11
poetikası ilə seçilir. Yazıçı bu fəsli şeir kimi yazıb sanki... Və qəhrəmanının daha bir
təzadını, ağrısını, qorxusunu burada ifadə edib. Əgər əvvəllər Əhliman "əlaqədə
olduğu qadınlardan heç nə ummurdu, nə sevgi, nə nəvaziş, nə etibar" gözləmirdisə,
bu dəfə məsələ başqaydı. Əvvəllər qadınlara pis gözlə baxırdısa, indi hər şey başqa
cür idi. Bəs nə idi onun bu baxışını dəyişən? Sevgimi? Məgər yuxuda, gözüyumulu
yanına gəlmiş qadına vurulmaq olardımı? Amma aşiq olmamışdısa, nədən bu qədər
tərəddüd edirdi, nədən qorxurdu, bu həyəcanına səbəb nə idi? Məncə, Anar bu fəsildə
əsas niyyətinə, məqsədinə çatıb. Qəhrəmanının təzadlarını, içindəki qorxuları,
acizliyi son dərəcə dəqiq ifadə edə bilib. Əhliman özündən, gözündən qorxurdu.
İçindəki şeytandan qorxurdu. Bu balaca möcüzəni - Aydanı da yaman gözü, bəd
nəzəri ilə məhv eləməkdən qorxurdu... Özünə, daxilindəki şərə qalib gələ
bilməyəcəyindən qorxurdu! Və bütün bu qorxuları əsassız deyildi...
Aydanın gəlişindən sonra Əhlimanın həyatında daha bir mühüm, həlledici
hadisə baş verir. O, Çapıqla görüşür. Tapşırıq alır. Əslində, burada yazıçı Əhrimanla
Hörmüzdü son dəfə üz-üzə qoyur. Qədim bir xalçaya görə aradan götürülməli olan
alimi xilas etmək, ya öldürmək?! Alimin xilas edilməsi Hörmüzdün, ölməsi isə
Əhrimanın qələbəsi olacaq... Əsərin kulminasiyası da burdadı, bu məqamda. Yazıçı
maraqlı bir priyom işlədib qəhrəmanına eyni hadisəni iki dəfə yaşadır, birincidə
Əhriman, ikincidə Hörmüzd kimi... Və birincidə övladını itirmiş qadının Əhlimanı
görən kimi "qatil" deməsi, ikincidə sakit durması simvoldu.
Əsl müharibə bundan sonra başlanır. Məhz bu məqamda yazıçı Əhrimanla
Hörmüzdü "Göz-gözə" fəslində görüşdürür. Burda Əhriman xalçanın tarixçəsini və
sahibiylə birgə məhv olunmasının vacibliyini danışır. Əlbəttə, bütün bu tarixçə yazıçı
fantaziyasıdı, amma müəllifin bunları tarixi hadisələrdən, şəxsiyyətlərin adlarından
istifadə edərək təsvir etməsi olduqca təsirli, maraqlıdı. Bir anlıq adama elə gəlir ki,
qəhrəman real faktları danışır... Hörmüzdlə Əhrimanın mübahisəsi, hər iki tərəfin
gətirdiyi tutarlı faktlar, dəlillər də xeyli düşündürücüdü... Hörmüzd "qanı qanla
yumazlar" - deyir, Əhriman isə, Əhdi Ətiqin təlimini - "gözə göz, dişə diş" - fikrini
əsas gətirir. Bəs sonda hansı qalib gəlir?!
12
... Doğrusu, bütün bu fəlsəfələri, Xeyir və Şər mübarizəsini məsələlərini kənara
qoyub, Əhlimana sadəcə bir insan kimi baxanda düşünürsən ki, onun ölümdən savayı
yolu yox idi. Çünki bu boyda yükə, fərqliliyə, başqalığa dözmək mümkünsüzdü.
Təbiətin ona verdiyi, sonralar insanların, mühitin alışdırdığı, alovlandırdığı,
dərinləşdirdiyi əbədi bir bəla ilə yaşaması çətin idi... Ona görə də yaşamadı! Allahın
ona göndərdiyi yeganə xilası Ay qızını buraxandan, məhv edəndən sonra yaşaması
üçün səbəb qalmamışdı... Aydanın yanında cəsədi sərələndi asfalta!
Mənə belə gəlir ki, Anar hər cür oxucu rəyinə, fikrinə alışmış yazıçıdır. Heç
düşünmədiyi, nəzərdə tutmadığı məsələləri də onun əsərlərindən tapa, üzə çıxara
bilərlər. Bu mənada "Göz muncuğu" povesti oxucuya düşünmək, nəticələr çıxarmaq
üçün geniş imkanlar yaradır. Bütün yazdıqlarım mənim bir oxucu, həm də yazıçının
yaradıcılığına bələd olan tədqiqatçı kimi anladığım, duyduğum məsələlərdir. Ancaq
bu əsərin yaxın və uzaq gələcəkdə tənqidçilər, tədqiqatçılar tərəfindən fərqli şəkildə
yozulacağını da istisna etmirəm. Əslində, elə əsl ədəbiyyat da budur! Müxtəlif
fikirlər, polemikalar, mübahisələr doğuran ədəbiyyat...
Pərvin
13
“Əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən
alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan başqa
kim qaytara bilər?”
QURANİ-KƏRİM. Əl Ənam surəsi. 46
«Horatsio, yerlərdə və göylərdə bir çox elə şeylər vardır
ki, onlar sənin alimlərinin yuxusuna da girməyibdir. Onları
bizim idrakımız bir xülya kimi belə təsəvvür edə bilmir».
U. ŞEKSPİR,
ingilis dramaturqu, «Hamlet»
(çevirəni Cəfər Cabbarlı)
“Möcüzəni inkar edən insan dərhal Allahı da inkar
edəcək, çünki Allahdan çox möcüzəyə möhtacdır. Möcüzəsiz
yaşaya bilmədiyi üçün özü möcüzələr uydurmağa başlayır,
caduya, ovsuna, fala meyl edir”.
F. M. DOSTOYEVSKİ,
rus yazıçısı
“Allah bizi ona görə yaradıb ki, bizim vasitəmizlə Həqiqət
dərk olunsun”.
CƏLALƏDDİN RUMİ,
türk şairi
“Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin”.
FRİDRİX NİTSŞE,
alman filosofu
BİRİNCİ FƏSİL
DƏFNİMDƏN SONRA ÜÇÜNCÜ GÜN