6
determinist elmin təşəkkül prosesi kimi yarandı. Determinist düşüncə
tərzini özündə daşıyan insanlar həm yuxarıda göstərilən və dünya
antikşünaslığı tərəfindən bir fakt olaraq artıq çoxdan qəbul edilən
mənada antik fəlsəfəyə, həm də antik elmə başlanğıc verdilər. Heç də
təsadüfi deyildir ki, ilk yunan filosofları eyni zamanda astronom və
riyaziyyatçı idilər.
Determinist elm utilitarist praktika ilə sıx bağlı idi.
“Zəkioğlu” nəşriyyatının Skirbekk və Gilyenin Fəlsəfə
tarixindən bir qədər əvvəl Azərbaycan oxucusunun mühakiməsinə
verdiyi Böyük filosofların hekayətləri əsərinin müəllifi Dürant (Yeri
gəlmişkən, qeyd edək ki, hər iki əsərin doğma dilimizə tərcüməsi
tərəfimizdən elə bu nəşriyyatın sifarişi ilə edilmişdir və sifarişlərin
sayı dünya fəlsəfəsinin ən görkəmli simaları hesabına
genişlənməkdədir. Fürsətdən istifadə edib nəşriyyata uğurlar
arzulamaqla onun Vətən naminə çox dəyərli bir iş gördüyünü
xüsusi vurğulamaq istəyirəm) bununla bağlı bir cəhəti də
özünəməxsus şəkildə sezmişdi ki, riyaziyyat mübadilənin
mürəkkəbliyinin artımı, astronomiya isə gəmi səyahətləri məkanının
genişlənməsi ılə yaranır və öz təşəkkülünü tapır
1
.
Skirbekk və Gilye də antik fəlsəfənin yaranışını şəhərlərin,
daha doğrusu, şəhər-dövlətlərin, polislərin yaranışı ilə bağlayır
2
.
Qədim yunan şəhərlərinin formalaşması və çiçəklənməsi
şəraitində meydana çıxan dünyəvi elm şəhərli üçün səciyyəvi olan
determinist instinktin, «hər kəs xidmətlərinin müqabilində və
xidmətlərinin
ölçüsündə
mükafatlandırılmalı,
qəbahətlərinin
müqabilində və qəbahətlərinin ölçüsündə isə cəzalandırılmalıdır»
instinktinin rasionallaşdırılmasından doğan nəticədir. Bu instinkt
həyati materializm prinsipi ilə, yəni maddi sərvətlərin mənəvi
sərvətlər üzərində üstünlüyü inamı ilə sıx bağlıdır. Belə ki, şəhərli
tərəfindən həyata keçirilən əməl bir qayda olaraq mükafatlanma
xatirinə edilir və nəticə etibarı ilə varlanmaya xidmət edir. Görünür,
elə buna görə də determinist şəhərli instinkti özünün nəzəri ifadəsini
təkcə antik elmdə deyil, həm də deterministik fəlsəfənin materialist
xarakterində də tapırdı. İlk yunan filosofları tacir mənşəli olmaqla,
təkcə determinist deyildilər, həm də materialist idilər, maddi dünyanın
ilkinliyindən çıxış etməklə, şeylərin son və dəyişməz əşyavi əsasını
axtarırdılar. Bu axtarışın məntiqi sonluğu isə atomizm idi. Levkipp və
Demokrit tərəfindən yaradılan və Epikür tərəfindən geniş təsvir edilən
1
Dürant W. The Story of Philosophy. The lives and Opinions of Greater phi-
losophers. N. Y, 1933, p. 6
2
İndiki nəşr, s. 122.
7
atomizm təliminin təşəkkül prosesi Fales-Anaksimandr-Anaksimen-
Pifaqor-Empedokl-Levkipp-Demokrit xətti üzrə baş vermişdir. Bu da
haqlarında yuxarıda bəhs etdiyimiz həmin adların bir hissəsi. İndi isə
bu adların arxasında dayanan fikirləri nəzərdən keçirək.
Qədim yunan fəlsəfəsinin ilk nümayəndəsi hesab edilən Fales
mifik təfəkkürün inkarı, determinist təfəkkürün təsdiqi və materialist
dünyagörüşün rasionallaşdırılması sahəsində Yunanıstanda ilk addımı
atdı. Lakin onun konsepsiyası mifik elementləri də özündə saxladığı
üçün ziddiyyətlidir. Fales bir tərəfdən təsdiq edir ki, dünyanın
mahiyyətində maddi başlanğıc dayanır. O, hətta bu başlanğıcın özünü
su ilə eyniləşdirərək konkretləşdirir də. Digər tərəfdən, o təsdiq edir
ki, dünyada hər şey canlıdır, “əgər maqnitin ruhu olmasaydı dəmiri
özünə çəkərdimi?!”- ritorik sualını verir.
Materialist determinizmlə mifik hilozoizmin elementlərini öz
fəlsəfəsində ziddiyyətli bir şəkildə birləşdirən Falesin materializm və
mif arasında keçirdiyi tərəddüd onun ardıcılı olan Anaksimandrda daha
da dərinləşir. Maraqlıdır ki, Anaksimandr determinizmdən daha çox
hilozoizmə maraq göstərir və buna görə də, Falesdən fərqli olaraq onun
fəlsəfi mühakimələrində materializmin əsaslarından daha çox mifin
əsasları rasionallaşdırılır. Bütün mövcudluğun zəminində maddi
başlanğıcın durduğuna Falesin inamı güclü idi. Anaksimandr isə fəlsəfi
inam sahibi olmaqla dünyanın substansiyasında hansısa başlanğıcın
durduğuna inansa da arxe adlandırdığı bu başlanğıcın maddiliyinə bir o
qədər də əmin deyildi. Anaksimandr bu başlanğıcın əbədi və qeyri-
məhdud olduğunu, hər şeyin bu başlanğıcdan idarə olunduğunu güman
edir və onu, hətta ilahi təbiətli də adlandırır. Arxe dünyanın ilkin
maddəsidirmi, yoxsa dünya ruhdurmu? Anaksimandr bu suala birdəfəlik
və birmənalı cavab verməyə çətinlik çəkir. Lakin Anaksimandrın bütün
intellektual axtarışlarının əsasını təşkil edən bu sual onun arxe ilə bağlı
təsəvvür və mühakimələrini daha da dərinləşdirsə də, onu dönə-dönə
həll
edilməz ziddiyyətlər burulğanına atır. Anaksimandr bir tərəfdən
güman edir ki,
arxe passiv, amorf qeyri-müəyyən, dünyanın bütün
forma və imkanlarını öz içərisində qoruyub saxlayan olmaqla maddidir.
Lakin Anaksimandr, digər tərəfdən, dünyanın dövri
olaraq xaos
halından kosmos halına, kosmos halından isə xaos halına qayıtması
haqqında kosmosentrik ideyanı da qəbul edir. Mifik kosmosentrizmin
xaosa aid etdiyi, demək olar ki, bütün cəhətlər Anaksimandrın mütləqlik
statusu verdiyi arxedə də vardır. Mifologiyanın bizə təqdim etdiyi xaos
əslində maddiliyin daşıyıcısıdır. Əgər Anaksimandr tərəfindən arxeyə
verilmiş xarakteristika yuxarıda sadalanan passivlik, amorfluq, qeyri-
müəyyənlik, dünyanın bütün forma və imkanlarını öz içərisində saxlama
əlamətləri ilə məhdudlaşsaydı, onda Anaksimandrın özü materialist