nə də Sarı evdə -- dəlixanada yaşayaq. Yaxşısı budur, gəlin, əl-
ələ verib İttifaq, Avro-Asiya, Qafqaz evi adlansa da, hələ ki yaşadığımız ümumi evimizi
yanğınlardan qoruyaq, qoymayaq ki, o dağılıb xarabalığa çevrilsin. Belə olsa, sağ qalan
tapılmaz. Bundan sonra yüz dəfə fikirləş ki, xarabazarı hansı rənglə boyayaq. İttifaq
müqaviləsini imzalamaqda tələsmək nəyə gərəkdir? Yaxşı olmazmı ki, hamı --
hakimiyyət orqanları və müxalifət, Mərkəz və respublikalar, kommunistlər,
demokratlar, bitərəflər, sağlar, sollar, bir sözlə, hamı birlikdə etimadı -- bir-birimizə
etimadı, sözlərə inamı qaytarmağa çalışaq. Belə bir inamı qaytarmağa çalışaq ki,
Razılaşdırılmış və İmzalanmış müqaviləyə hökman və dəqiq əməl ediləcəkdir. Yoxsa
hər şey quruca protokoldan, sırf rəsmi və heç kəsin üzərinə heç bir vəzifə qoymayan
mərasimdən ibarət olacaqdır.
Doğrudanmı, biz məhz FFRİ - Fiktiv Formal Respublikalar İttifaqı yaratmaq
istəyirik?!
May, 1991.
«Literaturnaya qazeta» da dərc olunmuşdur.
FİKRİMİZCƏ
Azərbaycan xalqı əsaslı demokratik ənənələrə malik bir xalqdır.
Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika quruluşu 1918-ci il mayın 28-
də Azərbaycanda yaranmışdır.
Yetmiş ildən artıq sürən totalitar recim şəraitində Azərbaycan xalqının
demokratik ənənələrinin müəyyən rüşeymlərini qoruyub saxlamaqla, real gerçəklik
haqqında acı həqiqətləri söyləməklə, mühitin eybəcərliklərini tənqid etməklə vicdanlı
Azərbaycan yazıçıları mövcud imkanlar daxilində bacardıqlarını deyə və yaza bilmişlər.
Buna görə də yazıçılarımız ölkədə demokratik ünsürlərin güclənməsinə, son
günlərdəki antidemokratik çevrilişin məğlubiyyətinə, qanuni hakimiyyətin qələbəsinə
sevinməyə bilməz və bu qələbəni alqışlayırlar. Hələ qiyamçılar iş başında olarkən
avqustun 21-də günün birinci yarısında mən bu hadisələri faciə adlandırdım, həmin
faciənin 1988-ci ilin fevralında Əsgəranda qətlə yetirilən iki azərbaycanlı gəncin
ölümüylə başladığını, sonra 1990-cı ilin qara Yanvarında Bakıda davam etdiyini qeyd
etdim, qiyamçıların sözüylə əməlinin uyğun olduğuna inanmadığımı bildirdim, ölkədə
demokratiyanın taleyi, respublikaların suverenliyinin, müstəqilliyinin taleyi üçün
nigarançılığımı dilə gətirdim («Azadlıq» qəzeti, 23 avqust, 1991).
Eyni zamanda biz ölkədəki demokratik qüvvələrin son üç-dörd ildə Azərbaycan
xalqının başına gələn müsibətlərə, onun verdiyi qurbanlara bir çox hallarda biganə,
laqeyd, seyrçi münasibət bəsləməsini, bəzənsə açıq-aşkar qeyri-obyektiv, birtərəfli,
qərəzli münasibətini unuda bilmərik. Ancaq indi ölkə demokratlarıyla haqq-hesab
çəkmək vaxtı deyil. İndi öz-özlüyündə ölkə miqyasında mütərəqqi ideyaları təmsil edən
qüvvələrin Azərbaycan problemlərini də düzgün və obyektiv qiymətləndirməsi üçün
qarşımızda duran vəzifələr haqqında düşünməliyik.
Respublikamızın taleyini yalnız və yalnız Mərkəzin inzibati strukturlarıyla
bağlamaq səhv idi və yazıçılarımız bunu dəfələrlə demişlər. Kökündən dəyişən siyasi
tənasüb mərkəzin demokratik qüvvələriylə daha fəal rabitə yaratmamağımızın acı
nəticələrini bir daha təsdiq etdi. İndi bəzi həqiqi demokratlar da, özlərini demokrat kimi
qələmə vermək istəyən bir çoxları da Azərbaycanı qara boyalarla təqdim etməyə
Dostları ilə paylaş: |