5
yoxdur. Elə hər fəslin əvvəlində gətirdiyi epiqraflarla mövzunun qədimliyini, min
illərdi ən müxtəlif ziya sahiblərini düşündürməsini, onların əsərlərində əks
olunmasını göstərir. İnsan xisləti, yaman göz, kin, paxıllıq, həsəd məsələləri İbn
Sinadan, Konfutsidən üzü bəri bir çox alimlərin, filosofların, realist, yaxud romantik
yazıçıların, şairlərin müraciət etdiyi, çözməyə çalışdığı məsələlərdi. Çünki bütün
bunlar insanla birgə yaranıb, əgər ilk insanların Adəm və Həvva olduğuna inansaq,
hələ əcdadlarımızın nəfs ucbatından Cənnətdən qovulmaları əsas göstəricidi. Yaxud
Adəmlə Həvvanın ilk övladları Qabillə Habilin ədavəti, paxıllığın, kinin qalib
gəlməsi və Qabilin öz doğma qardaşını öldürməsi... Bu rəvayətlərin tarixini bilən
yoxdu. Ancaq bu gün də müasir, çağdaş zamanda analoji hadisələr, oxşar situasiyalar
nə qədər desən, var. Ona görə bütün bunları araşdırmaqdan, təhlil etməkdən nə sənət,
nə də elm yorulur. Bu əsərdə də yazıçı insanın özü qədər qədim bir mövzuya yenidən
baxır, öz baxışı ilə, həm də bu gündən, müasir gözlə baxır. Bəşəriyyət yaranandan
indiyə kimi xeyirlə şərin mübarizəsi elmin də, ədəbiyyatın da öyrəndiyi, təhlil etdiyi
məsələdir. Bütün həyat, dünya, münasibətlər bunun üzərində qurulub. Avestada
verilən Əhriman Hörmüzd davası axıracan da bitməyəcək, yəqin. Bax, elə Anarın da
demək istədiyi budur. Amma burada özünəməxsusluq, orijinallıq ondadır ki, Anar
məsələyə fərqli yanaşır. Xeyiri də, Şəri də bir insanda birləşdirir, yenə də BİR, TƏK
qəhrəmanının içindəki təbəddülatları, təzadları, onun xarakterində, əməllərində bəzən
içindəki xeyirin, bəzən də şərin elementlərini göstərir. Dediyim kimi, həm də bunları
müasir, çağdaş oxucunun zövqünü, istədiklərini nəzərə alaraq edir. Əsərin mövzusu
nə qədər çoxşaxəli, dərin olsa da, yazıçı hadisələri "sürətlə", dinamik şəkildə çatdırır,
oxucunu uzun təhkiyələr, artıq təsvirlərlə yormur, qısa, amma eyni zamanda hədəfə
dəqiq vuran fikirlərlə, ifadələrlə mahiyyəti, mənanı izah edir. Amma povestin müasir
zamanda yazılan və bu günün, XXI əsrin nəsri hesab olunacaq bir çox əsərlərdən əsas
fərqi də var. Məsələ burasındadır ki, müasirlik arxasınca qaçan, dinamik, sürətli nəsr
yaratmağa çalışan, bədii əsərin informasiya yükünü artırmaq və bununla da oxucunu
cəlb etməyi, maraqlandırmağı düşünən bir çox yazıçılar bu məsələləri önə çəkməklə,
əsas saymaqla nəsr əsərini bəzən bədii şəkildə deyil, ensiklopedik məlumat, yaxud
sadəcə tezis formasında yazırlar. Bir sözlə, əsər ruhsuz, cansız görünür, bu səbəbdən
6
də yadda qalmır, kitab bağlanan kimi unudulur. "Göz muncuğu"nda isə, yazıçı
müasirliyi, dinamikanı, informasiya ötürücülüyünü qarşısına məqsəd qoysa da, əsas
şərt bədiilikdi. Anar hər bir informasiyanı bədii mətndə əridə bilir, məlumatın
ağırlığını öz üzərinə götürüb oxucuya yalnız, necə deyərlər, qaymağı, ləzzətli yerini
təqdim edir. Bu əsərdə Anarın klassik mövzunu, köhnə mətləbləri yeni formada,
özünəməxsus, fərqli şəkildə yazmasını tam qətiyyətlə demək olar.
Mənə görə əsərin əsas uğuru onun oxunaqlı olmasıdı. Povesti birnəfəsə
oxuyursan və elə ilk cümlədən əsər səni öz sehrinə salır, buraxmır. "Ağrı... dəhşətli,
dözülməz ağrı... " - bu ilk cümlədən maraq bürüyür adamı. Nə ağrı, nədi səbəb bu
ağrıya, nə baş verib? Və oxuduqca hər şey aydın olur... Əsərin qəhrəmanı Əhlimanı
diri-diri dəfn ediblər. Daha doğrusu, bu adam qəbirdə qəfildən dirilib. Yazıçı qəbrin,
ordakı adamın hallarının təsvirinə Yunis İmrənin misralarıyla başlayır və cümlədən-
cümləyə oxucunu da həmin auraya salır. Səmimi etiraf edim ki, bu fəsli oxuyanda
nəfəsim kəsilirdi az qala. Bədii effekt budur… Anar qısa və uzun cümlələrlə,
rabitəsiz fikirlərlə qəbirdə dirilmiş əli-qolu bağlı insanın dəhşətini, ağrısını, təlaşını,
qorxularını son dərəcə dəqiq, canlı ifadə edir. Oxuduqca, soyuq, nəm, üstübağlı bir
məkanda hiss edirsən özünü, və qəhrəmanın halını daha yaxşı anlayırsan. Yazıçının
da əsas istəyi budur, deyəsən: Əhlimanı oxucusu ilə doğmalaşdırmaq, bəlkə də
eyniləşdirmək. Axı, doğrudan da, Əhlimanın daxilindəki xeyir və şər toxumları hər
birimizin içində var, zamanla cücərir, bəzən də biri digərini vurub keçir. Amma
xeyirin, yaxud da şərin cücərməsi, boy atması üçün münbit şəraiti yaradan nədir?
Bax, bu sualın cavabını yazıçı müxtəlif fəsillərdə verir. Burda uşaqlıq kompleksləri
də var, yeniyetməlik kəsirləri də rol oynayır, mühitin amansızlığı, sərt qaydaları da
özünü göstərir, zamanın acımasızlığı da... Ancaq bunlar haqda bir az sonra söz
açacam. Hələlik isə elə ilk fəslin məni heyrətləndirən, düşündürən məqamlarını,
yazıçının uğurlu priyomlarını vurğulamaq istərdim. Ən əvvəl onu deyim ki, bu fəslin
gah qəhrəmanın, gah da yazıçının dilindən verilməsi son dərəcə maraqlıdı. Adama
elə gəlir ki, qəhrəman düşünür, danışır, amma arada ya yuxuya gedir, ya huş aparır
onu, və mətn yazıçının təhkiyəsinə keçir. Bu fəsildə Əhliman dünyaya yenidən
gəlir... Ona görə yazıçının ana bətni ilə qəbri müqayisə etməsi, bir-birinə bənzətməsi
7
çox təsirlidi. Amma birinci dünyaya gəlişindən fərqli olaraq, bu dəfə Əhlimanın
yaddaşı var. Ömrünün müxtəlif anları, məqamları yaddaşında oyanır, bir-birini əvəz
edir, gözünün önündən keçir. Eynilə ana bətnində olduğu kimi darlıq içindədi -
çabalayır, vurnuxur, azad olmaq istəyir, suya qərq olur, dünyaya gəlir və üşüyür...
Məhz bu üşümə əsər boyu simvola çevrilib. Əhlimanın bir çox kompleksləri, ağrıları
məhz soyuqla, üşümə ilə bağlıdı. Amma hələ indi, qəbirin içində də onun əsas
mübarizəsi davam edir. İçindəki mübarizə. Xeyirlə Şərin davası. Ona görə
qəhrəmanın dilindən verilən xatirələr, rabitəsiz fikirlər də bəzən xeyirin, bəzən də
şərin yaddaşının məhsuludu. Məsələn, Əhlimanın Allahı yada salması, ona
yalvarması, evinin önündə çay içən bir qocanı xatırlaması, Ay qızını gözünün önünə
gətirməsi, şeirlərdən misralar pıçıldaması - bunlar hamısı xeyirin, yəni Hörmüzdün
xatirələridir. Amma kürəyini zolaq-zolaq edən qırmancları, başına əndərilən
sopsoyuq suyu, xalatını geyinmiş Zakiri, çılpaq qadın belində küpə izlərini
düşünməsi isə məhz şərin, yəni Əhrimanın yada saldıqlarıdı. Bu qırıq-qırıq
xatirələrin bəzilərini yazıçı sonrakı fəsillərdə geniş təsvir edir və onları oxuduqca
niyə məhz bunların qəbirdə yada düşməsini anlayırsan. Əsərin əvvəlindən
qəhrəmanın necə "ölməsinə" də kiçik bir eyham var və bunun özü də oxucunu
maraqlandıran detaldı. Necə ölüb bu adam? Kim idi onu hündürlükdən itələyən? Bu
sualların cavabı üçün səbrsizliklə növbəti fəsillərə keçirsən. Amma bundan öncə
yazıçının bir tapıntısını da vurğulayım. Əsərin əvvəlində kip qapalı qəbrin qaranlığını
belə təsvir edir müəllif:
"Zil-zülmət qaranlıq... Bu, qapalı gözlərin içində çəhrayı, sarı, yaşıl dairələr
oynaşan qaranlıq deyildi, açıq gözlərin qaranlığı idi!".
Fəslin sonunda isə qəhrəman deyir: "Gözlərimi qapayıram. Gözlərim qarşısında
sarı, çəhrayı, yaşıl dairələr...".
Artıq qəbrin açılmasını, Əhlimanın gözünə işıq düşməsini bundan gözəl
yazmaq, təsvir etmək olmazdı... Yazıçının özü dediyi kimi, qəhrəman zil-zülmət
qaranlıqdan qurtulmuşdu. Qəbrini açmışdılar. Amma niyə? Hansısa qəbri açıb
"ölü"nü narahat etmək kimə lazım idi axı? Yazıçı qəbrin açılması fəslinin sonunda
kiçik bir müəllif arayışı, qeydi verməklə oxucusunu uzun təfərrüatçılıqdan xilas edir.
Dostları ilə paylaş: |