Хошбяхт ялийева



Yüklə 446,54 Kb.
səhifə2/5
tarix08.12.2017
ölçüsü446,54 Kb.
#14843
1   2   3   4   5

Ay allah bəndələri, - dedi, - kömək elə­yin.

Ay işığında kölgələr ona sarı çevrildilər. Qəbrin içə­ri­sində çılpaq dayanıb baxırdı. Ağ saçları üz-gözünə tökül­müşdü. Əvvəlcə qorxa-qorxa, qorxudan inildəyə-inildəyə geri çəkil­dilər, sonra beli, kürəyi atıb qışqıra-qışqıra kəndə sarı qaçmağa başladılar.

– Ooooo...

– Uuuuuu...

Bu, insan səsinə bənzəmirdi.

Haray, qışqırıq səsləri kəndə çatanacan kəsilmədi.

Qalxıb torpaq topasının üstündə oturdu. Başdaşını çıxarıb böyrü üstə atmışdılar. Ay işığında adını-familiyasını oxu­du. Doğum-ölüm tarixinə baxdı. Qırx yeddi il...

Düşüb qəbirdən kəfəni çıxaranda apaydın görünən qəbir çuxuruna, bir həftə gecə-gün­düzün nə olduğunu bil­mədən yat­dığı yerə baxdı. Qəbrin içərisi o dərəcədə vahi­məliydi ki, ixti­yarsız olaraq əli-ayağı titrəməyə başladı. Müvazinətini itirib yıxılmamaq üçün özünü güclə saxladı.

Handan-hana özünə gəldi. Onun varlığını sarsıdan bu qəbir yerində bir həftəni necə uzanıb qaldığına heyrət eləyirdi. Necə olmuşdu ki, ürəyi partlayıb ölməmişdi. Necə olmuşdu ki, qaranlıq, ümidsiz, bir yerdə bu qədər dözüb dayana bilmişdi. «Bəs onda niyə deyirlər insan ümidsiz yaşaya bilməz. O ki, heç nəyə ümid eləmirdi. Yerin təkində, əlini-qolunu güclə tərpədə bildiyi kəfən arasında axı heç nəyə ümid qalmırdı, uzanıb ölümü gözləməkdən savayı bir iş qalmırdı. Bunu bilə-bilə, bu acı həqiqəti dərk eləyə-eləyə necə oldu ki, sağ qaldı... ».

İndi qəbrin içərisində, onun vahimə doğuran divar­larına baxdıqca özü-özünün dözümünə, dəyanətinə heyrət eləyirdi.

Sonra kəfənin torpağını çırpıb qoltuğuna vurdu, birtəhər qəbir yerindən çıxdı.

Neçə gündən bəri kəfən içərisində uzandığı qəbrin bür­küsündən sonra isti yay gecəsi belə ona soyuq gəlirdi. Səhərə yaxın olduğundan əsməyə başlayan xəfif mehdən üşüyürdü. Kəfəni çiyninə atdı ki, bir qədər canı qızsın.

Bütün bu əhvalatlardan sonra da hər şey ona yuxu kimi gəlirdi. Elə bil hələ yuxudan ayılmamışdı, haçansa ayılacaqdı və keçirdiyi bu qara-qorxular gül­məli görünə­cəkdi özünə.

Qəbiristanlığa qeyri-adi bir səssizlik çökmüş­dü. Bayaq qışqıra-qışqıra kəndə sarı qaçıb gedən o iki nəfərin səsi hələ də qulaqlarından getməmişdi. Uzaq­dan, kəndin içərilərindən arabir itlərin hürüşmə səs­ləri gəlirdi.

Başdaşıları ayın solğun işığında qaralırdılar. Özgə vaxtlar gecənin bu vədəsi qəbiristanlığın yanından keçməyə ürək elə­məzdi, ancaq indi səssiz-səmirsiz torpaq topası üstündə otur­muş­du və özünü, taleyini düşünürdü. Bilirdi ki, nə vaxtsa yenə bu yurda gələcək, bu torpağa qovuşacaq.

Cavanlıqda gözəl bir qaraçı qızı falına baxarkən iki dəfə öləcəyini söyləmişdi. O zaman iki dəfə ölməyin nə olduğunun fərqinə varmadığından cır-cındır içərisində işıq saçan qaraçı gö­zəlinin sözlərinə məhəl qoymamışdı. İndi illərin uzaqlığından birdən-birə har­dan­sa qa­raçı qızının sözlərini xatırladı.

«İndi evdə neyləyirlər görəsən? Bayaq o iki nəfərin söhbətinə görə basdırıldığı vaxtdan yeddi gün keçir, yəqin ki, sabah yeddisini verəcəklər. İndi güman ki, səhərin bütün hazır­lıq işlərini görüblər. Arvadını yaxşı tanıyır, bu günün işini qə­tiy­yən səhərə qoyan deyil, mini min söz desə də fərqi yoxdu, öz bildiyi ilə gedəcək. Sabah yəqin ki, həyət qohum-qonşuyla dolu olacaq. Zarafat deyil, qırx yeddi yaş nə ömürdü ki... İndi hamı arvadına vaxtsız dul qaldığı üçün təsəlli verir. Görəsən, uşaqlar neyləyir, atalarının ölümüylə barışa bilirlərmi? İllah da bala­cası? Onu elə istəyirdi ki, axşamlar işdən qayıdanda uşaq az qalırdı sevincindən dəli ola. Çox güman ki, anası onun öl­düyünü uşaqdan gizli saxlayır. Hələ balacadı, ağlı kəsmir, birtəhər aldatmaq olar. Yəqin qızcığaz axşamlar, onun işdən qayıdan vaxtı kürrük eləyir. Görən anası onu necə ovundurur?.. İndi neyləsin? Gecənin bu vaxtı gedib evinin qapısını döysə, ina­narlarmı dirilib gəlməyinə? Deməzlərmi bu vədə torpağın altın­dan nə təhər çıxıb gəlmisən bura? Ancaq başqa çıxış yolu da yoxdu, indi getməsə, günün günorta çağı çıl-çılpaq necə qa­yıda bilər? Hər halda evə dönmək üçün kəndin yatmış vaxtı da­ha münasib olar...».

Düşüncələr birdən-birə onu elə qoynuna aldı ki, hər şeyi unutdu. İndi gecənin bir aləmi, bir vaxt uzaq səfərlərdən qa­yıtdığı kimi gözlənilmədən qapını dö­yüb evə girəcək. Uşaqlar atalarının gəlişinə yuxudan oyanacaqlar, sevindiklərindən uç­ma­­ğa qanadları olma­yacaq.

Ay qəfildən buludların arxasında gizləndi. Qəbiristanlığa qatı qaranlıq çökdü, bir andaca hər şey bu qatı qaranlığa qarışıb yox oldu. Bu qəfil qaranlıqdan sümükləri səksəndi, yerin altında, qəbirdə keçirdiyi o dəhşətli günlərin mənzərəsi bir an­daca gözləri önündən keçib getdi. Ay buludların arxasından çı­xıb ətrafı işıqlandırana kimi özünə gəlmədi.

Kəfənin bir ucunu çiyninə atdı, o biri ucunu belinə do­ladı. Ay işığında vahimə tökülən boş qəbrə son dəfə nəzər sa­laraq kəndə sarı yönəldi.

Qəbiristanlığı tamam qazıb tökmüşdülər, qə­bir­lərin yerin­dən qara-qara çuxurlar baxırdı. Ha fikirləşirdisə, bu qəbirlərdən nə üçün meyitlərin, sür-sümüklərin qazılıb çıxarıldığını anlaya bilmirdi. Qə­bir çuxur­larına yıxılmamaq üçün addımlarını ehti­yatla atırdı.

Qəbiristanlığı keçib kəndə aparan yola çıxdı. Yol ağap­paq ağırırdı. Bir həftə bundan qabaq tabutda, adamların çiy­nində bu yolu gəlmişdi, ancaq o zaman necə gəlməyindən xə­bəri olma­mışdı. İndi ağappaq ağa­­ran yolla yeridikcə qəbiris­tanlığa gələn insan dəstəsi və bu dəstənin başı üzərindəki ta­but gözləri önün­­də canlanırdı.

Kəndin işıqları sayrışırdı. Bayaq qışqıra-qışqıra kəndə sa­rı yüyürən o iki nəfərin səsinə qalxan itlərin hürüşməsi hələ də kəsməmişdi. Bu səs ona ürək-dirək verirdi.

Budur, gəlib kəndə girən yolların ayrıcında da­yanır. Bu yolların ikisi kəndin içinə aparır, biri isə çayın yaxasıyla onun evinə gedir. Xoşbəxtlikdən evi kəndin ətəyindədi, itləri yuxudan eləməyəcək.

Çayın suyu tamam çəkilib; yayda az-az hallarda su olur burda. Ancaq qurbağaların səsi gəlir, hardasa çayın yata­ğındakı gölməçələrdə gecənin sərinliyindən, kimsəsizliyin­dən həzz ala-ala oxuyurlar. Gecənin səssizliyində bu səs ona o qədər doğma gəlir ki, sanki neçə illərin ayrılığından sonra ilk dəfə bu səsi eşidir.

Tini burulan kimi evinin yerləşdiyi səmtə baxdı. Gündüz olsaydı, evin damı apaydın görünərdi, ancaq indi ağacların ara­sından evin kirəmidli damını seçmək çətin idi. Təkcə yeri­dikcə ağacların arasından süzülüb gələn şüalardan bildi ki, eyvanın işığı yanır, arvadı həmişəki kimi işığı bilərəkdən söndürməyib.

Yavaş-yavaş evə yaxınlaşır. Bir azdan küçənin başına çatanda həyət qapısı aydın görünəcək.

Evə yaxınlaşdıqca özü də bilmədən ürəyi titrə­yir. İndi­yənəcən keçirmədiyi qəribə hisslər var­lı­ğını bürüyür. Get-gedə vücuduna dolmağa başlayan qorxu hissi onu əvvəlki kimi yeri­məyə qoymur, saxlayıb düşünməyə, hərəkətlərini ölçüb biçmə­yə vadar eləyir.

Darvazaya çatıb dayandı. Kənardan baxanda küçədə, hə­yət qapısında, qapının taxtaları arasından həyətin görünən ye­rində heç bir dəyişiklik gözə dəymirdi. Elə bil bu evdə, bu həyətdə adam ölməmişdi, yas düşməmişdi, hər şey necə qoyub getmişdisə, eləcə qalırdı.

Eyvanın zəif işığı həyətin gündoğana baxan tərəfini işıq­landırır, sütunların və evin qənşərindəki əbrişim ağacla­rının kölgəsi həyət qapısınacan uzanırdı.

Qapını yavaşca itələdi. Açılmadı, hiss elədi ki, cəftəni vurmaqdan əlavə arxasına dəmir ling söykə­yiblər. Qapının cəf­təsini bayırdan açmaq üçün barmağın zorla yerləşə biləcəyi ba­laca deşik vardı. Barmağını salıb yavaşca cəftəni itələdi. Cəftə açıldı. Son­ra səssizcə qapını itələdi. Ancaq qapının arxa­sına söy­kənmiş dəmir ling onu açılmağa qoymurdu. Çiynini qapıya söykəyib var gücüylə itələdi. Qapı bir qədər aralandı və birtəhər özünü içəri saldı.

Həyətdə elə sakitlik idi ki, ürəyinin döyüntüsü eşidilirdi. Evin pəncərələrindən qaranlıq tökülürdü. Ayaqlarının ucunda yeriyirdi ki, səs-küy salmasın. Elə bil aradan bir həftə yox, uzun illər keçmişdi.

«...Niyə belə ehtiyatla yeriyir? Nədən çəkinir? Bu evi, həyəti öz əliylə qurub düzəltməmişdimi? Bəs niyə oğurluğa ge­dirmiş kimi qorxa-qorxa yeriyir?».

Ayaqlarının ucunda yataq otağının pəncərəsinə yaxın­laşdı. Başını pəncərənin dəmir şəbəkəsinə söykəyib içəri baxdı. İçəri qaranlıq idi və pəncərənin qabağına qoyulmuş güzgüdən başqa heç bir şeyi seçmək mümkün deyildi. Xeyli boylansa da, bir şey görə bilmədi. Pəncərənin qabağından çəkildi.

Ay işığında kölgəsi evin divarına düşürdü və hərəkət elə­dikcə uzanıb qısalan kölgəsinin vahiməsi onu basırdı, ona görə də kölgəsinin vahiməsindən qurtarmaq üçün qaranlığa çəkildi.

Bir müddət evin işıq tutmayan səmtində dayanıb gözlədi. Özü də bilmirdi ki, niyə gözləyir. Ona elə gəlirdi ki, indicə qapı açılacaq, onun pəncərədən baxdığını görən arvadı çıxıb içəri səsləyəcək. Ancaq vaxt keçir, qapı açılmırdı. Gözləməyə isə səbri çatmırdı.

Təzədən pəncərəyə yaxınlaşdı. Dəmir şəbəkələrin arasın­dan içərini bir xeyli süzdü. Fərqi yoxdu, heç bir şey seçə bil­mədi. Çağırmaq lazım idi, başqa cür evdəkiləri oyatmaq müm­kün deyildi. Ancaq necə ça­ğırsın? Burdan, pəncərənin qaba­ğından çağırsa, ayılan kimi yuxulu-yuxulu onun kölgəsini görüb qorxa bilərlər. Bəs onda neyləməlidi?

Pəncərənin qabağından çəkilib evin qənşərindəki əbrişim ağacının yanında dayandı. Arvadını burdan səsləmək daha mü­nasib olardı. Çünki arvadı çağırışına eyvana çıxan kimi onu gör­məliydi. Onu çağıranın kim olduğunu yəqinləşdirmək üçün ey­vanda dayanıb gözləri ilə qaranlığı axtarmalıydı. O da ey­vandan bir qədər aralı, evin qənşərindəki əbrişim ağacının altın­da hər şeyi necə var izah eləyə bilərdi. Güman ki, arvadını inandıra biləcək. Axı, burda nə vardı ki... Sadəcə olaraq onu sətəlcəm tutmuş, ölmüş bilib dəfn eləmişdilər. Taleyi elə gətirib ki, yerin altından, qəbir evindən təsadüf ucundan qurtara bilib. Yox, güman ki, arvadı bütün bunların baş verdiyinə inanacaq. Arvadını inandıra bilsə, uşaqları da inanacaq, inandırammasa heç.

Bütün gücünü toplayıb özünü ələ aldı, yavaşca arvadını səslədi:

– Qəmər...

Ancaq elə bil səsi çıxmadı, səsini təkcə özü eşitdi. Buna baxmayaraq bir xeyli gözlədi. Gözlədi ki, bəlkə çağırışına səs verələr.

Sonra bir də:

– Qəmər, - dedi və yenə nəfəsini udub gözlədi ki, indicə qapını açacaqlar. Ancaq içəridən səs gəlmədi. Bir anlığa ona elə gəldi ki, evdə heç kəs yoxdu, otaqlar bomboşdu, onun ölü­mün­dən sonra Qəmər uşaqlarını da yığışdırıb gedib atası evinə. Nahaq bu həyətdə qorxa-qorxa, çəkinə-çəkinə addımlayır. Bəl­kə gedib eyvana çıxsın... Evin qapısının açıq olub-olma­dı­ğını yoxlasın... Ancaq getmədi, Qəmərin evdə olub-olma­dığını yə­qin­ləşdirmək üçün bu dəfə hündürdən:

– Qəmər! - deyə çığırdı.

Özü öz səsindən diksindi.

– Qəmər, ay Qəmər! - Bir də çağırdı.

Qapı yavaşca aralandı. Qəmər gecə paltarında saçları dağınıq halda eyvana çıxdı. Bir əlilə yaxasından tutaraq o biri əlilə qapını arxasınca çəkdi. Sürahının kənarına qədər gəlib həyət qapısına sarı:

– Ay adam, kimsən? - deyə soruşdu.

Söykənib dayandığı əbrişim ağacından aralanıb:

– Mənəm, Qəmər, - dedi.

Qəmər səsin darvaza səmtindən yox, evin qənşərindən gəldiyinə diksindi, söykəndiyi sürahıdan bir az geri çəkildi. Ancaq dayanıb gözlədi ki, həyətin ortasından gələn bu səsin, ona son dərəcə tanış gələn bu səsin sahibini tanısın.

Bir az da qabağa yeriyib qaranlıqdan çıxdı:

– Mənəm, Qəmər, - dedi, tanımadınmı? Əlişəm, dirilib gəl­mişəm.

Qəmər ay işığında ağappaq kəfənə bürün­müş, başdan-ayağacan ağappaq tük gətirmiş, onun əri olduğunu deyən bu qəribə məxluqu görcək dəhşətli səslə çığırdı və qayıdıb otağa qaçmaq istədi. Ancaq dönməyə, qayıdıb özünü otağa salmağa imkan tapmadı, özündən gedərək tirtap yerə yıxıldı. Qəmərin çığırtısı gecənin səssizliyi boyunca yayılaraq əks-səda verdi.

İstədi eyvana çıxıb Qəmərin qolundan tutub evə aparsın, uşaqları oyatsın, hər şeyi necə varsa, olduğu kimi onlara başa salsın. Ancaq pilləkənləri yarıya qədər qalxmışdı ki, içəridən tuman-köynəkdə cavan bir adam çıxdı. Eyvanın işığında göz-gözə gəldilər; Əliş qapıbir qonşuları olan Məsinin oğlunu tanıdı və hiss elədi ki, oğ­lan gecənin bu vədəsi arvadın səsinə çıxıb eyvanda onu görməyiylə özünü itirib, o da arvadı kimi bu saat, bu dəqiqə özündən gedib yıxılacaq. Məsinin oğlu bunu hiss elədiyin­dənmi, yoxsa gecənin bu vədəsi ləzzətlə yatdıqları yer­də peyda olmuş bu qəribə məxluqdan qorxduğundanmı yavaş-yavaş dalı-dalı çəkildi və özünü içəri saldı.

Qəmər hələ də eyvanda yıxılıb qalmışdı, huşu özündə deyildi.

Pilləkəndəcə dayanıb durmuşdu, bilmirdi qalxıb Qəməri evə aparsınmı, ya yeddisi çıxmamış onun evinə soxulan, ar­vadıyla, eyş-işrətə qurşanmış Məsinin oğlunu boğub öldürsün­mü, yoxsa necə gəlmişdisə eləcə çıxıb getsinmi? Çünki işin belə olacağını qətiyyən gözləmirdi. Ağlına da gətirməzdi ki, iyirmi beş illik ailə həyatı boyu sevib inandığı bir qadın yeddisi çıx­mamış belə bir işə qurşansın, yaslı-yaslı evinə oynaş gətirsin.

Qapı təzədən açıldı. Məsinin oğlu əlində qoşalülə tüfəng evdən çıxdı. Qan beyninə vurdu. Bildi ki, bircə an ləngisə gül­lə təpəsinə çaxılacaq. Dəli kimi yerindən qopub həyət qapısına tərəf götürüldü. Sol əlilə dəmir lingi qapının arxasından götürüb selbələdi ki, bayıra çıxıb qaça bilsin. Qapıdan çıxhaçıxda güllə açıldı. Sol qolunun istiləşdiyini hiss elədi.

Qəbiristanlığacan dayanmadan yüyürdü. Yüyü­rə-yüyürə hərdən çevrilib arxasına baxırdı ki, əli tüfəng­li arxadan onu qovurlarmı... Ancaq qaranlıqda gözləri heç nə seçmirdi. Səhər üzü olduğundan hava daha da qatı qaranlığa qərq olmuşdu.

Qəbiristanlığa çatıb dayandı. Sol qolunu əlilə sürtüb yox­ladı; qan içərisində idi. Bayaq açılan güllə qoluna dəymiş, dir­səkdən azca yuxarı əzələsini deşib keçmişdi.

Ancaq qolunda ağrı hiss eləmirdi. Bir gecədə qısa zaman ər­zində baş vermiş bu dəhşətli və gözlənilməz hadisələrdən ta­mam özünü itirmiş, hissləri, duy­ğuları korşalmışdı.

Qəbrin torpağı üstündə oturub bir neçə saat bundan qabaq ona vahiməli görünən çuxura baxırdı. İndi qəbir çuxuru adi bir quyu kimi gəlirdi ona. «...Ömür, həyat necə də məna­sızmış... İn­san niyə gəlir dünyaya görəsən, niyə yaşayır, bu dün­yadan apardığı nədi?.. Tale, alın yazısı nə olan şeydi, niyə insan bun­lardan qaça bilmir, qurtula bilmir».

Hava get-gedə işıqlaşırdı. Uzaqda gündoğan səmtində göyüzü qızarmağa başlamışdı. Bir azdan bu qızartı bütün gün­doğan səmtini bürüyəcək, səhər açılmağa başlayacaqdı. Tor­pağın altında neçə vaxtdan bəriydi ki, işıq, aydınlıq axtarırdı. Ancaq indi dan yeri qızardıqca hiss elədi ki, o, işıq, aydınlıq istəmir, bəlkə qırx yeddi illik ömründə ilk dəfə olaraq qaranlıq istəyir, zülmət istəyir...

Üstündə oturduğu qəbrin torpağından bir ovuc götürdü. Qazılıb çıxarılmasaydı, illərlə bu torpağın altında yatacaqdı, çürüyüb bu torpağa qarışacaqdı. Və birdən-birə qazılıb torpağın altından çıxarıldığına, taleyin bu qəribə, gözlənilməz oyununa acıdı. Özünə yazığı gəldi.

Gündoğan səmtində üfüqlər qan içindəydi. Səhərə az, lap az qalırdı. Bir azdan hava tamam işıqlaşacaqdı. «... Bəs o bun­dan sonra neyləyəcək, necə yaşayacaq, kimin üçün yaşayacaq?.. Onun sadə bir təsadüfdən xilas olduğuna, xortdamadığına ina­nacaqlarmı?.. Lap inansalar belə, bundan sonra yaşamağına də­yəcəkdimi? Axı bundan sonra evinə, ailəsinə qayıda bilməyə­cəkdi...».

Hava işıqlaşdıqca, səbri tükənirdi. Nə edəcəyini bilmirdi. Eləcə qəbrin torpağı üstündə oturub gözlərini çuxura zilləmişdi. Elə bil yer üzündə tək o qalmışdı, bu başdaşları qalmışdı, bir də bir həftə gecə-gündüz nə olduğunu bilmədən yaşadığı bu qəbir çuxuru qalmışdı.
* * *
Bütün bu əhvalatlar bir də, bir də yaddaşından keçdikcə Əliş bunların öz başına gəldiyinə inanmırdı.

Bel-külüng səsləri birdəncə kəsildi. Başını qaldırdı. Adamlar əl saxlayıb Həlimə qarının tamaşasına durmuşdular. Çal saçları boyun-boğazına tökülmüş Həlimə qarı qucağında qara-qara daşlar ayaqyalın qəbiristanlığın içərisiylə fır-fır fırlanırdı. Bayaqdan bəri neçə dəfə qazılıb köçürülmüş qəbirlər arasında oğlunun qəbir çuxurunu tapıb itirmişdi.

Uşaqları xısın-xısın ağlaya-ağlaya analarının dalınca düşmüşdülər, ancaq arvad heç kəsi yaxına buraxmırdı.

Handan-hana axtarıb oğlunun qəbir yerini tapdı. Qazılıb tökülmüş yumşaq torpağın üstündə oturaraq qucağındakı daşları dizlərinin üstünə qoyub oxşamağa başladı. Qucağındakı daşları elə oxşayıb əzizləyirdi ki, deyirdin daşlar canlıdı, ətinin-canının ayrılmaz parçasıdı. Həlimə qarı oxuyurdu, oynayırdı, gülürdü, qucağındakı daşları sığallaya-sığallaya, oxşaya-oxşaya öz-özü­nə danışırdı, daşlarla söhbət elə­­yirdi.

– Oğul, - deyirdi, çox gözlədim yolunu, bilirdim gələ­cək­sən, ananı gözü yolda qoymayacaqsan. Day gözlərim yığıldı yollardan, indi rahat ölə billəm.

Ətəyindəki daşlar oğlu Əvəzin qəbrindən çıxmışdı. Əvə­zin necə öldüyü indinin özünəcən qaran­lıq­dı. Əsgərlikdən ölüm xəbəri alınandan bir həftə son­­ra meyiti iki nəfər əsgər qutudaca gətirmişdi. Dəfn zamanı qutunu açmağa icazə veril­məmişdi. O iki əsgərin göstərişilə meyit elə qutudaca torpağa qoyulmuşdu.

İlahi, o vaxt Həlimə qarı nə müsibət açmışdı. Taxta qu­tunu dırnaqlarıyla necə didirdi, əlləri ilə necə sürtüb oxşayırdı, qutunun başına necə fırlanırdı. İndi qəbirdən oğlunun cəsədi əvəzinə daş-kəsək çıxdığını biləndə qarı havalanmışdı. Uşaqları nə illah eləmişdilərsə, analarından gizlədə bilməmişdilər. Hansı bir gizli qüvvəsə arvadı çəkib qəbiristanlığa gətirmişdi. İndi bilmirdilər daş-kəsəyi nə adla dəfn eləsinlər. Qəbir yerini itir­mək ondan da ağırdı.

– Bizi qarğıyanı allah qarğısın, - Əvəzin böyük bacısı, qardışının ölümündən bu yana yas paltarını əynindən çıxar­mayan qaragünlü Sona əllərini göyə açıb qarğış tökürdü.

Uşaqları nə illah eləyirdilərsə, daş-kəsəyi arvadın əlindən alıb analarını evə qaytarammırdılar.

– Toxunmayın mənim oğluma, - deyirdi, - oğul doğma­mısız mənimçün, yeri-göyü dağıdaram.

Qardaşının ölüm xəbəri gələndə nişanlı olan Sona düz iki il sonra ərə gedəndə də o qara paltarda gəlin köçmüşdü. Bu günəcən əynindəki o qara paltarı çıxarmağı qardaşı Əvəzə xəyanət bilirdi.

Qaragünlü Sona tamam başını itirmişdi. Ona elə gəlirdi ki, qardaşını qarğıyıb daşa döndəriblər. Həlimənin qucağındakı qara-qara daşlara qəribə bir qorxuyla baxırdı, elə bil daşlarda anlamadığı, dərk eləmədiyi bir sirr vardı.

Daşın üstündə oturub baxırdı. Adamların içərisində üst-başı toz-torpağa bulaşmış ərlə-arvad səhərdən bəri o yan-bu yana qaçırdılar. Qəbiristanlığı bəlkə azı min kərə belədən-belə gəzib dolaşmışdılar. Kirpiklərinəcən toz-torpağın içərisindəy­dilər. Adamlardan ayrılaraq bir kənarda dayanıb baxırdılar, sonra ər qabaqda, arvad əlində bel arxada qəbiristanlığa girir­dilər, çala-çala qəbir yerlərinin arasıyla yavaş-yavaş keçib ge­dir, diqqətlə qəbir yerini axtarırdılar.

Sonra gəlib onun oturduğu daşın yanında da­yandılar. Yolçuyla Pəriydi; əyin-başları elə gündəydi ki, ikicə addım­lıqdan tanımaq olmurdu.

Yolçuyla Pərinin uşağı təzə doğulmuşdu və xəstəxanadan çıxarandan bir həftə keçməmiş tələf olmuşdu. Uşaq boğulub ölmüşdümü, anasının altında qalmışdımı, bilinmirdi. Ancaq qonşular uşağın ölməyindən iki gün sonra xəbər tutmuşdular. Ata-ana körpəyə veriləcək yüz manat pulu əldən çıxarmamaq üçün onun ölməyini hamıdan, qohum-qonşudan belə gizlə­mişdi... Uşağı gecəykən yuyub qəbiristanlığa aparmışdılar. Qa­ran­lıqda kimsəsiz qəbiristanlıqda ərlə arvad külünglə qəbir qazmışdılar. Cəmi yeddicə gün ömür sürmüş körpəni gizlicə yaş torpağa tapşırıb səhər üzü evə dönmüşdülər. Səhər evdə uşaqlara bərk-bərk tapşırmışdılar ki, körpənin keçindiyini heç kəsə deməsinlər. Kişi gedib körpəyə veriləcək pulu almışdı.

Camaat yalnız bundan sonra uşağın tələf olmağını bil­mişdi.

O gündən arvad yata bilmirdi, səhəri dirigözlü açırdı. Yuxusu qaçaq düşmüşdü, ha çalışırdısa gözlərinə yuxu get­mirdi. Əri aparmadığı həkim, göstərmədiyi baxıcı qalmamışdı. Deyirdilər ki, qorxub, keçib gedəcək. Ancaq yuxusuzluq keçib getmirdi, uzun gecəni səhər eləyənəcən onunku ona dəyirdi.

Gecənin bir aləmi arvad qalxıb yatağında otururdu. Əri də yatammırdı. Arvadı bu bəlaya düçar olandan onun da yuxusu çəkilmişdi.

– Uzan, gözlərini yum, - deyirdi, - yüzə qədər say.

Arvad ərinin dediyi sayaq uzanıb gözlərini yumurdu, başlayırdı saymağa.

– Bir, iki... on beş, otuz doqquz... yüz, yüz bir...

Fərqi yox idi, yuxusu gəlmirdi ki, gəlmirdi. Uşağı dəfn elədikləri gecə, o gecənin vahiməsi canına hopmuşdu, heç cür o qorxunu, vahiməni canından çıxara bilmirdi.

– Axı niyə qoymadın uşağı el adətilə dəfn elə­­­yək, sənə demədimmi haram düşmür bizə.

– Sənin nə vecinə... Bir çətən külfət saxlayıram mən. Birini bilirsən, birini yox.

– Acından ölməyəcəkdik ki... Pis-yaxşı dolanırdıq.

– Yıxıl yat, arvad! Yum gözlərini, yuxuya gedənəcən say.

– Yata bilmirəm, Yolçu, başa düşürsən? Yuxusuzluq öldürür məni. Düz on gündü yata bilmirəm.

– Səhər aparacam səni Molla Məhəmmədin yanına.

– Yolçu, sən atanın goru, çıxar evdən o yüz manatı. İndiyəcən bizə nə gəlibsə tamahdan gəlib.

Beləcə arvad günlərlə gecəni dirigözlü açırdı. Səhər qal­xıb görürdülər ki, arvad yatağının içində oturub.

– Gecə bayıra çıxmağa qorxuram, - deyirdi, - hara baxı­ramsa, uşaq gözlərimə görünür. Yoxsa çıxıb bayırda gəzərəm.

Qəbiristanlığın üstüylə yol çəkilməsinə arvad ayrı cür baxırdı. Elə fikirləşirdi ki, uşağı tamaha qurban verdikləri, el adətiylə basdırmadıqları üçün bu yol çəkilir.

– Sənə dedim axı o vaxt, çıxar tulla evdən o yüz manatı, gör bir başımıza nələr gətirdin...

Yolçu üst-başı toz-torpaq içində dayanıb baxırdı. Arva­dının sözlərini eşitmədi. Onu fikir götürmüş­dü. “Axı harda bas­dırmışdılar bu körpəni? İndiki kimi yadındaydı, gecə qəbiris­tanlığın qapısından keçib necə getdilər, hansı qəbirlərin yanın­dan ötdülər. Son­ra köhnə qəbirlərin arasında torpağı qurumuş otlardan təmizləyib külünglə balaca qəbir qazdılar. Üstünə də balaca başdaşı sancdılar ki, qəbrin yeri itməsin. İndi necə ol­muş­du qəbir, hara qeyb olmuşdu?».

Qəbiristanlığın köçürülməsi söhbəti qalxandan ər-arvad əl-haya düşmüşdülər. Elə həmin günün səhəri ikisi də obaş­dannan durub qəbiristanlığa gəlmişdilər. Bir ay bundan əvvəl basdırılmış uşağın qəbri yoxa çıxmışdı. Qəbiristanlığı aşağı-yu­xarı neçə dəfə gəzmişdilər, ancaq qəbir tapılmırdı ki, tapılmırdı.

Evdən çıxıb həmin gecə uşağı dəfn eləməyə apardıqları yolla gəlirdilər. Hansı yolla keçib gəldiklərini fikirləşə-fikirləşə gəlib qəbiristanlığın ortasına çıxırdılar. Ancaq qəbir tapılmırdı, qayıdıb yolu bir də gəlirdilər. Fərqi yox idi. Sonra bir dəfə gecə yarısı arvadı Yolçunu durğuzub qəbiristanlığa gətirmişdi ki, bəlkə qaranlıqda gəldikləri yolu yaddaşında bərpa eləyə-eləyə qəbrin yerini tapa. Qaranlıqdan üşənə-üşənə o qədər yolu piyada gəlmişdilər. Ayın tutqun işığında qəbirlərin arasıyla dan yeri ağaranacan o qəbri axtarmışdılar. Ancaq yenə qəbri tapa bilmirdilər ki, bilmirdilər.

Yolçunun üst-başına baxdı, günəşdən yanıb qaralmış sifə­tinə baxdı; yazığı gəldi. Üz-gözünün ifadəsində tutduğu işdən it kimi peşiman olduğu bilinirdi. Və onu da hiss elədi ki, uşağın qəbrini tapıb köçürməyincə, arvadının özünə gələcəyinə, yaşa­yacağına inanmır.

Keçib onun yanında, daşın üstündə oturdu. Arvadı Yolçu­dan aralanıb adamlara qarışdı. Günün günortadan keçdiyini bildiyindən başa düşürdü ki, uşa­ğın qəbri bu gün tapılmalıdı, hava qaralanacan tapılmasa, sonra gec olacaq.

Göz-gözə gəldilər, hiss elədi ki, Yolçu danışmağa, dər­dini bölüşməyə adam axtarır. Ancaq o danışmaq istəmirdi, heç kəslə kəlmə belə kəsmək istəmirdi. Gördüyü bu mənzərə o qədər sarsıdıcıydı ki, danışmağa özündə güc belə duymurdu.

Aradan nə qədər keçdiyini bilmədi. Bir də başını qaldı­randa gördü ki, Pəri tozun-torpağın içərisində adamlardan ayrı­lıb ona sarı gəlir. Gəlib ərinin qabağında dayandı:

– Nə oturmusan burda, görmürsən axşam düşür, bəsdi dincəldin, qalx görək neynirik. - Arvad bunu deyib əlini qaşına qoyaraq günbatan səmtə baxdı ki, görsün günün hansı vaxtıdı.

Yolçunun tükü də qımzanmadı, elə bil arvadının sözlərini eşitmirdi.

– Səninlə deyiləm? Görmürsən qaş qaralır?

– Gəl otur dincini al, həlak eləmə özünü, cəhənnəm olsun hər şey...

– Başına at təpibdi nədi, uşağın qəbri tapılmasa, dəli ollam bu gün haqqı, - arvad əllərinin ikisini də birdən günəşə sarı uzatdı.


Yüklə 446,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə