İstanbulda Hacı Əhməd Paşanın ailəsində dünyaya gəlib. İttihad və
Tərəqqi Cəmiyyətinin qurucusu olan və Osmanlı tarixində mühüm xidmətləri
olan Ənvər Paşanın ögey qardaşıdır. Dədə-babalarının Krım Türklərindən
olduğu
bəllidir, ona görə də 1934-cü ildə Türkiyə Cümhuriyyətində rəsmi
soyadı daşıma qanunu qəbul olunanda Nuru Paşa da ulu babalarının gəldiyi
Dunay çayı ağzındakı Killi və ya Kiliya Türk qalasının adını özünə soyadı
götürmüşdür. Ənvər Paşa ilə birlikdə və əmisi oğlu Xəlil Paşanın da məşhur
hərbçi – general olması bu soyun igid, cəsur, döyüşkən cəngavər olmağından
soraq verir. Hər iki qardaş həyatları boyu turançılıq idealı ilə yaşayıblar və
türk xalqlarını vahid dövlətdə birləşdirməyə çalışıblar. Camal, Tələt adlı
qardaşları da olub.
Teymən (leytenant) Nuru 1909-cu ildə Quru Qoşunları Məktəbini
bitirərək Üçüncü Ordu komandanlığında zabit kimi xidmətə başlayıb, 1910-cu
ilin yanvarından birbaşa padşaha tabe olan piyada bölüyünə keçirilib. 1911-ci
ildə Hərbi Akademiyanı bitirərək yenidən döyüşən ordu sıralarına göndərilib.
Həmin dövrlər Osmanlı dövləti olüm-qalım savaşı aparırdı. Gənc zabit ən ağır
döyüşlərin getdiyi Şimali Afrika cəbhəsinə göndərilir. Yəni Qafqazlardan
əvvəl Avropa və Afrikadakı savaşlarda döyüşçü,
partizan, igid komandir kimi
ad-san qazanmışdı. Osmanlıya daxil Liviyanın çağdaş günlərimizdə ( fevral-
mart 2011 ) savaş meydanına çevrilən Benqazi şəhəri uğrunda döyüşlərdə
mahir nişançı zabit Nuru bəy şəxsən 100 italyan əsgərini məhv etmişdi,
partizan hərəkatı yaratmışdı. İtalyanlara qarşı göstərdiyi rəşadətli igidliklərə
görə 1916-cı ildə minbaşı rütbəsi alır, həm də “Altun ləyaqət”, Almaniyanın
“Dəmir xaç” medalı ilə təltif olunur. 1917-ci ildə Avstriya-Macarıstan
dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına, Türkiyənin “Altun-imtiyaz”
medalına layiq görülür. Mudros müqaviləsindən sonra ingilis-fransız
qüvvələri onu dərhal tapılıb öldürülməli olan 7 “milliyətçi-residivist”in
siyahısına salmışdılar.
Balkanlar, İraq, Misirdə də ən çətin savaşların öndə
gedəni Osmanlı zabiti Nuru idi, onun igidliyi dillər əzbəriydi, əfsanələşmişdi.
Nuru Paşanın ən böyük mücadiləsi Qafqaz, Azərbaycan uğrunda
savaşıdır, məhz buna görə də Nuru Paşa Bakının
qurtuluşundan sonra isə həm
də ingilis, rus-erməni kəşfiyyatının hədəfinə çevrilir. 1919-cu ildə ingilislər
tərəfindən tutulsa da, AXC rəhbərliyinin təlimatı üzrə xüsusi xidmət
orqanlarının olduqca cəsarətli əməliyyatı ilə başarılı şəkildə Batumdakı cəza
evindən qurtulub Bakıya gətirilir. Azərbaycan xalqının fədakar oğullarının
sayəsində Nuru Paşa-Osmanlı ordusu qarşısında mənəvi borcundan, qismən
də olsa, çıxa bilir, Xilaskarlıq missiyasını şərəflə yerinə yetirən sərkərdənin
düşmən əlində o zaman ölməsinə vaxtsız imkan verilmir.
Mudros
müqaviləsinə uyğun olaraq Osmanlı əsgərlərinin Azərbaycanı tərk etməsinə
baxmayaraq, Nuru Paşa 1920-ci ilədək Azərbaycanda qalır, əsgərlərinə də
Azərbaycan vətəndaşlığını qəbul etməyi və burda qalıb bolşeviklərlə
savaşmağı əmr edir, Qızıl Orduya, həm də daşnak tör-töküntülərinə qarşı
Qarabağ üsyanını, partizan mübarizəsini təşkil edir.
Nuru Paşa Azərbaycanın tamamən rus işğalına keçməsindən sonra
Qafqazdan geri dönüb bir müddət Türkiyədə yaşayır, bir sıra hərbi
əməliyyatlarda iştirak edir, Sarıkamışın ruslardan geri alınmasında fədakarlıq
göstərir, ancaq 1923-cü il ilin oktyabrından Türkiyədə hərbi-siyasi
vəziyyətin
dəyişməsi ilə bağlı təqaüdə çıxır və bundan sonra artıq hərbçi kimi yox, iş
adamı kimi fəaliyyət göstərir, Almaniyaya köçür, 1938-ci ildə yenidən
Türkiyəyə dönür, ancaq həyat amalından- Turan idealından heç zaman geri
dönmür.
1941-ci ildə Nuru Killigil Ankaradakı Alman Böyükelçisi Franz von
Papen ilə görüşür və Türkiyədə turançı hərəkata gizli və güclü dəstək verərək
Almanların müttəfiqliyini qazanır. Nuru Paşanın görüşləri Alman Xarici İşlər
Nazirliyində də izlənir və ona lazımi dəstək verilir. Çünki Nuru Paşanın
ideyası qismən də olsa, Almaniyanın marağına uyğun idi:
Sovetlər Birliyində
yaşayan çoxmilyonlu türk əhalisini ruslar əleyhinə qaldırmaq, əsir müsəlman
türklərdən Turançılıq Masasının
və SS Doğu Türküstan Alayının
qurulmasına, özgür türk respublikalarının yaranmasına yardım etmək
Almaniyanın siyasətinə cavab verirdi. Bu məqsədlə Nuru Killigil Berlinə
çağırılır, Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy Fətəlibəyli-
Düdənginski ilə birlikdə Almaniyada SS-in Türküstan alayının qurulmasına
rəhbərlik edir. Ən başlıcası bu idi ki, belə bir missiyanın reallaşmasının uzaq
perspektivi təpədən dırnağa türkçü, turançı olan Nuru Paşanın
da həyat
amalıydı.
Nuru Paşa digər türk xalqlarının Türkiyə ilə bütünləşəcəyinə ürəkdən
inanırdı, bu sırada ilk olaraq Türkiyə sınırlarına yaxın yaşayan Azərbaycan
türklərini və türkmənləri görürdü, bunlardan sonra isə Tatarıstana qədər
uzanan bölgədəki digər türkdilli xalqların bütünləşib birləşəcəyini düşünürdü.
Bunun üçün isə Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı
savaşmalı, Almanlar da Türk əsilli Sovet əsirlərindən ordu qurub bunu
Türkiyənin əmrinə verməliydi. Alman tərəfinin bu görüşlərə dəstək verməsi
üçün şübhələrinə qarşı Nuru Paşa onları inandırmışdı ki,
Türkiyə
hökumətində, orduda bu görüşmələrdən xəbərdar xeyli insan vardır, xalq da
bu fikirləri tezliklə mənimsəyəcəkdir. Eyni zamanda Qafqazlarda və Orta
Asiya xalqları arasında, eləcə də sovet ordusu içərisində də Rusiya
əsarətindən qurtulmaq istəyən, bu fikri bölüşən və mübarizəyə qalxmaq
istəyən, fürsət gözləyən insanlar vardır. Ancaq Nuru Paşanın bu “yol
xəritəsi” Almaniyanın SSRİ tərəfindən məğlubiyyəti ilə yarımçıq qaldı, ancaq
faydası da çox oldu, on minlərlə müsəlman-türkün
alman əsirliyindən sağ-
salamat qurtulmasına da yol açdı.