14
Heraklitdə substansiyanın başqa bir ipastası isə oddur. Əgər o,
alışaraq bütövlükdə kosmosun məhvinə gətirib çıxarırsa, tamamilə
sönərkən əvvəlcə suya, sonra isə havaya və torpağa çevrilir.
Oxşar fikir məntiqi ilə hind fəlsəfəsində də rastlaşırıq.
Puranalarda dünyanın genetik triadası verilir: Dünya yanğını - Okean
– qurunun ayrılması.
Qədim yunan fəlsəfəsində aristokratik təfəkkürün Heraklitdən
sonrakı nümayəndəsi Anaksaqordur.
Anaksaqor Periklın dostu və ideoloqu idi. Talelərində və
sonluqlarında da bir oxşarlıq vardı. Demokratiyanın öz tarixi
əndazəsindən daha artıq inkişafı Anaksaqoru da, Periklı da məhv
etmişdi. Perikl, demokratiya tərənnümçüsü olan o məşhur zadəgan
hər halda etiraf etməyə məcbur oldu ki, siyasət haqqında hamı
mühakimə yürüdə bilər, lakin onu adamların yalnız bəziləri yarada
bilir. Siyasətin gücü – iradənin həyatiliyindədir, bər-bəzəkli sözlərlə
ifadə olunmasında deyildir. Perikl da, görünür, elə buna görə etiraf
edirdi ki, bizlərdən bir çoxumuz gözəlliyi bər-bəzəksiz, sevirik.
Aristofan isə daha uzağa getdi, demokratiyanın karikaturasını
yaratdı: bir gün heyvanlar şurasının iclasında dovşan özünün gurultulu
çıxışında hamının bərabərliyini bəyan edir. Aslan dovşana qulaq asır
və təəccüblə soruşur: əgər hamı bərabərdirsə, bəs sənin caynaqların
haradadır?
Demokratikləşmə materializmi və determinizmi ön plana
keçirdi. Postperikl dövrünün fəlsəfi təfəkküründə Anaksimendən
gələn yarımçıq materializm Pifaqordan gələn yarımçıq determinizmlə
yanaşı irəliləməyə başladı. Materializmi yarımçıqlıqdan xilas etmək
üçün növbəti tarixi təşəbbüs Empedokl tərəfindən göstərildi.
Empedoklu öz sələfləri ilə birləşdirən ümumi cəhət ondan
ibarət idi ki, o, «bütün şeylərin kökündə» maddi başlanğıcları – odu,
havanı, suyu və torpağı – götürmüş, bu maddi başlanğıcların
əbədiliyini və dəyişməzliyini, bir-birindən yarana bilməməsini və bir-
birinə çevrilə bilməməsini, bütün başqa şeylərin isə bu elementlərin
bir-biri ilə birləşməsindən yarandığını qəbul etdi. Bu mənada
Empedoklun
materializmi
təkcə
özünün yunan sələflərinin
materializmi ilə deyil, həm də hindlilərin
lokayata və çinliləri
u-sin
təlimləri ilə qovuşur. Lokayata təlimində dünyanın həmin dörd
elementdən, u-sin təlimində isə beş elementdən – sudan, oddan,
metaldan, ağacdan və torpaqdan – təşkil olunması qəbul edilir.
Empedoklu onun sələflərindən ayıran cəhət isə maddi başlanğıcları
hərəkətə gətirən səbəbi izah etmək cəhdində idi. Lakin Empedoklda
bu cəhd Anaksimandrda olduğu kimi yenə də kosmosentrizm
prinsipinin köməyi ilə həyata keçirilir. Empedokl belə güman edir ki,
15
dünyada real olaraq mövcud olan təkcə onun sadaladığı maddi
başlanğıclar deyil, həm də onları bir-birinə birləşdirən və bir-birindən
ayıran canlı qüvvələrdir. Empedokl bu qüvvələri məhəbbət və nifrət və
ya dostluq və düşmənçilik adlandırır. Bu baxımdan Empedoklla qədim
Çin fəlsəfəsi arasında daha bir paralel aparmaq mümkündür. Mo-tszı
özünün «ümumi məhəbbət» konsepsiyasında bütün Kainatı saran
fövqəlbəşər məhəbbətdən söhbət açır. Empedokl fəlsəfəsində
məhəbbət və nifrət və ya dostluq və düşmənçilik təkcə insanlara xas
cəhətlər olmayıb, həm də, bütün kainata aid edilən xüsusiyyətlərdir.
Müxtəlif elementlər bu qüvvələrin birincisi ilə birləşdirilir, ikincisi ilə
isə ayrılırlar. Bu qüvvələrin hansının üstünlük təşkil etməsi ilə isə
dünyəvi prosesin bu və digər mərhələsi müəyyən olunur. Məhəbbətin
üstünlük təşkil etdiyi mərhələ Kainatın kamilliyi dövrünə uyğun gəlir.
Bu zaman nifrət sıxışdırılıb Kainatdan kənara çıxardılır, dünya
kosmosa çevrilir, nizamlılığın və gözəlliyin təcəssümü olur. Sonradan
nifrət Kainata daxil olur, onun elementlərini bir-birindən ayırır,
məhəbbətin özünü isə Kainatın mərkəzinə doğru sıxışdırır, dünya
xaosa çevrilir, nizamsızlığın və eybəcərliyin mücəssəməsi olur.
Nifrətin hakimiyyəti dövründə müxtəlif mühitlərdə – suda, havada –
yaranmış müxtəlif orqanlar məhəbbətin hakimiyyəti dövrünə keçdikcə
bütöv bir orqanizm şəklində birləşirlər.
Empedoklda ilkin elementləri bir-birinə birləşdirən və bir-
birindən ayıran səbəb bu elementlərin hər birindən kənarda qalan
qüvvə olduğundan və bu qüvvə ilə onun təsirinin nəticəsi arasında
birmənalı münasibət olmadığından Empedoklun fəlsəfəsi determinist
xarakterli deyildi. Bu fəlsəfə müxtəlif dünyagörüşlərin sintezi
hesabına tamamlansa da, materialist başlanğıcla kosmosentrik sonluq
arasındakı ziddiyyət ucbatından materializmin fəlsəfi təqdimatı
Empedoklda da yarımçıq qalır.
Bizim eradan əvvəl beşinci əsrdən başlayaraq qədim yunan
kütləvi şüuru dərin böhran keçirməyə başlayır. Həyatın və dünyanın
kosmosentrik, mifoloji zəmində izahı materialist meylli kütləvi şüurun
tələblərinə artıq aşkar bir tərzdə cavab vermir. Materialist təfəkkür
stereotiplərinin kütləviləşdirilməsinə ehtiyac yaranır. Bu ehtiyac
əsasən Empedoklun yarımçıq materializmi zəminində sofistlər
tərəfindən ödənilir. Sofistlərin ən görkəmlilərindən olan Qorgi isə
Empedoklun şagirdi idi.
Dünyaya utilitar münasibət sofistikada zəka kultunun
formalaşması ilə tamamlandı. Sofistlər dini və siyasi qadağalardan
qorxmayaraq hər cür dünyagörüşü, siyasi strukturların hər bir tipini
cəsarətlə zəkanın hakimliyi önündə mühakimə etdikləri üçün sofistika,
ümumiyyətlə, Yeni dövrün Maarifçilik hərəkatına çox bənzəyirdi.