59
sayıqlamalarımda görünmüşdü mənə, gerçəklikdə yaşamamışdım bunların heç birini?
Bilmirəm, hələ də bilmirəm.
Xaraba Gilandan yenidən Möhsüngilə necə qayıtmışdım, niyə onlar neçə vaxt
harada olduğumu soruşmamışdılar, heç buna təəccüblənməmişdilər də. Belə çıxır ki,
bütün bunlar mənim qızdırmalı xəyallarımdır, xəstə beynimi doldurmuş
fantaziyalardır. Olsun, qoy lap belə olsun. Çox əcəb...
Bəs onda evimin divarından asılmış o iri göz müncuğu hardandı? Mən ki, onu
heç vaxt, heç yerdən almamışdım.
DOQQUZUNCU FƏSİL
KEFLİ İSGƏNDƏR DƏ DÜZ DEYİRMİŞ
“Ölülər! Şeyxin sözünə əməl eləməyiz, dirilməyiniz.. İndi
siz burada rahatca yatıbsınız. Heç dünyadan xəbəriniz yoxdur.
Axı diriləndən sonra bu qəbiristanlıqda ki, qalmayacaqsınız:
istəyəcəksiniz ki, dağılasınız evlərinizə. Çox əcəb. Dağıldınız.
İndi bir deyin ki, sizi hələ evə qoyacaqlarmı? Gedib
görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. - Aç qapını! Mən
bu evin sahibiyəm. -Sənin burada heç zadın yoxdur! Qardaşın
Hacı Fərəc arvadını alıb, evinə də sahib çıxıb. İtil
cəhənnəmə!”
M.C. MƏMMƏDQULUZADƏ, «Ölülər»
Məhəlləmizə yaxınlaşdıqca dua edirəm ki, kaş heç kəsə, heç bir tanışıma-
bilişimə rast gəlməyim. Yox, yırtıq - yamaqlı şalvarımdan utanmırdım. Ondan
qorxurdum ki, məni görüb tanıyanların ürəyi gedər. Axı, basdırılmış meyitlər üçləri
çıxar - çıxmaz şəhərin küçələriylə veyillənmirlər. Bir yandan baxanda da, bu axşam
vaxtı, qaranlıq küçələrdə kimdi məni tanıyan? Şükür, heç kimə rast gəlmədən
mənzilimə çatdım. Liftə girib 3-cü mərtəbənin düyməsini basdım. Mənzilimin
kodunu - 346-nı yığırdım ki, qəflətən gözüm qapının üstündəki lövhəyə sataşdı:
60
PSİXOLOJİ ARAŞDIRMALAR VƏ YARDIM MƏRKƏZİ,
ZAKİR ZAKİROV.
Ayağımın altından yer qaçdı. Birtəhər özümü ələ alıb qapını açdım. Qapını açıb
otağa girməyimlə qadın qışqırığı eyni ana düşdü.
Torşerin zəif işığında ancaq onu gördüm ki, yazı masamın üstündə uzanmış
çılpaq qadın lüt kişini itələyib sıçradı, o biri otağın qapısına tərəf qaçdı. Qadının
çılpaq belində göyümtül, yumru-yumru küpə izlərini də gördüm.
Zakir yerə atdığı xalatını - xalatımı tələsik qapıb ayıb yerlərini örtdü.
-Kimsən? - deyə baxdı. Deyəsən, hələ gözlərinə inanmırdı. Sonra bir an içində
tok vurmuş kimi yerə çökdü. Arxasını divara söykəyib yavaş-yavaş döşəməyə
sürüşdü. Dili topuq çala-çala:
-S... i... z.. - deyə bildi.
Bərələ gözləri meyit gözləri kimi donub qaldı. Sanki gözləri məchul bir nöqtəyə
zillənmişdi.
- Bəli, mənəm, - dedim, - sənin kimi nankorun şefi və elmi rəhbəri...
Zakirdən səs-səmir çıxmırdı. Nə deyəcəkdi axı, nə deyə bilərdi? Dəfnimdən üç
gün keçməmiş ən istəkli tələbəm, az qala, bütün bildiklərimi beyninə doldurduğum
nanəcib mənzil-ofisimi mənimsəmiş, qapıda adım yazılmış lövhəni qoparmış, öz
adını yazmış (yeni lövhə sifariş edib asmağı nə tez bacarıb), hələ üstəlik, qırmızı
zolaqlı xalatımı da mənimsəmişdi.
Arxasında yuxusuz gecələr keçirdiyim yazı masamın üstündə atılıb-düşürdü,
guya elə bu otaqda divan, o biri otaqda çarpayı yoxdu... Yoxsa, bu da bir növ sapıq
keyfidir?
Arxadan görsəm də, xanımın kim olduğunu zənn etmişdim. Dəfnimdən bir-iki
gün qabaq eşitmişdim ki, sətəlcəm olub, belinə küpə saldırıb. Rübabəydi. Çox
uzaqlarda qalmış illərdə mənim də xoşum gəlirdi ondan. Mənim yeganə qarşılıqsız
məhəbbətimdi. Əlimi dizinə qoymağa izn verməyən, demə, ayağı sürüşgənin, gözü
dağınığın biriymiş.
-Səndə heç vicdandan əsər - əlamət yoxdu, Zakir? Gözləyəydin, qırxım
demirəm, heç olmasa yeddim çıxaydı da...
61
Çömbəlib oturmuş Zakirdə heç bir həyat əlaməti qalmamışdı. Prostratsiyada idi.
Mən də sözlərimi sanki boşluğa deyirdim:
-Buna görəmi məni itələyib öldürmək istədin, Zakir? Evimi, işimi mənimsəmək
üçün, tamamladığım araşdırmamı, kəşfimi öz adına çıxmağçün? Mənzilimi
qəhbəxanaya çevirməkçün? - qəhər məni boğurdu, - mənim övladım yoxdu, səni
doğma oğlum bilirdim. Qəbirdə yatanda da ağlıma gəlməzdi ki, məni arxamdan
vurub üçüncü mərtəbədən küçəyə itələyən sənsənmiş.
Zakirin ağ appaq ağarmış üzü meyit sifətiydi. Yazığım gəldi ona hətta.
Stulun üstünə qoyduğu şalvarını, köynəyini üstünə atdım:
-Geyin, itil gözümdən, - dedim. - Gedəndə lövhəni də qapıdan qopart...
O biri otağa keçdim. Rübabə əlləriylə üzünü örtüb için-için ağlayırdı.
Geyinmişdi. Mənim xoşladığım püsteyi-yaşıl paltarında idi.
İçəri girdiyimi duyub başını qaldırdı. Elə bil heç nəyə təəccüb qalmamışdı, hər
şey elə belə də olmalıydı. Üç gün əvvəl basdırdıqları adamın indi bu əcaib qiyafədə
görünməsi adidən adi bir şeydi sanki...
Elə ancaq yavaş səslə:
-Bağışlayın, bağışlayın, - deyirdi.
-Bağışlamalı bir şeyim qalmayıb, - dedim, - dur çıx get burdan.
Rübabə dinməz - söyləməz otaqdan çıxdı, bir azdan çöl qapısının çırpıldığını
eşitdim.
İş otağıma keçdim. Zakir orda yoxdu. Haçan getmişdi? Qapı səsini
eşitməmişdim, görünür, lap ehmallıca örtüb çöl qapısını.
ONUNCU FƏSİL
ƏSHABİ - KƏF
“Mağaraya sığınmışdı o cavanlar. Dedilər: Rəbbimiz,
dərgahından bir rəhmət bəxş elə və bir çıxış yolu tap
düşdüyümüz bu işdən... İllərlə yatızdırdıq mağarada onları.
Sonra da oyatdıq ki, iki dəstədən hansı biri yatdıqları müddəti