47
Sərginin qalabalığında (hətta hardasa kvartet musiqi çalmağa başlamışdı), yalnız
Rübabənin xəyali iniltilərini və çılğın pıçıltılarını eşidirdi.
Rəssam müxbirlərin əhatəsində müsahibəyə başı qarışdığından, Əhliman cəsarət
edib Rübabənin telefonunu istədi. Rübabə əsla özünü naza qoymadan balaca, üstü
muncuqlu qara redikülündən vizit kartını çıxarıb Əhlimana uzatdı.
O gündən zəngləşməyə başladılar. Rübabə haqqında heç nə bilmirdi, bilmək də
istəmirdi. Bilmirdi ərdədir ya subaydı, ərindən boşanıb ya, bəlkə, dul qalıb? Hər
halda, istədikləri vaxt zəngləşə bilir və saatlarla maneəsiz danışa bilirdilər. Hər
şeydən danışırdılar - kitablardan, teatr tamaşalarından, musiqi və rəsm əsərlərindən,
filmlərdən. Rübabə hansısa bəstəkarı və aktyoru tərifləyəndə Əhliman narahat
olurdu. Ürəyinə dammışdı ki, heç vaxt o rəssam ya artistin şöhrətinə sahib ola
bilməyəcək. Bu qısqanclıq rəqabət hissi deyildi, sadəcə, aşiq olduğu qadının yanında
özünün, Əhlimanın ona sahib olması üçün heç vaxt müəyyən səviyyəyə çata
bilməyəcəyindən doğan əzab idi və bu taleyindənmi, qismətindənmi, qəzavu
qədərdənmi öc almaq istəyini oyadırdı. Daha yaxın olmaları üçün Əhlimanın
köməyiylə eyni elmi idarədə işləməyə başladılar...
Bir dəfə Rübabə dəbdə olan filmdən söz açanda, filmi görmədiyini, amma
hamının o barədə danışdığını deyəndə, Əhliman: - gəlin sabah gedək baxaq, - dedi.
Səhərisi gün axşam 8-ə on beş dəqiqə qalmış “Nizami” kinoteatrının qarşısında
görüşməyi qərarlaşdırdılar. Əhliman yarım saat tez gəldi, kassadan axırıncı sıraya
bilet istədi. Onun öz niyyəti vardı.
Rübabə danışdıqları vaxt gəldi. Vurduğu fransız ətirlərinin qoxusu özündən
qabaq çatdı Əhlimana.
İçəri keçdilər, axırıncı sırada əyləşdilər. Salon qaranlıqlaşıb film başlayanda
Əhliman Rübabənin əllərini əlinin içinə aldı. Şahadət barmağıyla Rübabənin ovcunu
sığallamağa başladı. Qadın əlini çəkmirdi. Hansı məqamdasa Rübabə başını
Əhlimanın çiyninə qoydu. Əhlimana elə gəldi ki, bu, ən yaxın zamanda baş tutacaq
intim təmaslarına bir işarədir, ismarışdır. Ekranda tam qaranlıq kadrlar görünəndə və
salon da təbii zülmətə qərq olanda, Əhliman sol əlini Rübabənin sağ dizinin üstünə
48
qoydu, yavaş-yavaş yuxarı tərəfə sürüşdürməyə başladı. Rübabə sanki birdən - birə
ayılmış kimi Əhlimanın əlini itələdi, yerindən sıçrayıb iti addımlarla salondan çıxdı.
Əhliman da tez durub onun ardınca getdi... Rübabə pilləkanlara tərəf tələsirdi.
Əhliman:
-Rübabə, Rübabə xanım, bağışlayın, siz Allah, - deyə çığırsa da, qadın məhəl
qoymadı, qanrılıb geri baxmadan uzaqlaşdı.
Yeyin addımlarla pilləkanlarla enməyə başladı... Əhliman onun düm-düz şümal
kürəyinə, belindən aşağı, yumru çiçəsinə, yuvarlaq budlarına, dolu baldırlarına,
alaaçıq çəkmələrindən görünən topuqlarına baxırdı...
Rübabənin qəflətən ayağı büdrədi, üzüqoyulu pilləkanlara yıxıldı, iki - üç dəfə
mayallaq aşdı.
Əhliman və qapıda dayanan biletkəsənlər ona tərəf qaçdılar. Rübabə zarıyırdı.
Sol ayağı sınmışdı... Üç ay xəstəxanada, gips içində qaldı.
YEDDİNCİ FƏSİL
DİRİ BABANIN SORAĞINDA
“Xudavəndi - aləm insanın qəlbində müəyyən bir sirr də
yerləşdirib.
Atəş dəmirdə ya daşda gizləndiyi kimi, bu sirr də orda
gizli qalır. Ancaq dəmir çaxmaq daşına çırpılanda qıgılcım
çıxır”.
ƏL QƏZALİ
“Dzen təcrübəsində gözün, baxışın rolu çox önəmlidir.
Gözlər açıq olanda fikir ətraf, görünən mühitə yönəlir və bu,
daxili düşüncələrə əngəl törədir”.
SEKUDİ KATSUKİ,
«Dzen təcrübəsi»ndən
49
Tələbəlik illərində cəmisi iki nəfərlə dostluğum vardı, naxçıvanlı Möhsünlə və
şəkili Zeynalla. Bəlkə, bu yaxınlığın bir səbəbi də, başqa oğlanlardan fərqli, onların
abırlı davranışları idi, heç vaxt heç bir qadına pis gözlə baxmaz və axvayı sözlər
danışmazdılar. Özləri də can bir qəlb dost idilər, amma elə hey bir-birilərinə
sataşardılar, Zeynal Möhsünə:
-Əzizim “ÇAY”, “ÇAY”, yadında saxla “çay”, “say” niyə deyirsən?
-Bəs onda çələmə nə deyək?
Zeynal uğunub gedir, mənə göz vururdu:
-Demə “ç” hərfini kələm sözüyçün saxlayıbmış e...
Möhsün:
-Buna bax e, mənə dil öyrədir. Bir dəfə Şəkidəydim, radioyla bir şair şeir
oxuyurdu:
Dağlara qar yağıtdı,
Külək gəldi dağıtdı... ha - ha- ha. Buna nə deyirsən?
Amma Möhsünün ən çox qürur duyduğu Naxçıvanın möcüzələri idi.
-Dünyanın tarixi Naxçıvandan başlayıb, bunu, bəyəm, bilmirsiz? Nuhun gəmisi
Gəmiqayada lövbər salıb da.
Zeynal:
-Gəmi o dağ başına necə dırmaşıb? - deyə məsumcasına soruşurdu.
Möhsün:
-Ay bisavad, bəs eşitməmisən ki, bir vaxtlar oralar dənizmiş, orda hətta bir
qayaya balıqqulağı da pərçim olub. Ora qalxa bilsəniz görəcəksiniz ki, daşların
üstündə kosmosla bağlı şəkillər var.
-Bəlkəm, sən özün də elə kosmosdan təşrif gətirmisən yer üzünə?!
Möhsün Zeynalın sözünə məhəl qoymadan davam edirdi:
-Nuhun qəbri orda. Vaxtıyla Bəhruz Kəngərli çəkib bu qəbrin şəklini. Canım
sənə desin, Əshabi - Kəf orda. Qurani-Kərimdə bəhs olunur e Əshabi - Kəfdən.
-Ora Əshabi - Kəf deyil, osobı kefdi, - deyə ona sataşdı Zeynal.
Möhsün yenə şəkili dostunun atmacasını qulaqardına vurub Xımraddan
danışmağa başladı.