Hüseynbala mirəLƏmov qumru yumurtalari



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix25.10.2023
ölçüsü0,72 Mb.
#130720
1   2
qumru-yumurtalari

E P İ L O Q 
- Allah bu mərhumun günahını bağışlasın. Cəmi cavanlara doğru yol nəsib 
etsin! Biz hamımız bir-birimizin dərdinə laqeydik, bir məhəllə biri digərindən 
xəbər-ətərsizdi. Axirətimizi dünya malına qurban veririk...
- Narkomaniya cavanlarımızın axırına çıxdı…
- Toppuş Əntiqə yas məclisində qadın mollası ilə elə danışdı ki, sanki 
gömrükçülər üç il əvvəl onun – əli Quranlı, başı hicablı qadının alt paltarını 
çıxarıb, güngörməz yerində gizlətdiyi kokain paketini tapmamışdılar.
Göyçək arvad içində yanıb-qovrulurdu: indiyə kimi özünə bacı, övladına 
doğma xala bildiyi alverçi Toppuş Əntiqəni Yusifin ölümündən sonra məhəllə 
cavanlarının qənimi hesab edirdi. Bəs, Göyçək arvad özü kim idi? Ağ ölüm 
mələyinin rəfiqəsi, bəlkə də köməkçisi, axı, dəfələrlə onun çantalarını daşımışdı. 
Əvvəllər yol yoldaşları, ya da kömrükçülər onu Toppuş Əntiqənin şəriki 
bilirdilər...
Keçid məntəqəsində çalışan tipik azərbaycan kişisinin qadına – anaya 
hörmət və ehtimadından sui-istifadə edən Toppuş Əntiqə üzdə özünü arxasız-
köməksiz göstərsə də, əslində, başqa cür idi. Əcnəbi tacirlə tanışlığı onun 
həyatını birdən-birə tamam dəyişmişdi. Onda Əntiqə hələ belə toppuş deyildi. 
Göyçək arvad kimi arıq-uruğun biri idi. Eyni maldan aparıb, eyni maldan alıb 


90 
gətirirdilər. Amma Əntiqə az qazanca qane olmurdu. Getdikcə şişirdi – toppuş 
olurdu.
Bir gün Göyçək arvad onun nə üçün şişdiyinin şahidi oldu. Narkotik 
maddə ilə yaxalanan Toppuş Əntiqə heç nəyi boynundan ata bilmədi. Sən demə, 
yığdığı var-dövləti, qızına verdiyi bahalı cehizi, bağışladığı daş-qaşları o 
zəhrimardan qazandığı pullarla alırmış. Kaş əvvəldən ona qoşulmayaydı. Bəlkə 
elə o da Toppuş Əntiqə qədər Yusif kimi oğulların ölümündə günahkardır? Axı, 
dəfələrlə üst-başlarını gömrükdə axtaranda, o, növbənöv zəhrimarı harasında 
gizlətdiyini bilirdi!.. Bəlkə də onlarla Yusifi kimi gəncin həyatını xilas edə 
bilərdi?.. Amma, elə bil, Toppuş Əntiqə dilini-ağzını bağlamışdı. Budur, nifrət 
etsə də, Toppuş Əntiqənin maskasını yırtmağı, nədənsə, özünə ar bilir. Bəlkə 
qorxur? Züleyxanın hamilə olduğunu dediyi axşam ona söz atmışdı: «Cəlladın 
həbsxanadan çıxıb, səni axtarır, ehtiyatlı gəz-dolan».
Toppuş Əntiqənin hər yerdən, hər şeydən xəbərdar olması son vaxtlar 
Göyçək arvadı narahat etməyə başlamışdı. Ona elə gəlirdi ki, bu qəddar qadın 
hətta qızının da Nəsibdən deyil, Yusifdən uşağa qaldığını bilir, amma özünü o 
yerə qoymur.
Toppuş Əntiqə hüzür mərasimini yola vermək üçün bədənini əsdirə-əsdirə 
üçdə, yeddidə dəfələrlə canfəşanlıq elədi, özünü ona-buna səxavətli göstərmək 


91 
üçün Göyçək arvada puldan-paradan yardım etməyə cəhd göstərdi. Amma 
Göyçək arvad razı olmadı: 
- Başdaşının xərcini Ema çəkib, mən də ev-eşiyimdə qiymətli nə vardısa, 
hamısını satmışam... 
Toppuş Əntiqə dedi: 
– Hər şey alnımıza necə yazılıbsa, elə də olacaq. Bizim cəhdimiz əbəsdir. 
İnsanın aqibəti özündən asılı deyil. Züleyxa Nəsibə zəng edib, o da deyib qırxa, 
yəni, ayın axırına özümü çatdıraram. Zülü özü gələ bilməyəcək... Gərək üzürlü 
sayasan… Yazıq bu qədər əziyyət çəkib, uşağı sağ-salamat doğsun deyə dava-
dərmana bir ətək pul verib!.. Qorxur ki, gəlib burda ağlaşmanı eşidər, Allah 
eləməmiş, uşağı salar...
Toppuş Əntiqə səsini içinə salıb, gah xısın-xısın, gah da yasda olduğunu 
unudub bərkdən danışırdı: 
– Bakıda nə qədər ocaq var, hamısına nəzir-niyaz eləmişəm ki, Allahın 
altında balam sağ-salamat doğsun!.. Nəsib gəlsin, inşallah, onunla da ulduzumuz 
barışar... 
– Bəsdir! - dedi Göyçək arvad. – Sonra hıçqırığına ara verib, sakitcə ayağa 
qalxdı:
– Bəsdir, Toppuş Əntiqə, heç nə eşitmək istəmirəm… Heydən 
düşmüşəm... Daha balamı əlimdən alanlara qarğış eləməyə də heyim qalmayıb.


92 
Toppuş Əntiqə susdu. İlk dəfə idi ki, Göyçək arvad ona müraciət edəndə 
«bacı» kəlməsini işlətmirdi. İlk dəfə idi ki, Göyçək arvad onun səsindən iyrənir, 
söz-söhbətindən bezirdi. Nə deyəcəyini bilmədi. O, «can sirdaşı»nın – 
rəfiqəsinin səbr kasasını daşırmaqdan qorxurdu. Göyçək arvad isə, on səkkiz il 
əvvəl bir körpəsi ilə çörək pulu tapmadığı qarlı qış günündə evinə sığındığı bu 
qadına nə deyəcəyini yaxşı bilirdi. Bir il bundan əvvəl xaricdən qayıdanda, 
Toppuş Əntiqə yolboyu ağlayıb, ona öz dərdini danışmışdı. Özünü həmişə 
əhmədi-biqəm kimi göstərən, gömrükdən qadağan olunmuş malları keçirəndə 
qorxu hissi duymayan Toppuş Əntiqənin gözlərində yuva salan dərdin ağırlığını, 
qorxunun böyüklüyünü duymuşdu. 
- Qorxuram, Göyçək, qorxuram, toy hədiyyəsi verdiyim maşını geri 
qaytaran, ayağımı təzə mənzilindən kəsən, məni yeganə balamın üzünə həsrət 
qoyan o Nəsib bir gün uşağı olmadığına görə Züleyxanı boşasın...
- Arxayın ol, Əntiqə, o nəsildə arvad boşamırlar, - deyə Göyçək arvad onu 
sakitləşdirməyə çalışmışdı. - Məni ərim bu günəcən boşamayıb… Bilirsən,
Yusif yuxuda Züleyxanın qucağında uşaq görüb, özü də oğlan... 
- Eh, Göyçək, yuxu-muxu boş şeydi, bu qədər dava-dərmanla bir kar 
aşmır. Mənim də qazancım son vaxtlar itə-qurda qismət olur, uşağa pul-para da 
göndərə bilmirəm. Heç bilirsən bir dəfə təzə aparata girib-çıxmaq, analiz vermək 
neçəyə başa gəlir? İraq olsun, deyirəm bəlkə uşağın olmaması Nəsibdəndir? 


93 
- Onda belə çıxır ki, Züleyxanın toya qədər abort elətdirdiyi uşaq 
Nəsibdən deyilmiş? 
- Yox, sən nə danışırsan, o zaman onları yataqda gözlərimlə görmüşdüm. 
Günah mənim başıboş qızımda oldu, nübar uşağı saldırdı ki, hələ tezdi. Guya, 
uşaq doğub, fiqurasını pozmaq istəmir. İndi özü də qorxur, deyir, mama, Nəsib 
məndən get-gedə soyuyur. Qorxur ki, bir gün Nəsib uşaqlı bir qadınla evə gəlib, 
Züleyxanı qovsun: «Bax, bu mənim təzə arvadım, bu da dava-dərmansız 
doğulan uşağım… Sən dön o narkodiler ananın yanına…». 
- Nəsib pak uşaqdı, elə şey eləməz! Sənə dedim axı, o nəsildə bu günəcən 
hələ heç kim arvad boşamayıb… 
- Vallah, ay Göyçək, Allahdan arzum budur ki, təki Züleyxanın uşağı 
olsun, Nəsib məni ölənəcən evinə qoymasa da olar. Hə, bir də sənə deyirəm, 
tövbə edəcəyəm, Allahın tövbə qapıları hər zaman açıqdır... 
«… Bəlkə də, Züleyxanı Yusifi yoldan çıxarmağa vadar edən də elə anası 
olub?! Düz deyirlərmiş – ölüm mələyi imiş Toppuş Əntiqə». – Ürəyində belə 
düşünürdü Göyçək arvad... 
* * * 
O gün Züleyxa qarnında dəhşətli ağrılar duydu. Qorxudan rəngi ağardı. 
Uşaq bətnini elə təpikləyirdi ki, elə bil, bir az çıxıb harasa uzaqlara qaçıb 


94 
gedəcəkdi və zavallı qadın onun üzünü bir də görməyəcəkdi. Qırmızı telefon 
aparatının dəstəyini götürüb təcili yardıma zəng etmək istədi, birdən göy 
guruldadı, qonaq otağının pəncərəsi önündə ildırım çaxdı, o dəstəyi yerinə 
qoyub pıçıltı ilə dedi: 
- İlahi, məni bağışla. Günahkar bəndənə rəhm et! 
Ağlaya-ağlaya dizləri üstə çökdü, əllərini göyə açdı: 
- Yalvarıram, bu körpəni mənə bağışla, onu məndən alma, mən onu zina 
kimi qazandığıma, ərimə xəyanət etdiyimə görə sənin hər cəzana layiqəm, amma 
zinəkarlığı harınlığımdan etməmişəm. Bu uşaq mənim xoşbəxtliyimin 
qarantıdır. Bu zəmanədə namuslu olmaq adama bədbəxtlik və yoxsulluqdan 
savayı heç nə vermir. Mən bu addımı təkrar atmayacağam, bir daha 
namussuzluq etməyəcəyəm. İlahi, yalvarıram sənə, ana olmaq sevincindən məni 
mərhum etmə! İlahi...- O, qəşş eləyib yerə yıxıldı…. 
* * * 
Qürub çağı kimsəsiz sahildə tək-tənha gəzən qarapaltarlı qadının göz 
yaşından nəm olmuş yaylığını külək əlindən alıb dənizə atdı. Qadın düşündü ki,
ilahi, Yusifin ölümündə, Nəsibin bədbəxtliyində mən də Toppuş Əntiqə ilə 
Züleyxa qədər günahkaram... 


95 
Dərdli qadın özünü coşğun dənizin qoynuna atmaq istəyirdi. Dənizin suyu 
soyuq idi. Dalğalar dəcəl uşaqlar kimi atılıb-düşürdü. Külək onun saçlarını 
üzünə dağıdırdı. Ona elə gəlirdi ki, heç kimin görə bilmədiyi bir hündürlükdə 
gözübağlayıcı kimi kəndir üstündə gəzir. 
Güclü dalğa sahildəki qayaya çırpıldı. Şor damlalar dərdli qadının 
yanağındakı acı göz yaşlarına qarışdı. Günəşlə vidalaşan dənizin sanki anaya 
rəhmi gəlirdi, o isə daha taleyin əlində oyuncaq olmaq istəmirdi.
- Dayan! – kimsə arxadan onu səslədi.
Başdan ayağa qara geyinmiş qadın özünü itirmiş halda həyəcanla bir-iki 
addım irəli atdı. Amma üçüncü addımı atmağa ürək eləmədi. Üçüncü addım, 
ehtimal etdiyi kimi, ayağını yerdən üzəcəkdi. Başı üstə suya düşüb boğulacaqdı.
– İlahi, məni bağışla…
Ardınca yüyürən adamın nəfəsini boynunun ardında hiss etdi:
– Dayan dedim, sənə!
Duruxdu. Gözlərini açıb geriyə çevrilmək istədi. Birdən kürəyinin ortasına 
ox kimi sancılan bıçaq onu dizləri üstə yerə çökdürdü.
Cəllad bıçağının qanını onun ipək saçlarına sildi və boğuq bir səslə dedi: 
- Demişdim ki, gec-tez səni öldürəcəyəm! 
Dərdli qadın astadan pıçıldadı: 
- Şükürlər olsun Allaha, mənə rəhmi gəldi, günahımı qanımla yudum.


96 
Qadın dodağının ucunadək yayılan təbəssümlə qatilinə baxdı. 
Qatil bıçağı dənizə atıb için-için ağladı. Sonra göz yaşlarını silib onu 
ağuşuna aldı...
* * * 
Nəsib hava limanında təyyarədən enib, birbaşa qəbirstanlığa gəldi. 
Qaynanası Toppuş Əntiqə Göyçək arvadın və Yusifin baş daşına baxıb fikrə 
getmiş Emanı ona dilucu təqdim etdi: 
- Həci, bu qız bizim Züleyxanın tələbə yoldaşıdır. Həm də rəhmətlik 
Yusifin iş yoldaşıdır… Adı Emadır... Sağolsun, gördüyün bu qoşa baş daşlarını 
o öz pulu ilə düzəltdirib... 
Nəsib qaşlarını çatdı: 
– Gərək Züleyxa da kömək eləyəydi. Hər ay onun Beynəlxalq Bankdakı 
hesabına pul köçürürdüm…. Gedəndə evdə də üç min dollar qoymuşdum. 
- Eh, ay Həci, ağır hamiləlik keçirir balam, uşağı qorumaq üçün o qədər 
pul xərcləyib ki…
Ema dönüb məzəmmətedici nəzərlərlə onu süzdü. Toppuş Əntiqənin 
hiyləgər qaynana rolunu ifa edən səriştəli aktrisalar kimi qəhərdən gözləri 
yaşarmışdı...


97 
Toppuş Əntiqə: 
– Mən Yusif öləndə anasına pul vermək istədim, amma almadı. Göyçək 
arvadın yas mərasiminin xərcini də bu qız – Züleyxanın tələbə yoldaşı çəkdi, – 
deyə mızıldadı. - Mən yazığın əziyyətlə, qorxa-qorxa qazandığım pullar, sən 
demə, nə xeyirə yarayırmış, nə də şərə… 
Ema, Nəsibin qaynanasının toy hədiyyəsi kimi bağışladığı maşını qəbul 
etmədiyini bilməsə də, Göyçək arvadın Yusifin yas mərasimində Toppuş 
Əntiqənin yardımından imtina etməsinin şahidi olmuşdu. Odur ki, Toppuş 
Əntiqənin dediyi eyhamlı sözlərdən sonra özünü saxlaya bilmədi: 
- Mən onların hər ikisini vur-tut üç-dörd aydır tanıyırdım. Allah hər ikisinə 
rəhmət eləsin. İnsan var ki, tanımaq üçün bir həftə də bəs edir, insan da var, otuz 
il bir komanın altında yaşasan da, tanıya bilmirsən…
Sonra o, üzünü Nəsibə tutub dedi:
- Nəsib qardaş, mən nə etmişəmsə, Yusifin ruhu xətrinə təmənnasız 
etmişəm… Halal xoşları olsun! Çünki…
Toppuş Əntiqə Emaya çımxırdı: 
- Aaazz, bəyəm, mən öz kürəkənimdən təmənna-zad güdürəm?
Toppuş Əntiqənin qızışması Emanın yadına Züleyxanın tələbəlik 
illərindəki cığallığını saldı. O, təəssüf hissi ilə başını buladı: 


98 
- Yusifin yas mərasimində Göyçək arvadın sizin yardımınızdan imtina 
etdiyini özünüz dediniz. Açığını desəm, mən bunun səbəbini bu günəcən 
bilmirəm. Amma… Amma onu bilirəm ki, onu qətlə yetirən kişi - öz ifadəsində 
bildirib ki, mərhumun harda yaşadığını, hansı bazarda alver etdiyini ən yaxın 
rəfiqəsindən – yəni, sizdən öyrənib... 
Toppuş Əntiqənin sifətinin ifadəsi zərrə qədər də dəyişmədi. Sadəcə, 
məzəmmətedici baxışlarla Emanı başdan ayağa süzdü və üz-gözündən əksik 
olmayan saxta təbəssümlə dilləndi:
- Ema xanım, eee, a qızım, o qatildir, özündən nə desən uydura bilər. 
Bəyəm bu şəhərdə ona yaxın olan təkcə mən idim? Necə ola bilər ki, on səkkiz il 
bundan əvvəl tək körpəsi ilə dara düşəndə mən ona əl tutam, illərlə qoruyam, 
sonra da ələ verəm… 
Ema bir söz demədi. Əyilib Yusifin məzarına qərənfil dəstəsi qoydu. 
Sonra nə düşündüsə, köhnə məhəllədə narkodiller kimi ad çıxarmış qayınanasına 
– Toppuş Əntiqəyə altdan-altdan nifrətlə baxan Nəsibə yaxınlaşdı: 
- Qırx gün ərzində çox şeylər oldu, - dedi. - Nə qədər çalışsaq da, 
itirdiklərimizin yerini heç nə ilə doldura bilmirik.
Sonra kürkünün cibindən vizit kartını çıxarıb ona uzatdı və əlavə etdi:
– Bizə itirdiyimiz insanlardan qalan yalnız acılı-şirinli xatirələrdir. Bir 
də…


99 
Səsi titrədi, sanki son dəfə Yusifin məzarına baxırmış kimi kövrəlib 
yavaşdan dedi:
– Mən bir neçə aylığa Türkiyəyə gedirəm, gələndən sonra özüm sizi 
axtaracağam... Yusifin məndə bir əmanəti var… 
Ema dönüb maşınına sarı gedəndə Nəsib düşündü: «Bəlkə, əmanət dediyi 
bir şəkildir, ya da bədbəxtdən qalan hər hansı bir əşya – qol saatı, cib telefonu və 
s...».
- Həci, sən bu findi-firuş, qarımış qızın dediklərinə qulaq asma…
Nəsib arxasına baxmadan qəbirstanlıqdan uzaqlaşdı... 
* * * 
Tutqun qış getdi. Yenə günəşli bahar gəldi. Təbiət təzər libas geyindi. Son 
üç ay kimin üçün ağır, kimin üçün isə yüngül keçdi. Göyçək arvadın ölümündə 
təqsirli bilinərək, məsuliyyətə cəlb olunan Toppuş Əntiqə nəvəsinin dünyaya 
gəlişindən həbsxanada xəbər tutdu. Çöldə olarkən yığdığı çirkli pullar son 
qəpiyinəcən əlindən çıxmışdı. Boyun-boğazının ziynət əşyalarını dəyər-
dəyməzinə satıb, şirniyyat stolu açmışdı. Qızını təbrik etmək üçün o, hardansa 
mobil telefon da ələ keçirmişdi: «Allah saxlasın! Uşağın adını elə Yusif 
qoysanız yaxşıdır. Bir də niyyət eləmişdim, Həcinin halal maaşından bir qoç 


100 
alıb, qurban olduğum Ətağanın ocağında kəsərsiniz, özünüz ətindən bir tikə də 
yeməzsiniz, qoy kasıb-kusuba qismət olsun!..». 
* * * 
Baharın güllü-çiçəkli günlərinin birində Züleyxa doğum evindən çıxdı.
Nəsib kreditlə aldığı qırmızı rəngli «Mersedes»dən enib, əlində tutduğu 
gül dəstəsini sevinə-sevinə arvadına verdi. Ehmalca körpəni qucağına aldı. 
Uşağa baxa-baxa dedi: 
- Allah qorusun, elə bil, nur parçasıdır, Zülü, gəl oğlumuzun adını Yusif 
qoyaq, sən bir bax, gör özü də ona necə oxşayır, yadımdadır, uşaq vaxtı evcik-
evcik oynayanda biz ata-ana olurduq, Yusif isə bizim oğlumuz… 
Züleyxa gülümsünə-gülümsünə gül dəstəsini köksünə sıxdı: 
- Rəhmətlik Göyçək arvad deyirdi ki, hamilə qadın yerikləyəndə ürəyi 
istədiyi şeyi kim versə, uşağı da ona oxşayacaq. Yusif barda işə başladığı gün 
mənə qurudulmuş kütüm balığı gətirmişdi. Yeriyimi o verib, onunçün oğlumuz 
ona oxşayır. Təki bəxtindən, taleyindən Yusifə oxşamasın. 
Nəsib dərindən köks ötürdü: 
- Bu dünyada ondan heç nə qalmadı.
- Allahın işini bilmək olmaz. Bəlkə də bir nişanə qalıb, sən bilmirsən…


101 
Züleyxa onun sifətindəki ifadənin dəyişdiyini görüb, sözünü çox 
uzatmadı:
- Emanın üç ay bundan əvvəl qəbirstanlıqda sənə dediyi sözü bir yadına 
sal... Axı, Yusifin Emada olan əmanəti uşaqdan başqa nə ola bilər?.. 
Nəsibin heyrətdən gözləri bərəldi: 
- Heç ağlıma gəlməyib. Bəs, sən bunu məndən niyə gizlədibsən? 
- Bilirsən, bu fikir mənim ağlıma azad olduğum gecə gəldi. O gecə Yusifi 
yuxuda gördüm, mənə baxıb, gülə-gülə dedi ki, şiringəlin, bəs, sən deyirdin, 
utananın oğlu olmaz, mənimsə bir gecədə iki oğlum oldu… Dedim, axı, sən evli 
deyildin, bu dünyadan nakam getdin! Dedi, yox nakam getmədim, şiringəlin, 
uşaq dünyaya gətirmək üçün evli olmaq şərt deyil… Sonra oyandım, birdən 
xatırladım ki, bir dəfə Ema da bizdə olanda mənə demişdi ki, uşaq doğmaq üçün 
ərə getmək vacib deyil...
- Dayan, dayan! Züleyxa, yadıma düşür ki, sən bir dəfə Emanın evli 
olduğunu söyləmişdin, sonra da subay-salıqdır demişdin. Bəlkə yanılırsan? Siz 
ki, yaxın rəfiqə idiniz… Bəs, bu barədə özü sənə niyə bir söz deməyib? 
- Nə bilim? Axı, biz arada küsülü idik, elə Yusifə görə. Ema Yusifdən on 
yaş böyük idi. Sevdiyi oğlan onu atmışdı… Nəsib, mənə düzünü de görüm, sən 
heç özündən yaşlı qadınla sevişmisənmi?
Nəsib əsəbiləşdi: 


102 
- Bu səfeh fikir haradan ağlına gəldi? Yoxsa yuxu görürsən? 
Züleyxa dedi: 
- Nə isə, sən gəl mənim yuxuma şəkk eləmə. Mənim yuxum həmişə düz 
çıxır, anam həbs olunmamışdan qabaq onun qaranlıq zindanda dizlərinə döyə-
döyə ağladığını görmüşdüm… Səni, maşın almamışdan qabaq qırmızı at belində 
görmüşdüm. Dayan görüm, Ema sənə Yusifin məndə əmanəti var dediyi gün, 
sən onun hamilə olub-olmadığını yəni heç hiss etmədin? Üç ay bundan qabaq 
onun qarnındakı uşaq… axı, dörd aylıq olmalı idi. 
- Əynində yaxası açıq qəhvəyi kürk vardı, boynunda da saçaqları 
dizlərinəcən sallanan ağ şərf... Heç hamiləliyindən əsər-əlamət hiss olunmurdu. 
Sən isə, əkiz qardaşdan dəm vurursan.
Birdən Nəsibin yadına düşdü ki, Emanın onda vizit kartı var. Maşına 
əyləşəndə, uşağı Züleyxaya verib, cib telefonunu götürdü, kartdakı telefon 
nömrələrini yığmağa başladı…
Amma Emanın telefonu söndürülmüşdü. Evə çatana kimi dönə-dönə zəng 
etsə də… türkcə, ingiliscə eyni cavabı aldı: «Aradığınız nömrəyə zəng çatmır, 
telefon ya söndürülmüşdur, ya da şəbəkə xaricindədir…». 
* * * 


103 
Aradan düz üç il keçmişdi. 
Yayda Nəsib ailəsi ilə birlikdə Antalyada istirahət edirdi. Çox şən keçən o 
gözəl günlərin birində balaca Yusif dəniz sahilində, arıq və çəlimsiz bir oğlan 
uşağı ilə oynayırdı. Nəm qumdan evcik tikirdilər. Nəsiblə Züleyxa onlara baxa-
baxa şirin xəyallar aləminə - uşaqlıq illərinə qayıtmışdılar. 
Birdən yaxınlıqdakı qəhvəxanadan çıxan bir qadın uşaqlara sarı 
boylanaraq, zil səslə çağırdı: 
- Yusif, Yusif, tez gəl bura, evə gedirik. 
Nəsiblə Züleyxa baxan kimi qadını tanıdılar. Bu, Ema idi. 
Adaşlar əl-ələ tutub, Emaya sarı qaçdılar. 
Nəsib dedi:
- İlahi, bunlar necə də bir-birinə oxşayırlar. Ema, mən sizin verdiyiniz 
telefon nömrələrinə iki ay sərasər zəng elədim, amma cavab ala bilmədim.
- Hə, mən iki aydan çox xəstəxanada yatdım. Erkən doğuş oldu. Çox 
narahat idim, amma Yusifin xəyalı gəldi durdu gözümün qabağında, mənə 
qorxma dedi. İki ay xəyalı yanımdan ayrılmadı, gözlərimi yumanda da onu 
görürdüm…
Züleyxa Nəsibə, Nəsib isə, həm Emaya, həm Züleyxaya, həm də uşaqlara 
təəccüblə baxırdı. 
Nəhayət, Züleyxa bir xeyli tərəddüd edəndən sonra dilləndi:


104 
- Belə çıxır ki, bu uşaqlar ikisi də eyni gündə dünyaya gəliblər, biri yeddi 
aylığında, o biri isə, doqquz aylığında. Yusif yuxuda mənə demişdi ki, onun iki 
oğlu olub. 
Ema rəfiqəsini diqqətlə süzdü… sonra astadan köks ötürüb: 
- Düzdür, o gecə onun iki oğlu birdən dünyaya göz açdı, biri…
Züleyxa yalançı bir emosiya ilə onun sözünü kəsib tələsik dilləndi: 
- Bax, Nəsib, sənə deyirdim, görürsən, yuxum necə də çin çıxdı?
Sonra rəfiqəsindən soruşdu:
- Demək əkizlərin biri öldü, hə?… Heyif...
Züleyxa Emanın gözlərinin içinə elə yazıq-yazıq baxdı ki, o, dilinin ucuna 
gətirdiyi «Biri Türkiyədə, biri Azərbaycanda» kəlməsini udub bir anlıq fikrə 
getdi və üç il yarım bundan əvvəl Züleyxanın ad günündə, gecə qonaq otağında 
Yusifin ehtirasla dediyi. «Em, mənəm adamayovuşmaz, Em, mənəm 
vecəgəlməz?» - sözlərini xatırladı…
Züleyxa susmuşdu, xəyalında yağmurlu payız günü Yusifdən dönə-dönə 
kam aldığı həmin işıqlı və geniş qonaq otağı canlanmışdı. Dodağının altında 
qeyri-ixtiyari «Qonaq otağında süzülən işıq» sözlərini pıçıldadı. O işıq üz-
gözündən xoşbəxtlik yağan hər iki qadının arasındakı maneəni bir an yox elədi 
və onlar ana olmaq duyğusunu onlara yaşadan bir gəncin əziz xatirəsini sükut 
içində yad etməyi özlərinə borc bilirdilər.


105 
Ema kövrəlmişdi: 
- Biz bura Yusiflə gəlməyi düşünürdük. Amma ona qismət olmadı… Mən 
də sertifikat alandan sonra burada çalışmalı oldum. Bakıya gələn kimi sizi 
axtaracaqdım… Artıq bu gün-sabah yola düşməyi planlaşdırıram. 
Nəsib balaca adaşların ikisini də qucağına götürdü: 
- Qismət belə imiş, biz bura bir Yusiflə gəldik, amma buradan iki Yusiflə 
dönəcəyik. Allah-Təala o dünyaya vaxtsız köçən Yusifin ruhunu bu gün ikiqat 
şad etdi. Biz bir ailə olacağıq, hər iki Yusifin xətrinə!.. 
* * * 
… İki gün sonra Nəsib, Züleyxa, Ema balacaları götürüb, qəbirstanlığa - 
Yusifin məzarını ziyarətə yollandılar. Qara mərmərin üzərində ədəbiləşən işıqlı 
təbəssümlərlə dünyaya boylanan mərhuma baxa-baxa hər kəs öz Yusifini 
xatırlayıb kövrəlirdi… 
- Nəsib dedi: 
- Züleyxa, bu şəkli Yusif bizim qonaq otağında çəkdirmişdi…
Züleyxa doluxsundu: 
- Hə, hə, yadıma düşdü... 
Ema söhbətə qarışdı: 
– Dünya bir sirr boxçasıdır... Ondan kim baş açıb ki?..


106 
Balaca Yusiflər isə məzarın üstündə şölə saçan qoşa şam kimi, lal-dinməz, 
analarının əllərindən tutub, qara mərmərə həkk olunmuş şəklində gülümsəyən 
gəncə baxırdılar... 
Bakı şəhəri,
Aprel, 2009. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə