38
qadının yaşı 45-ə çatanda hamiləlik xoşbəxtliyini yaşadı. Və tezliklə dünyaya iki ekiz
uşaq gəldi. Bədbəxtlikdən, biri asfiksiyanın (boğulmanın) ağır forması nəticəsində öldü.
Bu, vaxtından qabaq doğulmuş uşaqlar üçün geniş yayılmış xəstəlikdir. Bir həftə sonra
həkim ikinci uşaqda epitema əlamətini və ya qarının güclü surətdə qızarmasını, həm də
köpməsini müşahidə etdi. Bu xəstəliyə nekrotik enterokolit (orqanın və ya hüceyrələrin
ölməsi ilə müşayiət olunan bağırsaqların iltihabı) diaqnozu qoyuldu. Bu xəstəlik
bakterial təbiətə malik olmaqla, bağırsaqların qəflətən və sürətlə inkişaf edən iltihabı ilə
xarakterizə olunur. Cərrahiyyə əməliyyatı göstərdi ki, bütün bağırsaq yolu, qarından
yoğun bağırsağa qədər, ümumiyyətlə, fəaliyyət göstərmir. Körpə ölümə məhkum idi və
əməliyyatdan sonra onun bir neçə günlük ömrünə son qoyuldu. Nekrotik enterokolit
vaxtınldan əvvəl doğulmuş uşaqlar üçün ən başlıca amansız qatillərdən biridir.
Bu misaldan aydın olur ki, bakteriya nəyəsə müdaxilə etdikdə, onun zərbəsinin
qarşısını almaq olduqca çətin olur. Hər bir bədbəxtliyə görə irsiyyəti günahlandırmaq
da heç də ədalətli olmur. Amerikadakı bir məşhur şirkətin – “Second Genome”
firmasının özü üçün seçdiyi «Bəlkə də insan orqanizmi üçün daha çox vacib olan
genom heç də insan mənşəli deyildir» devizindəki İdeya, görünür, həqiqətdən o qədər
də uzaq deyildir.
Orta əsr Avropasında yayılan bir anektod yada düşür. Qollar və ayaqldar bütün
gün ərzində çalışıb, taqətdən düşənə qədər işləyərək mədəni yedizdirdiklərindən
qəzəblənib, buna son qoymaq qərarına gəldilər. Onlar qiyam qaldırdılar ki, indiyədək
əziyyət çəkib, müftəxor mədəni yedizdirməklə məşğul olmuşlar, özləri üçün isə heç nə
etməmişlər. Qiyam bir neçə gün davam etdikdə qollar, ayaqlar çox zəiflədiklərinin,
hərəkət edə bilmədiklərinin şahidi oldular, anladılar ki, mədə heç də özü üçün deyil,
bütün bədən üçün işləyir. Fiziologiyaya artıq məlum olduğu kimi, mədə qəbul etdiyi
qida maddələrini həzm etdikdən sonra, onların enerji dəyərlərini toxumalar qurmaq və
onları təkrarən yaratmaq üçün bədənin bütün orqanlarına, o cümlədən əllərə və
ayaqlara da çatdırır. Deməli, mədə bədən üçün qollardan və ayaqlardan heç də az yox,
həddən artıq böyük iş görür. Qolunu və qılçasını itirmiş insanlar normal həyat
sürməkdə davam edirlər, mədəsiz insanın isə süni qidalanma ilə təmin edilməsi böyük
əzabla müşayiət olunmaqla yanaşı, həyatın gözəlliyini və ömrün uzunluğunu əsaslı
surətdə ixtisara salır.
Sovet yazıçıları Ales Adamoviçin və Daniil Qraninin «Blokada kitabı» əsərində
İkinci Dünya müharibəsi dövründə Leninqradın 900 gün davam edən blokadası vaxtı
aclıqdan, soyuqdan əziyyət çəkib, çoxlarının məhv olduğu, az hissəsinin sağ qaldığı
şəhər sakinlərinin gündəliklərindən dəhşətli həyat səhnələrini təsvir edən parçalar öz
əksini tapmışdır. Aclıqdan arvadını itirmiş, özü isə ardıcıl zəhmət fəallığı hesabına sağ
qalan tarixçi alimin digər qiymətli müddəaları ilə yanaşı, insan mədəsi barədə yazdığı
olduqca maraqlı fikiri verilmişdir. O yazır ki, istənilən fabrik və zavod xammal təchizatı
kəsildikdə işini dayandırır, lakin bir müddətdən sonra yenə xammal qəbul etdikdə,
məhsul istehsalını uğurla davam etdirir. Mədə isə tam fərqli bir fabrikdir. Ona öz
xammalı, yəni qida xeyli müddət daxil olmadıqda, o təkcə fəaliyyətini dayandırmır,
həm də özünə aid olmayan bir funksiyaya yiyələnir, ağıla, şüura hakim kəsilir, onlara
göstərş verməyə başlayır. Doğrudan da aclıq adamı şüurdan məhrum edə bilir, bəzən
insanlıq xüsusiyyətlərini məhv edib, buna məruz qalan adamı heyvana çevirə bilir. Ac
39
halda mədəyə sonralar əvvəlki qaydada qidanın qəbul edilməsi də böyük çətinliklərlə
müşayiət olunur, quru qida, belə insanların ölümünə səbəb ola bilir. Ona görə də
Ladoqa gölü üzərindən «həyat yolu» açıldıqda şəhərdən çıxarılan sakinlərin çoxu
yedizdirildikdə, ölməyə başlamışdı. Uzun müddət ac qalan, qidalandırıldıqda ölən
adamların mədəsində kolbasanin üstündəki kəndirlə heç çeynənilmədən udulması,
həmçinin duzlu quru qida hesabına adamların həyatdan getməsi faktları aşkar olundu.
İbtidai insanı bəlkə də aclığın əzabları kannibalizmə – adam əti yeməyə əl
atmağa məcbur etmişdi. Leninqradda da blokada vaxtı az da olsa kannibalizm faktları
olmuşdur və buna əl atanlar güllələnmişlər. Qədim Roma təbliğatı bu termini ədalətsiz
olaraq heybətli düşməni, öz dövlətinə böyük təhlükə hesab etdiyi Karfagen sərkərdəsi
Hannibalın adı ilə əlaqələndirərək, dövriyəyə buraxmışdı. Guya vəhşi təbiətli Hannibal
əsgərlərinə insan əti yeməyi öyrədirmiş və belə əsassız müddəa yalnız əhalidə ona qarşı
nifrət və qəzəb hissini gücləndirmək üçün işə salınmışdı. İndi də Okeaniyanın bəzi
adalarında kannibalizm qalır və bu, yəqin ki, qidaya olan ehtiyacdan və qonşu düşmən
tayfa ilə vuruşda əsir götürülmüş adamlardan qızğın intiqam almaq hissinin təsiri ilə
baş verir..
Misal gətirilən anektodda əllər və ayaqlar mədənin gözə görünməyən
fəaliyyətindən hali olmadıqlarından belə bir etiraz yolunu seçmişdilər. Əgər onlara
mədənin işi sirr olaraq qalırdısa, onda bədəndə məskunlaşan mikroflora okeanı isə
görən necə yarıb keçmək mümkün olmayan qaranlıq duman altında gizlənmişdir.
Mədə insan orqanrizminin bir hissəsi olduğundan, səbəbi bilinməsə də, onun fəsadları
özünü hiss etdirir. Bakteriyalar isə tam məhcul bir aləmdir, onların təsirinin adi yollarla
müəyyən etmək cəhdi, gözlə atom nüvəsini tədqiq etmək istəyinə bərabər olan bir
ağılsızlığa bənzəyir. Lakin bu məchulluğa nəhayət son qoyulmalıdır, bunu
bakteriyaların qəsdi hesabına itirilmiş insanların ruhu tələb edir və elm zamanın bu
çağırışına bütün potensialını sərf etməklə müsbət cavab tapmalıdır.
İnsan bədəninin mikroflorasının öyrənilməsini qədim insanların yeni
torpaqları kəşf etmək sahəsindəki cəsarətləri ilə müqayisə etmək olar. Axırıncılar öz
həyatlarını da risqə ataraq, özlərinə məlum olan dünyanın ərazilərini xeyli
genişləndirmişdilər. İndi elm aləmində çalışanlardan belə bir cəsarət və iradə tələb
olunur, axı onlar heç də öz həyatlarını hansısa bir risq altında qoymurlar. Təəssüf ki,
mikrobiomun öyrənilməsinə münasibət heç də birmənalı deyildir. Bir sıra mütəxəssislər
belə hesab edirlər ki, mikroflora barədə artan həvəs yeni bir dəb olub, ötüb keçəcəkdir.
Belələri, geosentrik nəzəriyyənin ardıcılları Günəşin Yer ətrafında dövr etməsini təsdiq
etdikləri kimi, bu məchulluğunun aradan qaldırılmasına müqavimət göstərmək üçün
edilən zəruri cəhdləri faydasız sayırlar. Onlar iddia edirlər ki, bu sahədəki gözləmələr
fantastik xarakter daşımaqla, bəşəriyyətə qızıl dağlar vəd etmənin yeni bir növüdür.
Skeptiklər ordusu daim elmin inkişafına böyük maneəçiliklər göstərmişlər.
Onların əks təbliğatına baxmayaraq, əgər mikrobiom insan orqanizmində mühüm rol
oynayırsa, onun bir hissəsinin vurduğu ziyanı azaltmaq elm və alimlər qarşısında
duran nəcib bir məqsəd, böyük əhəmiyyəti olan vəzifə sayılmalıdır. Düşməni dost
etməyin özü böyük qabiliyyətdir, onu zərərsizləşdirməyin özü də böyük cəsarət və
fərasət tələb edir. Elm bu sahədə ciddi uğurlara imza atsa, bütün bəşəriyyət bundan