150
YEKUN NİTQİ
Hörmətli redaksiya heyətinin üzvləri!
Hesab
edirəm ki, bu gün çox səmərəli müzakirələr aparıldı, çox dəyərli fikirlər səsləndi. Hesab edirəm ki,
redaksiya heyətinin ilk iclası ümumi işimizə gözəl istiqamət vermiş oldu. Heç bir fikir ayrılığı yoxdur,
ensiklopediya Azərbaycan tarixini, Azərbaycanın bu gününü və ümumiyyətlə, Azərbaycanda bütün əsrlər boyu
baş vermiş hadisələri oxuculara açıq-aydın, qərəzsiz, təhrifsiz çatdırmalıdır. Bu özümüz üçün də, Azərbaycan
xalqı üçün də lazımdır,
eyni zamanda, dünya üçün də lazımdır.
Əfsuslar olsun ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra informasiya blokadasına düçar oldu.
Ermənistanın və dünya erməni lobbisinin fəaliyyəti nəticəsində Azərbaycan haqqında ya, ümumiyyətlə, məlumat
verilmirdi, ya da yalnız mənfi məlumat verilirdi. Bu blokadanı yarmaq çox çətin məsələ idi. Amma bütün bunlara
baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində bu blokada dağıdıldı və artıq
Azərbaycan haqqında, Azərbaycan həqiqətləri haqqında dünyada, bütün beynəlxalq təşkilatlarda kifayət qədər
məlumatlar var. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq təşkilatları artıq Ermənistanı işğalçı dövlət kimi
tanıyırlar, Azərbaycan torpaqlarının işğal olunmasını etiraf edirlər və beləliklə, bu, gələcək danışıqlar prosesində
gözəl bir zəmin yaradır. "Azərbaycan Sovet Ensiklopediyası" haqqında kifayət qədər danışıldı. Əlbəttə ki,
o dövr
üçün "Azərbaycan Sovet Ensiklopediyası" ümumi bir əsər idi. Yenə də qeyd etmək istəyirəm, o vaxtın ideoloji
çərçivələri belə idi ki, burada Azərbaycanın tarixi tam mənada öz əksini, təbii ki, tapa bilmirdi. Bəzi hallarda
Azərbaycana
yad olan, millətimizə, xalqımıza yad olan, yaxud da düşmənçilik mövqeyində dayanan şəxslər
haqqında da məlumatlar verilmişdir. O da zəmanənin tələbi idi. Yenə də qeyd edirəm ki, Azərbaycan müstəqil
dövlət deyildi və əlbəttə ki, bu ensiklopediyaya mərkəzi orqanlar tərəfindən də nəzarət var idi və burada qeyd
olundu ki, müəyyən dəyişikliklər də edilmişdir.
İndi Azərbaycan müstəqil dövlətdir. İndi Azərbaycanda nə Şaumyan var, nə də başqası. Əgər özümüzdən
olanlar burada Xankəndi əvəzinə Stepanakert yazmasalar, bizim qarşımıza heç bir problem çıxmayacaqdır.
Mən
nə bu sözlüyü, nə də 1-ci cild adlandırılan kitabı qəbul etmirəm və
hesab edirəm ki, bu ensiklopediyanın
hazırlanmasında, formalaşmasında bundan istifadə etmək mümkün deyildir. Bu yenidən işlənilməlidir. Artıq
mən redaksiya heyəti üzvlərinin də əhval-ruhiyyəsini görürəm, görürəm ki, hamımız böyük həvəslə bu işə
başlayacağıq. Əminəm ki, yaxın zamanlarda sözlük, eyni zamanda, 1-ci cild də yenidən işlənib hazırlanacaqdır.
Tələskənliyə də yol vermək olmaz. Biz hamımız çalışmalıyıq ki, bu, müfəssəl bir əsər olsun. Azərbaycanın
reallıqlarını, tarixini əks etdirən, Azərbaycanın bu gününü əks etdirən əsər olsun. Ona görə nə qədər zaman, vaxt
lazımdırsa, gərək işlər aparılsın.
Burada
qeyd olundu ki, ensiklopediyamız 20–25 cilddən ibarət nəzərdə tutulur. Hesab edirəm ki, buna
redaksiya heyəti baxa bilər. Amma mənim fikrim belədir ki, hər halda, biz bunu 25 cilddən az olmamaq şərtilə
nəşr etməliyik. Bu, İnternetə, bütün digər elektron daşıyıcılarına çıxarılmalıdır, xarici dillərə tərcümə edilməlidir
ki, təkcə biz yox, bütün dünya Azərbaycan həqiqətləri ilə tanış ola bilsin.
Azərbaycan on ildən artıqdır ki, müstəqil dövlətdir və əlbəttə ki, bu dövr ensiklopediyada xüsusi bir yer
almalıdır. Azərbaycanın müstəqilliyinin formalaşmasında, onun qorunub saxlanmasında, azərbaycançılıq
ideologiyasının formalaşmasında, Azərbaycan dilinin qorunmasında ümummilli
liderimiz Heydər Əliyevin
fəaliyyəti və xidmətləri, təbii ki, xüsusi bir yer almalıdır. Mən əminəm ki, redaksiya heyəti və bu məsələ ilə
məşğul olan alimlərimiz bunun öhdəsindən gələcəklər. Bu, Azərbaycan tarixində xüsusi yeri olan bir dövrdür.
Bildiyiniz kimi, Azərbaycan müstəqillik dövrünün ilk illərində çox böyük çətinliklər çəkib, Azərbaycan, demək
olar ki, parçalanmaq ərəfəsində idi. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev Azərbaycan rəhbərliyinə
gəlməsəydi, xalqımızı böyük bəlalar gözləyə bilərdi.
Mən hesab edirəm ki, ensiklopediyada Azərbaycan tarixi üçün mühüm hadisələr xronoloji baxımdan deyil,
təhlil baxımından işıqlandırılmalıdır. Təbii ki, xronoloji gedişat çox mühümdür. Amma eyni zamanda, hesab
edirəm ki, təhlillər də aparılmalıdır və Azərbaycan tarixi üçün həlledici hadisələr – iqtisadi, siyasi, tarixi
cəhətdən önəmli hadisələr düzgün araşdırılmalıdır. Bu bizim üçün lazımdır. Bu gün üçün lazımdır, gələcək
nəsillər üçün lazımdır.
Azərbaycanın uğurlu neft strategiyası, Azərbaycanın iqtisadi inkişafı, sosial məsələlərin həlli, Azərbaycanda
gedən quruculuq işləri, müstəqilliyimizin möhkəmləndirilməsi – bütün bu məsələlər öz əksini tapmalıdır.
Əlbəttə ki, Ermənistanın Azərbaycana etdiyi təcavüz, işğal da öz əksini tapmalıdır.
Bu məsələ ensiklopediyada
çox geniş yer almalıdır. Hesab edirəm ki, əgər bu məsələ geniş yerini taparsa, düzgün təqdim olunarsa, bu gün
üçün də, gələcək üçün də mühüm bir hadisəyə çevriləcəkdir.
Burada Azərbaycan xalqının keçmişi ilə əlaqədar, başqa ölkələrdə yaşayan azərbaycanlıların taleyi ilə əlaqədar,
Azərbaycanın milli irsi ilə əlaqədar çox dəyərli təkliflər səsləndi. Hesab edirəm,
bütün bu məsələlər öz əksini
tapacaq və əlbəttə ki, növbəti iclaslarda daha geniş müzakirə olunacaqdır.