20
şey vardı: Allah özü göndərdiyi bəladan məni niyə hifz elədi?
Bunu uzun-uzun illər dönə-dönə fikirləşəcəkdim, sualın cavabı-
nısa çox-çox sonralar, ömrüm qüruba əyiləndə dərk eləyəcəkdim.
Bəs o, yeganə cavab idimi – bilmirəm…
16. Səhəri gün məni nəinki bayıra, heç eyvana da çıxmağa
qoymadılar. Bu, Dariyaya tapşırılmışdı, o da buyruğu yerinə
yetirmək üçün bütün bacarığını ortaya qoydu, hətta madam
Qrenyönün dərs saatından sonra Rusudan xanım Davidlə Ke-
tinonu çağırıb mənimlə tanış elədi. Onların ağlı bir qədər çox
kəsirdi, fəlakətin miqyasını məndən yaxşı qavrayırdılar, bu
səbəbdən qarşılarındakı zavallıya – mənə sudan çıxarılmış pişik
balasına göz qoyan kimi, mərhəmətlə baxırdılar. Dariyanın geyin-
dirdiyi, yəqin ki, artıq Davidin əyninə gəlməyən təmiz paltar-
da buxarının böyrünə qısılmışdım, elə bilirdilər, qaçmağa fürsət
axtarıram, amma getməyə yerim vardımı, bunu ağlıma gətirə
bilmirdim. Səhər Dariya zorla bir-iki tikə yedirtmişdi, günorta
da boğazımdan nəsə ötürənəcən xeyli əziyyət çəkdi. Görgü ağa-
nın böyük evini də indi-indi qavramağa başlamışdım. Evin alt
qatında mətbəx, Dariyanın otağı, anbar, bir də nəsə başqa bir
otaq vardı. İç pilləkənlə ikinci qata çıxanda böyük salon qonaq
otağı, Görgü ağayla Rusudan xanımın, Davidin, Ketinonun, bir
də mürəbbiyənin otaqları vardı. Hələ təkcə qonaq otağındakı
müxəlləfatı görmüşdüm, o vaxt gördüklərimi, təbii ki, sözlə ifadə
eləyəcək halda deyildim, bircə onu deyim, o yaşımacan belə
şeylər görməmişdim, elə bil kasıb evimizdən çıxıb nağıllardakı
şah saraylarına düşmüşdüm. Hündür tavan, tağlı pəncərələr, tül
pərdələr, tünd qırmızı ağacdan şkaflar, iri bədənnüma güzgü,
zəngli saat, gümüş şamdanlar, salonun ortasında uzun masa,
yerdə, divarlarda gözəl xalı-xalçalar, divar diblərində yumşaq
kreslolar… indi də gözlərimin qabağındadı. Bir divardan da xal-
çanın üstündən xəncərlər, qılınclar, bir tüfəng asılmışdı; tüfəngi
Çar bağında gəzəndə atam göstərmişdi, amma nəyə yaradığını
hələ dərk eləmirdim.
17. Axşama yaxın qulluqçu Dariya məni otağına apardı.
İçəri girəndə Züleyxanın anası Rusxara xalanı gördüm. Başı-
mı sinəsinə sıxdı, gözlərini bir yumub min tökdü, tifil balam,
dedi, bu nə müsibətdi, başımıza gəldi, Allah sizə əl qaldıranları
21
cəzasına çatdırsın. Görünür, məndən qabaq nəsə danışmışdılar,
görüm, Görgü ağanı min budaq olsun, dedi, kimsəsizə yiyə
durmağının əvəzini Gözəgörünməz qat-qat artıq verəcək. Sonra,
ürəyin istəyəndə, qapımız üzünə həmişə açıqdı, oğlum, əlavə
elədi, Görgü ağa belə məsləhət bilibsə, mənim sözüm yoxdu. Elə
alxış eləyə-eləyə də çıxıb getdi. Həmin axşamda Dariya xalanın
otağında mənə yer hazırladılar, geyim-kecim tədarük elədilər.
Şübhəsiz, bu məndən ötrü daha məqbul idi, əvvəla, evin üst
qatındakı zənginlik məni sıxırdı, kasıb evimizdən çıxıb dərhal
o şıqlığa, dəbdəbəyə alışmağım çətiniydi, ikincisi, daha vacibi
yanımda anamı xatırladan kimsənin olmasına ehtiyacım vardı,
elə bil yerdəki nizamın gözəgörünməz sahibi ehtiyacımı nəzərə
alıb hifz eləyən mələk kimi aysor Dariyanı göndərmişdi. Axşam
yeməyindən qabaq Görgü ağa başımı sığalladı, oğlum, dedi,
qəzavü-qədərdən qaçmaq bizim əlimizdə deyil, bundan sonra
ailəmizin bir üzvüsən, Allah qoysa, əlin çörəyə çatar, evinizin
yerində daha yaxşı ev tikərsən, böyüdükcə yaraların qaysaqlana-
caq, hər şey yoluna düşəcək. Amma masa arxasında sıxılırdım,
gözaltı Davidlə Ketinonun necə çəngəl-bıçaq işlətdiklərinə baxa-
baxa boğazım kilidlənirdi. Deyəsən, bunu Görgü ağayla xanımı
da duydular, o gündən sonra yeməyimi iri salonda yox, elə öz
otağımızda Dariya xalayla yeyirdim, üst qata ancaq ehtiyac olan-
da, məclis-filan qurulanda qalxırdım. Bunun Dariya xalaya daha
çox xoş gəldiyini duyurdum, görünür, Görgü ağanın evində
qalmağımın əsas səbəbkarı da elə o idi.
18. Evimizin halını dəfn gününün səhəri gördüm, ayaqlarım
məni Görgü ağanın evinin yüz addımlığındakı o xarabalığa apa-
rıb çıxardı. Ev deyilən şeydən dörd yarıyanmış divar, kösövə
dönmüş dörd dirək, nə olduğunu anışdıra bilmədiyim qaral-
mış dəmir parçaları, hislənmiş çay daşları qalmışdı. Yerə çöküb
uzun-uzadı xarabalığa baxdım, atamın əndişəli üzünü, anamın
yaşlı gözlərini, bacımın fəryadını, qardaşımın qışqırtısını, bir də
çaqqal gözlərinin parıltısını, kəsik qulağın yerinə sarınmış əski
parçasını xatırladım. Ağlamaq, qışqırmaq, özümü xarabalığa at-
maq istəyirdim, amma nə gözlərimdən yaş gəlir, nə səsim çıxır-
dı, təkcə içimdə boğuq inilti duyurdum. Sonra eləcə çöməldiyim
yerdən aşağı, Meydana baxdım: orda heç nə dəyişməmişdi, bir
22
ailənin dağılması, dörd nəfərin qanına qəltan edilməsi, mənim
kimsəsiz itkin qalmağım o qələbəliyin halına təfavüt eləməmişdi,
yenə dükanlar, meyxanalar, hamamlar açıq idi, cürbəcür səslər
eşidilir, yüklü-yüksüz atlar, dəvələr, eşşəklər, qatırlar, at və öküz
arabaları gedib-gəlir, kintolar başlarındakı iri sinilərə yığdıqları
malları satmaq üçün qışqırışırdılar. Beləcə, nə qədər durduğumu
bilmirəm, çiynimə əl toxunanda dönüb baxdım. Dariya xalay-
dı, gözlərinin nəmindən ağladığını duydum, qalx, oğlum, dedi,
olacağa çarə yoxdu, bu dünyada dərdli təkcə sən deyilsən, hər
kəsin özünə görə dərdi var. O gecə də mənə – yeddi yaşlı uşağa
öz hekayətini danışdı. Dağlıların kəndlərinə basqınında ailəsini
itirmişdi, özü əsir aparılıb bir müddət dağlarda saxlanmışdı, son-
ra elə əsir götürən də onu özünə arvad eləmişdi, amma Dariya
günlərin birində qaçıb Tiflisə yetişməyi bacarmış, tale onu Görgü
ağaya rast gətirmişdi.
19. Görgü ağanın evində qəribə nizam vardı: qulluqçuyla
türkcə, öz aralarında gürcücə, Madam Qrenyöylə kələ-kötür
firəng dilində danışırdılar; Davidlə Ketino mürəbbiyəylə, həm də
öz aralarında firəngcə, ata-analarıyla gürcücə anlaşırdılar; üstəlik,
madam Qrenyönün dediyi David və Ketinodan ötrü qanun idi,
onun buyruqlarına sözsüz-sovsuz əməl eləyirdilər; bütün günü
böyük salondan mürəbbiyənin hökmlü səsi eşidilirdi, uşaqlar
nəyisə oxuyur, əzbərləyir, gözəl yerimək, zərif danışmaq öyrənir,
həftədə bir kərə onunla gəzməyə çıxırdılar. Adını bilmədiyim bu
daim ciddi, kədərli olan qadının hələ harda yerləşdiyini təsəvvür
belə eləyə bilmədiyim uzaq Firəngistandan bura nəyə görə
gəldiyi mənə qaranlıq idi. Davidlə Ketino dincələndə, ya tapşı-
rıqları yerinə yetirəndə onu kresloda oturub kitab oxuyan, ya da
küləfrəngidən şəhərə baxan görürdüm. Axund Səməndərdəki əl
yazısı Quran-i Şərifdən sonra basma kitabı ilk dəfə Madam Qren-
yönün əlində görmüşdüm, bir qarış eni, iki qarış uzunluğu, dörd
barmaq da qalınlığı olardı, qurğuşun qoxusu verirdi. O günlərdə
ən böyük arzularımdan biri Madam Qrenyönün kitabını əlimə
götürmək, vərəqlərini çevirmək, orda nə yazıldığından xəbər tut-
maq idi. Bəlkə də Axund Səməndərin yanında dərsimə davam
eləmək istəyimə elə o kitab təkan verdi. Dariya xala da məndən
xəbərsiz ürəyimi oxuyub Görgü ağayla danışıbmış, deyibmiş,
Dostları ilə paylaş: |