30
mövcuddur. Aristotelin özü qeyd edirdi ki, incəsənətin mahiyyəti -
təbiətin təqlididir. İncəsənətdən alınan ləzzət isə – yamsılamaya olan
təbii meylin ödənilməsidir.
Son dərəcə ciddi və özünə qapanmış kimi görünən Aristotel
bəlkə də elə bu səbəbdəndi ki, təlxəkliyə və komikliyə xüsusi
əhəmiyyət verirdi: “Komiklik – heç kəsə əzab verməyən və heç kəs
üçün məhvedici olmayan səhv və eybəcərlikdir”,- Aristotelin öz
sözləri idi.
Lakin düşünürük ki, Aristotelin sənət nəzəriyyəsi üçün başlıca
olan heç də incəsənətin təqlidə şamil edilməsi ilə bağlı fikir deyildi,
burada əsas cəhət incəsənətin təmizləyici funksiyası ilə bağlı idi.
İncəsənətin Aristotel tərəfindən həm təqlid olaraq təqdimatı, həm də
təmizləyici funksiyası ilə bağlı onun mövqeyi Platon ruhuna son
dərəcə yaxındı. Amma Aristotel bu yaxınlığı heç vaxt dilə gətirməzdi.
Aristotel belə hesab edirdi ki, incəsənət gerçəkliyi, necə
deyərlər, çirkabdan təmizləyərək təqdim edir və bununla da insanın
ruhunu da sanki təmizləyir: “Biz həyatda eybəcər olduğu üçün
tamaşasından üz çevirdiyimiz şeylərin məharətlə çəkilən rəsminə
böyük heyranlıqla tamaşa edir, bədii zövq alırıq”. Aristotelin bu
mövqeyi, həmçinin musiqiyə də aiddir: «Musiqinin və mahnının təsiri
ilə dinləyici psixikası oyanır, burada mərhəmət, qorxu, entuziazm
kimi affektlər yaranır və nəticədə, dinləyici həzzlə müşayiət olunan bir
təmizlik və bir yüngüllük hiss edir».
Qəribədir, musiqi mövzusu ilə bağlı bir məqamda Aristotelin
və Platonun mövqeləri bir-birinə o qədər yaxınlaşır ki, hətta demək
olar ki, üst-üstə düşür. «Ritm və melodiya sadə bir səs olduqları halda
nədən bizim qəlb yaşantılarımıza bənzəyirlər» deyərək təəccüblənən
Platon kimi Aristotel də yazırdı ki, ritm və melodiya qəzəbin və
mülayimliyin, mərdliyin və mötədilliyin əks olunmasıdır.
İkinci bir məqam. Platon kimi Aristotel də gözəlliyin obyektiv
və mütləq olduğunu qəbul edir. Amma Aristotel etik dəyərləri
mütləqləşdirən Platondan, eləcə də, Sokratdan fərqli olaraq burada bir
mülayimlik və mötədillik nümayiş etdirir. O, düşünürdü ki, bu
məsələdə əksliklərin heç birini mütləqləşdirmək lazım deyildir. Orta
hədd qızıl həddir. Amma estetik rakursda Sokratın və Aristotelin
mövqeləri arasında son dərəcə oxşarlıq da mövcuddur. Aristotel də
Sokrat kimi düşünürdü ki, canlı təbiətdə gözəllik əslində
məqsədyönlülüklə
bağlıdır. Platonun və Aristotelin estetik
mövqelərinin müqayisəli təhlili ilə bağlı qeyd edək ki, Aristotel
Platondan fərqli olaraq incəsənətin mühüm əhəmiyyət daşıdığını
düşünürdü, məsələn: «Poeziya tarixdən daha ciddi və daha fəlsəfidir»,
- deyirdi.
31
Platon personalist idi, şəxsiyyəti cəmiyyətdən daha üstün
tuturdu. Aristotel isə obyektivist idi, hesab edirdi ki, insan bir siyasi
varlıq olaraq cəmiyyətin bir hissəsidir və ona uyğunlaşmalıdır.
Aristotel belə mühakimə yürüdürdü ki, cəmiyyət və dövlət öz təbiətinə
görə fərddən daha öncədir. Əgər fərd təcrid olunmuş bir vəziyyətə
düşdükdə bu vəziyyət onu tam qane edirsə, başqa fərdlərlə ünsiyyətsiz
keçinə bilirsə, o artıq insan deyildir, ya alçalaraq heyvana, ya da
yüksələrək tanrıya çevrilmişdir.
İnsanın yüksələrək tanrıya çevrilə bilməsi ilə bağlı bizim
Aristoteldə rastlaşdığımız ifadə əslində bir metaforadır, insanın
alçalaraq heyvana çevrilə bilməsi ifadəsinə qaldıqda isə qeyd etmək
yerinə düşərdi ki, canlı orqanizmlərə çox böyük maraq göstərən
Aristotel insan və heyvan arasında müqayisələr aparmağa, onlar
arasındakı fərqli və oxşar cəhətləri göstərməyə meylli idi. Platon isə
insanı yaradıcı varlıq kimi qəbul etməklə, daha çox onu
ilahiləşdirməyə meylli idi.
Bu hal qabarıq olaraq özünü xüsusən onda göstərirdi ki,
Aristotel cəmiyyətin inkişafının əsasında personal başlanğıcı deyil,
təbii başlanğıcı görürdü. O, belə hesab edirdi ki, real olaraq heç bir
cəmiyyət, antik mənada,- dövlət, adamlar arasında qabaqcadan
nəzərdə tutulan razılıq əsasında meydana gəlməmişdir. Hər bir dövlət
təbii yolla, tədricən təşəkkül tapmışdır. Ayrı-ayrı ailələrdən kəndlər,
ayrı-ayrı kəndlərdən isə dövlət yaranır. O, belə düşünürdü.
Bununla bağlı olaraq qeyd edək ki, nəzəriyyə bütün hallarda,
son nəticədə gerçəkləşdirilmək üçün, siyasi nəzəriyyə isə təbii ki,
dövlət quruculuğu üçündür. Filosof siyasi nəzəriyyəni yaradan,
siyasətçi onu gerçəkləşdirəndir.
Sokratdan başlanan fikir prosesinin əsas ideyasını Platon
söylədi və bu ideya Aristotel vasitəsi ilə Makedoniyalı İsgəndərə
ötürüldü və Makedoniyalı İsgəndər tərəfindən də reallaşdırıldı.
Belə bir fakt da nəzərdən qaçırılmamalıdır ki, Makedoniyalı
İsgəndər öz nəhəng imperiyasını qurduğu zaman Aristoteldən öz qayğı
və himayəsini əsirgəməsə də o, Aristoteli bir məsləhətçi olaraq yaxına
buraxmadı, çünki İsgəndərin bir hökmdar olaraq fəaliyyət üslubu
Aristotelin bir təbəə olaraq düşüncə üslubuna uyuşmurdu.
Makedoniyalı İsgəndər qlobal miqyaslı müharibələr aparırdı,
müharibədə azğınlığa və ədalətsizliyə qarşı mübarizə əzminin ən
parlaq ifadəsini görürdü.
Müharibə, Aristotelə görə, mülkiyyət əldə etməkdən ötrü təbii
bir vasitə və qul ovudur. Burada Makedoniyalı İsgəndərin mövqeyi ilə
Aristotelin mövqeyi arasında ümumilik yox idi. Ümumilik daha çox
Makedoniyalı İsgəndərin mövqeyi ilə Platonun mövqeyi arasında vardı.