I dünya müharibəsi (1915-1918-ci illər)



Yüklə 1,23 Mb.
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#82762
13. I DÜNYA MÜHARİBƏSİNİN GEDİŞİ


I Dünya müharibəsi (1915-1918-ci illər)
1915-1916-cı illərdə hərbi əməliyyatlar və vuruşan ölkələrin vəziyyəti
1915-1916-cı illərdə hərbi əməliyyatlar və vuruşan ölkələrin vəziyyəti. 1915-ci ilin başlıca hadisələri Şərq cəbhəsində cərəyan etdi. Şərq cəbhəsinin komandanı general fon Hindenburqun təklifi ilə alman komandanlığı 1915-ci ildə Avstriya-Macarıstan ordusunun qüvvələri ilə birlikdə Rusiyanı darmadağın etmək qərarına gəldi. Fevral – martda alman qoşunları rus qoşunlarına Şərqi Prussiyadan sıxışdırıb çıxardılar.

1915-ci ilin mayında Üçlər ittifaqı dövlətlərinin Qalisiyada, avqustda isə Şərq cəbhəsinin şimal hissəsində hücumları başladı. Cəbhə, demək olar, hər yerdə sarsıldı. Rus ordusu faciəli itkilərə məruz qaldı: 850 min ölən və yaralanan oldu, 900 min nəfər əsir düşdü. Bundan əvvəl ələ keçirilmiş Qalisiya, habelə Polşa və Litva düşmənə tərk edildi. Ancaq 1914-cü ildə olduğu kimi kampaniyanın başlıca məqsədinə çatmaq mümkün olmadı: Rusiyanı birtərəfli sülhə məcbur etmək baş tutmadı.



1915-ci ildə Almaniya İngiltərəyə sarsıdıcı zərbə endirməyə cəhd göstərdi. O, İngiltərəyə lazımi xammal və ərzaq gətirilməsinin qarşısını almaq üçün ilk dəfə olaraq nisbətən yeni silahdan – sualtı qayıqlardan geniş istifadə etdi. Fevralın 4-də Almaniya bildirdi ki, ingilis blokadasına cavab olaraq Böyük Britaniyanı əhatə edən bütün suları döyüş əməliyyatı zonası elan edir və bu zonadakı bütün gəmilər sualtı qayıqların hücumuna məruz qalacaqlar. Yüzlərlə gəmi məhv edildi, onların heyətləri və sərnişinləri həlak oldu. Mayın 7-də iri ingilis sərnişin gəmisi «Luzitaniya» 1196 sərnişin ilə birlikdə batırıldı. Sərnişinlərdən 128 nəfəri amerikan olduğuna görə ABŞ qəti etirazını bildirdi. Almaniya ABŞ-ın Antantaya qoşulacağından ehtiyat edərək sualtı müharibəni məhdudlaşdırmağa məcbur oldu. Sərnişin gəmiləri xəbərdarlıq edilmədən batırılmırdı. İngiltərə isə gəmiqayırmanı sürətləndirmək yolu ilə, habelə sualtı qayıqlara qarşı səmərəli mübarizə tədbirləri hazırlamağa başı üzərini almış təhlükəni aradan qaldırdı.

Almaniya diplomatik mübarizədə də müvffəqiyyətsizliyə uğradı. Antanta İtaliyanı öz tərəfinə cəlb edə bildi. 1915-ci ilin payızında Bolqarıstanın Almaniya tərəfindən müharibəyə girməsi alman diplomatiyasından müvəffəqiyyətsizliyinin əvəzini qismən çıxdı. Nəticədə Üçlər ittifaqının yerinə Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və Bolqarıstandan ibarət Dördlər ittifaqı yarandı. Bolqarıstan və Avstriya-Macarıstan birlikdə Serbiyanı darmadağın etdilər. Serb ordusunun qalıqları Adriatik dənizi sahilinə çəkildi və ingilislər tərəfindən oradan evakuasiya edildi. Yunan şəhəri Salonikdə sahilə çıxarılmış və bolqar ordusunun cinahına zərbə vurmaq istəyən iki fransız diviziyasının duruş gətirməsi və Serb cəbhəsi əvəzinə Salonik (Balkan) cəbhəsinin yaranması Antanta üçün təsəlli oldu.

1916-cı il fevralın 21-də alman qoşunları Verden yaxınlığında cəbhənin cəmi 40 km-lik sahəsi boyunca, 9 saatlıq artilleriya hazırlığından sonra hücuma keçdilər. Alman komandanlığı burada çox böyük qüvvə toplamışdı və fransız ordusunun «axırına çıxmaq» ümidində idi.

Lakin alman piyadası hücuma keçdikdə gözlənilmədən fransızların qızğın atəşinə rast gəldi. Burada yarım il davam edən döyüşlərdən sonra almanlar cüzi (7 km dərinliyə) irəliliyə bildilər. Rus ordusunun Baltikyanı ərazidə başlanmış gözlənilməz hücumu və ingilis – fransız qoşunlarının Sommada hücumu almanları Verdendə hücum əməliyyatlarını dayandırmağa məcbur etdi.

Somma çayı sahilində 1916-cı ilin iyulunda ingilis – fransız qoşunları ilk böyük hücuma keçdilər. Bu hücum da almanların Verdendəki hücumu kimi davam edirdi. Vuruşmanın sonuna kimi hücum edənlər cəmi 3-8 kilometr irəli gedə bildilər. Sommada ingilislər tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər. 79 tankın irəliləməsi düşmənin əsgərlərin böyük psixoloji təsir göstərdi.

Verdən və Somma döyüşləri Birinci dünya müharibəsinin ən böyük quru döyüşləri və ən qanlı vuruşmalarıdır. Bu iki vuruşmada tərəflər 2 milyona qədər itki verdilər. Təkcə «Verden qəssabxanası»nda bir milyona qədər alman və fransız əsgər və zabiti qırıldı. İngilis – frasız qoşunlarını darmadağın etməyə qadir olmayan Almaniya müdafiəyə keçdi, o, Qərb cəbhəsində təşəbbüsü itirdi.

1916-cı il iyunun 5-də general A. Brusilovun komandanlığı ilə Cənub-Qərb cəbhəsinin qoşunları Avstriya-Macarıstan cəbhəsini yardılar və 60-100 kilometrə qədər irəliləyib 25 min kvadrat kilometr ərazini tutdular. Bu zərbə Dördlər ittifaqı ölkələrinə şaşırdıcı təsir göstərdi. Yalnız 400 min nəfər əsir götürən ruslar macar düzənliyinə bilavasitə yaxınlaşdılar, bu düzənliyə çıxış Avstriya – Macarıstanın məğlubiyyəti demək olardı. Yalnız Verden yaxınlığından alman qoşunlarının və İtaliya cəbhəsindən Avstriya qoşunlarının gətirilməsi rus hücumunu dayandırmağa imkan verdi.

Ancaq rus qoşunlarının müvəffəqiyyəti çox gözlənilməz şəkildə Şərq cəbhəsində vəziyyəti pisləşdirdi. Bu vaxta kimi öz bitərəfliyini saxlayan Rumıniya məqamı müharibəyə girmək üçün əlverişli saydı. Avqustun 17-də Antanta ölkələri onunla gizli müqavilə bağlayıb müharibədən sonra Avstriya-Macarıstanın tərkibinə daxil olan Transilvaniya, Bukovina və Banatı ona verməyi vəd etdilər. Lakin öldürülməmiş ayının dərisinin bölüşdürülməsinə tələsən Rumıniya hərbi cəhətdən zəif hazırlaşmışdı. Onun qoşunları dərhal darmadağın edildi. Rumıniyanın düşmən qoşunları tərəfindən işğal edilməsi Rusiyanı öz cəbhəsini daha 500 kilometr uzatmağa məcbur etdi. İndi Şərq cəbhəsi, demək olar, 2 min kilometr – Baltik dənizindən Qara dənizə qədər uzanırdı.

Türkiyə ilə müharibədə rus və ingilis qoşunları Qara dənizdən İran körfəzinə qədər, demək olar, bütöv cəbhə yaratdılar. Türkiyənin müqəddəs müharibəyə (cihad) çağırışı İranın və Cənubi Azərbaycanın bir çox tayfalarını ayağa qaldırdı. Rusiya ora ekspedisiya korpusu göndərib Türk – İran sərhədində baryer qoydu və Mesopotamiyadakı ingilis qoşunları ilə təmasa girdi. Rus qoşunları hücumu davam etdirərək Ərzurum və Trabzonu zəbt etdilər.

1916-cı ildə müharibədən sonra Türkiyəni bölmək haqqında ingilis – fransız – rus sazişi (Sayks – Piko sazişi) bağlandı. Rusiya İstanbulu və Cənubi Qafqazın bir hissəsini alırdı. Osmanlı imperiyasının qalan ərazisini İngiltərə və Fransa öz aralarında bölüşdürürdülər. Türkiyənin özünə kiçik Asiyanın qərbində kiçik bir ərazi ayrılırdı. Müqəddəs yerlər (Fələstin) beynəlxalq nəzarət altına keçməli idi.

1916-cı ildə Almaniya ingilis donanmasını darmadağın etməyə və dəniz blokadasını ləğv etməyə cəhd göstərdi. Onun bütün donanması Şimal dənizinə hərəkət etdi. Britaniya donanmasını parçalamaq və hissə-hissə məhv etmək məqsədilə edilən uğursuz cəhddən sonra alman eskadrası danimarka sahillərindən qərbdə ingilis donanması ilə toqquşdu. 1916-cı il mayın 31-də tarixdə ən böyük dəniz döyüşü – Yutlandiya dəniz vuruşması oldu. Vuruşmada 44 drednout, 14 xətt gəmisi, 46 kreyser və 144 esmines iştirak edirdi. Britaniya donanması alman eskadrasını öz bazasından ayırmaq istədi. Alman eskadrası düşmənin qüvvəcə üstün olduğunu görüb dərhal geri çəkilməyə cəhd etdi. Bu zaman tərəflərin hər biri 6 linkor (xətt gəmisi) və kreyser itirdi, bundan əlavə 25 esmines batırıldı. Alman donanması aradan çıxa bildi. Alman komandanlığı bundan sonra bir daha ingilis donanması ilə döyüşə girməyə cəhd etmədi.

Bütövlükdə, 1915 və 1916-cı illərin kampaniyası ardıcıl surətdə Dördlər ittifaqının gücünün zəifləməsinə doğru apardı. Ancaq aydın idi ki, qəti qələbə üçün daha çox qüvvəni cəmləşdirmək lazımdır. Müharibə daha şiddətli xarakter alırdı.

Bütün tərəflərə aydın oldu ki, qələbə daha çox cəbhədə yox, arxada müəyyən olunur. Döyüşən tərəflərin komandanlığı qısamüddətli müvəffəqiyyətə ümid etmişdi, böyük silah və hərbi sursat ehtiyatı yaradılmamışdı. 1915-ci ildə hamı ordunu təchiz etməyin çətinliyi ilə qarşılaşdı. Aydın oldu ki, hərbi istehsalın həcmi kəskin surətdə artırılmalıdır. İqtisadiyyatın yenidən qurulması başlandı. Bu, bütün ölkələrdə, hər şeydən əvvəl, sərt dövlət nizamlanmasının tətbiqi demək idi. dövlət zəruri istehsalın həcmini müəyyən edir, sifarişləri verir, xammal və işçi qüvvəsi ilə təmin edirdi. Demək olar, bütün yetkin kişilərin orduya çağırılması ilə yaranmış işçi qüvvəsinin çatışmazlığını azaltmağa imkan verən əmək mükəlləfiyyəti tətbiq olundu. Hərbi istehsal dinc istehsalın hesabına genişləndirildiyindən istehlak mallarının çatışmamazlığı yarandı. Bu, qiymətlərin nizamlanmasını və istehlakın normalaşdırılmasını tətbiq etməyə vadar etdi. Kişilərin səfərbərliyə alınması və atların müsadirəsi kənd təsərrüfatına böyük zərbə vurdu. İngiltərə istisna olmaqla, bütün vuruşan ölkələrdə ərzaq istehsalı ixtisara düşdü, bu, yeyinti məhsullarının bölüşdürülməsinin kartoçka sisteminin tətbiqinə səbəb oldu. Ənənəvi surətdə ərzaq idxal edən Almaniyada blokada üzündən xüsusən acınacaqlı vəziyyət yarandı. Burada hökumət heyvanları taxıl və kartofla yemləməyi qadağan etməli, qida məhsullarının cürbəcür az qidalı əvəzedicilərindən istifadə etməli oldu.

Nəticədə vuruşan dövlətlərin əhalisinin əksər hissəsinin həyatı kəskin surətdə dəyişdi. Hər yerdə onun səviyyəsi aşağı düşdü. Uzun iş günü, pis qidalanma mülki əhali arasında ölüm hallarını artırdı. Ağır gündəlik əmək, növbələrdə durmaq, aclıq və soyuq milyonlarla adamın nəsibi oldu.

Artilleriya atəşləri cəbhəyanı zonada mülki əhalinin həyatının ayrımaz cığırdaşı oldu. Arxadakı mülki obyektləri bombalamaq üçün aviasiyadan istifadə olunmasına başlandı. Əməliyyatların gedişində mülki əhali düşmən ordusunun işğalı altına düşürdü. İşğal hakimiyyət orqanları adətən yerli əhali ilə sərt rəftar edirdilər; müsadirələr, təzminatlar adi hal idi. alman qoşunlarının işğal rejimi xüsusilə sərt idi. Aydındır ki, dinc əhali işğaldan qaçınmağa çalışırdı: qaçqınlar (didərginlər) problemi yarandı.



Əhalinin əksəriyyəti bütün bu ağırlıqlara öz dövlətinin mənafeyi ilə bəraət qazandırıldı. Vuruşan dövlətlərin çoxu milli dövlətlər idi, buna görə vətənpərvərlik milli ton almışdı. Müharibənin başlanması bəzən qeyri-adi formalar alan vətənpərvərliyin və milli hisslərin güclü yüksəlişinə səbəb oldu. Məsələn, Rusiyada alman adlı şəhərlərin adlarının dəyişdirilməsi kampaniyası başlandı. Həmin vaxt, Sankt-Peterburq oldu. Mənşəcə Almaniyanın hannover vilayətindən olan ingilis kral ailəsi yeni familiya – Vindzor familiyasını qəbul etdi. Vətənpərvərlik dalğası səfərbərliyi keçirmək və iqtisadiyyatın yenidən qurulmasına başlamaq üçün əlverişli şərait yarandı. Bu dalğa enməyə başladıqdan sonra isə onu süni surətdə yüksəltməyə başladılar, bunun üçün xüsusi təbliğat təsisatları yaradılırdı.



Ancaq artıq 1916-cı ildə vuruşan ölkələrdə getdikcə daha çox adam dərk etməyə başladı ki, heç bir məqsəd verilmiş qurbanlara bəraət qazandıra bilməz. İnsanlar müharibədən yorulmuşdular və ancaq bircə şey – onun qurtarmasını istəyirdilər. Dövlətin müəyyən etdiyi şərtlərlə işləmək istəməmək bu yorğunluğun əlaməti oldu. 1914-cü ildə tamamilə sönmüş tətil hərəkatının genişlənməsi başladı. Almaniyada 1916-cı ilin 1 may nümayişi və bu nümayişdə sosial-demokrat Karl Libknextin «Rədd olsun müharibə!», «Rədd olsun hökumət!» şüarlarını elan etməsi həqiqi sensasiya oldu. Libknext dərhal həbs olundu və tezliklə 4 illik katorqa işlərinə məhkum olundu. Avstriya – Macarıstanda digər sosial-demokrat Fridrix Adler müharibəyə etiraz əlaməti olaraq 1916-cı il oktyabrın 21-də nazirlər soveti sədrini güllə ilə vurdu.





Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə