Günəş qürub ediyor; göy mühitimiz gömgöy Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor



Yüklə 9.48 Kb.
tarix30.12.2017
ölçüsü9.48 Kb.

Günəş qürub ediyor; göy... mühitimiz gömgöy...
Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,
Günəş qürub ediyor; göy... fəza, dəniz gömgöy...
Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur.
Bütün gözəlliyi həp sanki toplamış yaradan,
Dənizdə xəlqə nişan vermək istiyor əlan.
Uzaqda bağçalar, əlvan çadırlar, ormanlar,
Alevlənib də parıldar, gümüş sular çağlar.
Mələklər əl-ələ vermiş uçar, qaçar, oynar,
Mənəkşə, pənbə çiçək püskürür yanar dağlar.
Qürubə qarşı dəniz səhneyi-lətafət olur.
Qürubə qarşı dəniz başqa bir qiyamət olur.
Çocuqkən, iştə gözəl xatirimdədir, gecələr
Öyüb də cənnəti təsvir edərdilər... daim
Maraqlanır, düşünürdüm: nədir şu bilməcələr?
Yalanmı? Doğrumu? — derkən yanardı idrakım.
Fəqət bu gün şu üfüqlərdə parlayan əlvan,
İnan—diyor bana—cənnətdən etmə şübhə, inan!
Günəş dalıb gediyor; köşkü andıran gəmimiz
Uçar, uçar, qoca qartal qanatlarilə uçar.
Dərin-dərin düşünürkən sönük baqışlı dəniz,
Onun sükutunu yırtar da, min gürültü saçar.
Günəş sönüb gediyor, ay həzin-həzin doğuyor,
Hava sərinliyor, əsmərcə zərrələr yağıyor.
Fəza, dəniz, bütün ətraf kölgə, həp kölgə...
Köpük saçan gəminin ta ucunda bən tənha,
Qoyulmuşum köpürən xızlı nəhri dinləməyə
Ki, çağlayıb geri aqdıqca sarsılır dərya.
Balıqlar oynaşaraq həp inadü hiddətlə
Hücum edər, atılır arqamızca şiddətlə.
Könül çocuq kibi seyr eylədikcə əylənərək,
Şu tərs axıntıyı keçmiş həyata bənzətiyor.
Baqıb-baqıb düşünürkən, dəniz çiçəklənərək,
Dağıtdı fikrimi nagah bir şəlaleyi-nur.
O, iştə özlədiyim, sevdiyim gözəl mehtab
Ki, hər dəqiqə edər ruha gizli-gizli xitab.
Qucaq-qucaq əritilmiş gümüş dənizdə aqar;
Aqar da dalğalanır, cəzb edərdi hər nəzəri.
Könül bu levhəyi duyduqca yüksəlir, qalqar,
Uçardı göylərə, təqdis edərdi həp qəməri.
Fəqət qəmərlə bərabər işıqlı yıldızlar,
Parıldaşır, axışır, titrəşirdi xəndənisar...
Əvət, əngin fəzadə ruh uçaraq,
Kəşf edər sanki bir yığın məna.
Kəhkəşan sütlü nəhri andıraraq,
Əzəli bir kitab oxurdu bana.
Göy, dəniz iştə bir-birindən uzaq,
Eyliyor ayrı-ayrı cəlbi-məraq.
Göydə bir bitməyən dərinlik var 
Ki, donar hər düşüncə heyrətdən.
Uça bilsəydi bəlkə insanlar,
Bir şey anlardı bəlkə qüdrətdən.
Bu dərinlik, bu ölçüsüz boşluq
Veriyor hissə, fikrə sərxoşluq.
Bu dərinlikdə bir həqiqət var,
Gizlidir gərçi kor beyinlər için;
Lakin ülviyyətilə həp parlar,
Bəllidir görmək istəyənlər için.
Hər təfəkkür ki, istiyor cevlan,
İştə bir bitməyən geniş meydan!
Bu tamaşayə qarşı bir müddət
Qapılıb getdi ruhi-müztəribim.
Arıyorkən fəzadə bir qüvvət,
Çırpınıb durdu nagəhan qəlbim.
Dəli, sərsəm düşüncələr coşaraq,
Göydə uçmaq dilərdi həp qoşaraq.
Azacıq keçməmişdi... bir tufan
Qoparaq, çıldırıb qudurdu dəniz.
Baqdım oynar da sallanır hər an,
Bir beşikdən seçilmiyor gəmimiz.
Fırlamış bir gürültü ortalığa,
Dalğa, həp dalğa, hər tərəf dalğa...
Yuca dağlar qədər, əvət, qocaman
Dalğalar gürləyib gəlir hər an.
Gəmi sərsəmləyib şu fırtınadan,
Bağırır, sanki istiyor da aman.
Yüksəlir, yüksəlirdi ərşə qədər,
Alçalır, alçalırdı fərşə qədər.
Vardı hər gözdə bir təlaş əsəri,
Qorqu çökmüşdü hər kəsin yüzünə.
Öndə bir möhtəriz baqışlı pəri
Düşünürkən, baqıb ala gözünə,
Gördüm atəşli bir əməl saqlar,
Ta uzaqlarda bir təsəlli arar.
Bu həzin levhədən nədənsə bənim
Sarsılıb ruhum inlər, ağlardı.
Bora şiddətlə hayqırır daim,
Göy gürüldər, dəniz də çağlardı.
Yalvarıb haqqa dinli ya dinsiz,
“Allah, allah!” səsilə doldu dəniz.
Bu keşakeşdə möhtəşəm, məğrur,
Qoca, səksən yaşında bir sima,
Ulu bir dağ mətanətilə vəqur
Qoca bir türk edib namazı əda;
Vird oqur, haqqa eylər ərzi-niyaz,
Bəlkə dağ sarsılır, o sarsılmaz.
Onca təsiri yoq şu tufanın,
Parlıyor qəhrəmanca nasiyəsi;
Oqunur çöhrəsində Turanın
Şanlı tarixi, keçmiş ənənəsi;
Öylə daim mühib, ağır, düşkün
Baqınırkən əzər mühiti bütün.
Göydən ayrılmayan alevli gözü
Saçar ətrafa şöleyi-iman.
Budur ancaq duası, virdi, sözü:
“Ey böyük tanrı! Ey böyük yaradan!
Hər bəladən əsirgə yurdumuzu,
Kamran eylə şanlı ordumuzu!..”

Qara dəniz, 1912


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə