8
Çünki qəbrin açılma səbəbinin və bunu edən adamların niyyətinin əsərin gedişatına,
əsas ideyasına bir aidiyyatı yoxdu. Əsas olan Əhlimanın özü və xarakteridi.
Uşaqlıqdan bu yana nəfsiylə, bəd nəzəri, yaman gözüylə çoxlarının axırına çıxmış
adamın hərəkətlərini, əməllərini, daha doğrusu, ətrafındakılara olan bu böyük kinin
səbəbini yazıçı fəsildən fəsilə müxtəlif hadisələr, əhvalatlarla açır. Deyirlər, xarakterə
aid bir çox məsələlərin təməli uşaqlıqdan qoyulur. İstər istedadın, savadın, fərqliliyin,
istərsə də komplekslərin kökünü uşaqlıqda axtarmaq lazımdı. Yazıçı özü də, deyəsən,
bu qənaətdədir. Çünki elə "Yaman göz" adlandırdığı ikinci fəsildən Əhlimanın
uşaqlığına gedir və onun ürəyində insanlığa qarşı nifrət yaradan bir neçə səbəbi
göstərir. İmkanlı qonşunun ərköyün oğlu Nəsibin hər gün Əhlimanı ələ salıb başına
soyuq su əndərməsi, əyyaş atasının anasını da, onu da qayışla döyməsi, kasıblıqdan
əyninə fərli paltar ala bilməməsi və s. Hələ uşaqlıqdan bütün bunlar balaca
Əhlimanın qəlbini kinlə, nifrətlə doldururdu. Gözləri qəlbin, ürəyin aynası hesab
edirlər. Məncə, burada da göz sadəcə vasitədi... İçdəki xıltı, kiri üzə çıxaran,
"istiqamətləndirən" detaldı. Əslində, yazıçının təsvir etdiyi, göstərdiyi hadisələrin
dərinliyinə gedəndə düşünürsən ki, əksi də mümkündü, bəlkə. Yəni müxtəlif
əzablardan keçmiş adam yaxşı insan da ola bilər. Xeyir əməllərin də sahibi olar.
Amma burda qəhrəmanın çəkdiyi əzablar, həyatda üzləşdiyi haqsızlıqlar ucbatından
pis adama çevrilməsi yox, şər toxumunun hansısa əzablar, haqsızlıqlardan
"qidalanıb" göyərməsi göstərilir. Yəni o şeytan xisləti Əhlimanın içində var, amma
üstəgəl də bunun böyüməsi, inkişafı üçün mühit, şərait var. Hansını ki, yazıçı
müxtəlif hadisələr vasitəsilə çatdırır. Və, məncə, müəllifin bəzən keçmişə,
qəhrəmanın uşaqlığına, bəzən bu günə qəbirdən sonrakı həyatına, bəzən
yeniyetməliyinə, bəzən də gələcəyinə getməsinin əsas səbəbi budur. Yazıçı sualların
cavabını Əhlimanın keçmişində, indisində, gələcəyində axtarır. Deyək ki, uşaqlığında
əsas kompleks kimi atasının qırmancları, Nəsibin soyuq suyu detaldısa,
yeniyetməliyində bu detal çoxlarının "istifadə" etdiyi qadınla əlaqəsidi. Və bütün
bunlar Əhlimanın zaman-zaman aşağılanmasını, həyatının hər stadiyasında müxtəlif
travmalar almasını ifadə edir. Aşağılanan adamın isə intiqamı yaman olur... Hələ
üstəlik, ona təbiətdən pis göz, bəd nəzərlə məhv eləmək kimi "bacarıq" verilibsə...
9
Beləsiylə mübarizə aparılmalıdı. Və bu mübarizəni aparan da elə qəhrəmanın özüdü,
yəni ikinci "mən"idir. Ona görə Əhlimanın həm də bəd nəzər, pis göz məsələlərini
elmi cəhətdən araşdırması, okkultizm üzrə müdafiə etmək istəməsi təsadüf deyil.
Əslində, Əhliman sadəcə öz dərdinin, bəlasının çarəsini axtarır. Bunu "Qeyb olmuş
qaraj" fəslində daha aydın hiss etmək olur. Çox güman ki, süpürgəçi Dadaşın
gördüyü, arvadına dili-dodağı əsə-əsə danışdığı siçanlar məsələsi, qarajda gizlədilmiş
aparatura-filan söhbəti elə-belə, göydəndüşmə deyil. Əhliman neqativ enerjisini, pis
nəzərini "müalicə" etməyə çalışır, siçanlar üstündə təcrübələr aparır. Amma kiminsə
bundan xəbər tutmasını öyrənəndə içindəki şeytan, şər-Əhriman oyanır, öz işini
görür...
Ümumiyyətlə, bu cür qeyri-adi adamlar, mistik qəhrəmanlar Anar nəsri üçün
xarakterikdi. Məsələn, "Mən, Sən, O və telefon" hekayəsində qəhrəmanın bir qadını
öz-özünə qısqanması, özüylə rəqabətə girməsi, yaxud "Əlaqə" povestində mistik
hadisələrlə, əhvalatlarla üzləşən, yaxud da bunları sadəcə uyduran tələbə obrazı,
"Qırmızı limuzin"də ölüm kabusundan qurtula bilməyən, hər yerdə qabağına qırmızı
limuzin çıxan qəhrəman və s. Bu mənada Anarın əsərləri təhlil edilərkən onun həm
də fantast, sürrealist yazıçı olması nəzərə alınmalıdır. Çünki bəzi məsələləri sadə
məntiqlə, real təhlillərlə izah etmək mümkün deyil. Məsələn, elə bu əsərdə
Əhlimanın Diri Babayla görüşünə, yaxud Əshabi Kəhf ziyarətinə necə real baxasan?
Bütün bunlar sürrealist cizgilərlə təsvir olunur və qəhrəmanın qeyri-adi, bir az da
izaha gəlməyən həyatını, hərəkətlərini müəyyən dərəcədə ifadə edir.
Əsərin daha bir üstünlüyü bütün obrazların xarakter olaraq yaradılması,
bütövlüyüdür. Ən kiçik, hətta epizodik sayıla biləcək obraz da nəsə deyir, nəyləsə
düşündürür, təsirləndirir. Məsələn, min illərdi qəbir qazan bakılı Nəsrulla. Ölünün
dirilməsinə, qəbirdən xortlayıb qalxmasına təəccüblənmir, əynindəkiləri də sakitcə,
dinməz-söyləməz çıxarıb "təzə diri"yə verir. Qəbir açmaq kimi ağır işi sıradan bir
məsələ sayır. Qəbiristanlıqda da yeyib-içməyindən qalmır. Əslində, bu fəsillə və
Nəsrulla obrazı ilə yazıçı insan psixologiyasının maraqlı bir tərəfini göstərir.
Zamanla, yaşadıqca, gördükcə hər şey adiləşə bilir. Hətta qəbirləri açmaq, meyitləri
oğurlamaq, ölünün dirilməsi belə... Necə ki, Nəsrulla üçün adiləşmişdi. Amma
10
nədənsə qəbir "həyatını" belə görən Əhlimandan ötrü mühitin qamçıları atasının
qırmancları qədər ağırdan ağır olaraq qalırdı. Və, məncə, yazıçının onu həyata
yenidən qayıdan kimi daha bir zərbəylə, yetirməsi Zakirin xəyanətilə qarşılaşdırması
təsadüf deyil. Çünki bir dəfə ölüb dirilmiş adam dünyaya başqa cür baxa, xasiyyəti
dəyişə, həyata daha çox bağlana bilərdi. Bir sözlə, Allahın verdiyi daha bir şansdan
içindəki Xeyir - Hörmüzd oyanardı. Amma Əhlimanın elə evinə gələn kimi
tələbəsinin hərəkətini - üç gündü ölmüş müəllimin evinə, elmi nailiyyətlərinə, hələ
üstəlik, simpatiya bəslədiyi qadına sahib çıxmasını görməsi o şeytanın da
"dirilməsinə" səbəb olur. Ən pisi isə budur ki, Əhlimanın qəzəbinə gələn adamların
başlarına müxtəlif bəlalar gəlir. Kimsə qəzada ölür, kimsə tutulur, kimsə başqa yolla
bədbəxt olur. Bir sözlə, onun "gözündən yayınmaq" çətin məsələdi.
Əhlimanın Diri Babayla görüşündə Diri Baba ona deyir:
"İnsan özü özünü yaradır, istəsə özünü Hörmüzd kimi, istəsə Əhriman kimi
yetişdirə bilər. İnsanın içində hər ikisi var - Hörmüzd də, Əhriman da...".
Yazıçı Diri Babayla görüşün reallıqda baş verməsini, yaxud qəhrəmanın bunu
xəyal etməsini sual altında qoyur. Amma mənə görə bu, müxtəlif fəlsəfi cərəyanları,
istiqamətləri, dini inancları oxuyub öyrənən, bu sahədə araşdırmalar aparan, eyni
zamanda özünün təzadları, dünyası, hissləri əlində aciz qalan Əhlimanın özüylə
görüşüdür. Bütün bu mübahisələr onun içində gedir. Əhrimanla Hörmüzdün
mübarizəsi kimi... On ikinci fəsildə - "Karma" hissəsində bu məsələlər məhz
Hörmüzdün dilindən açıqlanır. Burada Əhlimanın xeyir tərəfi danışır. Oxuduğu
kitablardan, hind fəlsəfəsindən, Karmadan, dzen-buddizmdən, ekzistensializmdən
söz açır, bəlasından, təbiətdən gələn dərdindən xilas olmağın yolunu göstərir. Və
sonda oxucuya kiçik bir ümid də verir... Yaman gözdən, yəni Əhrimandan
qorunmağın yolunu tapmasına az qaldığını bildirir...
... Və Aydan gəlir! Bu Allahın işidir, əslində. Əhlimanın içindəki şərlə
mübarizəsi üçün, Xeyirin qalibiyyəti üçün gəlib Aydan! Xilas kimi...
Somnambulizmdən əziyyət çəkən gənc, gözəl bir qızın eyvandan keçib Əhlimanın
otağına gəlməsi çox təsirli səhnələrlə təsvir olunub. Ümumiyyətlə, Aydan fəsli əsərin
bütün başqa bölümlərindən həm təsvirlərin incəliyi, zərifliyi, həm də ahəngi,
Dostları ilə paylaş: |