Hüseynbala mirəLƏmov qumru yumurtalari



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix25.10.2023
ölçüsü0,72 Mb.
#130720
  1   2
qumru-yumurtalari




Hüseynbala MIRƏLƏMOV 
QUMRU YUMURTALARI
(Povest) 
Göy üzündə nə vardırsa - gümüşü rəngə boyanmışdı. Zərif tül pərdəni 
andıran buludların arxasında parıldayan ulduzlar göy üzünə səpələnmiş irili-
xırdalı yaqut daşlarını xatırladırdı. Hərdən həzin-həzin əsən meh bozumtul bulud 
parçalarını ipdən asılmış cuna kimi yellədirdi. Bədrlənmiş Ayın süd kimi 
ağappaq işığında yavaş-yavaş gözdən itən qərib durna qatarının get-gedə 
öləziyən nəğməsinə gənc qadınla gənc kişinin gah şaqraq, gah da qəmli səsləri 
qarışırdı: 
Bir kərə yaşayırıq gəldi-gedər dünyada, 
Bilmirik heç necə olacaq o da...
At beynindəkiləri, at bir tərəfə, 
Ümidlər dəyəcəkmi, dəyməyəcəkmi hədəfə,
Bir dəfə yaşayırıq bu dünyada, cəmi bir dəfə... 
Mahnıda deyilirdi: «Hər şey gözəldir həyatda, qışda, baharda, aydın 
gündüzlərdə, qaranlıq gecələrdə, bəyaz şaxtalarda…». Dünyanın başdan-başa 



gözəl olması mümkündürmü? Bəlkə bunun üçün hər bir insanın həyatı təmiz, 
şəffaf, həm də mənalı olmalıdır? 
Necə yəni «hər şey gözəldir həyatda?..» Bəs, mənim həyatım? Gözəldimi?
Təmizdirmi, şəffafdımı? Eheeyy, sizinləyəm, bu dünyanın gözəlliyindən ağız 
dolusu dəm vuranlar, mənə hiyləsiz, təmiz, səmimi cavab verin! Bəlkə mənim 
həyatımın heç zərrə qədər dəyəri yoxdur? Bəlkə məni bu halda, bu vəziyyətdə 
görməsəniz daha yaxşıdır? Hazırda yerdəmi, göydəmi, cənnətdəmi, 
cəhənnəmdəmi olduğumu dərk edə bilmirəm. Bəlkə mən zülmət içində işığa 
çatmaq ümidi ilə sürətlə şütüyən qatarın içində biletsiz, səksəkəli sərnişinəm? 
Bəlkə bələdçi gəlib başımın üstünü kəsdirəcək: - Bu qatar cənnətə gedir, – 
deyib, ironik gülüşlə qolumdan tutacaq, «mədəni» şəkildə ayağa qaldıracaq, 
qapının ağzınacan sakit, simsar adam kimi qolumu buraxmayacaq, qapı açılacaq 
və məni gözlənilmədən təpiyi ilə vurub bayıra atacaq? Gedib cəhənnəmə 
düşəcəyəm?.. Hə, yaxşı, hirslənməyin, qoy siz deyən olsun, hər şey gözəldir, lap 
mənim qoynuna düşdüyüm cəhənnəm də…
O, yuxuda gah sayıqlayır, gah da inildəyirdi… 
Nəhayət, mahnı bitdi, sanki işıq qaranlıqla əvəz olundu. Divar saatının 
çıqqıltısı eşidildi. Görəsən, ayın neçəsidi, həftənin hansı günüdü?.. Yamanca 
huşsuz olmuşdu. Bəlkə ilıq payız gecəsidi, bəlkə sərin yay axşamlarından biridi? 
Ya da, dan yerinin ağaran vaxtıdı, özü də, yasəmən ətirli yaz günündə... Yoxsa, 



ayazlı-şaxtalı qışın oğlan çağıdı? Amma nə fərqi?! Bu dəm, bu an onun yan-
yörəsində olan hər şey, hər şey gözəl idi!.. 
… Aylı, ulduzlu göy üzünün qoynuna, elə bil, nərdivanla dırmaşmışdı. 
Yolunu nurlandıran mavi işıq zolağını gözlənilmədən qatı duman uddu, amma o 
qorxmadı, yarıyuxulu getdiyi yolda müvazinətini saxlamağa çalışdı. 
Sonsuzluqdan endikcə, ürəyi çırpına-çırpına işıqları közərən dünyanı ilk dəfə 
yuxarıdan ləzzətlə seyr etməyə başladı. Ha çalışdısa da, yupyumşaq, alatoran 
aləmin harasında olduğunu ayırd edə bilmədi. Bəlkə yolunu azıb? Bəlkə onu 
əzizləyib ağuşuna alan bu əsrarəngiz dumanlı gecədən bir kəsin xəbəri yoxdu?
Bəlkə bu gecə təkcə onun gecəsidi - təpədən dırnağacan xoşbəxt edib, sonra da 
sarsıtmışdı, bu hala salmışdı? Birdən-birə lap balaca olmuşdu – beş-altı 
yaşında... Budur, anası Göyçək arvad saçlarını sığallayır, üz-gözündən, 
tellərindən öpür...
Sonra o böyüyüb, məktəbə getdi, özündən yaşca böyük bir qızı sevdi, açıb 
ağarda bilmədiyi uğursuz sevgisindən sonra dərslərindən aldığı beşlər dördə, 
üçə, sonra da ikiyə yendi. Səkkizinci sinifdə siqaretə, doqquzuncu sinifdə içkiyə 
qurşandı. Sonra da məhəllədəki tay-tuşlarının Toppuş Əntiqədən kibrit 
qutusunda aldığı anaşa deyilən otdan çəkdi…
İndi də, ondakı kimi, ayağı yerdən üzüldü, üfürülmüş şar kimi, 
yupyumuşaq buluda çatdı, oradan qəfil tanış, gözəl bir qadının qucağına düşdü...



Gənc qadın onu bağrına basıb əzizlədi, qızılgül ətirli öpüşlərinə qərq etdi. 
Ömründə anlamadığı şirin – dadlı hisslər bığ yeri yenicə tərləmiş Yusifi aşıb-
doşan işıq seli kimi çulğaladı. Qadının isti əlləri onun bədəninin elə yerinə 
toxundu ki, özünü tanıdı, kişi olduğunu anladı, amma ayılıb özünə gələndə 
qorxa-qorxa, pıçıltıyla soruşdu:
– Mən hardayam? Yoxsa, kişimi oldum, yox, yox bu, şərəfsizlik, 
nakişilikdir, – dedi.
Qadın onun sözünü kəsdi: 
- Şərəfsiz niyə olursan? Kişisən, özü də lap əlasından! Ancaq daha bəsdir, 
görməmişlik eləmə, əl çək məndən...
Bu sözlər Yusifin qulağında bomba kimi partladı, diksinib gözlərini açdı, 
tavana baxdı, Ay şəkilli büllur çilçırağı görəndə, çaşqınlıq içində:
- Mən hardayam, bura haradır? – deyə, həyəcan, həm də qorxu içində bir 
də soruşdu.
Sonra başını o yan-bu yana çevirdi. Pəncərənin karnizindən qotazlı, 
narıncı pərdə asılmışdı. Hər gün səhər yuxudan ayılanda gözlərini ovuşdura-
ovuşdura tamaşa etdiyi televiziya qülləsini bu dəfə, nədənsə, görmədi. Otaqdakı 
divar kağızının rəngi də, naxışları da başqa cür idi - Yusif bu parıltılı naxışları 
gecə göy üzünə səpələnmiş irili-xırdalı ulduzlar sanmışdı...



Enli, yumşaq taxtın qarşısında şir şəkilli divar sobası tələsmədən, bir 
vamda səssiz-səmirsiz yanırdı - otaq isti idi. «Mən bura necə düşmüşəm, məni 
bura kim gətirib?» - deyə düşündü. Başında şiddətli ağrılar vardı, ağzı acı 
dadırdı, tünd spirt iyindən ürəyi bulanırdı. Həmişə olduğu kimi, indi də dikəlib 
yatağında oturdu, yanında çılpaq bir qadının üzüqoylu uzandığını görçək 
diksindi: «Dəhşət! Gecəki yuxumun ardınımı görürəm?..». Qorxu içində 
gözlərini yenidən bərk-bərk ovuşdurdu. Boy-buxunundan, əndamından ona tanış 
gələn qadına baxdığı ana qədər, bir allah bilir, neçə dəfə «Bircə o olmasın!» - 
deyə düşündü. Amma o idi! «Aman allah, məni qaramı basır, yoxsa yuxumu 
görürəm?! Bu Zül…. Zülyadı?!». Əllərini qaldırıb, iki-üç dəfə bərk-bərk başına 
çırpdı: «Kül olsun mənim təpəmə!..». Zar-zar zarıyaraq inildədi, qorxudanmı, 
həyəcandanmı güclə eşidilən iniltisini içinə saldı: «Qardaş əvəzi dostumun 
üzünə necə çıxacağam?.. Ay allah, bu necə işdi?.. Mən ölməliyəm, ölməliyəm! 
Ancaq ölməliyəm…».
Havası çatmadığından tez-tez nəfəs alırdı. Başına saldığı qapazların səsinə 
Züleyxa yuxudan oyandı. Dikələndə qarşıdakı güzgüdə özünü və çaşqınlıq 
içindəki Yusifi gördü. Bir əli ilə üzünə dağılmış saçını arxaya yığdı. O biri əli ilə 
güllü mələfəni çılpaq əndamının üstünə çəkdi. Üst-üstə qoyulmuş balıncı 
sahmanlayıb dirsəkləndi və müəmmalı tərzdə gülümsədi. Gözlərində çoxdan 
həsrətində olduğu arzusuna çatmış adamın sevinci və xoşbəxtliyi duyulurdu. Bu 



gecənin dadı-ləzzəti nur kimi çöhrəsinə yayılmışdı. Amma uzun payız gecəsində 
yaşanmış sevgi macərası sanki yarımçıq qalmışdı... 
Züleyxa hələ də şuxluğunu itirməmiş iri giləli ətli döşlərini Yusifin 
kürəyinə söykədi. Yusif diksindi və ondan aralanmaq istədi. Amma Züleyxa 
macal vermədi: ehtiraslı qolları ilə arxadan onun boynunu qucaqladı, yumşaq 
çənəsini çılpaq çiyninə sıxdı, pıçıltı ilə qulağına nəsə dedi...
Şiddətli dolunun əzib şil-küt etdiyi, torpağa sərdiyi buğda zəmisi buludlar 
arasından yenicə çıxan günəşin şüalarını heysiz-heysiz əmib qımıldandığı, 
sonrasa yavaş-yavaş dirçəlməyə başladığı kimi, Yusif də bu təmasdan 
xoşhallanır, təsəlli tapır, qəlbində həyatın bitmədiyi barədə yeni ümid işartıları 
yaranırdı. 
Züleyxa Yusifin təslim olduğunu görüb dedi:
– Qorxma! Olan olub, keçən keçib. Hər axşamın hökmən bir səhəri var. 
Bu, Allahın işidir.
Züleyxanın səsində, azacıq da olsa, peşmançılıq duyulmurdu. O, 
danışdıqca, sevinci, gecəki sevgi macərasından məmnunluğu daha aydın hiss 
olunurdu:
– Bu sirri bir Allah bilir… Allah yaratdığı bəndələrindən kimi sevirsə, 
onun sirrini gizlədir. Qorxma, bu sirr ölənə kimi ikimizin arasında qalacaq!.. 
Yusif başını qaldırmadan soruşdu: 



– Məni bura necə gətirmisən? 
Züleyxa gülümsündü: 
– Bunun dediyi sözə bax e... Özün gəlmisən... Bur də gördüm qapını 
sındırırsan... Açdım... Qorxdum ki, səs-küyə qonşular gələr... O zəhrimardan o 
qədər çəkmişdin ki, heç özündə deyildin... 
Dizlərini qucaqlayıb yataqda oturmuş Yusifin gicgahlarındakı damarlar 
gup-gup guppuldayırdı. O daxilən nə qədər əzab çəksə də, Züleyxanın nəvazişi 
qarşısında tab gətirə bilmirdi. Gənc qadın hərarətli əlləri ilə Yusifin tüklü 
sinəsini oxşayır, odlu dodaqları ilə boynunun ardını, qulağını öpərək pıçıltıyla 
deyirdi:
– İnan mənə, Yuska, hər şey yaxşı olacaq. Bu gecəyəcən sən mənə 
utancaq, avam bir oğlan təsiri bağışlayırdın.... Amma gecə mənə heç kəsdən 
eşitmədiyim o qədər xoş sözlər dedin ki... Vallah, düz sözümdü: Nəsib hara, sən 
hara?.. 
Züleyxa Nəsibin adını çəkəndə, Yusifin sarsıntı keçirdiyini hiss etdi, belə 
qərara gəldi ki, daha innən belə onun yanında bir də ərinin adını çəkməsin. Odur 
ki, söhbəti dəyişdi:
- Sən bu gecə qəlbimin lap sarı siminə toxundun. Qadın nədi, incə müsiqi 
aləti... Bilmirəm, bu, hansı yazıçının kəlamıdı, amma dəqiqdi. İndiyədək 
kimsənin barmaqlarının dəymədiyi pərdələrdə məharətlə gəzişdin. Çoxdan 



həsrətində olduğum mahnını səsləndirdin… Bilirəm, peşmançılıq səni sıxır, 
amma bu gecənin necə şirin, dadlı, unudulmaz olduğunu təsəvvür edə 
bilməzsən. Yuska, niyə susursan, qurban olum, danış, bir söz de də… 
Yusifin lal-dinməz düşüncələrə qərq olması sanki Züleyxanı birdən 
ayıltdı, qorxuya düşdü: «Birdən havalanar, dəli olar?..». 
- Yuska, özünə gəl, nə olub sənə?! – deyib onu bərk-bərk silkələdi. – Axı, 
gecə sən bambaşqa idin. Elə çılğın, elə cazibədar... Bu dəqiqə sənə elə bir söz 
deyəcəyəm ki, çəkdiyin əzabdan qurtulacaqsan. O heç sənin dostun deyil. İnan 
mənə. Bir şey bilməsəm, demərəm axı... 
Züleyxanın son sözləri Yusifin beynində ildırım kimi çaxdı. Öz-özünə 
düşündü: «Bu da məkrli, hiyləgər qadın oyunu. Bu ləkəni heç nə ilə yuyub 
təmizləmək olmaz. Kaş gördüklərim yuxu olaydı».
O, özündən asılı olmayaraq, başını yırğaladı. Bütün bu iyrənc əhvalatların 
yuxu deyil, həqiqət olduğuna inandı. Onu başı dumanlı halda vanna otağına 
aparan, ayıltmaq üçün üz-gözünə su vuran, indisə, çarpayıda boş sözlərlə 
ovundurmağa çalışan qadın məhz dostunun arvadı Zuleyxa idi...
Başını qaldırıb, məğlub olmuş adamlar kimi, incik, utancaq nəzərlə 
Züleyxaya baxdı. İstehzalı təbəssümündən biclik yağan Züleyxa, ani olaraq, 
şeytana çevrildi.



Yarıyuxulu, yarıoyaq Yusif halsız, bir az da əsəbi halda soruşdu:
- Necə yəni o mənim dostum deyil?.. 
- Bunu səni istədiyimdən deyirəm. O, səni sevmir. Uşaqlıq 
xatirələrimizdən xəbərdardır. İnan, bizi bir-birimizə qısqanır da. Mən deyəndə 
ki, Yusif dostundu, qoy gəlsin yanımıza, özünə bir iş tapsın, şübhələndi. Amma 
üzə vurmadı. Elə ki, gördü təkid edirəm, çarəsiz qalıb razılaşdı. O sənə nifrət 
edir. Etsin də. Mən ki, səni dünyalar qədər sevirəm. Özünü üzmə, Nəsib sənin 
dostun deyil. Əvvəl-axır sözlərimin həqiqət olduğuna inanacaqsan. 
Züleyxanın son sözləri Yusifin yadına səkkizinci sinifdə oxuyarkən baş 
vermiş bir hadisəni saldı. Məktəbdə təlim-tərbiyə işləri ilə bağlı iclas keçirilirdi. 
Orta yaşlı tarix müəllimi arxa cərgədə, on-on birinci sinfin şuluq uşaqlarının 
arasında oturmuş Yusifi yanına çağırdı və iclasda iştirak edənlərə dedi: 
– Səkkizinci sinfə qədər bu uşaq təlim-tərbiyəsinə görə təkcə sinfin deyil, 
bütün məktəbin gözü idi. 
Müəllim birdən-birə ikinci cərgədə əyləşmiş Nəsibə baxıb, sözünə davam 
etdi:
– Nə oldu birdən-birə bu uşağa?
Sonra o, məktəb direktorunu, müəllim yoldaşlarını gözdən keçirib daha da 
həyəcanla dedi:


10 
– Yaxşı, tutaq ki, on-on birinci sinfin uşaqları özlərini kişi kimi 
tanıyırlar… Düzdü, onları da bağışlamaq olmaz. Ay əzizlərim, ayılın, bu 
xəstəlik xərçəng kimi metastaz verməkdədir. Qarşısını alın, bir azdan yeddinci, 
altıncı sinfin uşaqları da yoluxacaqlar. Nəsib, oğlum, bilirəm ki, dostunun atası 
yoxdu, anası da günün çoxunu evdə olmur, bir tikə çörək qazanmaq üçün özünü 
oda-közə vurur. Yaxşı, bəs, heç fikirləşmirsən ki, tək başına qalmış dostunun 
taleyi necə olacaq?..
Sonra üzünü hamıya tutub dedi:
- Elə bilməyin ki, şişirdirəm. Bir vaxt gələcəyinə ümid bəslədiyimiz bu 
uşağın cibindən görün nə çıxacaq? O, əlini Yusifin pencəyinin cibinə salmaq 
istədi. Amma Yusif qeyri-ixtiyari müəllimin əlini itələdi və geri çəkildi. Arxa 
cərgədə əyləşmiş yuxarı sinif şagirdləri pıqqıldaşdılar. Lakin onlar Nəsibin 
qalxıb irəli getdiyini görəndə pıqıltılarını kəsdilər, səssizlik yarandı. Məktəb 
direktoru, müəllimlər mat-məəttəl qalmışdılar.
Nəsib Yusifə yaxınlaşıb, acıqlı bir tövrlə:
– Sakit ol! - dedi.
Nəsib əvvəlcə Yusifin pencəyinin, sonra şalvarının ciblərini yoxladı. 
Yaylıqdan başqa bir şey tapmadı.
Sinif rəhbəri:
– Nəsib, bala, daha keçib, qoltuq ciblərinə də bir bax, – dedi.


11 
Nəsib içindəki həyəcan və qorxunu gizlədərək, soyuqqanlılıqla dostunun
qoltuq ciblərini yoxladı. Hamının görməsi üçün oradan çıxartdığı dəftər-qələmi 
yuxarı qaldırdı. Sonra sinif rəhbərinə sarı çevrilib arxayınlıqla:
– Özünüz də baxa bilərsiniz, - dedi.
Sinif rəhbəri Yusifə yaxınlaşdı, əlini onun sol döşünün üstündəki cibinə 
soxmaq istədi. Amma Yusif buna imkan vermədi, yenə müəllimin əlini itələyib, 
ondan bir addım geri çəkildi. Nəsib əlini dostunun döş cibinə saldı. Barmağının 
ucu nəyəsə toxundu, əti ürpəşdi, fikirləşdi ki, bəlkə çıxarmayım, amma tez də 
fikrini dəyişdi: «Birdən sinif rəhbəri inad edib, özü də baxmaq istəyər, uşaqların 
yanında biabır olaram, «dostu da bunun tayıdı, tərbiyəsizdi» deyərlər. Ona 
zillənən baxışların altında əsəblərini cilovlaya bilməyən Nəsib barmaqları 
toxunan həmin şeyi çıxaranda, bunun tütünü boşalmış bir cüt «Kazbek» siqareti 
olduğunu gördü.
Sinif rəhbəri kədərlə:
– Bircə öləcəyim günü bilmirəm, – dedi. 
Nəsib «Kazbek» siqaretlərini tutduğu əli ilə dostunun sifətinə yağlı bir 
sillə vurdu. Yusifin burnundan fışqıran qan əvvəlcə pencəyini, sonra da 
köynəyini buladı. Yusif əli ilə burnunu tutub, azca əyilmiş vəziyyətdə qapıya 
sarı gedəndə, hələ də onlara zillənən baxışların altında sıxılan Nəsib arxadan onu 


12 
itələdi. Yusif üzüqoyulu döşəməyə yıxıldı. Nəsibin ürəyi sancdı, dostunun 
qolundan tutub qaldırdı, yaylığını çıxarıb, əlləri əsə-əsə üzünü sildi...
Yusif həmin oktyabr gününü olduğu kimi xatırlayırdı: «Bu şeytanın qızı 
bəlkə elə düz deyir… Yaxşı dost o boyda adamın - müəllimin, oğlanın, qızın
yanında elə qəddarmı olardı? Silləni niyə başımdan, üzümdən, çiynimdən, 
kürəyimdən yox, burnumun üstündən vurdu? Özü də gücü gəldikcə, ürəkdən. 
Silləni cəhənnəm, məni arxadan itələyib yerə yıxmağını ömrüm boyu 
unutmaram, aparıb evdə it kimi döysəydi, yenə inciməzdim…».
Ancaq otaqdan çıxan kimi Nəsib yolboyu dil boğaza qoymadı peşmançılıq 
çəkdi, yalvarırdı, səsi titrəyə-titrəyə dedi:
– Bağışla, qadan alım… Allah şeytana lənət eləsin... Mən də özümü 
itirdim... Nə etdiyimi bilmədim. Sinif rəhbəri əzrayıl kimi başımın üstünü 
kəsdirmişdi… Baxışlar yüz yerdən ox kimi, nizə kimi üz-gözünə sancılırdı, 
sanki mənə deyirdilər, axı, sən sinif nümayəndəsisən, dostuna tərəfkeşlik 
etməməlisən, ədalətli olmalısan.
Nəsib Yusifin qolunu buraxmadan ona sarı əyildi, yenə həyəcan içində 
dedi:
– Burnunu sıx… Qan kəsilib, daha gəlmir... Kastyumuna görə narahat 
olma, məktəbin atasız uşaqlar üçün nəzərdə tutulmuş fondundan pul götürüb, 


13 
təzəsini, bundan da yaxşısını alarıq, təzə köynək də alarıq, lap elə bu gün, bir 
yerdə gedib alarıq… 
Evlərinə çatan kimi Nəsib dostunun üz-gözünü, üst-başını yaş əski ilə
təmizləyə-təmizləyə yenə dil boğaza qoymadı:
– Qadanı alaram sənin, axı, mənim arzularım var… Sən bacarıqlısan,
qabiliyyətlisən. Qoymaram axmaq uşaqlara qoşulasan. Mən sənin burda yox, 
xaricdə oxutmağını istəyirəm, çünki kəlləlisən. Bu baş, bu qabiliyyət ki, səndə 
var, mən deyəni eləsən, sözümə qulaq assan, ingilis dilini də öyrənsən, 
Oksfordda, Kembrcdə oxuyarsan. Lap pullu da olsa… Spensorlar da tapılar... 
Şirkət rəhbərlərinə müraciət edərik... Yusif, sən mənim dünyada ən çox 
istədiyim dostumsan. Ürəyindəkiləri məndən gizlətmə. Nə istəsən, mənə de, 
kömək edəcəyəm…
Nəsib bu sözləri deyəndən sonra dostunun üz-gözündən öpüb, onu bağrına 
basdı. Yusif bunları xatırlayanda, o doğmalığı, o məhrəmliyi bir də duydu: 
«Yox, bu şeytan qızı aramızı soyudur. Lap dostum deyilsə də, Nəsibin mənə 
olan münasibətinin müqabilində ona qarşı etdiyim nankorluq, əclaflıq 
bağışlanılmazdır… Şeytan qızı… Elə bilir yadımdan çıxıb...».
Yusif Züleyxanı balaca vaxtlarından tanıyırdı. Qonşu uşaqları ilə bir yerdə 
o qədər «gizlənpaç», «evcik-evcik» oynamışdılar ki... Ələlxüsus da Yusif, 
Nəsib, Züleyxa... Onların üçü də atasız idi. Bəzən qonşu uşaqlarından ayrılıb, 


14 
bir «ailə» olurdular. Nəsib deyingən ata, Züleyxa mehriban, qayğıkeş ana, Yusif 
isə onların sakit, utancaq, sözəbaxan, göyçək, sevimli uşağı... O illərdən Yusifin 
aydın, təmiz uşaq yaddaşında bir gizlənpaç oyunu qalmışdı, qaranlıq gecədə 
yanıb-sönən bir şimşək kimi.... 
Gün əyiləndən başlanan «gizlənpaç» oyunu şər qarışanda hələ də 
qutarmamışdı. Altıncı sinifdə oxuyan Züleyxa balaca Yusifin əlindən tutub, 
qaça-qaça «Novostroyka» deyilən yerin hündür hasarının yanına aparmışdı. 
Dəmir çubuqların üstünə yığılmış lay taxtaların altındakı dar keçiddən əvvəlcə 
Yusif, sonra da, çətinliklə də olsa, sürtülə-sürtülə, sivişə-sivişə Züleyxa 
keçmişdi. Beləcə, bir az aralıda qalaq-qalaq yığılmış taxta-tuxtaya söykədilmiş, 
adama boy verməyən fanerlərin arxasında gizlənmişdilər. Kubik daşının üstündə 
oturmuş Züleyxa Yusifi yanına çəkmiş, əvvəlcə tələsə-tələsə qızarıb pörtmüş 
yanaqlarından, yupyumru çənəsindən öpmüş, sonra dodaqlarını dodaqlarına 
söykəmiş, axırda iki əli ilə başını sinəsinə bərk-bərk sıxaraq, «yüz il axtarsalar 
da bizi tapmazlar» demişdi. Yusifin qulağına astadan, lap astadan pıçıldamışdı 
ki, sən mənim ərimsən... həqiqi ərimsən... Bildin?..
Yusif etiraz etmişdi: 
- Yox, sənin ərin Nəsibdi... Mən isə oğlunam... 
Züleyxa gülmüşdü: 


15 
- «Evçik-evçik» oynayanda, hə. Amma indi sən mənim həqiqi ərimsən. 
Oldumu? 
Yusif başını tərpədərək razılığını bildirmişdi. Bu vaxt Züleyxa Yusubun 
yanaqlarından, boynundan, dodaqlarından daha da qızğınlıqla öpmüş, qəfildən 
onu dikəldərək ayağa qaldırmış, balaca əlini ovcuna alaraq, nazik yay donunun 
altına – çılpaq sinəsinin sol tərəfinə qoymuş, «gör ürəyim necə döyünür» - 
demişdi.
Sonra döşlərini göstərib pışıldamışdı: 
– Görürsən, döşlərim çıxıb... Anam deyir ki, bunlar qumru 
yumurtalarıdır... Sıx də... Qorxma, sınmaz!.. 
Yusif özünü itirmişdi. Züleyxa hirslənmişdi.
– Qorxaq... Fərsiz... Mat-mat üzümə baxır... Mən səni belə bilməzdim... 
Sabah da gələk... Yaxşı?!. 
Yusif dinməmişdi...
Neşçə il qabaq Göyçək arvad Yusifi qışda vannada, yayda isə gecəqondu 
evlərinin balaca həyətində, incir ağacının altında çox vaxt Züleyxanın köməyi 
ilə çimizdirirdi. Bəzən Züleyxa vedrədən isti suyu parça doldurub, Yusifin 
başına tökür, Göyçək arvad çimizdirir, bəzən də əksinə, Göyçək arvad su tökür, 
Züleyxa Yusifin bədənini sürtür, sabunlayır, arada da onu gah qıdıqlayır, gah da 


16 
çimdikləyirdi. Bu vaxt Yusif atılıb-düşür, gah qəhqəhə çəkib uğunur, gah da 
əsəbiləşir, ağlımsana-ağlımsana «Ana, özün,özün» - deyirdi... 
* * * 
... Yusif ilk dəfə məktəbə gedəcəkdi. Boyu birdən-birə surətlə uzansa da, 
onu hələ də incir ağacının altında Göyçək arvadla Züleyxa çimizdirirdi.
Züleyxa parçı Göyçək arvada uzadıb, lap yaşlılar kimi qart-qart dedi::
– Canıma sinmədi, al sən tök, mən sürtüm.
O, Yusifin əvvəlcə qollarını, sonra da çiyinlərini, kürəyini ürəkdən, cani-
dildən kisələməyə başladı:
– Göycək xala, sən Allah, görürsən necə kir çıxır? – dedi. 
– Görürəm... Görürəm... Bütün günü toyuq kimi torpaqda eşələnir də... 
Göyçək arvad mətbəxə - qazın üstündəki ikinci vedrəni gətirməyə 
gedəndə, Züleyxa Yusifin belinin aşağılarını ovxalayıb, əlini tursikinin altına 
saldı, yanlarını ovuşdurdu. Yusif tez iki əli ilə tursikindən yapışaraq yuxarı 
dartdı. Züleyxa onun əllərinin üstünü şapalaqlayaraq bir az əsəbi, bir az da ərklə:
- Dünənəcən səni lümbələnlüt çimizdirən mən deyildim?!! Dayan görüm, 
kişi olub! – deyib qəfildən onun tursikini gücü gəldikcə aşağı dartdı, 
dizlərinəcən endirdi. - Kirin-pasağın içindəmi gedəcəksən məktəbə?!


17 
Sonra necə oldusa, Züleyxanın əli onun kişiliyinə dəydi. Bütün bunların 
hamısı bircə anın içində baş verdi. Göyçək arvad su dolu vedrə ilə qayıdanda, 
Züleyxa artıq Yusifin baldırlarını sürtür, yumşaq, ipək səslə deyirdi:
– Səndən mənə yar olmaz, sən mənim balamsan!
Göyçək arvad bunu eşidəndə dedi: 
- Ay qız, uşağın üzünün suyunu tökmə, dilini farağat qoy... 
Özündən böyük, yeniyetmə, dəcəl tay-tuşları siniflərindəki qızlarla, qonşu 
qız-gəlinlərlə, qadınlarla bağlı görüb eşitdikləri, bəzənsə özlərinin uydurduqları
əhvalatları danışanda, Yusif də Züleyxa ilə bağlı həm gizlənpaç oynayanda, həm 
də çimərkən başına gələnləri danışmaq istəyirdi, amma abırlı, həyalı olması ona 
mane olurdu. Sonralar dostu Nəsibin Züleyxa ilə görüşdüyünü, gəzdiyini 
biləndə, həmin əhvalatları kiməsə, lap yaxın sirdaşına da danışmadığına görə 
sevindi, o xatirələri biryolluq yaddaşının dərin yerində basdırıb, unutmağa 
çalışdı... 
- Hə, bax, belə. Danış, qurban olum sənə, danış. Onda boşalıb 
yüngülləşəcəksən. Yaman qorxutdun məni, iraq olsun, dedim yəqin dilin 
tutulub, - Züleyxanın şirin, qılıqlı, qayğıkeşlikdən xəbər verən məlahətli səsi onu 
xəyaldan ayırdı...


18 
- Mən bədbəxt nə danışım? Gecə qolumdan tutub, hamama aparıb, üz-
gözümə su vurmaq istəyirdin. Bundan başqa heç nə yadıma gəlmir. Sən bu işi 
çoxdan arzulayırdın, lap çoxdan, axır ki, məni tələyə saldın…
Yusifin elə belə də deyəcəyini əvvəlcədən yaxşı bilən Züleyxa onun 
sözünü kəsərək:
– Düz sözə nə deyəsən, çoxdankı, lap çoxdankı arzuma çatdım, - dedi. 
Çox içmişdin. Həm də özünlə «ot-ələf» də gətirmişdin. Özün çəkəndən sonra 
mənə də verdin. O olmasaydı, bəlkə hələ günlərlə, aylarla içimdə 
qovrulacaqdım. O ikimizə də cəsarət verdi. Gör bədənimi nə hala salmısan? - 
Mələfəni üstündən atdı. Sinəsindəki, çiyinlərindəki, qaraltıları bir-bir göstərərək, 
hiyləgərcəsinə ağlamsındı. Yusifin gözləri böyüdü, sifətini əzablı bir vahimə 
bürüdü. Bir an Züleyxanın ona yazığı gəldi, ürəyindən kömək etmək, onu gərgin 
vəziyyətdən qurtarmaq keçdi. Ancaq Yusifin «Axır ki, məni tələyə saldın» 
ifadəsi qulağında yenidən səslənəndə, qəfildən aşıb-daşan hirsini cilovlayaraq, 
qılıqlı, həm də istehzalı səslə dedi:
– Deyirsən heç nə yadında deyil?
– Tələsmədən qalxıb qısaqol qara köynəyini geyindi. Gedib çarpayı ilə 
üzbəüzdəki divar sobasının üstündən kameranı götürüb qapağını açdı, balaca 
diski çıxartdı:


19 
– Yuska, qadan alım, gəl günahkar axtarmayaq, birgə fikirləşib xilas yolu 
tapaq. Deyirsən öz ehtirasım üçün bunları mən düzüb-qoşmuşam? Adam sevdiyi 
şəxslə səmimi olmalıdı. Səni çox istədiyimi ərim də bilir. Bəzən sənin 
manikenlərə bənzədiyi söyləyəndə, o, əsəbiləşib deyir: «Ehtiyatlı ol, birdən 
dostuma vurularsan». Mən də zarafata salıb soruşuram: «Vurulsam, 
neyləyərsən?» O da, «Onu vurulandan sonra fikirləşərik» deyir. Çox vaxt onunla 
yatanda xəyalımda səni canlandırmışam. Hə, onu deyirdim, bu gecəki 
unudulmaz macəramızda azmı, çoxmu, sənin də payın var. Bütün günahı mənim 
üstümə atmağın sənin çılğınlığına, ipə-sapa yatmayan təbiətinə - yeri gəlmişkən 
deyim ki, səni bu çılğınlığına görə istəyirəm - centlmenliyinə yaraşmır. Sən 
özünü kefli olmağınla təmizə çıxarmaq istəyirsən. Kefli adam un çuvalı kimi 
yıxılıb yatar. Jurnallarda, disklərdə gördüyün pornoqrafik oyunları mənim 
başıma açırdın. Uzun illərin dustağı qaçıb meşədə qarşısına çıxmış ilk qadınla
elədiyi vəhşi rəftarı sən mənimlə edirdin. Səni hədsiz dərəcədə sevdiyimə görə 
bu cür amansız hərəkətlərinə dözürdüm, bütün bədənimə, elə bil, banka salıblar, 
ləkə-ləkədir... Heç onda dost-zad yadına düşmürdü. Buyurub baxa bilərsən…
Yusifin susduğunu, nisbətən toxdadığını görəndə, Züleyxa ürəkləndi, daha 
həvəslə və inamla danışmağa başladı:
– Özün də bilirsən ki, Nəsib altı-yeddi aylığa müqavilə ilə Ərəbistanda 
işləməyə yollanacaq. Namus-qeyrət barəsində düşünən adam da heç cavan 


20 
arvadını bu müddətə tək qoyub gedər?.. Sözün qısası, elədiyimiz günahı yarı 
bölməliyik. Bir nəfər üçün çox ağır olar. – O, əlindəki diski Yusifə uzatdı. – 
Unutma ki, Nəsib bilsə, ikimizi də öldürər. Ancaq sözümə qulaq assan, hər şeyi 
yoluna qoyaram. 
Yusif nə edəcəyini bilmirdi. Sarsılmış halda diski alıb, key kimi o üz-bu 
üzünə baxdı, ürəyindən onu qırıb parça-parça etmək keçdi...
Züleyxa qadın hissiyatı ilə onun niyyətini duyduğundan, sakit və 
soyuqqanlı halda dedi:
– Sındırsan da, sındırmasan da, bu səninkidi, mənimki özümdədi. Onu 
ömrüm boyu bu unudulmaz gecəmizdən yadigar saxlayacağam. Axar sudan 
bircə yol keçmək mümkündür. Ötən gecəmiz bir də heç vaxt təkrar 
olunmayacaq. Yaxşı, gedim yuyunum, sonra bir qərara gələrik. Özünü ələ al, 
hər şey yaxşı olacaq. Gecə dinlədiyimiz mahnı yadındadımı?.. 
Züleyxa həmin mahnını oxuya-oxuya paltar dolabından məhrəba götürdü 
və vanna otağına keçdi:
Hər şey gözəldir həyatda, 
Əgər sən bu gözəlliyi duya bilsən. 
Hər şey gözəldir həyatda, 
Əgər özün bir zərrə gözəllik yarada bilsən! 


21 
Bir dəfə gəlirik biz bu həyata… 
Bu həyata, bu dünyaya…. 
«Bəlkə yalan deyir? Uşaq vaxtı da mənimlə bu cür məzələnmirdimi? Bunu 
kim lentə aldı?».
Yusif əlləri əsə-əsə diski kameraya qoydu və barmağını düyməyə basdı... 
…Yataq otağı…Taxt… Taxtın sağında və solunda üzəri çəhrayı abajurlu 
balaca gecə lampaları... Taxtın önündə yan-yana qoyulmuş iki kreslo… Divar 
sobası, sobanın yanında köynəksiz, şalvarsız ÖZÜ… Züleyxa kəsik-kəsik 
inildəyərək onu özündən aralamağa çalışır:
– Yox, Yuska, yox, yalvarıram, çəkmə, lazım deyil, ayıbdı, bu iyrənc 
şeydi. Birdən ələ keçər, ikimiz də məhv olarıq! Dayan, ay vəhşi, ay görməmiş! 
Bəyəm bu vaxtacan çılpaq qadın görməmisən, çıx get, sən sərxoşsan, sən 
manyaksan… Balaca ekranda itələşmə, qarışıqlıq... Sonra o, sobanın qabağında 
Züleyxanın alt paltarını soyundurmaq istəyir. Züleyxa onu geri itələyir. Yusif 
hirslənir:
– Zülya, sən məni çox hirsləndirmisən, alçaltmısan, yandırmısan, təhqir 
etmisən! Neçə dəfə demişəm, mənə «qızbacı» demə! Mən uşaq-zad deyiləm…
Züleyxa gülə-gülə: 


22 
– Hə, uşaq deyilsən, daha demərəm, kişisən, özü də əlasından! Ancaq əl 
çək məndən… 
Ekranda yenə qarmaqarışıq kadrlar görünür, sonra bir-birinə sarılmış lüt 
bədənlər… Yusifin gözləri böyüyür, üzü xəcalətdən alışıb yanır, o dözə bilmir, 
kameranı söndürüb əlləri əsə-əsə diski çıxarır: «Axı, bu necə oldu?».
Yusif nə qədər cəhd etsə də, gecə Züleyxanın onun üz-gözünə su vurub, 
ayıltmaq üçün vanna otağına dartıb apardığı andan sonra heç nəyi xatırlaya 
bilmirdi: «Görəsən, diskin o biri tayını hara qoyub?».
Sanki birdən-birə özünə gəldi. Tələsik kamodun siyirməsinə, taxtın baş 
tərəfindənki tumbuçkalara, balıncın altına baxdı. 
Züleyxa vanna otağından çıxıb hamam dəsmalı ilə qurulana-qurulana:
- Yuska, gəl sən də yuyun, yaxşı su gəlir. Mən də gedim mətbəxə, ürəyin 
nə istəyir, canım-gözüm…
«Sözə bax, ürəyin nə istəyir! Kişiliyim çatsaydı, namusum, qeyrətim 
olsaydı, ÖLÜM istəyərdim!..». 
* * * 
… Yazın xoş günlərindən biri idi. Təbiət şəhərdə «Gecəqondu» adlanan 
məhəllənin hisli-paslı evlərinə də ətir çiləmişdi. Yusiflə anası – Göyçək arvad 


23 
balaca bir həyətdə yaşayırdılar. Yusif də, anası kimi, Züleyxanı «şiringəlin» 
deyə çağırırdı. Dostu Nəsib Neft daşlarında təzə işə düzəlmişdi, gündə on iki-on 
üç saat çalışırdı, ayda cəmi-cümlətanı bir neçə gün evə gəlirdi. İş yerindən 
mənzil alacaqdı deyə, hər əzaba - ayrılığa dözürdü.
Nəsib gedəndən sonra Yusif lap tək qalmışdı. Anası da Züleyxanın anası – 
qapıbir qonşuları Toppuş Əntiqəyə qoşulub, xırda-para ticarətlə məşğul olur, 
bəzən də xarici ölkələrə bir həftəlik səfərə gedirdi.
Belə günlərdə Nəsibin yoxluğundan istifadə edib, köhnə evlərinə gələn 
Züleyxa Yusifi yoldan çıxarmaq üçün min bir cildə girirdi. Züleyxa bilirdi ki, 
Yusifin dərs hazırlamağa həvəsi yoxdu. Gününü avara tay-tuşları ilə 
veyillənməklə, evə qayıdanda isə, «Cocuqlar duymasın» adlı türk teleseralına 
baxmaqla keçirir. Bir dəfə Yusif evdə olanda Züleyxa həyətdəki hamama girdi, 
yuyundu və aradan heç üç dəqiqə keçməmişdi ki, onu səslədi:
– Yusif, məhrəba yadımdan çıxıb, nolar onu bizim evdən gətir də!.. 
Yusif paltar dolabının aşağı gözündən məhrəbanı götürüb hamama 
yaxınlaşanda, qapı qəfildən açıldı. O, Züleyxanın buğlanan bəmbəyaz bədənini 
görəndə çaşdı, məhrəba əlindən yerə düşdü, həyəcandan ürəyi tıp-tıp döyündü,
dili qurudu. Guya, Züleyxa da özünü itirdi. Bir əli ilə ayıb yerini, o biri əli ilə də 
gah sağ, gah da sol döşünü gizlətməyə çalışdı: 


24 
– Sən Allah bağışla, istidən, bəlkə də, dəm qazından, az qala, 
boğulmuşdum, – deyib, dərindən nəfəs aldı.
Yusif başını qaldırmadan əyilib məhrəbanı yerdən götürdü və ona sarı 
uzatdı. 
Züleyxa məhrəbanı dərhal almadı. Yusifin qulaqlarının dibinəcən xoruz 
pipiyi kimi qızardığını görüb:
- Yusifcan, mən boğuluram. A... A... Sənə nə oldu?.. Ağzını yumsana... 
Mən də elə bilirəm daha böyümüsən. – Məhrəbanı onun əlindən alıb, mini yubka 
kimi belinə doladı. – Ədə, pəncərəni aç, boğuldum, lüt qadın-zad görməmisən? 
Utancaq idin, elə utancaq olaraq da qalmısan. Eşitməmisən ki, utananın oğlu 
olmaz? Nəfəsim çatmır, qaç pəncərəni aç, halım yaxşı deyil.
Bu əhvalatdan bir gün sonra gecədən xeyli ötsə də, Züleyxanın gözünə 
yuxu getmədi. Qonşu binada Yusifin səsini eşidib, yerindən qalxdı. İçəriyə nə 
vaxt girdiyini bilmədi. Yusif yuxuda qan-tər içində əl-qol atırdı. Üzündə, 
alnında, sinəsində tər damcıları gilələnmişdi. Züleyxa dəsmal götürüb, onun 
tərini ustufca sildi. Yanağına toxunanda, Yusif diksinib gözlərini açdı. Başının 
üstündə bəyaz gecə köynəyində dayanmış Züleyxanı görəndə, ayıldığınımı, 
yoxsa hələ də yuxumu gördüyünü kəsdirə bilmədi. Züleyxa gülə-gülə, həm də 
bic-bic dedi:
– Yuxuda kiminlə əlləşib-vuruşurdun? Arada gülürdün də. Deyəsən…


25 
Nə qədər sorğu-suala tutsa da, Yusif gözünü ondan yayındırıb tavana baxır 
və susurdu. Tam ayılandan sonra Züleyxanın dizlərindən yuxarı çılpaq, ağappaq 
budlarını görəndə utandığından yorğanı başına çəkdi.
Züleyxa yorğanı dartışdıra-dartışdıra dedi:
– Ay qırışmal, yoxsa yuxuda məni görürdün? Əgər belədirsə, çin olsun… 
Həyətdə, ikisi tək olanda, Züleyxa tez-tez ya sabunu, saç şampununu, ya 
da darağı gətirməsi üçün Yusifi gah hamama, gah da yataq otağına çağırırdı. 
Bir dəfə soyuqladığını bəhanə edərək, kürəyini Yusifə ovdurub, sonra da 
yod çəkdirdi. Yusifin utandığını görəndə, onu qıcıqlandırmaq, niyyəti ilə dedi:
– Ey, qızbacı, nə olub? Yoxsa özünü kişi sayırsan? Mənim üçün lap 
bapbalaca cocuqsan. Belə olmasaydı, günlərlə «Cocuqlar duymasın» 
teleserialının qarşısında donub qalmazdın. 
Yusif:
– Bəsdi də, şiringəlin, qanımı qaraltma, – deyib ondan uzaqlaşırdı.
- Şirin olduğumu hardan bildin, ay bəbə? Özün cocuqsan, ancaq danışığın 
böyükdü.
Züleyxa ona sataşmaqdan həzz alırdı: 
– Yuska, küsəndə sən özünü lap zalım qızbacı kimi aparırsan… İncimə. 
Nolar, mən tək darıxdığımdan səninlə məzələnirəm. Sən də, maşallah, ancaq 
cırnayanda adamla kəlmə kəsirsən… Üzün pörtüb qızaranda, adam səndən əl 


26 
çəkmək istəmir. Anası Göyçək olanın, balası da göyçək olar. Göyçək Yusif, 
ölürəm səni cırnatmaq üçün. 
Yusifin ilk dəfə – soyuq dekabr günlərindən birində məhəllə uşaqlarına 
qoşulub siqaret çəkməsinə səbəb də elə Züleyxanın tikanlı sözləri, onunla dönə-
dönə məzələnməsi oldu. Amma məhəllənin oğlanları təkcə siqaret çəkmirdilər. 
Bir dəfə onlar Yusifə «Kazbek»in içinə doldurulmuş elə bir şey verdilər ki, bircə 
qullab vurandan sonra dünya başına fırlandı, gözləri dumanlandı. Bir-birinə 
dolaşan ayaqları ilə evlərinə güclə gəlib çıxdı. O, həyətə girəndə Züleyxaya rast 
gəldi və neyçünsə soruşdu: 
– Bu gün neçənci gündür? 
Züleyxanın yasəmən ətri saçan nəfəsi üzünə meh kimi toxundu, incə, zərif 
əlləri saçına sığal çəkdi: 
– Neçənci gündür yox, neçənci əsrdir soruşsana… - pıçıldayaraq təzə
təqvimdən qopardığı yarpaq boyda vərəqi onun ovcuna qoydu.
– Oyan, Yuska, artıq XXI əsrdir! . 
* * * 
… Aylar, illər ötüb keçdi. Nəsibə iş yerindən ikiotaqlı təzə mənzil 
verdilər. Təmirdən sonra gənc ailə bir müddət tək yaşadı. Amma çox keçmədi 


27 
ki, Nəsibin qəlbində qısqanclıq küləkləri əsməyə başladı. Züleyxa, doğrudan da, 
gözəl idi və ətrafdakı şorgöz kişilərin diqqətini cəlb edirdi.
Nəsib gündüzlər dənizdə işləyirdi, gecələr isə tək qalan arvadını 
düşünəndə yuxusu ərşə çəkilirdi. Nəhayət, o belə qərara gəldi ki, təzədən köhnə 
həyətə - Züleyxanın anasıgilə köçsünlər, təzə evlərini isə kirayə versinlər. Nəsib 
eyni zamanda fikirləşirdi ki, Züleyxa öz evlərində qalsa, dostunun – Yusifin də 
gözü üstündə olar... O həm də görürdü ki, Yusif yavaş-yavaş pozulur. 
Fikirləşirdi ki, bəlkə Züleyxanın da ona bir müsbət təsiri oldu. Bu barədə bir 
dəfə Göyçək arvada da demişdi: 
– Belə getsə, bir gün gözünü açıb görəcəksən ki, sənin bu mələk kimi 
oğlun məhəllənin avara, gicbəsər uşaqlarına qoşulub, ya narkoman olub, ya da 
oğru!.. Vallah, düz deyirəm!.. 
Göyçək arvad da gileylənməyə başlamışdı: 
- Bilmirəm balamı kim yoldan çıxartdı, başını kim yedi. Daha heç nəyə 
marağı yoxdu. Tay-tuşları kimi alver-zad da əlindən gəlmir, indi oxuyan da, 
oxumayan da bazarda qaz vurub, qazan doldurur. O isə məhəllədən uzağı 
tanımır. Sənin arvadın – Züleyxa əbəs yerə ona «qızbacı» demir ki… 
Nəsib əsəbiləşdi: 
– Züleyxa qələt eləyir. Çalışıb Yusifə bir iş tapacağam. Qoy evə gəlir 
gətirsin. Sən də bir az dincəl. 


28 
Göyçək arvad bu sözləri eşidəndə bərk sevinmişdi: 
– Ömrün uzun olsun, ay bala, dostluqdan əskik olmayasan. Daha mən də 
elə bir alver-zad eləmirəm, ora-bura gedəndə qaynanana qulaq yoldaşı oluram. 
Neynim, sözündən çıxa bilmirəm… iyirmi ilə yaxındır bir-birimizi tanıyırıq… 
Bu məhəllədə onun sayəsində yurd-yuva qurmuşuq. 
Nəsib səsini alçaldaraq qaynanasından gileylənmişdi:
– Kaş ondan uzaq olaydın! Mən də çarəsizlikdən yaxınlıq edirəm. Taleyin 
hökmündən çıxmaq olmur…
Nəsib niyə belə dedi, Göyçək arvad anlamadı...
Nəsib söhbətin yönünü dəyişdi:
– Qoy xaricə gedim, gələndən sonra Yusifin iş məsələsini yüz faiz həll 
edəcəyəm… 
* * * 
Soyuq duşun altında Yusif nisbətən daha ayıq başla düşünürdü: «Nə edim? 
Züleyxanın miskin quluna çevrilim? Şərəfsizliyimi davam etdirim? Görəsən, 
Züleyxa Nəsibə bir söz deyəcək? Özünü təmizə çıxarmaq üçün diskdən istifadə 
edəcək? Əgər, onu çəkibsə, deməli, bir məqsədlə çəkib. Kim bilir, bəlkə də 
anası ilə Nəsibi barışdırmaq üçün... Axı, o istəmir ki, biz dost olaq. Yox, bəlkə 


29 
bu şeytan qızı bir şey bilir? Bəlkə düz deyir, biz dost deyilik?.. Yox, bu ola 
bilməz, Nəsib bir Yusif deyəndə, beşi də ağzından tökülür. Bu fitnəkar iblis öz 
iyrənc əməlini davam etdirmək üçün qəsdən aramızda soyuqluq yaradır... 
Nəsib… gör mənə necə inandırdı. Həmişə ona dost deyirdim, indi Nəsib 
deyirəm… Nəsib tərsin biridir, dediyinə baxma, Züleyxanı nə qədər qısqansa da, 
gömrükxanada dar balağından kokain paketi çıxan bir qaynananın evinə 
gəlməyinə heç vaxt razı olmaz, hökmən fikrindən daşınacaq. Bəlkə… Bəlkə bu 
Züleyxanın ssenarisidir? Bəlkə həyətə mənə görə qayıdır? Bəlkə o diski almaq 
üçün mən də yalançı aşiq roluna girim?! Tutalım, diski alıb məhv etdim, bəs bu 
biabırçılıqdan sonra rahat yaşaya biləcəyəmmi? Bəlkə əsgər gedim? Əsgərlikdən 
sonra da… Əsgərlikdə ermənilərin tərəfinə könüllü keçmək də mənim tutduğum 
bu namussuz hərəkətdən yaxşıdır… Yerim ancaq cəhənnəmdir… Eh, Züleyxa, 
Züleyxa, sən mələk donuna girmiş bir iblissən». 
Züleyxa mətbəxdən onu səslədi:
– Yuska, harda qaldın? Bəsdir naz elədin! Gəl nahar edək...
Züleyxa gözəl süfrə açmışdı.
Billur qrafindən qədəhlərə konyak süzdü. O, ənlik-kirşansız da gözəl, 
təravətli görünürdü. Qıçını qıçının üstünə aşırıb, stulda saymazyana əyləşmişdi. 
Aşırma xalatının qabağı açıq idi. Nəzərlərini Yusifin üzünə zilləmişdi.


30 
Mətbəxin pəncərəsindən dəniz görünürdü. Yusif dənizə baxa-baxa dostunu 
düşünürdü. Ona elə gəldi ki, indi Nəsib ən hündür neft buruğunun kəlləsinə 
çıxıb şəhərə tərəf boylanır, əlində də dənizin dərinliyini göstərən durbinəbənzər 
qəribə cihaz var. Əcnəbi neft kampaniyasına məxsus o qəribə cihazla uzaqdan 
Nəsib onları görür. «Bəlkə Nəsibin təriflədiyi o əcnəbilər elə cihaz ixtira ediblər 
ki, uzaqdan baxanda istədiyin binanın istənilən mənzilində yataq otağını da 
göstərir. Yox, yox, belə qəribə şeylər ancaq Hollivud filmlərində olur, qısqanc ər 
və ya arvad xəyanəti sübut etmək üçün pul verib şəxsi detektiv tuturlar».
Züleyxa Yusifin gözlərinə baxa-baxa tavadakı qayğanaqdan boşqabına 
çəkdi.
- Nəsibi düşünürsən? – soruşdu.
Cavab gözləmədən, dərindən köks ötürüb dedi: 
- Hə, o yazıq bu dünyada məni təkcə sənə qısqanmır, sən çox sadəsən, 
həm də üzüyolasan, yəqin dini rəvayətlərdə gözəlliyindən bəhs olunan Yusif 
Peyğəmbər kimi safsan, təmizsən. Misir padşahının vəziri Yusifi kölə kimi satın 
alsa da, arvadına buyurmuşdu ki, ona öz oğlu kimi hörmət etsin, qadınsa ona 
meylin salıb, kam almaq istəyir, yəni aşiq olur. Amma istədiyi cavabı ala 
bilməyəndə hiylə ilə onu zindana saldırır… Hə, sən də mənim üçün Yusif qədər 
gözəl olmağına gözəlsən, ən azından ona görə ki, sən də Züleyxa kimi gözəl bir 
qadınla necə rəftar etməyi bilmirsən… Zindana düşməyi gözəl qadınla yaxınlıq 


31 
etməkdən üstün tutan Yusifi bir qul ikən Misirdə sultan edən bəs hansı qüvvə idi 
görəsən? Saflığı, təmizliyimi? Yoxsa, Allah qorxusu? Bəlkə bütün bunlar bizim 
kimi adamları günah işlərdən çəkindirmək üçün uydurulub? Bəlkə Züleyxa kimi 
bir qadınla yaxınlığı elə Yusifi taxt-taca aparacaqdı?... Əgər günah deyilən bir 
şey insana padşahların belə fərmanla verə bilmədiyini verirsə, xoşbəxt 
olmağının qarantıdırsa, bəs onda necə? Günah törədən adam mənliyini 
itirdiyindən daha çox maddi cəhətdən bəhrələnir… Mən bu günahı zövq xətrinə 
etmirəm, heç kef-əyləncə də saymıram, Yusif! Mən daha məzmunsuz həyat 
yaşamaqdan usanmışam. Çünki bir dəfə gəlirik biz bu həyata, yalnız bir dəfə… 
İnsanın həyatının rəngarəng olması üçün təkcə onun evli olub-olmaması kifayət 
etmir. Amma bilmirəm, bilmirəm, mən yazıq, Nəsib gələndə bədənimdəki bu diş 
yerlərini ondan necə gizlədəcəm. Axı, o mənimlə torşerin işığında sevişməyi 
xoşlayır.
Yusif qədəhini başına çəkib, siqaretini yandırdı, dərin qüllab vurub, 
Züleyxanı tərs-tərs süzdü. Qadının məftunedici baxışlarında ərinə xəyanətin 
izindən əsər-əlamət görünmürdü. Amma o baxışlar Yusifə yaxşı bir şey də vəd 
etmirdi. Onun gözlərinə rəngbərəng pərdə çəkmişdi. İstehzalı tərzdə:
– Sən ki nəyi necə gizlətməyi yaxşı bilirsən, – dedi və boş qədəhini 
konyakla ləbələb doldurub, axıra kimi birdən içdi… 


32 
Züleyxa heyrətlənib bir an fikrə getdi. Gecə Yusifə çəkdirdiyi 
marexuananın qalan hissəsini sobanın buxarısında gizlətmişdi: «Bəlkə görüb?». 
Köksünü ötürüb dedi:
– Hə, görünür, mən sənə təkcə gözəl qadınla necə rəftar etməyi deyil, həm 
də konyakı necə içməyi, nəşəni necə çəkməyi öyrətməliyəm. Gecə içdiyin 
«Xan» arağından sonra çəkdiyin ot səni əcayib hala salmışdı. Onun bir hissəsini 
gizlətmişəm, amma üz vurma, indi onu sənə çətin ki, verəm. Bəlkə… 
O, Yusifin gözlərinin içinə baxıb, bir az naz-qəmzə etdi. Sonra həzin səslə 
dedi:
– Sevişmək üçün əlverişli gecələrin birində sənə cəsarət məlhəmi kimi bir 
az verərəm… Hər nə idisə tüstüsü məni də məsti-xumar etdi. Sənə müqavimət 
göstərməyə tabım-taqətim qalmadı. Sonra, elə bil, nağıllar aləminə düşdüm. 
Qəfəsdən azadlığa buraxılan quş kimi göylərdə qanad çaldım, ordan boş qalmış 
qəfəsə – altı illik ailə həyatıma baxıb ağladım. Özümə gələndə gördüm yastığımı 
göz yaşlarım isladıb… səni yatağımda görəndə ayıldım. Sən yuxuda uzun-uzun 
sayıqlayırdın, mən özümə necə haqq qazandırıb, necə təsəlli verəydim axı? Bir 
an düşündüm ki, təklik, qısqanclıq, sağlam ikən övladsızlıq dərdi gəncliyimi 
gəmirib məhv edir – danışdıqca Züleyxanın gözləri yaşla dolurdu – anam məni 
pul gücünə oxutmuşsa da, özüm həyatda azdan-çoxdan nəsə öyrənmişəm. 


33 
Nəsibin qısqanclığı ucbatından iş üzünə həsrət qalmışam. Mənim həyatım 
həbsxananı xatırladır. Sən bu həbsxananın sahibi olmasan da, nəzarətçisisən…
Yanağına süzülən bir cüt göz yaşını silib söhbətinə sakit-sakit davam etdi:
- Qısqanc kişinin arvadı gec-tez zəncirini qırmış quduz itə dönür, fürsət 
düşən kimi, birinci öz sahibinin, sonra da onun doğmalarının qəlbini didib-
parçalayır. Bəlkə ərlərinin həyatını sonradan cəhənnəmə döndərən bütün 
qadınlar onlardan itib yoxa çıxmış gəncliklərinin intiqamını alırlar? Bilirsən, 
Yuska, mən sənin düşündüyün qədər də pis adam deyiləm. Bəzən ciddi şeylər 
barədə düşünmək həyatın ləzzətini qaçırır. Nə isə... Gəl içək gözəl qadına 
istədiyini verə bilən sənin kimi gözəl oğlanın sağlığına… Hə, indi istiotlu, 
sumaqlı bu qayğanaqdan bir dad görüm...
Qədəhini boşaldandan sonra öz çəngəli ilə qayğanaqdan götürüb, Yusifin 
ağzına qoydu:
- Bax, belə, ay sağ ol!
Bir azdan Yusifin yanaqları turp kimi qızardı, qəlbi gah şəfqət, gah da 
nifrətlə dolub-boşaldı. O, hallı vaxtlarında tanımadığı adamlara qarşı belə 
mərhəmətli olmağı, güzəşt etməyi bacarırdı. İndisə, qarşısında uşaq vaxtından 
tanıdığı, kişi dünyasına yaxından bələd olan bir qadın əyləşmişdi. Birdən nə 
düşündüsə, həlim, özünə yad, cır səslə dilləndi: 


34 
- Şir…in… gəlin, Zülüm… Zuleyxa, bəs mənim hərbi xidmətə yar.. 
ar…sız olmağım barədə səə..nəd nə vaxt hazır olacaq? Sən söz vermişdin axı... 
- Bu sözləri könülsüz, dili topuq vura-vura söyləyəndə, o, taleyin ironiyasından 
əzab çəkən aciz və bədbəxt bir adam olduğunu anlayırdı, çünki bu aciz və 
bədbəxt adamın qəlbində birdən-birə qadın qisminin güclü məxluq olduğuna 
sonsuz inam yaranmışdı. Və o, bu güclü məxluqa döyüşsüz təslim olub, ağ 
bayraq qaldıran əsgər kimi irəlidə görəcəyi bütün işgəncələri, mənəvi əzab-
əziyyətləri gözünün altına almışdı. 
Züleyxa öz uğurundan xoşhallanıb, gülə-gülə əlini açıq sinəsinə apardı, 
sonra: 
- Vay-vay! – deyib uzun barmağını çənəsinin batıq yerinə qoydu: – Sən 
dünyanın işinə bir bax, əsgəri xidmətə yararsız olan cavan oğlan gör nələrə 
yarayır!
Sonra üzü ciddi ifadə aldı:
- Mənə bax, Yuska, əgər bir də mənə məktəbli uşaq kimi «şiringəlin» 
deməsən, hər şey yoluna düşəcək. Günü bu gün hərbi komissarlıqdakı tanışıma 
zəng vurub öyrənərəm… O qədər pulu elə belə almayıb ki! 
Yusifin artıq ayrı cür danışmağa üzü qalmamışdı: 
- Onda sən də mənə daha «qızbacı» demə! 


35 
Züleyxa «yaxşı» dedi və qalib adamlar kimi gülümsündü. Qəlbində «O 
sözlər səni ələ almaq üçün açar idi» - deyə düşündü, sonra bal qarışdırılmış 
qaymaqdan bir qaşıq götürüb ağzına apardı: 
- Amma Nəsibin yanında desəm, incimə, ha! Axı, onun qulağı bu sözləri 
eşitməyə alışıb… Hətta, biz ikilikdə olanda, hərdən məni danlayır ki, Yusif yekə 
kişidi, daha ona belə demə, nə bilim, xətrinə dəyər, nə bilim, filan-filan... 
Yusif uymuşdu və Züleyxa ilə aralarında olan xoşagəlməz əhvalaıtın 
təsirini bir anlığa da olsa, unutmuşdu. Həyat səhnəsində baş rejissordan sarsaq 
rol almış aktyor kimi taleyinə boyun əyib, qıpqırmızı pörtmüşdü. 
* * * 
İki gün sonra… 
Züleyxa ertədən yataq otağına çəkilib, yorğanın altına girərək, özünü 
xəstəliyə vurmuşdu. Nəsib yorğun olsa da, onu qucaqlamaq, oxşamaq istədi. 
Bunu hiss edən Züleyxa titrək səslə: 
- Yox, Nəsibim, məndən uzaq dur, naxoşam… - dedi və üzünü divara 
çevirdi.
Nəsib bu cür naxoşluğun nə olduğunu yaxşı bilirdi, ona görə də təəssüf 
hissiylə: 


36 
- Demək müalicə yenə də nəticə vermədi, - dedi və dərindən köks ötürüb, 
başını yastığa qoydu. 
Uşağı olsun deyə Züleyxanı müayinə edən ginekoloq-həkimin yazdığı 
resept əsasında müalicə kursu üçüncü ay idi ki, başa çatmışdı. Hər dəfə dənizdən 
evə qayıdanda Nəsib düşünürdü ki, arvadı ona xoş müjdə verəcək.
- Bəlkə də nəticə verərdi, – Züleyxa divara düşən kölgəsiylə danışırmış 
kimi pıçıldadı, - həkim müalicə ilə yanaşı, həm də mənə təmiz havada gəzməyi 
məsləhət görüb. Sən isə məni nə anamgilə getməyə qoyursan, nə də bazara, 
dükana… Heç olmasa, dostuna de məni arada dənizkənarı parka-zada gəzməyə 
aparsın. Dustaqlara da təmiz havada gəzməyə gündə bir dəfə icazə verirlər… 
Mən isə ayda-ildə bir-iki dəfə çöl-bayır görsəm, böyük şeydir…
Züleyxa ürəyini birnəfəsə boşaldıb susdu. 
Nəsib düşündü ki, Züleyxa haqlıdır. Bəlkə elə buna görə də gülləri 
soluxmuş ağac kimi hərəkətsiz və donuq görünür. Onun üz-gözündəki 
nigarançılıq ifadəsinin səbəbi Nəsibə indi bəlli oldu. Davranışı, oturuşu, duruşu 
həmişəki kimi deyildi. Sir-sifətindən solğunluq yağırdı. Bu uşaq məsələsi, 
deyəsən, Züleyxanı getdikcə daha çox hövsələdən çıxarırdı, bəzən heç nə 
danışdığının fərqinə də varmırdı. Söz-söhbətində qəlb sızıldadan bir iztirab 
vardı. Amma Nəsib ona təsəlli vermək üçün əvvəllər dönə-dönə dediyi sözləri 
bir də təkrar eləmək istəmirdi. Odur ki, birbaşa mətləbə keçdi: 


37 
- Mən heç ananın bu evə gəlməyini istəmirdim. Həyatda elə şeylər var ki, 
onları uzun-uzadı izah etməyə ehtiyac yoxdu… Görünür, onun yanına köçməli 
olacağıq, qərarım belədir. Bu barədə mübahisə etmək heç birimizə fayda 
gətirməz. Qaldı ki, gəzmək məsələsi, Yusifə özün də desəydin, aparardı. O belə 
şeylər üçün əldən getmirmi? Uşaq məsələsinə gəldikdə isə, səbr etməliyik. Bəlkə 
elə bu da bir sınaqdır? Axı, sən altı il əvvəl Allahın verdiyi övlad payını tezdir 
deyib, qəbul etmədin. İndi hər ikimiz o günahın cəzasını çəkirik. .. Nə isə, mən 
yatıram, yaman yorğunam. Hə, az qala, unutmuşdum, sabah axşam birlikdə 
«Yaşıl Teatr»da konsertə gedəcəyik, türk müğənnisi gəlib. 
Züleyxa yerində qurcalandı: 
- Belə konsertlərə bileti bir-iki gün qabaqcadan alırlar… 
Nəsib əsnəyə-əsnəyə dedi: 
- Bizə işdə həmkarlar ittifaqından veriblər… 
Züleyxa söz atdı:
- Eh, bilet nə olan şeydir ki? Həmkarlar ittifaqının hünəri varsa, əmək 
haqqınızı artırmaq üçün bir iş görsün, vallah, utanıb qızarmırlar ey, heç belə də 
biabırçılıq olar? Ordan-burdan gəlmələr az işləyib, çox qazansın, sən isə öz 
evinin içində qəpik-quruş al. 
Nəsib bu sözləri eşitmədi - artıq xor-xor xoruldayırdı.
Züleyxa: 


38 
- Vəssəlam, bunun solo konserti başladı!.. – dodaqaltı mızıldanaraq durub 
yatağın içində oturdu... 
Züleyxa əllərini qarnının üstündə gəzdirdi. Barmaqlarında anasının 
bağışladığı briliant üzüklər hərdənbir qonaq otağından dəhlizə, dəhlizdən də 
yataq otağına süzülən zəif, mavi işıq zolağında yanıb-söndü, bu, ona həzin meh 
əsdikcə korun-korun közərən ocağı xatırlatdı. Elə bil, o ocaqdan iynənin ucu 
boyda bir işıq parçası da rüşeym kimi Züleyxanın bətninə axdı. Dodaqlarına 
təbəssüm qondu. Sanki ana olmağın ləzzətini duymuşdu. Sonra ağlına nə 
gəldisə, durub sobanın üstündəki kiçik kameranı götürdü… 
* * * 
Konsertdən qayıdıb gələndən sonra mətbəxdə oturub çay içə-içə gənc ər-
arvad şirin-şirin söhbət edirdi. Yusif də gəlmişdi. O, gah pəncərədən şəhərin 
gecə mənzrəsinə baxır, gah da mətbəxdəki televizorun kanallarını dəyişə-dəyişə 
maraqlı veriliş axtarırdı. Bir azdan Züleyxa qalxıb yataq otağına keçdi, ordan 
balaca kameranı gətirib gülə-gülə televizora qoşdu: 
- Diqqət!.. Diqqət!.. İndi mənim yatmamışdan qabaq sizə maraqlı bir 
sürprizim var! – dedi. - Beləliklə solo konsertimiz davam edir!.. - Uzun 


39 
barmağını kameranın düyməciyinə toxunduran kimi televizorun ekranında 
qarmaqarışıq dalğaların ardınca yataq otağı göründü. 
Yusif qutuda ilan görmüş kimi birdən ayağa qalxdı. Keçirdiyi qorxu 
hissindən bədənini soyuq tər basdı. Düşündü ki, bir bəhanə tapıb, kameranı 
götürsün, tez diski çıxarıb, eyvandan aşağı atsın. Amma, elə bil, ayaqlarını 
döşəməyə mıxlamışdılar - yerdən tərpənə bilmədi. Cibindən siqaret çıxarmaq 
istədi, sonra tez fikrindən daşındı. Nəsibin yanında siqaret çəkmirdi – bilirdi ki, 
danlayacaq, özü də uzun-uzadı. Axırda hər ikisi dilxor olacaq. Düşündü ki, 
dünyanın işinə bir bax, dostuma, guya, hörmət edib, yanında siqaret çəkmirəm, 
amma arvadı ilə min oyundan çıxıram... namusunu tapdalayıram… 
- Sənə nə oldu? – Onun bu halı Nəsibi təşvişə saldı. - Yoxsa diskdə səni 
narahat edən nəsə var?
Züleyxa hiyləgər baxışlarla onu süzdü: 
- Eyy, nə oldu, «qızbacı», - dedi. Rəngin niyə qaçdı? Qorxma, indi sizə 
göstərəcəyim «Muzıkalı noç» sənin səhərəcən baxdığın qorxulu filmlərdən 
deyil. Həm də öz istehsalımızdır! 
Hər üçü gözlərini ekrana zillədi. Budur, əyninə pijama geymiş Nəsib 
yatağın içində böyrü üstə yatıb, ağzı açıqdır, bərkdən xoruldayır. Elə xoruldayır 
ki, Züleyxa gah qulaqlarını tutur, gah da kameraya baxa-baxa deyir: 


40 
- Bu mənim ərimdir, işdən çox yorğun gəlib… Amma, sağ olsun, məni 
əyləndirməyi də unutmayıb… Deyin, siz heç ömrünüzdə səhərə qədər belə 
musiqi dinləmisinizmi?.. 
- Aman Allah, söndür onu, doğrudan da, bu çox əcayib şeydir, – dedi 
Nəsib. – Yazıq Züleyxa, mən sənə gör necə zülm edirəm. Yox, innən belə səni 
yuxuya verib, sonra yatacağam.
- Heyif deyil, niyə bu orijinal musiqidən məni məhrum edirsən? Gül kimi 
xoruldayırsan…
Züleyxa ərinə baxıb, rişxəndlə güldü. Bunu hiss etməyən Nəsib də ona 
qoşuldu, gözləri yaşaranacan güldü…
Züleyxa gülməyinə ara verib: 
- Sən demə, bizim bu Yusif xorultu səsindən qorxurmuş… 
- Yox, canım, o da gündə on-on beş saat işləsə, məndən də betər 
xoruldayar.
Yusub stula çöküb, gözlərini ekrana zilləmişdi. Ona elə gəlirdi ki, 
Züleyxanın sürpriz dediyi şey hələ qabaqdadır. Bir-iki dəfə kəsik-kəsik gülsə də, 
onu dolayan, gərgin və çaşqın vəziyyətə salan Züleyxaya bərk əsəbiləşmişdi: 
«Bunun ürəyindəkiləri anlamaq olmur. Elə bil, Nəsiblə məndən nəyinsə 
intiqamını alır…». 


41 
- Nəsib, mən… mən də sənin yanında işləmək istəyirəm, evdə oturub, 
televizora baxmaqdan bezmişəm… Bir də ki, bu Züleyxa…
- Bir az səbr et, Yusif, işləyəcəksən… Bilirəm, televizora baxmaqdan daha 
çox Züleyxanın zarafatları, yersiz atmacaları səni təngə gətirib. Bizdə bir yer 
boşalmalıdır...
Züleyxanın üzündən gülüş ifadəsi çəkilib getdi. Başını buladı:
- Yuskanın nə canı var ki, gedib dənizdə işləsin. Bir də hərbi xidmətdə 
olmayanları elə yerdə işə çətin götürər.
Sonra ərini sınayıcı nəzərlərlə süzüb, dedi:
- İstəyirsən, mən onu evimizin yanındakı disko-bara düzəldim. Orda 
köhnə bir tanışım var. 
- Nə tanışdır elə? – Nəsib soruşdu. 
- Nədir? Yoxsa məni qız yoldaşıma da qısqanacaqsan? Bir yerdə 
oxumuşuq, canım, yaxın rəfiqəyik. Anası türkləşmiş yəhudidir. Adı Emadır, 
bura köçdüyümüz günün səhəri rastlaşdıq… 
- Bax ha, bizim bu utancaq Yusifi sənin yəhudi rəfiqən yoldan çıxarıb, 
şirin saqqız kimi çeynəməsin… 
- Eh, sən də söz danışdın də, neyləyir Yusifi, onun çuvixası super stardı 
eyy, kliplərini tez-tez televizorda göstərirlər, repin karlıdır. 


42 
- Yox əşi, birdən şahənşahı-zadı olar ha! Cavanları pis yola salan elə o 
teleulduzlardı də.. Nə bilim, repçi-mepçidir… 
* * * 
Üç gün sonra...
Hava tutqun idi. Səhərin gözü açılmamış telefon zəng çaldı. Nəsib dəstəyi 
götürdü. Züleyxa soruşdu: 
– Nə olub? 
Nəsib dedi: 
– Məni təcili işə çağırırlar. Getməliyəm. 
Züleyxa yavaşdan dedi: 
– Yusifi oyadım? 
– Yox, qoy yatsın, duranda çaydan-zadan içib gedər...
 
Yusif oyanmışdı, Nəsibin dediyi sözləri aydınca eşidirdi:
- Salamat qalın! Mən getdim, çatan kimi zəng edəcəm…
Nəsib, dostu oyanmasın deyə barmaqlarının ucunda yeriyib, otaqdan 
çıxdı. Züleyxa isə, əksinə, sanki Yusif eşitsin deyə ucadan: 
- Yaxşı yol, Nəsibim! Bərk külək əsir, yağış yağır, özündən muğayat ol, - dedi 
və marçıltı ilə ərinin üzündən öpdü. Arxasınca atdığı su pilləkənə şappıltı ilə çırpıldı. 


43 
Züleyxa Nəsibi yola salandan sonra qapını arxadan bağladı, elə gecə 
köynəyindəcə qonaq otağına keçib, divanda yatmış Yusifin başının üstünü 
kəsdirdi:
- Yuska, oyan! – dedi.
Mehribancasına onun saçlarını tumarladı: 
- Gəl mənim yanıma, üşüyürəm. 
Yusif ətirqarışıq burnuna dolan qadın bədəninin xəfif qoxusundan 
xoşhallansa da, başını yavaş-yavaş qaldırıb, qəzəblə ona baxdı.
Züleyxanın nazik qaşları heyrətlə çatıldı. Dodağını büzüb, özünü 
məzəmmət edirmiş kimi pıçıldadı: 
- Küsübsən məndən, bilirəm, axmaqlıq edib, yaman qorxutdum səni…
Yusif yorğanı üstündən atdı, qalxıb divanda oturdu və dedi: 
- Manyakın birisən sən, qorxmaq nədi, az qaldı ürəyim dayansın…
Birdən onu «cəzalandırmaq» üçün döşəməyə sərilmiş xalçanın üstünə 
yıxdı, hirslə alt köynəyini cırıb əynindən çıxartdı… və qəfildən ağlına nə 
gəldisə, durdu, elə bil, onu elektrik vurdu, yerində quruyub qaldı, qolları yanına 
düşdü. Züleyxa fürsəti fövtə verməyib, onun əllərini döşlərinin üstünə qoydu. 
- Hə, niyə durdun? – deyib, Yusifi özünə sarı çəkdi. – Günahkaram, 
cəzamı ver, – dedi.


44 
Yusub «sən» demək istəyəndə, Züleyxa ehtiraslı dodaqlarını onun 
dodaqlarına söykəyib, danışmasına imkan vermədi.
Züleyxanın ətirli nəfəsi, çılpaq bədəni Yusifi cuşə gətirdi. O içkili kimi 
bihuş olmuşdu.
Züleyxa aramsız deyirdi: 
– Hə, mənə ürəyin nə istəyir de, vur, döy, söy! Səndən mənə gələn qada-
bala, hər şey, hər şey gözəldir… 
Züleyxanın tez-tez işlətdiyi «hər şey gözəldir…» beyti Yusifi əsəbiləşdirib 
özündən çıxarırdı. O, dişlərini qıcıyıb: 
- İndi mən sənin başına elə bir oyun açım ki, bir də elə iş tutmayasan.
Züleyxa isə nəfəsi kəsilə-kəsilə, onu aramsız öpüşlərə qərq edə-edə: 
- Burda yox, Yuska, qurban olum, gedək yataq otağına, ora yaxşıdır, - deyirdi. 
Yusifin əl-ayağı, dili-dodağı sanki özününkü deyildi: 
- Gecdir, Zülya, gecdir, - deyə onu tumarlayırdı, öpürdü. - Bura da pis 
deyil, bura pis… pis… o diski ver mənə… 
- Hə, hə, bura da yaxşıdı, yaxşı… yaxşı… -İndi o üzüqoylu xalçaya 
sərələnmişdi. - …Yuska, sən qəzəbli olanda şövqə gəlirsən, güclü olursan, nə 
istəsən verərəm sənə… mənə nə edirsən et, amma bircə dişdəmə, nolar…
- Yoox! Diski verməsən, lap bərk dişləyəcəyəm… Bax belə! Hə, necədi, 
ağrıdır? 


45 
- Oyyy, Yuska, yavaş, incidir axı… 
- Vallah, sən manyaksan… o diskin xatirinəmi bu ağrılara dözürsən? 
- Ağrılar bəzən şirin olur, içimdə qəribə rahatlıq duyuram. 
Yusif bir an nəfəsini dərib dayandı: 
- Zülya, onda … bu rahatlıq naminə gəl o diskdən vaz keç! 
- Niyə durdun? Disk nədir? Lap canımı da verərəm sənə, canımın içini də, 
canımın içi… canım… can… 
- Sus…sus…diski ver, diski… 
- Bax belə, mən sənin vəhşiliyindən zövq alıram… Qəzəbin məlhəm kimi 
ruhuma şəfa verir… Ah, Yuska, Yuska… 
Bir dəfə yaşayırıq 
Bu işıqlı dünyada. 
Üç gün, beş gün - 
Ömrü veririk bada. 
Tuşlayıb ümidləri 
Hərəmiz bir hədəfə, 
Bir dəfə yaşayırıq, 
Hərəmiz bir dəfə… 


46 
İki-üç saat hiss olunmadan keçdi…
Saniyələrin, dəqiqələrin hökmranlığına tabe olmuş adam özünü əbədi 
olaraq qürbətdə hiss edir, vaxt külək kimi onun istiqamətini dəyişir. O, 
arzulamadığı bir aləmə düşür, bacarmadığı mənasız işlə məşğul olur, sevmədiyi 
məxluqla birlikdə oturub-durur. İndi Yusifin də halı buna bənzəyirdi. 
Onun üçün dünya bir biçimdə, bir rəngdə idi.
Günortaya az qalırdı…Bayırda narın-narın yağış yağırdı. Elə bil, külək 
aramla pəncərəni döyürdü ki, payızın bu gözəl vədəsində yatağında şirin-şirin 
yatanları və təmbəlləri oyatsın... 
İçəridə – qonaq otağının döşəməsinə sərilmiş böyük xalçanın üstündə ikisi 
də çılpaq və hərəkətsiz uzanmışdı: birinin üzü qərbə, o birinin üzü şərqə. Birinin 
üzündə təbəssüm, o birinin üzündə qəm-qüssə. Biri çılğın, biri dalğın... 
Züleyxa əvvəl divar saatına, sonra cırılmış alt köynəyinə baxdı, sonra 
ehmalca Yusifi qıdıqlayaraq dedi: 
- Ey! De görüm, qəzəbin soyudu? Susursan, deyəsən, sən məndən 
doyubsan! Mən isə, əksinə, «acmışam», ürəyim gedir, dur ayağa, gedək birlikdə 
isti duşun altında yuyunaq, bilmək olmaz bəlkə orda da… Mənə bu cür ibrət 
dərsi keçdin? Yaxşı, dur, bir tikə çörək yeyək, sonra da sənin işindən ötrü 
Emanın yanına - bara gedək. 
Yusif onun əllərindən tutub, fikirli-fikirli: 


47 
- Zülya… Bəsdir, məni qabaqlama, o lənətə gəlmiş diski verməsən...
Züleyxa işvəkarlıqla gülümsünüb soruşdu:
- Hansı diski? Dəlisən? Məndə disk nə gəzir? Canım, əslinə qalanda, bu 
gün səndən aldığım kamın yanında o diskdə olanlar heç nədir… Sən indi daha 
mükəmməlsən!.. Getdikcə püxtələşirsən!.. 
- Belə çıxır ki, o gecə aramızda heç nə olmayıb... 
Züleyxa susub, onu sınayıcı nəzərlərlə süzdü.
Yusif əsəblərini cilovlaya bilmirdi. Siqaret yandırdı: 
- Hə, de görüm, niyə susdun?
- Yuska, əl çək məndən, olan oldu, hər halda, sənə verdiyim o diskdə 
gördüklərin hansısa pornoqrafik filmdən köçürülməmişdi.
Cırılmış alt köynəyini əyninə keçirib, ayağa qalxdı, özünü ciddi aparmağa 
çalışsa da, bacarmadı, gülümsədi:
- Bir bax, gör nə etmisən, bu vəziyyətdə yəqin lap gülünc görünürəm… 
İlk maaşından mənə eynən belə bir alt köynəyi alarsan, yaxşı? 
- Sənə dedim diski ver… - Yusifin rol oynamağa daha hövsələsi 
qalmamışdı. 
- Narahat olma, disk-misk yoxdur, – dedi. – Dayan, dayan, demək sən 
mənimlə o diskə görə oldun? Eh, kaş, mənimlə o diskə görə deyil, məni 
xoşladığına, bədənimin gözəlliyindən zövq aldığına görə olaydın… Səni 


48 
bilmirəm, mənim üçün çox xoş oldu. Bu yağmurlu payız səhəri ömrümün ən 
şirin xatirəsi olacaq, amma sən nə vaxt istəsən mənimlə əlaqəni kəsib, öz 
«postuna» dönə bilərsən… Lap elə günü bu gün. Sağ ol, sən mənə istədiyimi 
verdin... Mənim çox xoşladığım mahnıda deyildiyi kimi: 
Hər şey gözəldir həyatda, 
Sən bu gözəlliyi anlaya, duya bilsən... 
Hər şey gözəldir həyatda, 
Özün bir zərrə gözəllik yarada bilsən! 
Yarada bilsən …. 
Sarsıldığını hiss edən Yusif yumruğunu düyünlədi, dişlərini qıcadı.
Züleyxa bir anlıq ona min oyun qurub, öz istək-arzusuna çatmağı bacaran cin, 
şeytan, iblis kimi göründü. İstədi uzun, gözəl boğazından yapışıb onu boğsun.
- Demək… məni hiylə ilə tora saldın? Sən qadın yox, şeytansan… Sən… 
- Unutma ki, bu gün hərbi komissarlığa gedəcəyik. Bir də sənin iş məsələn 
üçün rəfiqəmlə də görüşməliyik.
Təpədən dırnağa Yusifin çılpaq bədənini süzüb acıqlandı:
– Heç olmasa, ayıbını ört, əyninə şortikdən-zaddan bir şey gey, qabaq-
qənşər binadan görüb-eləyən olar…
Züleyxa qapıya sarı gedib, birdən dayandı:


49 
– İncimə, xahiş edirəm, bir də bu otaqda siqaret çəkmə, iyi pərdələrə 
hopur.
O bu sözləri elə rəsmi, elə soyuqqanlı dedi ki, sanki Yusiflə arasında heç 
bir yaxınlıq, heç bir intim əlaqə olmamışdı. Sevdiyi mahnını bu dəfə daha 
ucadan oxuya-oxuya yataq otağına geçdi: 
Bir dəfə yaşayırıq 
Bu işıqlı dünyada. 
Üç gün, beş gün - 
Ömrü veririk bada. 
Tuşlayıb ümidləri 
Hərəmiz bir hədəfə, 
Bir dəfə yaşayırıq, 
Hərəmiz bir dəfə… 
Elə sevək-sevilək ki, 
Bu sevgi ömrümüzü
Nurlandırsın, isitsin, 
Qışda, baharda, 
Al gündüzlərdə, 
Zülmət gecələrdə, 


50 
Mavi axşamlarda, 
Bəyaz şaxtalarda… 
Hər şey gözəldir həyatda, 
Hər şey gözəldir həyatda… 
* * * 
… Ema Yusifi oğrun-oğrun süzüb, Züleyxaya göz vurdu: 
- Zulka, demə, sənin belə gözəl, eleqant tanışın da varmış, bəs bu vaxtacan 
bizi niyə tanış etməmisən? Boy-buxunundan, maşallah, lap manikenlərə oxşayır, 
– dedi və qısa ayaqları şaxələnmiş ağac kökünü xatırladan girdə masanın 
üzərindəki narıncı qutudan götürdüyü nazik, uzunsov siqareti damağına qoydu, 
sonra Yusifə baxdı:
– Demək, bu vaxta kimi heç yerdə işləməmisən?
Yusif də ona baxdı: sağ ayağının dizdən aşağı, sol qolunun dirsəkdən 
yuxarı hissəsinə tatuacla gül şəkli çəkilmişdi. Sinəsini kip örtmüş sarı 
koftasından irəli çıxan qabarıq döşləri, dar yupkasına taxdığı enli kəməri, 
dabansız ayaqqabıları onu iş qadınından çox, əhlikef, yüngül meşşana 
bənzədirdi.
Ema Yusifin dinmədiyini görüb, bir də soruşdu: 


51 
- Bəs, əlindən bir iş-zad gəlir? 
Bir dəfə Yusifin əvəzinə Züleyxa cavab verdi: 
- Emacan, o baxır sənin tələbinə, istəsən, əlindən hər iş gələr.
Züleyxa rəfiqəsinin üzünə gülümsünüb, Yusifi dümsüklədi, yəni, ay 
qanmaz alışqanı çıxart, qızın siqaretini yandır!.. 
Emanın gözü elə ilk andaca Yusifi tutmuşdu: 
- İstəsə, hələlik, ya qarson, ya da barmen köməkçisi işləyər, sonrasına 
baxarıq, - dedi. 
- Sağ ol, Ema, bilirdim ki, sözümü yerə salmayacaqsan. Bir də, ərim 
dənizdə olduğu günlərdə, xahiş edirm, Yuskanı evə bir az tez burax… 
- Zulka, sən ki tələbə vaxtı qorxaq deyildin... 
- Ema, bu təzə mənzildə - on dördüncü mərtəbədə, göyün yeddinci qatında 
tək qalanda xoflanıram. 
- Zulka, bəs uşağın necədi? Böyüyüb? Axı, mən bilən sən sonuncu kursda 
hamiləydin? 
- Çox axmaqlıq elədim, saxlamadım… İndi də istəyirəm, olmur. Hə, elə 
məndən danışacağıq? Bəs sən necə? De görüm, ərə getmisən? Sənin o vaxt 
sevdiyin oğlanı bu günlərdə televizorda gördüm. 
- Eh, o, məhşurlaşıb ulduz olandan sonra ulduzumuz barışmadı, ayrıldıq… 


52 
Yusif bir kənara çəkilmişdi. Hərdən ürəkləri söz-söhbətlə dolu olan
rəfiqələrə baxır, sanki onların arasında oxşar cəhətlər tapmağa çalışırdı.
Züleyxanın laqqırtı vurmaq üçün əlinə fürsət düşmüşdü. Fasiləyə bir az 
qalmış, Ema ilə birlikdə barın qapısından çıxdı. 
Ema onları öz maşınında hərbi komissarlığa apardı. Yusif ömründə ilk 
dəfə qadının sürdüyü maşında əyləşdiyinə görə narahat olur, qəribə hisslər 
keçirirdi… 
* * * 
Nəsib bu dəfə dənizdən evə şad xəbərlə döndü: 
- Bir-iki həftədən sonra Birləşmiş Ərəb Əmirliklərinə yola düşürük.
- Nə yaxşı, - deyə Züleyxa sevindi. - Elə bizim də sənə deməyə şad 
xəbərimiz var. Yusifin hərbi biletini aldıq. İkinci həftədir ki, gündüzlər barda 
çalışır, bu gün - sabah işini böyüdəcəklər. Gündəlik qazancı olacaq. 
- Onda, gəlin gedib bunu bir restoranda əməlli-başdı qeyd edək… 
* * * 
«Ay işığı» restoranında xudmani bir guşəyə çəkilib əyləşdilər. Xörəklər 
süfrəyə gələndə Nəsib: 


53 
- Bu gün mən sizin ikinizə də bir sirr açacağam, – dedi. Çoxları elə 
düşünür ki, mən altı, yeddi ay Ərəbistan səhrasında qızmar günəşin altında 
işləyib yalnız yaxşı pul qazanmağa, maşın almağa gedirəm. İstəsəm, maşını 
kreditlə burda da ala bilərəm… Ora can atmağımın ayrı bir səbəbi var. Şirkətin 
rəhbərliyi bizim qrupu Kəbəyə ziyarətə aparmağı da planlaşdırıb. Mən Allahın 
dərgahında əllərimi açıb, - Nəsib bir an duruxdu, Yusifin yanında «Züleyxanın 
ana olması üçün dualar edəcəyəm» sözünü deməkdən çəkindi, - sadəcə, bir 
istəyimi Allahdan diləyəcəyəm… Bəlkə də bu gün mən əlimə son dəfə badə 
alıram. 
Züleyxa Nəsibin sözünü kəsərək: 
- Sirr deyilsə, o nə diləkdir, bəlkə bizə də deyəsən, məncə, sənin arzuna 
burda paxıllıq edən olmaz… 
- İnşaallah, qayıdıb gələndən sonra deyərəm, – Nəsib söhbətin yönünü 
dəyişdi və Yusifə öyüd-nəsihət verdi: 
- Bara hər cür adam gəlir, əxlaqsız qadınlar, narkomanlar, içki 
düşkünləri… Bax, əgər, yolunu azsan, özündən küs! 
Züleyxa tez dilləndi: 
- Arxayın ola bilərsən, mən Yuskanı rəfiqəmə tapşırmışam. Çox zirək, 
həm də ayıq qızdır, ev-eşiyi, maşını, bağı var. Patronu qoca kişidir, Antalyada 


54 
yaşayır. Emanı öz qızı kimi sevir, barın bütün işlərini ona etibar edib. Özü də 
subay-salıx qızdır…
- Subay-salıx qızdı? Hər subay ürəklərdə sevgi şamı yandırır. Ayıq ol, 
Yuskа. Çalış, tələyə düşmə...
- Subay adam ürəklərdə sevgi şamı yandırsa, demək, onda, belə çıxır ki, 
hər evli də ürəklərdə sevgi şamı söndürür?
Züleyxanın ikibaşlı sualı, tənəli baxışları arxasında gizlənən mətləb Yusifi 
iyrəndirdi. Ərinin dostunu hiylə ilə yatağına soxub, xəyanəti təbiətin pozulmaz 
qanunu adlandıran bu qadının qəlbi ona çirkaba bulaşmış daş parçasını 
xatırlatdı. Birdən çəçidi, ayağa qalxıb, tez bayıra çıxdı. Nəsib qədəhindəki arağı 
içib, onun arxasınca baxa-baxa başını buladı: 
- Bax, yenə siqaret çəkməyə getdi, o zəhrimarı tərgitmək belə çətindir 
yəni?
Züleyxa onu məzəmmət etdi: 
- Sən özün necə? Pis vərdişindən əl çəkə bilirsən?
- Hansı vərdişimi nəzərdə tutursan? Xoruldamağımı deyirsənsə…
- Özün yaxşı bilirsən nəyi nəzərdə tuturam, elə Yusif də sənin tayındır... 
- Dost dosta tən gərək, tən olmasa, gen gərək! Qısqanclıq bizim 
genimizdədir! Babam nənəmi qısqanıb, atam anamı, mən də arvadımı… 


55 
- Belə çıxır ki, sən özünü başqa kişilərdən aşağı hesab edirsən… 
Başqalarını hər cəhətdən özündən üstün saydığına görə həmişə narahatçılıq 
keçirirsən. Kişilər bir şeyi bilmir ki, inamsızlıq ərini sevən qadınlar üçün 
təhqirdir. Yer üzündə ən etibarlı qadın belə öz qısqanc ərindən bu təhqirin 
intiqamını almaq üçün fürsət gözləyir… 
- Belə çıxır ki, sən də fürsət gözləyirsən?.. 
- Söhbət məndən getmir, ümumiyyətlə deyirəm…
- Qadın kişi qısqanclığının nə olduğunu incəliyi ilə bilmir. Bunu bilmək 
üçün gərək ancaq kişi ola. Bəzi adamlar elə bilirlər ki, qısqanclıq dəlicəsinə 
sevməkdən başlayır. Bu hiss sevgi olmadan da yarana bilər. Bu, namus – ölüm-
dirim məsələsidir.
Züleyxa istədi ki, Nəsibə sual versin: «Sən necə, Yusiflə aramızda olanları 
bilsəydin, məni öldürərdinmi?» Amma dinmədi.
Yusif qayıdıb gələndə, Nəsib sözü dəyişdi: 
- Gəl, sənə nə oldu? Fikir vermə, düz deyiblər: «Çərənçi və gözəl arvad 
ərinə qəm-qüssə gətirər». Məndən sənə nəsihət, çalış hər ikisindən uzaq dur! Bir 
də, evlənməyə tələsmə…
- Tələsmək nədir? Bəlkə mən ömrüm boyu heç evlənmədim… - Yusif 
başını aşağı saldı. 
- Niyə ki, məgər evlənmək pis şeydir? – Züleyxa maraqla soruşdu. 


56 
Yusif duruxdu: 
- Evlənmək pis niyə olsun ki? Mən, sadəcə, indiki qadınlara inanmıram. 
Kişiləri günaha sövq edənlər də onlardır…
Nəsib Züleyxanın üzünə baxdı: 
- Gördün, Züleyxa, Yusifi qınama, bəlkə də evlənməyə tələsən kişilərin 
hamısı sonradan qısqanc olurlar? Amma, bu, bizim nəsildə irsidir. Sözsüz, 
xəstəlik kimi, çox pis şeydir. Ancaq heç kim bu qısqanclıq hissinin dəqiq tərifini 
verməyib, anatomiyasını aydın acıb göstərməyib. Axı, bu təkcə insanlarda deyil, 
həm də, bütün heyvanlarda, quşlarda, mən deyərdim, bütün canlılarda var. Bəlkə 
bu mövzunu şeirlə bitirək? 
Qısqanclıq axtarar üzdə mənanı, 
Bağlanmaz ürəyin telləri ilə. 
Qısqanclıq günahsız Dezdemonanı 
Boğdu Otellonun əlləri ilə. 
Qısqanclıq bənzəyər soyuq küləyə, 
Buz tökər üstünə ismətin, arın. 
Qısqanclıq zəlitək girər ürəyə –
Sorar al qanını şah damarların. 


57 
Züleyxa qəşş eləyib güldü: 
- Və sən bu sözləri deyə-deyə yenə qısqanmaqdan əl çəkmirsən?!
- Yox, dedim axı, mən əl çəkirəm, o məndən əl çəkmir. Hə, sizi 
bilmirəm, mən bunu içirəm, dədə-babadan bizə miras qalmış qısqanclığın 
şərəfinə!...
Badələri toqquşdurandan sonra, əvvəlcə Nəsib, onun ardınca da Züleyxa 
və Yusif qalxıb birlikdə rəqs etdilər… 
* * * 
O gecə səhərin açılmasına hələ xeyli qalmış Züleyxa yuxudan ayıldı, 
yerinin içində dirsəklənərək, barmağı ilə Nəsibin qaşlarını ehmal-ehmal 
sığalladı, əyilib burnunun ucundan öpdü, əlini yorğanın altına salıb, sinəsini, 
sonra qarnını sığalladı, əlini asta-asta aşağılara apardı. Nəsib gözünü açıb, 
yuxulu-yuxulu ona baxdı. Züleyxa əyilib dodaqlarını onun dodaqlarına söykədi, 
sonra pıçıltı ilə dedi:
– Biz Ərəbistan səh-ra-sın-da-yıq… Altı ay bir-birimizin həsrətinə necə 
dözəcəyik?.. Sən gedənəcən gərək gecələr yatmayaq, qarşıdakı tənhalığın, 
boşluğun yerini dolduraq.
Züleyxa Nəsibin dodaqlarından ehtirasla öpməyə başladı. 


58 
Nəsib gözlənilmədən qalxıb onu qucaqladı:
– Düz deyirsən, ayrılıq ərəfəsində bu qədər içməməliydik, – dedi. 
O, Züleyxanın arzusunu yerinə yetirəndən sonra ondan aralanmaq istədi, 
Züleyxa onu qucaqlayaraq: 
- Getmə, ən dadlı, şirin dəqiqələrimi yarımçıq qoyma, qucağında qalmaq, 
uyumaq istəyirəm, başa düşdün?.. 
Nəsib «başa düşdüm» demək əvəzinə, könülsüz də olsa, Züleyxanı bərk-
bərk qucaqladı, öz-özünə «Bu ehtirasla bu altı ayı necə dözəcək?» deyərək 
narahat oldu.
Züleyxa üşüyürmüş kimi onun qucağına sığındı və uşaq kimi pıçıldadı: 
- Hər üçümüz əməlli-başlı hallanmışdıq. 
O gecə ilə bağlı Züleyxanın uydurduğu şeylər, nədənsə, Nəsibə xoş təsir 
bağışlayırdı. Ən maraqlısı bu idi ki, Züleyxa o unudulmaz gecəni məhz 
özünəməxsus tərzdə təsvir edirdi. Sanki uzaq Ərəbistan səhrasında Nəsib məhz 
o gecəni həsrətlə xatırlayacaqdı. Buna əmin idi. Guya, yataq otağındakı taxt 
alındığı gündən bəri ilk dəfə imiş ki, o gecə səhərəcən cırıldayıbmış. Guya, 
Züleyxa, arada deyirmiş ki, Nəsibim, bəsdir, dostundan ayıbdır, eşidər… Nəsib 
də deyirmiş ki, yox, canım, o məndən çox içib, lap daş kimi yatıb. Züleyxa da 
deyirmiş ki, dayan, bir qulaq as, bu, Yuskanın ayaq səsləridi, deyəsən, dəhlizdə 
gəzişir, yəqin bizi pusur. Nəsib də, guya, qayıdıb deyirmiş ki, bu, küləyin 


59 
səsidir, binanın damını yellədir, mənim dostum qız kimi utancaqdı, heç vaxt belə 
hərəkət etməz! Amma Züleyxa yenə narahat olub həyəcan keçirib, «Mən 
Yusubu ayağının səsindən tanıyıram», - deyib. Axırda Nəsib etiraz etməyib: 
«Bəlkə də düz deyirsən, bəlkə də o heç bizi pusmur, özünü pis hiss edir, ürəyi 
bulanır, bəlkə siqaret çəkmək istəyir?».
Nəsib bu əhvalatları eşidəndə Züleyxaya baxa-baxa gözlərini döydü, 
çiyinlərini çəkdi və soruşdu: 
- Qəribədi, yəni mən bu qədər sərxoş olmuşdum? 
- Hər şey əla idi, düzünü de, Nəsibim, sən, doğurdan da, içkini 
tərgidəcəksən?
- Hə, axı, Allahdan övlad diləmək üçün mən əvvəlcə içkini tərgitməli, 
tövbə etməli və təmiz nəfəslə, pak qəlblə o müqəddəs yerə getməliyəm. Həm də, 
oranı ziyarət edənlərə hacı deyirlər. Bir də ki, mən, özün yaxşı bilirsən, içkiyə o 
qədər də aludə deyiləm.
- Heyif, çox içəndə başqa cür olursan yataqda... Bu gün ilk dəfə yaxınlıq 
etdiyimiz gecəni xatırladım. Yadındadırmı o gün? Dedim ki, gəl toy gecəsini 
gözləyək, sən isə, razılaşmadın, dedin biz hansı zəmanədə yaşayırıq? Və mən 
təslim oldum...
Nəsib xəyala daldı; o, nadir hallarda, özü də lap az içirdi. Amma həmin 
gecə, nədənsə, bərk sərxoş olmuşdu və bunu heç vaxt da danmırdı. İlk dəfə 


60 
yaxınlıq etmələrinə isə daha çox Züleyxanın can atdığını yaxşı xatırlayırdı. Əgər 
Nəsib təcrübəsiz olmasaydı, elə o gecə Züleyxa ilə birdəfəlik qurtara bilərdi. 
Çünki Züleyxa çulu suya verəndən sonra çox abırlı-həyalı, ismətli qız roluna 
girmişdi, özü də əməlli-başlı: «Gərək biz toy gecəsini gözləyəydik» - deyə vay-
şivən qoparmışdı, yalandan ağlayanda anası Toppuş Əntiqə qapını açıb içəri 
girmişdi: «Daha toy gününü təxirə salmaq olmaz!» - deyib hökmünü vermişdi. 
Nəsib də elə o vaxtdan içkiyə nifrət etmişdi.
Nəsibi o uzaq, dumanlı xəyalların qoynundan Züleyxanın səsi ayırdı: 
- Mənim üçün çox darıxacaqsan. Bu gecəmizi yada salanda, burnunun ucu 
göynəyəcək. Yəqin ki, orda - səhranın ortasında heç qadın-zad olmayacaq… 
- Qadın! - deyə Nəsibin köksündən ah qopdu. Xəyalındakı duman çəkildi, 
düşüncələri duruldu: uzaqlarda, lap uzaqlarda sürünən bir kölgə ilğım kimi 
görünüb yox oldu. «Bu qadın hər dəfə sərhəd məntəqəsini keçəndə, şorgöz 
gömrükçülər bayram edirlər». Bunu deyən adam hardan biləydi ki, o qadın 
Nəsibin qaynanasıdır, duldur, gözəgəlimlidir, var-dövlət yığmaq üçün min 
oyundan çıxır...
Toydan bir ay keçər-keçməz bir gün Toppuş Əntiqəni xaricdən gələndə 
narkotik maddə ilə yaxaladılar. Həbs etməsələr də, olub-qalanını əlindən aldılar. 
Amma nə olsun? O bundan bir nəticə çıxartmadı.


61 
- Məncə, səfər qabağı sən anamla görüşsən, yaxşı olar! – Züleyxa onu 
sınayıcı nəzərlərlə süzdü. 
* * * 
… Nəsib Ərəbistana yola düşəndən bir ay sonra, Züleyxa evdə ad gününü
keçirməyə hazırlıq görürdü.
Yusiflə Ema axşamüstü hədiyyə üçün şəhərin mərkəzi küçələrini xeyli 
gəzdilər. Axırda Ema iki hədiyyə seçdi, birini öz adından, digərini də Yusifin.
Ema «Madonna körpə uşaqla» portretini seçəndə, qeyri-ixtiyari dedi:
– Məncə, bu, Züleyxanın xoşuna gələcək!
... Axşam saat on birə qalmış Nəsib Əl-Riyaddan Züleyxaya zəng etdi. 
Onların telefon söhbətindən sonra Ema badələrə şampan şərabı süzdü, sağlıq 
dedi və Yusifi rəqsə dəvət etdi. Bir xeyli oynadılar. Sonra Yusif Züleyxaya 
yaxınlaşdı.
- Ona olmaz! – deyə Ema Yusifi rəqs edə-edə kənara çəkdi. 
- Niyə? – Yusif maraqla soruşdu. 
- Ona görə ki, hamilədir, atılıb-düşməyə qorxur… 
- Hamilə? Sən nə danışırsan? – Yusif eşitdiyi xəbərdən çaşbaş qaldı. – 
Doğru sözündü?


62 
- Mən elə bildim ki, bayaq o hədiyyəni alanda sən hər şeyi başa düşdün. 
Yusub birdən onu qucaqlayıb, ayağını yerdən üzdü, sonra fırladıb yerə 
qoydu və üzündən öpdü: 
- Bu xəbərə görə içərlər! – dedi… 
Yusif qədəhlərə araq tökdü. Züleyxa ayağa qalxıb, Emanı tərs-tərs süzdü, 
deyəsən, öyüməyi gəldi; əvvəl vanna otağına, sonra da yataq otağına keçdi.
Yusif qədəhini başına çəkib, Züleyxanın hərəkətindən az da olsa, pərt olan 
Emanı bu dəfə dodaqlarından öpdü, qız da tamarzı kimi ona sarıldı: 
- Ooo, sən nə şirin öpüşürsən! – dedi.
Yusifi içdiyi araqdan çox eşitdiyi xəbər sərməst etmişdi.
Emaya: 
- Gözlə, Züleyxaya dəyib gəlirəm, - deyib otaqdan çıxdı. 
… Züleyxa güzgünün qabağında dayanıb, əllərini qarnının üstünə 
qoymuşdu. Yusif otağa girən kimi tələsik soruşdu: 
- Nəsiblə uşaq barədə danışırdın?
Züleyxa güzgüdə - arxa tərəfdə üz-gözündən sevinc yağan Yusifi aydın 
görürdü. 
- Əslində, Ema bu xəbəri sənə deməkdə bir az tələsdi. Sabah Nəsib 
Məkkəyə yola düşəcək, düşündüm ki, ordan zəng edəndə desəm, daha yaxşı 
olar! Nə isə… Sən Emanın yanına dön, mən özüm qəsdən sizi tək qoydum. 


63 
Bilirsən, dünən ona zəng elədim, ad günümə çağırdım, sözarası səni soruşdu, 
dedi Yuska yaxşı oğlandır, amma adama yovuşmur. İşdə də heç kimlə qaynayıb-
qarışmır. Yuska, başa düş, məncə, aramızda olanları Ema hər ikimizə unutdura 
bilər… Gec-tez, onsuz da, sən özgəsinin olacaqsan. Sənin gələcəyin hələ 
qabaqdadır. Hər şey bəlkə bu gecədən asılıdır? Sevgi şairlərinin uydurduqları 
şeirlər boş xülyadır, onun gur yanan ocaq kimi vur-tut bircə dəfə atəşi olur, bircə 
dəfə, sonra ömrü boyu adam bu ocağın közərtisi, sonra da külü ilə əlləşir. 
- … 
Züleyxa sobaya yaxınlaşdı. Ordan kağıza bükülü nəsə çıxarıb Yusifə 
uzatdı: 
- Demişdim bunu sənə əlverişli gecələrin birində verəcəyəm… Həmin 
gecədir. İstəmirəm ki, rəfiqəm hər dəfə mənə sənin adamayovuşmaz, 
vecəgəlməz olduğunu deyib rişxənd eləsin! 
Züleyxa danışdıqca, elə bil, Yusif hipnoz olurdu - indi onun hər bir 
buyruğunu gözüyumulu yerinə yetirməyə müntəzir idi.
Yusif Züleyxanın əlindəkini alıb, kefli-kefli gülümsündü və sevincək 
dilləndi: 
- Hə, yadıma düşdü, bunu məhəlləmizin uşaqları gedib sənin anandan 
almışdı. Lazım olsa, yenə alarsan mənçün, anon demişkən, ağəz? 


64 
Sənin bir anon var, çesni slova, 
Boynu yoğun, kellesi zdarova, 
Görən deyir, o arvada karova, 
Südü içən, söyləyir ki, bravo!.. 
- Yaxşı, yaxşı, bəsdir görüm, boş-boş çərənləmə! Sən də Nəsib kimi 
anama şəbədə qoşmaqdan həzz alırsan… 
- Niyə hirslənirsən? Bunu mən demirəm ki? Məhəllə uşaqları meyxana 
qoşublar anana… 
Züleyxa qapıya sarı boylandı, Emanın onun səsini eşidəcəyindən narahat 
olub yavaşdan: 
- Məhlə uşaqları qələt eləyir, - dedi. – Onların tökdüyünü yığışdırmaq sənə 
qalıb? Əvvəllər Nəsib də, sən də anama xala deyərdiniz, indi nə oldu, məhlə 
uşaqları kimi «Ruskaya korova» deyirsiniz? Ayıb deyil? Qulağını aç, yaxşı eşit, 
anam belə şeylər satmır daha, tövbə edib, sən də zibili burada çəkmə, ürəyim 
bulanır, balkona çıx, ya da mətbəxə keç, qapını da bərk bağla, iyi otaqlara 
dolmasın!.. 
- Hər şeyi unutmaq, yaddaşımdan silib atmaq istəyirəm… Görünür, mən 
zəif xarakterli adamam. Öz-özümü aldadıram… 


65 
Birdən Yusifin gözləri sobanın üstündəki balaca əl kamerasına sataşdı. 
İlan görmüş adam kimi diksindi. Onun bu hərəkəti Züleyxanın nəzərindən 
yayınmadı. Ani olaraq, hər ikisi üç ay bundan əvvəlki həmin gecəni xatırladı... 
Züleyxa kameranı götürüb: 
- Al, qoy bu məndən sənə hədiyyə olsun, –dedi. - Hə, gedim Emanı dilə 
tutum ki, gecəni bizdə qalsın… 
- Zülya, sən bu gecə nə yaman xeyirxah və səxavətli olmusan?
- Bəlkə, üzünü görmədiyim atama çəkmişəm. Amma bu gecənin gözəlliyi 
və özünəməxsusluğu səhərəcən oyaq qalan adamlara aiddir, mənsə başımı atıb 
yatacağam. 
* * * 
Səhər… 
Züleyxa Emanın boyun-boğazındakı qırmızı ləkələri görəndə rəfiqəsinə 
ehmalca dedi:
- Hə, de görüm, bizim eleqant oğlan xoşuna gəldi? 
- Boje moy, mən bu vəziyyətdə işə necə gedəcəyəm?!
- Boğazlı koftalarımdan birini geyinərsən. 
- O görməmişin, tamarzının əlindən gecənin bir aləmi canımı güclə 
qurtarıb sənin yatağına gəldim. Zülka, öz aramızdı, sən mənim dediklərimin 


66 
üstünə beşini də qoyub ona necə çatdırmısansa, yaman qəzəblənib. Məni öpə-
öpə acıqla elə hey soruşurdu ki, Em, mənəm adamayovuşmaz? Em, mənəm 
vecəgəlməz? Bax, mən səndən daha utanıb-eləmirəm… 
Ema birdən susdu və nə fikirləşdisə, başını bulayıb, dərindən köks ötürdü: 
- Allah, günahımızdan keçsin! 
- Ema, bəlkə ona ərə gedəsən? 
- Nə danışırsan? O, məndən çox uşaqdır. Amma…
- Amma gördün ki, uşaq deyil… 
İkisi də ucadan şaqqanaq çəkib güləndə, Yusif yuxudan oyandı. «Bunlar 
cavan qız kimi romantikanı xoşlayırlar» - deyə düşündü. Ema ilə gecə aralarında 
olanları xatırlayıb şirin-şirin xəyala daldı. 
Bir azdan qonaq otağını xoş ətir qoxusu bürüdü.
Yusif Emanı görəndə soruşdu: 
- Deyəsən, işə gecikmişik?
Yusiflə keçirdiyi gecə Emanı özgə bir qadına çevirmişdi, sanki aradan bir 
yox, min bir gecə keçmişdi…
Əzgin və həlim səslə: 
- Bu gün ikimiz də izinliyik, - dedi. – Züleyxaya təmiz dəniz havası 
lazımdı. Bilgəhə gedəcəyik…


67 
Sonra Züleyxa da xalatının yaxasını düymələyə-düymələyə qapıda 
göründü:
- Deyirəm, gələn şənbə də birlikdə Türkana gedərik. Orda mənim balaca 
bağ evim var… 
Züleyxanın, guya, heç nədən xəbəri yox idi, dodağına gülüş qondu:
- Ey, burada nə pıçıldaşırsınız? Gül kimi gecəni əlinizdən almışdılar? – 
dedi. - Durun gedək mətbəxə, mən acından ölürəm.
Sonra dodaqlarını büzüb, masanın üstündə gecədən qalmış xörəklərə baxdı 
və dedi: 
- Ema, məni bağışla, bunları Yusiflə sən yığışdıracaqsan… 
* * * 
… Ema ilə yaşadığı sevgi macərası Züleyxa ilə işlədiyi günahı zərrə qədər 
də olsa unutdura bilmirdi. Təklikdə bəzən saatlarla bu barədə düşünürdü. Ema 
onun bu halını görüb narahat olurdu: 
- Bəlkə gördüyün iş ürəyincə deyil? 
- Yox, siz nə danışırsız, bu iş mənim ürəyimə çox yatır.
- Mənə niyə sən demirsən? Bəlkə xoşuna gəlmirəm?
- Xoşuma gəlirsən… çox gəlirsən… 


68 
- Bəs, onda niyə belə qəmginsən? Tez-tez özünə qapılırsan, elə bil, 
ətrafındakıları görmürsən, səni narahat edən bir şey varsa, mənə söylə, çəkinmə!
- Hə, söyləyərəm, söyləyərəm…
Sonra Yusif başını Emanın çiyninə qoyub uzun müddət susduqdan sonra 
demişdi:
– Söyləyərəm, amma sonra… 
Hərdən ona elə gəlirdi ki, içində daşıdığı sirr böyüyüb şişir. İşdən sonra 
xəlvətə çəkilib sərxoş olanacan içirdi.
Bir dəfə Ema demişdi: 
- Bu zəhrimardan uzaq dursan yaxşı olar! İstəyirəm birlikdə Türkiyəyə 
gedək, orda çalışdığımız sahə üzrə xüsusi bilik alıb, təcrübəmizi artıraq… 
Bu gözlənilməz təklif Yusifin ürəyindən olmuşdu. Nəsib gələndən sonra 
gözünə görünməmək üçün birdəfəlik baş götürüb uzaqlara getmək, orda qərar 
tutmaq fikrinə düşmüşdü: «Hə, bu yaxşı oldu, bəlkə orada hər şeyi unudaram...». 
… Amma sən saydığını say, gör fələk nə sayır, deyiblər. 
* * *
… Barda işlədiyi gündən bəri Yusif ilk dəfə idi ki, gecə növbəsində işə çıxırdı. 
Ema demişdi ki, gecələr gündüzdəkindən çox adam olur. Amma, nədənsə, adam az 
idi.


69 
Müğənni qızla oğlan duet oxuyurdular: 
Bu nə bəladı düşmüşük, Allah, 
Biz nökərik, kədər isə şah. 
Bizləri çaşdırdı cavanlıq, 
İndi hər ikimiz çəkirik ah… 
Əvvəllər erotik şəkillər çəkən fotoqraf kişi indi qulağına sırğa taxıb stilist 
olmuşdu, boğazından sallanan qalın, yöndəmsiz zəncir lap it xaltasına 
bənzəyirdi. O, son dərəcə şıx geyinmiş qısa saçlı qızla əyləşib pivə içə-içə 
hərdən barın divarlarındakı şəkillərə sənətkar gözü ilə baxırdı. Gənc qız 
xumarlana-xumarlana hündürdən danışırdı: 
- Müəllim, axı, sən o gün mühazirə söyləyəndə Nitşedən sitat çəkib dedin 
ki, əsil kişi təbiətən uşaqdır və guya, o uşaq həmişə oynamaq, əylənmək istəyir. 
Belə çıxır ki, mən sənin oyuncağınam, hə?
- Toma, yavaş danış, ayıbdır. Heç olmasa, mənə müəllim demə! 
- Onda, mən oyuncaqdan da pis bir şeyəm, hə? Sənə görə hamiləliyimi 
ata-anamdan gizlətmək üçün mən aylarla siçovul kimi bu zirzəmilərdə 
sürünməliyəm? Sənin o Nitşen qadın üçün kişi yox, kişi üçün qadın uşaq 
doğmaqdan ötrü bir vasitədir, alətdir. İndi elm o qədər inkişaf edib ki, qadın 
kişisiz də uşaq doğa bilər…


70 
- Sakit ol, əzizim, həyəcanlanma, sənin hamilə olduğunu biləndə 
«Faustdan» «İki can yaşayır mənim köksümdə» misrası yadıma düşdü, sən də 
mənə əzizsən, bətnindəki körpə də… Qıyma ona…
Yaşı qırxı haqlamış saqqallı kişi cavan qızın əllərini tutub yaltaqcasına 
gülümsündü:
– Mən, axı, dedim, on ildir ki, evliyəm, arvadımın uşağı olmur… 
- Sənə nə var, eh? Xoşbəxtsən, vallah, əgər doğmaq işini Allah kişiyə 
həvalə etsəydi, bu qədər başımı ağrıtmazdım. Dedim ki, mən uşaq-muşaq is-tə-
mi-rəm.
Qız ayağa qalxıb qadınlar tualetinə getdi, qayıdanda dili söz tutmurdu:
- Heç, məəə… ndən də a….na olar? Mənə sənin pulun da lazım deyil, 
ondan nee… cə qurtu… la… cağımı bilirəm. Sən isə, dəyyusun birisən, 
müəllim, bilə-bilə qarnımdakı uşaq səndən deyil, hələ də saxlamağımı təkid 
edirsən… Lənət olsun posmodern dünyaya! Heç sən bilirsən o uşaq kimdəndir? 
Bəlkə bu uşaq SPİD-ə yoluxmuş bir zəncidəndir, ya da cumuqgöz vərəm 
xəstəsinə bənzəyən yapondan? Sənin arvadın postmodern qapqara, cumuqgöz 
uşağı övladlığa götürməyə razı olar? 
Saqqallı kişi ipə-sapa yatmayan qıza baxıb, gözlərini döyürdü. Qızın isə 
getdikcə dili açılır, daha kəkələmirdi: 


71 
- Hə, susursan, mənim əziz sosialogiya müəllimim, qloballaşan dünyanın 
qlobal dərdləri, sosial bəlaları da günbəgün artır, tutalım, mən bədbəxt sənə 
qulaq asdım, özgəsindən qazandığım bu uşağı verdim sənə, böyütdün, yağ, bal 
içində boya-başa çatdırdın, bir gün saymazyana yanımdan ötən o gəncə, 
tanımaza-bilməzə aşiq olsam necə? Ya da sənin ərköyün böyütdüyün o gənc 
mənim qismətim olsa… 
Birdən Yusifin əti ürpəşdi, əlindəki dolu pivə parçı yerə düşüb çilikləndi. 
Qız da, saqqallı kişi də diksindi: 
- Ey, manyaksan, nəsən, bir az yavaş ol! - deyə qız çığırdı. 
- Sən niyə qulaqlarını şəkləyib bizi dinləyirsən? - Saqqallı kişi ayağa 
qalxıb ona yaxınlaşdı. 
Yusifin sir-sifəti həyəcandan pörtüb qızarmışdı. Ema gəlib çıxmasaydı, 
yəqin ki, dava-dalaş olacaqdı…
O gün Yusif özünü pis hiss elədi, əli işdən-gücdən soyudu. Bütün günü 
Züleyxanı, bir də onun dünyaya gətirəcəyi uşağı düşündü: «Nə vaxt istəsən, 
mənimlə əlaqəni kəsib, öz «postuna» dönə bilərsən». Züleyxanın dediyi bu 
sözlər yadına düşəndə, əti ürpəşirdi. Züleyxa ailə həyatını qəfəsə, həbsxanaya, 
Yusifi də həbsxana nəzarətçisinə bənzədirdi. Bəs, görəsən, axırıncı dəfə «Çox 
sağ ol, sən mənə istədiyimi verdin!» - deyəndə, o nəyi nəzərdə tutmuşdu? Bəlkə 
uşaq Nəsibdən yox, elə ondandır? 


72 
Yusifi dərd götürdü, hədəfinə yan alan ox kimi evə cumdu. 
Züleyxa onu qəzəbli görən kimi dedi:
- Mənə əsəbiləşmək olmaz, özünü ələ al. Sənin əhval-ruhiyyən mənə də 
keçə bilər, gərginlik yaratma, sakitləş, sonra sözünü de…
Yusif Züleyxanın tərs damarının tutacağından ehtiyat edərək, özünü ələ 
almağa çalışdı, hirsini boğaraq, zahirən sakit baxışlarını onun qarnına zilləyərək, 
sakitcə dedi:
– Onu rədd eləmək lazımdır.
Züleyxa özünü o yerə qoymadan təəccüblə:
– Başa düşmədim? Bu nə sözdü?
Yusif təmkinlə dedi: 
– Zülya, sən adam ağzını açmamış ürəyindəkiləri oxuyursan. Dediyim 
odur ki, uşağı rədd eləmək lazımdır.
- Sən uşağın vəkilisən, yoxsa atası? Bəlkə mənim xəbərim olmadan Nəsib 
sənə sifariş göndərib, bu işi sənə həvalə edib?..
- Məni niyə azdırırsan, Zülya?.. Mən deyəni eləsən, ikimiz də arxayın 
olarıq. Axı, özün demişdin…
- Ay axmaq, indiyəcən anlamamısan ki, hərdən səni cırnadıb, 
əsəbiləşdirməkdən ləzzət alıram? Sən bu qədərmi keysən? Bu fikir hardan ağlına 
gəlib? Bir düşün nə deyirsən, bəs, Nəsiblə nişanlı olarkən abort etdirdiyim o 


73 
uşaq kimdən idi? Bəs aylarla müalicə… filan. İndi başqa zəmanədir, uşaq 
doğmaq üçün kişidən çox pul gərək olur. 
- Yalan deyirsən. Sən məndən alət kimi istifadə etdin. Yazıq Nəsib də elə 
bilir ki, Allah onun dualarını eşidib, övlad verib. Amma sən… son bir-iki ayda
bədəninin göy yerlərini görməsin deyə ondan uzaq gəzib dolanırdın. «Mən 
səndən istədiyimi aldım» - deyəndə, bunu nəzərdə tuturmuşsan. Sən oğrusan, 
haramzadasan… Sən… 
- Hə, tutaq ki, sən deyəndir, uşaq səndəndir, bunu dostuna açıb deməyə 
cürətin çatacaqmı? Bəs sən dünyaya necə gəlibsən? Heç bilirsən haramzada 
kimə deyirlər? Anan səni də bic doğub. Mən də sənin sevimli ananın yolunu 
getdim, ərimin dostunu qoynuma aldım… Amma ananın günahı ailəsini dağıtdı, 
faciəyə döndü… Mənimsə günahım səndən uşaq tutub, öz ailəmi qorumaq olub. 
Yoxsa, uşaq üçün burnunun ucu göynəyən Nəsib gec-tez məni boşayıb, başqası 
ilə ailə quracaqdı, ya da elə ömrümüz boyu it-pişik kimi dolanacaqdıq. Qısqanc 
olsa da, taleyimə, mənim rastıma o cür ər çıxdığına görə Allahdan razıyam.
Yusif qulaqlarını tutub qapıya yaxınlaşdı. 
Züleyxa: 
- Hara gedirsən? – dedi. - Məni bu vəziyyətdə tək qoyub getməyə haqqın 
yoxdu.
- Səni öldürməyə də haqqım var…


74 
Züleyxa Yusifin qəzəbli baxışlarından qorxub bir addım geri çəkildi...
* * * 
Züleyxanın dediyi «bic» sözünü Yusifin dilindən eşidəndə, Göyçək arvad 
əsib-coşdu: «Qəhbənin qarnından çıxan, qəhbə olar» - deyib, çaşqınlıq içində 
telefona cumdu. Yusif ağlı kəsəndən ilk dəfə idi ki, anasının ağzından nalayiq 
söz eşidirdi, özü də kimin haqqında, can sirdaşının.
Telefon cavab vermədi, dəstəyi yerinə qoydu, çantasından cib telefonunu 
çıxatdı: 
- Yəqin Yoppuş Əntiqə, başı batmış, qızıgilə gedib, ev telefonu cavab 
vermir, mobil telefonu da əhatə dairəsindən kənardadır, hə, axı, o gün mənə 
deyirdi gözümüz aydın, ay Göyçək bacı, tezliklə biz də nəvə sahibi olacağıq…
Yusif ara vermədən siqaret sümürürdü, hərdən də acıqlı-acıqlı anasına 
baxırdı...
Anası dedi:
- Sən evdən çıxandan sonra yəqin Züleyxa anasına zəng edib, axı, hamilə 
qadın gecənin bu vaxtı evdə necə tək qala bilər? Bilirsən, ay oğul, bu dünyada 
hərənin bir sirri var, bəzən o sirri heç kimdən gizlətmək olmur… Bir manata 
möhtac olduğum günlərdə Allah Toppuş Əntiqəni xilaskar kimi rastıma çıxartdı. 


75 
Bir-birimizə ürək qızdırdıq, başımıza gələnləri də bir-birimizə danışdıq. Toppuş 
Əntiqə Züleyxaya hamilə olanda, ərini qonşuluqda yaşayan bir dul qadınla 
yataqda tutur. Tərsliyə düşür, boşanır, sonra o boşandığı başıbatmışın acığına 
bir müddət qonşuluqdakı damarıboş kişilərlə oturub durur. Üzü üzlər görmüş bu 
arvadı gec tanıdım… Biz bura köçüb gələndə sən dünyaya təzə göz açmışdın. 
Toppuş Əntiqə kömək etdi, səni körpələr evinə düzəltdim... Eh, Toppuş 
Əntiqədən min il də danışsam, qurtarmaz... Bir dəfə... Bir dəfə biz xaricdə 
olanda bir tacirin evində gecələdik. O tacirin iki arvadı ola-ola, Toppuş Əntiqə 
ilə yaxınlıq eləmək istədi, onunla üç günlük siğə kəsdirdi... 
* * * 
Bu əhvalat on beş il bundan əvvəl olmuşdu. Toppuş Əntiqənin o tacirlə 
qonşu otaqda kef çəkdiyi o gecədə Göyçək arvadın gözlərinə yuxu getməmişdi, 
odur ki, hər şey yadında yaxşı qalmışdı. O, həmin gecə əllərini sinəsində 
çarpazlayıb, pəncərədən yaxasına ulduzlar dağılmış göyə baxmışdı. Ay da sanki 
günahkar yolçu kimi qıvrım saçlı buludların qoynunda gizlənmişdi. Gecə yarı 
göy üzünün buludsuz mavi yerində ulduz uçuşunu seyr edəndə, Göyçək arvadın 
qulağına qonşu otaqdan ötəri sevginin şirin vüsalından doymuş tanış səslər 
gəlmişdi: 
- Rəfiqən istəsə, onu da birinə siğə edərik, darıxmaz… 


76 
- Razı olmaz… Cavanlığında bir dəfə özgə kişi ilə olub, indiyəcən əzabını 
çəkir yazıq… 
Tənhalığı birdən-birə o gecə ürəyini sıxmışdı...
Toppuş Əntiqə öz rəfiqəsinə and vermişdi ki, o tacirlə olan əlaqəsini heç 
kimə danışmasın. Göyçək arvad da söz verib, and içmişdi ki, bacıcan, sənin hər 
sirrin mənimlə qəbir evinə gedəcək… 
Tale bu iki qadının həyatı ilə hələ gənc yaşlarında ikən amansız oyun 
oynamışdı, onları arzulamadıqları günaha sövq etmişdi. Analıq borcu, yaşamaq 
və yaşatmaq hissi onları etdikləri günah barədə susmağa vadar etmişdi. Göyçək 
arvad gəncliyində pozğun həyat tərzi keçirən qadınlara həmişə nifrət etmişdi. 
Amma bir gün hamamlanıb güzgü qabağında mərmər kimi ağ sinəsinə baxarkən 
öz-özünə valeh olmuşdu, ehtirasla alışıb yanan bədənini bir yad kişinin 
ixtiyarına vermişdi. Sən demə, o üçcə dəqiqəlik həzz ömrü boyu ona vicdan 
əzabı verəcəkmiş. Həmişə evə gec gəlməyə vərdiş edən əri o gecə, necə 
olmuşdusa, evə tez gəlmişdi və arvadını oynaşla görmüşdü. O, yad kişinin 
kürəyinə sapladığı bıçaqla Göyçək arvadı da vurmaq istəyəndə, elə bil, 
gözəgörünməz bir qüvvə tiyəsindən qan axan bıçağı havada tutub saxlamışdı. 
Göyçək arvad isə can verməkdə olan oynaşının altından çıxıb, üstü qanlı-qanlı 
qonşuya qaçmışdı. 


77 
… Polislər qolunu qandallayanda, əri bağıra-bağıra demişdi: «Qancıq, 
səni, harda olsan, tapıb öldürəcəyəm!.. And olsun babamın oxuduğu müqəddəs 
Qurana!».
O vaxt Göyçək arvad yaşadığı yeri iki-üç dəfə dəyişmişdi. Yusifə hamilə 
olduğunu biləndə isə artıq gec idi. Qarnı yavaş-yavaş burnuna qalxırdı. Ərinin 
son bağırtısı tez-tez qulaqlarında əks-səda verirdi. Səksəkə içində yatıb-dururdu. 
O, bu əhvalatı təkcə Toppuş Əntiqəyə, özü də təzə-təzə tanış olduğu vaxtlarda
danışmışdı. Toppuş Əntiqə də Qurana əl basmış, duz çörəyə and içmiş, «Bu sirri 
özümlə qəbirə aparacağam» demişdi. İndi Züleyxanın həmin sirri açıb Yusifə 
deməsi Göyçək arvada yer eləmişdi, düşünürdü ki, atalar hədər yerə kürklərini 
günə yandırmayıblar, görüb-götürdüklərini ibrətamiz məsələ döndəriblər: 
«Sirrini dostuna demə, dostunun da bir dostu var». İlahi, bizim etdiyimiz 
günahların əziyyətini, axı, niyə uşaqlarımız çəkir? 
İndi daha o, ölməkdən qorxmurdu. Ürəyini boşaldandan sonra oğlunun 
gözünün içinə dik baxırdı. Keçmişin ən acı xatirəsini danışanda belə, analar öz 
müqəddəsliyini itirmirlər.
Yusif anasının keçmişindən xəbərsiz idi. Onun bu etirafı üzünə tərs sillə 
kimi dəysə də, içində bir yüngüllük duydu. Amma ürəyi qəribə bir şey istədi: 
«Kaş ayın, ilin tarixini unudaydım, hansı əsrdə, hansı ölkədə yaşadığımı 
bilməyəydim». 


78 
Yusub səssiz-səmirsiz çıxıb getdi... 
* * * 
Aradan bir ay keçdi.
Təbiət bakirəlik donunu geyinmişdi. Hər tərəf – küçələr, səkilər, 
xiyabanlar bəmbəyaz qarın altında qalmışdı. Buzla örtülmüş yollarda yalnız tək-
tək təkəri zəncirli maşınlar gözə dəyirdi. Ağacların budaqlarından, 
novalçalardan sırsıralar sallanırdı. Şəhərə neçə qərinə idi ki, belə qar yağmırdı. 
Dənizdən sərt şimal küləyi əsirdi. Qara dalğalar qarla örtülmüş sahilə can atırdı. 
Məktəblər işləmirdi - qışa hazırlıq görənlərin ağ yalanı üzə çıxmışdı. Axşamüstü 
havalar çox soyuq keçirdi.
Gözləri çuxura düşmüş Yusif Emanın evinin pəncərəsinə sarı boylandı. 
Onun qara qıvrım saçlarını qar ağartmışdı. Üzünü neçə gün idi ki, qırxmırdı. Bu 
gün ikinci dəfə ürəyindən doyunca yemək, isti vannada uzanıb xəyala dalmaq, 
sonra yumşaq divanda dirsəklənib, çay içə-içə televizora baxmaq keçmişdi. 
Çəkdiyi ucuz siqaretdən də bir-iki dənə qalmışdı. Anasından da, Züleyxadan da 
küsmüşdü. Emanın qapısını döyməyə isə xəcalət çəkirdi.
Birdən qapı öz-özünə açıldı – Ema göründü... 
Bu dünyada insan şüurunu təkcə şərab, gözəl qadın, ya da narkotik 
vasitələr dumanlandırmır ki… Ən böhranlı günlərində insan dumanda yolunu 


79 
azmış tənha qayığa bənzəyir. Yusifin «bəxti» gətirmişdi; yan aldığı qəm 
sahilində gözlədiyindən də nəhəng qayıqlara rast gəlmişdi. Okeanların, 
dənizlərin fırtınasına tab gətirən qayıqları bəzən kiçik göllərin dalğası aşırır. 
Doğma oğlunun villasında özünə yer tapmayan ata... anasının oynaşını 
baltalayıb polisdən yayınan oğul... ağır cinayətlərdən doğan bənzərsiz 
situasiyalar... Mürəkkəb, dibi görünməyən insan xarakterinin dərinliklərindən 
nələri çalxalayıb üzə çıxarmadı zaman... 
Bir vaxtlar, bir vaxtlar deyəndə ki, yaxın keçmişdə cavanlar 
məhəllələrinin təəssübünü çəkərdilər...
Dünya - içində böyük çirkablar daşıyan gəmidir, biz də onun 
sərnişinləri…
Dünyanı lilləndirən qarışıq nigahlardan doğulan bicbala uşaqlardır. Hələ 
süni mayalanma yolu ilə dünyaya övlad gətirən valideynlərin hansı təhlükələrlə 
rastlaşacağını bir Allah bilir. Emberional övladlıq haqqında bir rus filmi 
göstərilirdi. Öz bətnində doqquz ay daşıdığı uşağı ehtiyac üzündən varlı bir 
ailəyə satan Marta adlı gözəl bir qadın iyirmi ildən sonra satdığı həmin oğlu 
tərəfindən təcavüzə məruz qalır. Dünyada hər şeyi olan iyirmi yaşlı həmin cavan 
emberional övladlığa götürüldüyünü biləndə intihar edir. Vijdan əzabı çəkən 
Marta isə bu üsulla daha iki qız uşağı dünyaya gətirmişdi. Kim bilir, özünü 


80 
intihar etməsəydi, bəlkə eyni şəhərdə yaşayıb tanımadığı anasına təcavüz etmək 
istəyən o gənc öz bacısı ilə ailə quracaqdı?
* * * 
… Emanın qar kimi dümağ maşınından enib, tərtəmiz mənzilinə qədəm 
basanda, Yusif kirlənmiş üst-başına baxıb düşündü: «Demək bütün təzə 
günahlar keçmiş günahlardan qidalanır. Mən anamın bətnindən doğulan, 
Züleyxanın bətninə düşən təzə günaham…».
Ema əyləşmək üçün ona yer göstərdi. Televizoru yandırdı. Bayaqdan bəri 
bir kəlmə də danışmamışdılar. Ema dinməzcə mətbəxə keçdi, oradan qab-qacaq 
səsi gəldi, sonra vanna otağından su şırıltısı eşidildi. Yusif illər xəstəsi kimi 
nıqqıldayaraq, divana çökdü, televizorda xırıltılı səslə danışan müğənninin 
gənclik illərində oxuduğu mahnılar verildi. 
Ema çay gətirdi. Gözlərini gah Yusifə, gah da televizora zilləyib, hələ də 
susurdu… Susmayan saqqallı müğənninin keçmişdən gələn səsi idi. İtən səsinə, 
ötən gəncliyinə baxıb kövrəlmişdi. 
«Hər şey gözəldir həyatda!». 
Yusif öz-özünə dedi: «Yalandır, yalandır, hər şey yalandır həyatda». 
Yusif əsəbindən televizoru vurub sındırmaq istəyirdi... 


81 
Xeyli vaxt idi ki, Ema Yusifi əlimyandı axtarırdı: «İlahi, bir ayda insan nə 
hala düşərmiş… İlk dəfə gördüyüm fağır, sakit Yusif deyil bu, əsəbləri çox 
pozulub…».
Ema pultun düyməsini basıb kanalı dəyişdi. Ekranda boks üzrə yarış 
göstərilirdi. Bir boksçu digərini rinqin küncünə sıxışdırmışdı. Rəqibinin önündə 
dayana bilməyən boksçu nokaut vəziyyətinə düşəndə, Yusifi bərk öskürək tutdu, 
az qaldı, vərəmli xəstələr kimi boğulmaq həddinə çatsın. O titrəyir, tez-tez başını 
tutur, sanki taleyin yumruqlarına tab gətirməyə çalışırdı. Amma özünü ələ ala 
bilmirdi. Nokautdan yayına bilməyən boksçu kimi əlləri sustalıb yanına 
düşəndə, Ema hakim kimi onun başının üstünü kəsdirdi: 
- Bu nə haldır düşmüsən? – dedi. Özünü ələ al, axı sən…
Yusif onu tanıyandan bəri ilk dəfə idi ki, sözünü kəsirdi: 
- Axı, mən kişiyəm, deyilmi? Öhö!.. Öhö!.. Öz dostunun namusuna da 
sataşana kişimi deyərlər, Em?
Məğlub boksçu gah hakimə, gah da rəqibinə tərs-tərs baxdığı kimi, o da 
gözlərini Emaya zilləmişdi...
Ema günakarcasına dilləndi: 
- Hər şeyi bilirəm. Bu işdə sənin heç bir günahın yoxdur!


82 
- Günahım yoxdur? Necə yəni? Mən elə başdan ayağa günaham da. 
Günahın ən yekəsiyəm. Sən məni o bataqlıqdan niyə çıxartdın axı? Çirkaba 
bulaşmış bir zavallı nəyinə gərək idi?.. Öhö… öhö!..
Yusif çaydan bir qurtum içib, fincanı nəlbəkiyə qoydu:
- Mənə içməyə, ya da çəkməyə tünd bir şey ver, Em… 
Onun gözlərində get-gedə azalan işıq Emanı qorxuya saldı: 
- Dur hələ bir yaxşı-yaxşı yuyun, isti vannaya gir. Sonra birlikdə şam 
edərik. Soyuducuda yaxşı tut arağı da var… 
Yusifin içində ilıq duyğular baş qaldırdı. Elə bil, damarlarında donmuş 
qan hərəkətə gəldi. Emanın əlini öpdü. 
- Bağışla məni, tanış olduğumuz gün elə düşünürdüm ki, sənin üçün bu 
dünyada hər şey yalnız kef və əyləncədən ibarətdir… Sən isə, mənə görə - 
anasının bətninə zorla düşən… bir zırramaya görə bu qədər əzab çəkirsən, mən, 
axı, pis adamam, dostumun arvadının oynaşıyam.
- Eh, dünyadır da… Hərəmizlə bir cür məzələnir. Birimiz firavan 
yaşamaq, birimiz yaxşı maşın almaq, gözəl ev-eşik əldə etmək, oğul-uşaq, yağlı 
vəzifə sahibi olmaq naminə, birimiz də, sadəcə, qorxumuzdan tora düşürük… 
- Em, orda, sən mənə rast gəldiyin o uçuq-sökük zirzəmidə qoca bir bomj 
vardı. Danışanda elə bilirdim sayıqlayır. Deyirdi ki, insan bəzən öz 
mərhəmətinin əzabını çəkir, bədxahlığına görəsə mükafatlandırılır. Prometey 


83 
odu Allahdan oğurlayıb insanlara bəxş edəndə, mərhəmətinə görə ağır 
cəzalandırıldı. İsanı çarmıxa çəkdilər. Amma insanları cəhalətdə, zülmətdə, 
qaranlıq zirzəmilərdə yaşadanların başına qızıldan tac qoyurlar. Mən də 
dostumun məhəbbətindən sui-istifadə etmişəm – halalca arvadı ilə yatmışam. O, 
inomarka maşın alsın deyə qızmar günəşin altında işləyir, mən onun arvadının 
oynaşı oluram, arvadı xəyanətinə görə arzusuna çatır, körpə hədiyyə alır… Yox, 
nə zəmanənin, nə də Allahın bu işlərdə günahı var. Pis əməllər oğurluq 
izdivacdan dünyaya gələn körpələrlə birgə böyüyür. Miras kimi atadan oğula, 
anadan qıza ötürülür. Hə, həmin bomj deyirdi ki, günahın başlanğıcı babamız 
Adəmdədir… Züleyxanın qarnında mənim günahım böyüyür, o uşağa görə 
dostumsa Allaha şükr edir. Züleyxanın anası nənə olacaq deyə özünü xoşbəxt 
sayır, mənim anamsa o uşağın məndən olduğunu bilsə, özünü dünyanın ən 
bədbəxti sanacaq. Bu mənim faciəmdir, sanki ata olmaq istəmirəm… Bu duyğu 
mənə yaddır… Qorxudan tora düşən adamın çıxış yolu yalnız intihardır… 
- Baxıram, bu əhvalat səni əməlli-başlı filosof edib.
- Kimi keçmişin səhvlərini öyrənib ibrət alır, kimi də qəbahəti yaşadığı 
cəmiyyətin üstünə yıxıb, yoluna davam edir. Mən isə, yolda azıb qalmışam… 
Em, ilk dəfə mən on dörd yaşımda Züleyxanı çılpaq görəndə utandığımdan yerə 
girməyi arzulamışdım. İndisə, mən onun həm də qəlbinin çılpaqlığının şahidi 
oldum. Bu dəfə, doğrudan da, ölüb yerə girmək istəyirəm…


84 
- Sakit ol, sakit, bu cür fikirlərlə özünü puç edərsən. 
- Em, mən həqiqətlə yalan arasında fərq görmədim. Mən üşüyürəm. 
Qabaqlar əlin əlimə dəyəndə içimdə hərarətini duyardım, indisə… mən bu cür 
yaşamağı arzu etməmişdim… qızışmağa bir şey ver mənə. Yox, dayan, uzağa 
getmə…
Yusif əlini qoltuq cibinə salıb, oradan çıxardığı ağ tozu şüşəli jurnal 
stolunun üstünə dağıtdı, burnuna çəkdi, sonra başını Emanın dizlərinə qoyub bir 
xeyli uyudu… 
… Gecə yarısı Ema təcili yardım çağırıb, Yusifi xəstəxanaya apardı.
Bayırda sulu qar yağırdı… 
* * * 
… Yusifin xəstəxanaya gəldiyindən yeddi gün keçirdi. Küləklər palatanın 
pəncərələrini şaqqıldadırdı. 
Göyçək arvad oğlunun damarları görünən arıq əllərini öpüb: 
- Ah, anan ölsün, Yusif, - deydi. Qız-gəlindən həyalı balam, sən niyə 
yaman günə qaldın? 
Göyçək arvad sonra nalə çəkdi: 
– Öz balamın bədbəxtliyinə mən bais oldum, mən!.. 


85 
Ağrı-acılar Yusifin gözlərinə ölüm kölgəsi endirmişdi. Palatada neçə gün 
yatdığını bilmirdi. Dilinin ucu ilə qızdırmadan çatlamış dodaqlarını yalayırdı. 
Boğuq səslə anasına: 
- Bədbəxtliyimin səbəbi bir deyil, iki deyil… 
- Qadan mənə gəlsin, bala. Günahkar mənəm, mən! Ömrüm boyu qorxu 
içində yaşamışam. İstəmirdim mənim günahımın ağrısını sən çəkəsən. Dili 
qurusun o gəlinin… Səni yorğan-döşəyə o saldı…
Göyçək arvad susdu. Demək istədiyi «bir də onun anası» sözlərini dilinin 
ucunda güclə saxladı. Emanın yanında rəfiqəsinin adını dilinə gətirməyi özünə 
sığışdırmadı:
– Ev-eşiyimi sataram, əl açıb qapı-qapı dilənərəm, bala… Səni yataq 
xəstəsi olmağa qoymaram…
Yusif anasının göz yaşlarını görüb daha da kövrəldi. Dodaqları 
titrədiyindən dişlərini bir-birinə sıxdı. Danışa biləcəyinə əmin olanda:
– Yadındamı…
O, udqunaraq, bir an dayandı:
– Uşaq vaxtı balaca düymə udmuşdum… məni çöpçüyə apardın… çöpçü 
bizi aldatdı…
Yusif çətin nəfəs alırdı, danışmağa heyi çatmadığından, dincəlmək üçün 
gözlərini qapadı. Bir neçə an keçəndən sonra gözünü açıb, anasının üzünə baxdı:


86 
- Mənim udduğum qara düymə idi. Amma o üfürə-üfürə boğazımdan ağ 
düymə çıxartdı…
- Dərdin alım, yadımdadı. Evcik-evcik oynayırdınız. Nəsib ata idi, 
Züleyxa ana, sən də onların uşağı. Düymə də Züleyxanın koftasından qırılıb 
düşmüşdü, sən də onu götürüb ağzına qoymuşdun… 
Yusifin üzünü qızartı bürüdü. Bəlkə, bu, deyəcəyi sözün istisi, hərarəti idi:
– Düyməni ağzımda, damağımda gizlətmişdim. Siz axtarmağa başlayanda 
uddum. İstəyirdim o düymə…
- Bu an o, gözlərini yenə qapayaraq pıçıltıyla:
– Mənim olsun… - dedi. – Elə bilirəm o düymə indi də içimdədir…
Yusif Emaya baxdı və dərindən nəfəs aldı:
- Havam çatmır… - dedi.
Ema həkim çağırmaq üçün tələsik palatadan çıxdı. O gedəndən sonra 
sanki Yusif canlandı, hiss olunurdu ki, ürəyində gizli saxladığı bir sirri 
söyləmək istəyir: 
- Yadındamı, rayona bibimgilə getdiyim… Qumru yumurtalarını… Ana, 
bu sirri səndən başqa heç kimə... mənim üstümdə əsim-əsim əsən Emaya da 
deyə bilmərəm... 
Yusif kəndə - bibisigilə getmişdi. Bu gün kolluqda gözünə bir quş dəydi. 
Yaxınlaşanda gördü ki, tərpənmir. Özü də elə yerdədir ki, əl çatmır. Qaçıb dəhrə 


87 
gətirdi, kolları bir-bir kəsdi. Quş narahat oldu. Pırıltıyla uçaraq yaxındakı gilas 
ağacına qondu. Yusif əlini uzadıb yuvadakı yumurtaları götürdü. Quş haray-
həşir salaraq, həyəcan içində o yandan bu yana, bu yandan o yana uçaraq 
qanadını Yusifin üzünə çırpırdı. Birdən necə oldusa, yumurtalar Yusifin əlindən 
yerə düşüb sındı. Elə bu vaxt bibisi gəldi, sınmış yumurtaları götürüb, dedi:
- Sən neylədin, ay sağolmuş… Yazıq qumru hər il o kolun içində 
balalayırdı. Heç o kolluğa tülkü girə bilmirdi. Ora bir ilan da dadanmışdı – 
istəyirdi ki, yumurtaları yesin. Qumru dimdiyi ilə onun gözlərini tökdü. İlan kor 
oldu, heç üç gün, beş gün yaşamadı, öldü... 
Yusif qorxa-qorxa sorüşdü: 
- İndi qumru mənim də gözlərimi tökəcək? 
Bibisi başını buladı: 
- Yox, sənə gücü çatmaz. Amma qarğış edəcək... Hə, hə, qarğışı tutacaq 
bizi... 
Yusif həmin əhvalatı xatırlayıb: 
- Anacan, sənin tək – yalqız qalmağın da… bir parça çörək pulu qazanmaq 
üçün özünü ora-bura vurmağın da, Toppuş Əntiqənin şey-şüyünü daşımağın da, 
lap mənim… - Yusifin anasına «başqa kişidən olmağım da» deməyə gücü 
çatmadı, bir anın içində üz-gözünü tər basdı, anası yaylığı ilə onun tərini 
ehmalca sildi.


88 
– Can bala, tələsmə, bir az toxta, sonra danışarsan, – dedi: Bu yaşında nə 
qədər əzab çəkdin…
Yusif anasının sözünü yenə də ağzında qoydu: 
- Ana, vaxtım yoxdu… Sözümü kəsmə… Deyəsən, məni qumrunun… 
qarğışı tutdu… Ana… Elə bilirsən on doqquz yaşım var?.. Xəbərin yoxdu... Bu 
dərdlərlə, bu əzablarla qırx yaşlı adamın ömrünü yaşamışam. Dostlarım mənə 
filosof deyir. Axır başa düşdüm ki… bu dünyada hamı… uşaqlar da, böyüklər 
də gizlənpaç oynayırlar.
Birdən Yusifin gözləri böyüdü. Bədahətən vaxtının bitdiyini anladı. 
Züleyxa ilə bağlı hisslərini anasına başa sala bilməyəcəyini başa düşdüyündən:
– Sənin bircə günahın… var… Gərək məni doğmayaydın…. Zulyanın… 
uşağı... məndəndi… - dedi.
Onun get-gedə sönməkdə olan baxışları palatanın işıqlı pəncərəsinə dəyib 
sındı. Göyçək arvad ucadan «Vaxsey!» - deyib üzünü cırdı. Ema şivən səsinə 
hövlnak içəri girəndə, Göyçək arvad huşunu itirib yerə yıxılmışdı. Yusifin 
dodaqlarında güclə sezilən istehzalı təbəssüm, yanaqlarda açıq qalmış 
gözlərindən süzülən iki damla göz yaş vardı.


89 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə