124
ÇKALOV ADINA TƏYYARƏQAYIRMA
İSTEHSALAT BİRLİYİNDƏ
23 mart 2004-cü il
Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov Çkalov adına Daşkənd
Aviasiya İstehsalat Birliyinə gəldilər. Dövlət başçıları birliyin yığma sexində oldular, burada istehsal edilən
müxtəlif təyyarələrlə tanış oldular.
Müəssisə ilə tanışlıqdan sonra Özbəkistan prezidenti İslam Kərimov Azərbaycan jurnalistlərinin suallarına
cavab verdi.
S u a l:
Dağlıq Qarabağ məsələsində Özbəkistanın mövqeyi bizə bəllidir. Bu günlərdə Ermənistanın
Xarici İşlər naziri öz bəyanatında etiraf etmişdir ki, ölkəsi ona məxsus olmayan ərazilərə nəzarət edir. Siz
bu məsələ barədə nə düşünürsünüz?
C a v a b: Bu gün mən bəyanat verərək bildirdim ki, Azərbaycana sovet hakimiyyətindən miras qalan Dağlıq
Qarabağ probleminin meydana gəlməsinə səbəb o vaxt ölkəni Qorbaçovun idarə etməsi idi.
Bütün bunlara görə
o, cavab verməlidir. Qorbaçov münaqişənin qarşısının alınması üçün heç nə etmədi. Nə isə, bu tarixdir.
Prinsipial mövqemiz belədir – ərazi bütövlüyü prinsipi ən başlıca prinsip olmalıdır. Qarabağ probleminin
nizama salınmasında əsas götürülməli olan birinci və əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür. Bu
problemin həllinə dair danışıqlar prosesi də, müxtəlif variantların hazırlanması da bunun əsasında qurulmalıdır.
Yalnız ərazi bütövlüyü ən başlıca məsələ olmalıdır. Bu məsələnin, necə deyərlər, paket şəklində həllindən
danışırlar, lakin mən burada perspektiv görmürəm. Mənim fikrim belədir ki, məsələni mərhələ-mərhələ həll
etmək lazımdır. Mən bunu ilk
dəfə olaraq deyirəm və bu, ola bilsin, hansısa tərəfin xoşuna gəlməsin. Birinci
olaraq, ərazi azad edilməli, artıq bundan sonra blokada götürülməli, dəmir yolunun və digər
kommunikasiyaların fəaliyyəti təmin olunmalıdır. Məncə, erməni tərəfinin ələ keçirdiyi ərazini azad etməkdə
marağı olmalıdır ki, bütün qaçqınlar öz əzəli torpaqlarına qayıtsın, öz ev-eşiklərini bərpa etsin və insan kimi,
normal yaşasınlar. Azərbaycan tərəfi isə bundan sonra kommunikasiyaları açacaqdır.
Sonra isə Dağlıq Qarabağın statusu məsələsini və qalan bütün məsələləri həll etmək olar. Əgər
məsələnin
paket şəklində həllindən danışsaq, onda bu, zənnimcə, hələ uzun müddət müzakirə mövzusu, hətta möhtəkirlik
mövzusu olacaqdır ki, burada da əsas rolu Azərbaycan və Ermənistan deyil, böyük dövlətlər oynayacaqlar.
Aydındır ki, onların da bu məsələdə öz mənafeləri var. Bəlkə də, öz fikrimi həddindən ziyadə cəsarətlə
açıqladım, amma mənim fikrim belədir.
125
AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİNİN ŞƏRƏFİNƏ
ÖZBƏKİSTAN RESPUBLİKASI PREZİDENTİ
İSLAM KƏRİMOVUN ADINDAN
TƏŞKİL EDİLMİŞ RƏSMİ
QƏBULDA NİTQ
Daşkənd,
"Durmen" iqamətgahı, "Qış salonu"
23 mart 2004-cü il
Çox hörmətli İslam Abduqəniyeviç!
Hörmətli Tatyana xanım!
Əziz dostlar!
Cənab Prezident, icazə verin, ilk növbədə, Özbəkistana dövlət səfərinə dəvətə görə, habelə Azərbaycan
nümayəndə heyətinin qonaqpərvərliklə və səmimiyyətlə qarşılanmasına görə Sizə təşəkkürümü bildirim. Bu
nurlu və gözəl,
mübaliğəsiz deyə bilərəm ki, qardaş xalqlarımızı birləşdirən Novruz bayramı günlərində, dostlar
arasında, qardaş Özbəkistan torpağında olmağımdan çox böyük məmnunluq hissi duyuram.
Özbəkistan dünya sivilizasiyasının ən qədim ocaqlarından biridir, dünya mədəniyyəti xəzinəsinə dəyərli
töhfələr vermiş böyük alimlərin, mütəfəkkir və xadimlərin vətənidir. Özbəkistan şanlı tarixi, zəngin
mədəniyyəti, çoxəsrlik abidələri olan Səmərqənd, Buxara, Xivə və Şəhrisəbz kimi şəhərləri ilə bütün dünyada
məşhurdur. Bu şəhərlər indiyədək dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələridir.
Bunu demək mənə xoşdur ki, xalqlarımızı uzun əsrlər ərzində təşəkkül tapmış və zəmanəmizdə də
münasibətlərin uğurlu inkişafı üçün zəmin olan dərin tarixi-mədəni köklər və qardaşlıq telləri bağlayır. Bu
baxımdan böyük iftixar hissi
ilə qeyd etmək istərdim ki, görkəmli klassiklərimiz – Əlişir Nəvai, Mirzə Uluqbəy,
Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq
xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir.
Xalqlarımız müstəqilliyə qovuşduqdan sonra saysız-hesabsız problemlərlə üzləşdilər. Azərbaycan erməni
təcavüzünə məruz qaldı və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edildi, bir
milyondan çox insan
qaçqın-köçkün vəziyyətinə düşdü. Bütün bu illər ərzində Azərbaycan çox hörmətli prezident İslam
Abduqəniyeviç Kərimov başda olmaqla, Özbəkistanın qardaş köməyini və dəstəyini hiss etdi. Fürsət
düşmüşkən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq aləmdə dəstəklədiyinə görə qardaş
Özbəkistana təşəkkürümüzü bildirirəm.
Keçid dövrünün çətinliklərinə baxmayaraq, xalqlarımız nəinki öz aralarında dostluğu qoruyub saxladı, həm
də gələcək qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəm bünövrəsini qoya bildilər. Bu baxımdan prezident
Heydər Əlirza oğlu Əliyevin və prezident İslam Abduqəniyeviç Kərimovun misilsiz xidmətlərini vurğulamaq
istərdim. Onların siyasi iradəsi və uzaqgörənliyi qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafını çox-çox
illər irəlicədən müəyyənləşdirmişdir.
Özbəkistana mənim səfərim strateji tərəfdaşlığın təməli qoyulmuş əsaslarının məntiqi davamıdır və
ölkələrimizin, xalqlarımızın istəyinə uyğun olaraq, bu tərəfdaşlığın daha da dərinləşdirilməsi və
genişləndirilməsinə yönəldilmişdir.
Müstəqillik əldə olunduqdan sonra belə qısa müddətdə Özbəkistanın
iqtisadi, mədəni və siyasi sahədə
qazandığı nailiyyətləri xüsusi qeyd etmək istərdim. Şübhəsiz ki, bu, Özbəkistan prezidentinin apardığı müdrik
və uzaqgörən siyasətin nəticəsidir. Özbəkistanın müstəqilliyinin möhkəmlənməsində onun rolu danılmazdır.
Prezident Kərimovun səyləri sayəsində Özbəkistan Dünya Birliyində layiqli yer tutmuşdur.
Prezident Kərimovla danışıqlarımız səmərəli və çox məzmunlu oldu. İkitərəfli əməkdaşlıq məsələlərinə dair
geniş fikir mübadiləsi regional və beynəlxalq problemlərdə qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu
göstərdi.
Hər iki ölkənin istifadə edilməmiş potensiallarının işə salınması siyasət və iqtisadiyyat sahəsində qarşılıqlı
fəaliyyətin hərtərəfli surətdə möhkəmlənməsinə ciddi təkan verəcəkdir. Qloballaşma şəraitində Avropa–Qafqaz–
Asiya nəqliyyat dəhlizinin strateji inkişafının ölkələrimiz üçün çox böyük əhəmiyyəti var. Çünki o, Böyük İpək
yolunun dirçəldilməsinə xidmət edir, geniş regional əməkdaşlığa yeni imkanlar açır. Sevindirici haldır ki,
ölkələrimiz arasında mövcud olan və fəal surətdə inkişaf edən dialoq iqtisadi, mədəni və humanitar sahələrdə
çoxcəhətli ikitərəfli münasibətlərin
daha da genişlənməsinə, habelə, regionda sülh və sabitlik naminə