14
Dünya birdən soyuyacaq,
Yuyucu tənim yuyacaq.
Axır ki, qəbrə qoyacaq,
Əcəb nola halım mənim.
Beş qarış bezdəndir donum,
İlan-çayan yeyə tənim.
Hara dönsəm daşdı yönüm,
Əcəb nola halım mənim.
YUNUS İMRƏ
«İnsan ancaq qarğıdır, təbiətdə zəiflərdən zəifdir, amma
o, düşünən qarğıdır. Kainat onu məhv etmək istəsə, zora
düşməz, asanlıqla öldürə bilər. Amma əgər Kainat onu məhv
etsə belə, İnsan onu öldürəndən daha ləyaqətlidir, çünkü o,
öldüyünü bilir, amma onu öldürən Kainat özünün bu
üstünlüyü barədə heç nə bilmir».
BLEZ PASKAL,
fransız filosofu
«Ölüm bütün insanlığın ümumi xoşbəxtliyidir. Bizi O
dünyada əbədi səadətmi gözləyir? Bu sualın cavabı bizi
uçurum qarşısına gətirir ki, şüurumuz bu uçurumu adlayıb
keçməyə qadir deyil».
SÖREN KYERKEQOR,
Danimarka filosofu
Ağrı... dəhşətli, dözülməz ağrı... Bədənimin, sifətimin hər qarışına köz basırlar.
Ağrıdan qışqırmaq... səsim çıxmır
15
Ağrı... qaranlıq... Zil-zülmət qaranlıq.
Göz gözü görmür.
Gözlərim heç nə
görmür. Gözlərim qapalıdır...
Ağrı... dəhşətli, dözülməz ağrı... Yavaş-yavaş yaddaşım oyanır... Yüksəklik.
Çoooox-çoooox uca yüksəklik. Dağ zirvəsi? Yox, deyil. Qarşımda dibi görünməz
uçurum... Uçuram...
Hündür binanın təpəsindən... Qarşımda uçurum... Uçuram...
Kimdi arxadan yaxınlaşan... Bir əli çiynimdə, bir əli belimdə... Güclü təkan.
Uçuram...
Uçurumun dibi - küçə. Binalar mayallaq aşır... Saniyənin mində biri... Zərbə.
İçimdə nə isə qopub tökülür... Sifətim istidən buğlanan asfalta yapışıb, fətir kimi
yastılanıb. Burnum yanaqlarımın arasından harasa içəri çökür.
Ağrı ... Dəhşətli ağrı, dözülməz ağrı... Beynimdə ildırım çaxır.
Sonra... heç nə...
... nə ağrı, nə işıq, nə qaranlıq... səssizlik, sükut...
İndi ağrıdan ağrı deyildi, ağrının təsəvvürü idi. Haçansa duyulmuş ağrının
yaddaşda həkk olunmuş xatirəsi...
Göz qapaqlarını güc verib ağır yük qaldıran kimi qaldırdı. Zil-zülmət qaranlıq...
Bu - qapalı gözlərin içində çəhrayı, sarı, yaşıl dairələr oynaşan qaranlıq deyildi, açıq
gözlərin qaranlığı idi. Bütün aləmə çökmüş qaranlıq... Heç yerdən iynə ucu boyda
işıq gəlmir. Elə qatı qaranlıq idi ki, göz heç vaxt buna alışıb nəyisə seçə bilməyəcək.
Nə qədər baxırsan - bax, ətrafdakı əşyaların cizgilərini bir-birindən ayıra
bilməyəcəksən. Əslində, ətrafda heç bir əşya da yoxdu. Ətrafın özü də yoxdu. Dar,
qaranlıq bir torbanın içindəydi sanki.
Ana bətninin qaranlığı... bayır dünyanın rəngləri haqqında heç bir təsəvvür
olmayan vaxtın qaranlığı. Ya da dünyaya, işığa çıxmısansa, yenə də anadangəlmə
korun qaranlığı içindəsən.
Varlığına birdən-birə dözülməz ağrıyla bir yerdə çökmüşdu bu qaranlıq və indi
ağrı hoyutqayıb canından çıxandan sonra, o qısa anın xatirəsi ağrının özü qədər
göynədirdi...
16
Ağrı ona şüurunu qaytarırdı, şüuru damla-damla, qətrə-qətrə, misqal-misqal
qımıldanmağa başlayırdı.
Kim idi itələyən onu bu yüksəklikdən? Ani uçuşdan sonra içində ani partlayış,
sanki bütün içalatı qopub töküldü. Bəs bu su hardandı, leysan yağış kimi başına
yağırdı. Duş,.. «duş» türklər yuxuya deyir. Bizdə duşa çilək deyənlər də var. Amma
bu su duş kimi çiləmirdi, «ucundan tut göyə çıx» yağmur da deyildi. Dopdolu
ləyəndən əndərilmiş kimi, başdan-ayağa bütün bədənini islatmışdı, bütün vücudunu
soyuq bir gündə sızım-sızım sızıldatmışdı, ətini biz-biz etmişdi. ... Vücud...
Vücudnamə. İnsanı dünyaya gəldiyi andan son dəqiqəsinəcən təsvir edən şeir. Hətta
ölümündən sonra qəbirdəki vəziyyətini də... Hansı filosof deyib, ölüm anında, - bu
qəfil ölümdürsə belə, - hər bir insan bütün yaşanılmış ömrünü görür, ən xırda
hadisələrinədək...
Çapıq sifətli adam göründü birdən yaddaşında... nərdtaxta səsləri, atılan zərlər,
şeş çahar, cüt sə pənc qoşa; Qoşa pənc daha çox qalmışdı yadında. Qocaman alim...
Od içində yanır... alovdan qurtulmaqçün xalçaya bürünür, xalı da alışıb yanır...
Qırmızı zolaq-zolaq xalatımı geyinmiş Zakirın bərəlmiş gözləri, çılpaq qadın belində
küpə yerləri... Qaranlıq salonda ağaran qadın dizləri... Kimdi o qadın? Ölüm mələyi?
Əzrayıl?
Ölüm beləymiş... Bəs o yüksəklik, uçuş, ağrının xatirəsi... Tanış sifətlər...
Ölübsə, bunları necə xatırlayır? Bəlkə o dünya dedikləri budu... Nədi ölüm -
həmişəlik Son ya başqa bir həyatın başlanğıcı...
Ən çox darlıqdan sıxılırdı... Əl-qol atmaq istəyirdi, əli-qolu bağlıydı...
Yaddaşında bir xatirə oyandı. Misirdəydi, dar tunellə ehramlara, piramidalara tərəf
sürünürdü... Birdən ürəyi sıxıldı, durmaq istədi, amma boru kimi dar tunelin içində
qalxa bilməzdi, qarşısında da onun kimi sürünən turistlər, arxada da turistlər... daha
nə arxaya, nə qabağa keçmək mümkün idi, başını da qaldıra bilmirdi, bax, bu saat
təngiyəcək, ürəyi partlayacaq...
Partlamadı. İndi də eyni hissi keçirirdim. Amma bapbalacaydım, bir əlcə...
bədənim, əllərim, ayaqlarım nəm, çiriş, yumşaq divarlara dəyir. Qanlı və duru
maddədən ibarət hörrənin içindəyəm. Qaranlıq və sükut içində çox uzaqlardan bir səs