74
deyib durmamağı öyrədirdisə, insanın öz iradəsiylə seçimini və davranışını təsdiq
edirdisə, bunlardan nəticə çıxarıb yaman gözdən qorunmağın yollarını axtarmağa
başladım. Ekstrasenslərlə və onların üsullarıyla tanış oldum, hipnoz və tilsim
haqqında dərindən düşünməyə başladım, pirlərin hikməti haqqında araşdırmalar
apardım, cadu-pitiyə qarşı xalq inanclarını bir daha yada salıb təhlil etdim.
Bəzi uğurlar da qazandım. Bir neçə qəzanın qarşısını aldım, bir-iki adamı yaman
gözün bəlasından xilas edə bildim. Mənə elə gəlirdi ki, ilkin səbəbi - nifrət, hikkə,
kin, paxıllıq, həsəd kimi müzür insani keyfiyyətləri özündə toplayan yaman gözdən
qorunmağın çarəsini tapmağıma bircə addım qalır. İstifadə etdiyim üsullardan yazıb
pis gözlü adamları duyuq salmaq istəmirəm. Uğuruma bircə addım qalırdı, bir son
addım...
ON ÜÇÜNCÜ FƏSİL
AYDAN
“Məhəbbət -əvvəl-əvvəl zarafatdır, amma sonucda çox
ciddi işdir. Gözəlliklə rastlaşanda qəlb ona diqqət verməyə
başlayır, özünə yaxın cəhətləri görəndə qovuşmaq istəyi oyanır
və həqiqi məhəbbət yaranır. Məhəbbət insanı əldən salan
xəstəlikdir, amma onun dərmanı, əlacı da elə özündədir”.
İBN HƏZM, XI əsr ərəb mütəfəkkiri,
«Göyərçin həmayili» əsərindən
“Qəlbdə eşq necə yaranır? Birinci heyranlıq hissi baş
qaldırır. İnsan düşünür: onu öpmək, onun sənə busə verməsi
nə böyük səadət olardı. Ümid belə yaranır. Bu, məhəbbətin
siftəsidir.
Özü haqqında xatirələr yaşatmayan xoşbəxtlik -
xoşbəxtlik deyil... ”
STENDAL, fransız yazıçısı,
«Məhəbbət haqqında»
75
Məni Ay işığı oyatdı. Çarpayımın yanında qoyduğum saata baxdım - gecə saat
dördə on dəqiqə işləyirdi. Bədirlənmiş Ayın ziyasıyla çarpayımın qarşısındakı
divardan asılmış iri göz muncuq işıqlanırdı.
Birdən elə bil kimsə məni yatağımdan durub eyvan qapısına tərəf apardı. Eyvan
qapısına çatıb baxdım, diksindim. Bağlı şüşə qapının o biri tərəfində adam
dayanmışdı, sifəti şüşəyə yapışmışdı, eybəcərləşmişdi. Əyri əyləncə aynalarında
olduğu kimi, ağzı, burnu, çənəsi yastılanmışdı, amma dərhal tanıdım -qonşumuzun
qızı Aydan idi. Arabir həyətdə rastlaşıb kəlmə kəsmədən xoş təbəssümlə
salamlaşardıq. Təəccübüm bir an çəkdi, bir an sonra hər şeyi anladım.
Gözləri qapalıydı. Demə bu qız somnambula - Ay adamıymış. Mənimlə eyni
mərtəbədə olan mənzillərindən bura Ay işığının cazibəsiylə gəlib. Eyvandan eyvana
beş qarışlıq dar keçidlə gəlib. Keçid elə dar idi ki, iki adam yan-yanaşı dura bilməzdi.
Bir ayaq- bir ayaq gəlib.
Hələ də yuxudaydı. Qapını açıb qızı içəri dartmaq, oyatmaq, sonra dəhlizlə öz
mənzillərinə gətirmək istədim, amma dərhal başa düşdüm ki, qapını açsam, o saat
oyana bilər, oyansa, üçüncü mərtəbədən, Allah eləməmiş, yıxıla bilər. Ancaq şüşənin
bu tərəfindən o tərəfinə bir-birimizə baxmağımız qalırdı. Daha doğrusu, mən
baxırdım. Onun gözləri yumuluydu. Bir az şüşədən aralandı, yastılanmış sifət
cizgiləri adi halına qayıtdı və indi yenə həmişə gördüyüm kimi qənirsiz gözəl idi. Bu
qəribə təşbeh hardan gəldi ağlıma, İlahi, onu tərsinə çevilmiş nida işarəsinə oxşatdım.
Arıq, düm-düz, şümal qaməti və iriləşmiş nöqtə kimi başı... Zil qara saçları şəlalə
kimi təpəsindən çiyinlərinə axırdı. Gözləri açıq olanda bir az qəmli, bir az dalğın
ifadəsi vardı. Həyətdə onu görəndə, becid addımlarla quş kimi «səkdiyinə»
heyranlıqla baxanda Dədə Qorqud bənzətmələri yadıma düşürdü: «Evdən çıxıb
yürüyəndə sərv boylum, topuğuna sarmaşanda qara saçlım, qar üzünə qan dammış
kimi al yanaqlım, qoşa badam sığmayan dar ağızlım». Öz - özümə onu Banuçiçək
adlandırırdım, halduki bilirdim, adı Aydandı.
76
Qorxurdum. Dua edirdim ki, ayılmasın, Ay işığıyla gəldiyi kimi mənzillərinə
qayıtsın. Sabah mütləq valideynləriylə danışaram. Bir əlac tapsınlar... Görəsən,
qızlarının bu qəribəliyindən xəbərləri varmı?
Bir neçə dəqiqə üz-üzə dayandıq. Yanağımı şüşəyə söykədim. Gözlərimi
yumdum. Şüşənin sopsoyuqluğu məni ipisti gözəllikdən ayırdı. Bilirdim ki, şüşənin o
tərəfində yanaqları bu şüşə kimi hamar və sərindir. Hardan gəldi bu misralar ağlıma:
«Yanaqların qar dadır, dodaqların arıları aldadır»? Doğrudan da ağzı gül ləçəklərini
andırırdı, arıları cəlb edən ləçəkləri.
Şüşədən aralanıb gözlərimi açdım: tərpənməz dayanmışdı. Görəsən, yuxusunda
nə görür, ümumiyyətlə, bu halda yuxu görürlərmi? Bu anlar, bu möcüzəvi, inanılmaz
anlar uzandıqca uzanaydı kaş... Bu qədər yaxın, bu qədər uzaq... Ayın özü kimi. Ayın
bir gecəlik mənə hədiyyə göndərdiyi əfsanəvi varlıq... Ay qızı...
Qorxurdum, yamanca qorxurdum, ayılacağındanmı, çıxıb gedəcəyindənmi, qəfil
gələn gizli sevinci qəfildəncə itirəcəyimdənmi. Göz qapaqlarım ağırlaşmışdı elə bil,
daha baxa bilmirdim. Gözlərimi yuma da bilmirdim ki, gözlərim bağlı olan anda
birdən ayılar... Allah göstərməsin, fəlakət baş verər.
... Sonra qapıdan aralandı, ehmallıca təzə ayaq açan uşaqlar kimi - dar-dar - beş
qarışlıq keçidlə eyvanlarına tərəf addımladı. Üzümü şüşəyə dirəyib ardınca baxdım-
baxdım... . Üsulluca öz eyvanlarına keçəndən sonra nəfəsimi dərib sakitləşdim...
Eyvanımın qapısını açdım. Otağıma təzə çalınmış ot qoxusu doldu. Bu, Aydanın
qoxusuydu, hər hansı dəbdə olan parfümdən uzaq təbii qoxusu. Qapı tərəfdən gəlirdi.
Ay qız özü getmiş, ətri qalmışdı.
Qapının Aydanın nəfəsindən isinmiş şüşəsini sığallayır, Aya baxırdım. Guya ki,
laqeyd-laqeyd yer kürrəmizi sezən, gah kəsilmiş dırnaq kimi nazilən, gah fətir kimi
dolan bu yaxın-uzaq göy cisminin nə qədər açılmamış sirri var. Elə bil Aydan da
Aydanın həniri gəlirdi.
Nə idi bu, İlahi? Qəfil və inanılmaz, görünməmiş gəliş... Hansısa sirli - sehirli
dünyadan təşrif buyurmuş qonaq.
Tərəddüdlər içinəydim. Sabah valideynləriylə danışım - danışmayım? Şübhəsiz,
qızın müalicəyə ehtiyacı var. Belə davam etsə, xata çıxa bilər. Amma düşünəndə ki,