126
əməkdaşlığın dərinləşməsinə kömək edir. Əminəm ki, səfər çərçivəsində əldə olunmuş razılaşmaların
həyata
keçirilməsi ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.
Əziz dostlar, möhtərəm İslam Abduqəniyeviç bu gün, böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin
açılışında çıxış edərkən mühüm bir məqama toxundu. Əvvəla, mən bu abidənin ucaldılması barədə qərara görə
şəxsən Özbəkistan prezidentinə bir daha minnətdarlığımı, eləcə də bütün Azərbaycan xalqı adından
təşəkkürümü bildirmək istərdim. Həmçinin demək istərdim ki, Bakıda böyük özbək şairi Əlişir Nəvaiyə abidə
ucaldılması haqqında Azərbaycanda qərar qəbul edilmişdir.
İslam Abduqəniyeviçin yadındadır, mən onun, əslində, bütün çıxışını başa düşdüm, hərçənd, bu təəccüblü
idi, çünki özbək dilində belə geniş həcmdə çıxışı ilk dəfə dinləyirdim. Bu məni çox sevindirdi. Ən əsası budur
ki, hesab edirəm, bugünkü görüşlər və açıq söhbətlər çərçivəsində bir-birimizi başa düşdük.
Bizim dillərimiz də
oxşardır, ən başlıcası isə, müstəqilliyin əldə edildiyi vaxtdan bəri, xüsusən son on ildə Özbəkistanda və
Azərbaycanda görülmüş işlər xalqlarımızı daha da yaxınlaşdırmışdır.
Həmin estafeti prezident Heydər Əliyevdən qəbul edərkən, onun işlərini davam etdirərkən əminəm ki, qardaş
ölkələrimiz arasında keçmişdə mövcud olmuş qarşılıqlı anlaşma, əlbəttə, davam etdiriləcəkdir. Biz dost
ölkələrik, mənafe və maraqlarımız
da birdir, regional və dünya xarakterli bütün məsələlərdə fikirlərimiz tam
uyğun gəlir, mən hələ ikitərəfli münasibətlərimizi yeni məzmunla dolğunlaşdırmaq üçün göstərilən səmimi
cəhdləri demirəm.
Xarici xarakterli məsələlərdə bizim aramızda tam qarşılıqlı anlaşma var. Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı məsələdə qəti və ədalətli mövqe tutduğuna görə İslam Abduqəniyeviçə çox
minnətdarıq. Ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün biz öz tərəfimizdən bütün işləri
görəcəyik. Bundan ötrü potensial var, bundan ötrü siyasi iradə də mövcuddur, xalqlarımızın intellektual
səviyyəsi bütün məsələləri istər öz dövlətlərimiz çərçivəsində, istərsə də beynəlxalq
aləmdə həll etməyə imkan
verir. Ona görə də biz bugünkü danışıqları böyük ruh yüksəkliyi ilə qarşıladıq, imzalanmış sənədlər səmimi
niyyətlərimizi təsdiqləyir.
Belə uzun, saat yarımdan çox çəkən təkbətək səmimi söhbətə görə Özbəkistan prezidentinə çox
minnətdaram. Biz xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixinin bir çox mərhələlərini xatırladıq, istər
ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərə dair çox geniş səpkili məsələlər barədə fikir mübadiləsi apardıq.
İslam Abduqəniyeviç dedi və mən də vurğulamaq istəyirəm ki, ölkələrimizi bu gün və sabah necə gördüyümüz
barədə, hansı yolla gedəcəyimiz barədə, müstəqilliyi və suverenliyi bundan sonra necə möhkəmləndirəcəyimiz,
xalqlarımızın rifahını necə yüksəldəcəyimiz, iqtisadi və sosial məsələləri necə həll edəcəyimiz barədə aramızda
tam qarşılıqlı anlaşma oldu. Zənnimcə,
Özbəkistan rəhbərliyinin də, Azərbaycan rəhbərliyinin də gücü xalqın
iradəsinə əsaslanmasındadır. Biz xalq üçün və xalqın rifahı naminə işləyirik və qurub-yaradırıq. Bu siyasət
İslam Abduqəniyeviçin rəhbərliyi ilə Özbəkistanda uzun illərdir aparılır. Bu siyasət Azərbaycanda da Heydər
Əliyevin rəhbərliyi ilə son on il ərzində aparılmışdır. Mən bu siyasəti davam etdirmək niyyətindəyəm.
Əziz dostlar, bizə və nümayəndə heyətimizə göstərilmiş belə qonaqpərvərliyə, diqqətə görə bütün özbək
xalqına, ilk növbədə, Özbəkistan prezidentinə bir daha təşəkkür etmək və ümidvar olduğumu bildirmək
istəyirəm ki, əlaqələrimiz davam edəcəkdir.
Fürsətdən istifadə edərək, İslam Abduqəniyeviçi onun üçün münasib vaxtda Azərbaycana
rəsmi səfərə dəvət
etmək, habelə dostlarımızın hamısını bütün səviyyələrdə yaxından əlaqə saxlamağa və fəal işləməyə çağırmaq
istəyirəm. Əminəm ki, hökumətlərarası komissiyanın işi də, nazirlərimizin və digər məsul əməkdaşlarımızın
əlaqələri də ümumi məqsədimizə nail olmaqda ancaq kömək edəcəkdir.
Qardaş Özbəkistanın şərəfinə, onun prezidenti İslam Abduqəniyeviç Kərimovun sağlığına, onun xanımının
sağlığına, bütün özbək xalqının şərəfinə badə qaldırmağı təklif edirəm.
* * *
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri çərçivəsində Daşkəndin mərkəzindəki
"Kədərli ana" abidə kompleksini ziyarət etmişdir.
Abidə kompleksinin qarşısında dövlətimizin başçısını Daşkənd şəhərinin hakimi Rüstəm Şoəbdürəhmanov,
paytaxt ictimaiyyətinin nümayəndələri hərarətlə qarşıladılar.
Azərbaycan prezidenti İlham Əliyev "Kədərli ana" abidəsinin önünə əklil qoydu. Sonra dövlətimizin başçısı abidə
kompleksi ilə tanış oldu, o cümlədən Böyük Vətən müharibəsi zamanı həlak olmuş özbəkistanlı döyüşçülərin adları
yazılmış lövhələrə baxdı.
127
AZƏRBAYCANIN ÖZBƏKİSTANDAKI
SƏFİRLİYİNİN YENİ BİNASININ
AÇILIŞI MƏRASİMİNDƏ ÇIXIŞ
23 mart 2004-cü il
Hörmətli Baş nazir!
Cənab səfir, əziz dostlar!
Bu gün çox əlamətdar gündür. Azərbaycanın Özbəkistandakı səfirliyinin yeni binası açılır. Bunun
Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri günlərində baş verməsinin dərin rəmzi mənası var. Mən
möhtərəm İslam Abduqəniyeviç Kərimovun dəvətini böyük məmnuniyyətlə qəbul etdim və qardaş Özbəkistana
gəldim.
Bu gün geniş tərkibdə aparılmış danışıqlar və ikitərəfli görüşlər belə deməyə əsas verir ki, xalqlarımız
arasındakı ənənəvi tarixi dostluq və qardaşlıq telləri davam və inkişaf etdiriləcəkdir.
Özbəkistan Azərbaycan üçün qardaş və dost ölkədir. Münasibətlərimizin bütün tarixi ərzində biz bir-birimizə
dərin rəğbət və hörmət, məhəbbət və dostluq hissləri bəsləmişik. Dövlətlərimizin liderləri İslam Kərimovun və
Heydər Əliyevin fəaliyyəti sayəsində ölkələrimiz müstəqillik illərində bir-birinə daha yaxın olmuşlar. Gələcək
üçün vəzifə bu dostluq və qardaşlıq ənənələrini
davam etdirməkdən, bütün sahələrdə münasibətlərimizi
genişləndirməkdən ibarətdir.
Bir müddət bundan əvvəl biz Özbəkistan prezidenti ilə birgə dahi Azərbaycan şairi Nizami Gəncəvinin
abidəsini açdıq. Orada İslam Abduqəniyeviç özbək dilində, sonra da mən Azərbaycan dilində çıxış etdik. Biz
başa düşdük ki, tərcüməçiyə ehtiyacımız yoxdur. Dillərimiz nə dərəcədə bir-birinə yaxındırsa, biz də o qədər
bir-birimizi başa düşürük. Bu da xalqlarımızı bir-birinə yaxınlaşdıran çox mühüm amildir. Mən dostluğumuzu,
ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün öz tərəfimdən mümkün
olan hər şeyi edəcəyəm ki, daha tez-tez
görüşək, fikir mübadiləsi aparaq, Özbəkistanda həmişə bilsinlər ki, Azərbaycanda onların qardaşları yaşayır,
Azərbaycanda da bilsinlər ki, burada onların qardaşları yaşayır. Biz dost və qardaş xalqlarıq, bizim ümumi
tariximiz, ümumi problemlərimiz var. Bu illər ərzində liderlərimiz müstəqilliyi möhkəmləndirmiş və onu əbədi
etmişlər. Biz bu xətti davam etdirəcəyik.
Mən bütün özbək xalqına firavanlıq,
xoşbəxtlik, tərəqqi arzulayıram. Arzu edirəm ki, əlaqələrimiz davam
etsin, inkişaf etsin, möhkəmlənsin. Özbəkistanda yaşayan azərbaycanlılara isə demək istəyirəm ki, həmişə yadda
saxlasınlar: biz onları unutmuruq, xatırlayırıq, sevirik. Onlar Özbəkistanın çox ləyaqətli vətəndaşlarıdır.
Zənn edirəm ki, bu gözəl binanın bugünkü açılışı ümumi məqsədlərimiz – müstəqilliyi, suverenliyi
möhkəmlətmək, yeni qələbələrə doğru birgə irəliləmək naminə xalqlarımızı, dövlətlərimizi bir-birinə daha da
yaxınlaşdıracaqdır.
Bir daha sizin hamınızı təbrik edir və arzu edirəm ki, bizim səfirliyimiz yeni binada iki xalqın rifahı naminə
daha fəal, səmərəli işləsin.