16
Yeni dövrün maarifçiləri tərəfindən müzakirə olunan elə bir problem
yoxdur ki, həmin problem sofistika daxilində müzakirə edilməmiş
olsun. Amma bu dövrün intellektual özünüdərkində əslində bir
dramatizm də yaşayırdı. Təfəkkür üslubu əsasən rasionalist xarakterli
olan bu dövrdə həmin bu dramatizmi əsasən Sofokl ifadə edirdi,
Sofokl bir tərəfdən bir rasionalist olaraq etiraf edirdi ki, insan
qüdrətinin mənbəyi onun dərrakəsi, zəkasıdır. Sofokl vurğulaüırdı ki,
dünya qüdrətlilərlə dolu olsa da, dünyada insandan qüdrətli heç nə
yoxdur. Lakin, digər tərəfdən, o, dünyanın, həm də irrasional
başlanğıc tərəfindən də idarə olunduğunu etiraf edirdi. Edipin faciəsi
görünür, rasionalizm və irrasionalizm arasındakı bu ziddiyyətdə idi.
Sofistlər isə həmin bu ziddiyyətə bir o qədər də əhəmiyyət
vermirdilər. Sofistlər cəmiyyəti hakimiyyətdən xilas etmək istəyirdilər
və özlərinin bu istəklərində müasir demokratik liberalizmdən daha
radikal idilər. Qorgi: «İnsanlar üçün qanunun özü insan təbiətinə zidd
olan bir tirandır», - deyirdi.
Sofistlər digər tərəfdən əməklərin müqabilində əmək haqqı
almaqla intellektual fəaliyyəti muzdlu əməyin bir formasına
çevirmişdilər, öz fəaliyyətlərini əslində iqtisadi determinizm prinsipi –
«əmək - əmək haqqı» sxemi üzərində qururdular. Özlərinin təhsil
verməklə ifadə olunan «zəhmət»lərinin müqabilində «zəhmət haqqı»
almaqla onlar demos üçün səciyyəvi olan determinist iqtisadi fəaliyyət
prinsiplərini elmə gətirdilər. Alim sofistləşənə qədər elmin fanatiki idi,
sofistləşərək isə zəhmətkeş ziyalıya çevrildi. Əməl və əvəz arasında
münasibətlərin birmənalılaşdırılmasından çıxış edən sofistlər əslində
həyatda da determinist idilər və praktik həyatda determinist olmaqla,
həyati materializmə meylli idilər.
Determinizm və materializm şəhərli dünyagörüşünün şübhəsiz
ki, mühüm cəhətləridir. Lakin nə determinizm, nə də materializm
şəhərli fəaliyyətinin sözün tam mənasında məqsədini deyil, yalnız üsul
və vasitələrini ifadə edir. Şəhərli fəaliyyətinin məqsədi öz ifadəsini
daha çox hedonizmdə tapır. Şəhər mədəniyyəti, ümumiyyətlə, hissi
həzzlərə xüsusən meylli olduğundan Aristippin və onun tərəfindən
əsası qoyulmuş Kirena məktəbinin hedonistik nəzəriyyəsi şəhərli
dünyaduyumunun ən səciyyəvi təsvirlərindən biri oldu. Əgər
şəhərlinin dünyadan daha çox həzz alma və ağrılardan daha çox xilas
olma istəyi onun fəaliyyətinin məqsədini təşkil edirsə, determinizm bu
məqsədin həyata keçməsi üçün ümumi sxemi verir və həmin sxemi
materiya vasitəsi ilə gerçəkləşdirir. Hedonizm determinizmin,
determinizm isə materializmi doğurur.
Lakin hedonizmin, determinizmin və materializmin ontoloji
əsasları və qnoseoloji prinsipləri nə sofistlər, nə də Aristipp tərəfindən
17
deyil, onlardan sonra Demokrit, Aristotel və Epikür tərəfindən
müəyyənləşdirildi. Determinizmin və materializmin ontoloji əsasları
biz yalnız Levkipp-Demokrit atomistikasında, qnoseoloji və idraki
prinsiplərini isə Aristotel fəlsəfəsində tapırıq. Lakin bu, sonra baş
verəcəkdir. Determinizmin və materializmin ontoloji, qnoseoloji və
idraki prinsiplərinə Levkipp-Demokrit və Aristotel tərəfindən verilmiş
səciyyələrin təqdimatından öncə sofistikanın özünün təqdimatını
tamamlayaq. Sofistika determinizmi və materializmi fəlsəfi əsaslar
olmadan, artıq qeyd edildiyi kimi, əsasən Empedoklun ziddiyyətli
fəlsəfəsi zəminində təqdim edirdi.
Sofistika Empedokldan onun yalnız materializmini götürdü,
kosmosentrizm ona əsasən yad idi. Sofistlər Dünya Ruhunun
mövcudluğuna inanmırdılar, dünyanı gözəlləşdirən və nizama salan
varlıq haqqındakı təsəvvürləri mövhumat hesab edirdilər. Sofistikanın
çiçəkləndiyi dövrdə, həmçinin dünyəvi elmin də ontoloji əsasları hələ
ki,
qəti
olaraq
müəyyənləşdirilmədiyindən sofistlər üçün,
ümumiyyətlə, kosmoloji problematikaya biganəlik səciyyəvi idi. Eyni
zamanda, bu tarixi anda determinizmin ontoloji əsaslarından doğmalı
olan qnoseoloji prinsiplər də təbii olaraq hələ ki işlənib
hazırlanmamışdı. Sofistika elə buna görə də bütün insan biliklərinin
nisbi xarakter daşıdığını qəbul edirdi. Hər cür biliyin nisbi xarakter
daşıması haqqında sofist konsepsiyanın üç əsas müddəası Qorgi
tərəfindən verilmişdir. Onun Mövcud olmayan, Təbiət haqqında adlı
əsərində oxuyuruq: «Birincisi, heç nə mövcud deyildir, ikincisi, əgər
nə isə mövcuddursa, o, insan üçün dərkedilməzdir. Üçüncüsü, əgər o,
dərk olunandırsa, onu ifadə etmək mümkün deyildir
4
. Yeri gəlmişkən,
onu da qeyd edək ki, Qorginin bu əsərinin məzmunu onun adını
müəyyənləşdirir. Belə ki, bu ad öz-özlüyündə onun sofist təbiətindən
xəbər verir.
Sofistikaya xas olan relyativizm Protaqorun «İnsan hər şeyin
ölçüsüdür» tezisində özünün klassik ifadəsini tapmışdır. Əslində,
sofistika elə bu tezisdən başlayır. Belə ki, sofistlər öz qarşılarına
istənilən müddəanın sübut oluna bilməsi imkanının nümayiş
etdirilməsi vəzifəsini qoymuşdular. Onlar bununla da heç bir mütləq
həqiqətin, ümumiyyətlə, mümkün olmaması zəminindən çıxış etmiş
olurdular.
Müxtəlif xalqların əxlaq və davranış normalarını müqayisə
edərkən sofistlər belə nəticəyə gəlirdilər ki, bu davranış normalarının
4
Горгий. О несуществующем, или О природе. В кн. : Маковельский А. О.
Софисты. Вып. 1. Баку, 1940, с. 29.