182
BİLKƏND UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMU VƏ İHSAN DOĞRAMACI
ADINA DÜNYA SÜLH MÜKAFATININ TƏQDİM EDİLMƏSİ MƏRASİMİNDƏ NİTQ
14 aprel 2004-cü il
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin məşhur Bilkənd Universitetinə gəldi. Dövlətimizin başçısı
burada universitetin yaradıcısı professor İhsan Doğramacı ilə görüşdü.
Sonra prezident İlham Əliyevə Bilkənd Universitetinin fəxri doktoru diplomunun və İhsan Doğramacı adına
Dünya sülh mükafatının təqdim edilməsi münasibətilə universitet Senatının təntənəli iclası keçirildi.
Universitetin prorektoru, Senatın elmi katibi Abdullah Atalar dövlətimizin başçısı İlham Əliyevin tərcümeyi-
halı barədə məlumat verdi, respublikamızın rəhbərinin bu ali təhsil ocağının fəxri doktoru adına layiq
görülməsi barədə qərarı oxudu.
Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacı fəxri doktor diplomunu və mantiyanı, cənab İhsan
Doğramacı isə öz adını daşıyan Dünya sülh mükafatının medalını prezident İlham Əliyevə təqdim etdi.
Əziz və hörmətli İhsan Doğramacı!
Əziz və hörmətli rektor Əli Doğramacı!
Əziz dostlar, bacılar və qardaşlar!
Bu gün mənim həyatımda çox əlamətdar və tarixi bir gündür. Bilkənd Universiteti mənə fəxri doktor adını
vermişdir və eyni zamanda, hörmətli İhsan Doğramacının adını daşıyan Dünya sülh mükafatının medalı mənə
təqdim edilmişdir. Mən bu münasibətlə sizə öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Mən bu yüksək adı şərəflə daşıyacağam, öz gələcək fəaliyyətimdə çalışacağam ki, Türkiyə–Azərbaycan
dostluq, qardaşlıq münasibətləri bundan sonra da inkişaf etsin, daha da güclənsin.
Türkiyə daim Azərbaycanın yanında olmuşdur. Azərbaycanı və Türkiyəni böyük əlaqələr,
tarixi köklər
bağlayır. Xalqlarımız bütün zamanlarda bir olmuşlar. Düzdür, Azərbaycan uzun illər ərzində Sovet İttifaqının
tərkib hissəsində olduğuna görə, Türkiyədən ayrı düşmüşdür. Amma buna baxmayaraq, insanların qəlbindəki
duyğular, yaşanan o həsrət bizi rahat buraxmırdı. Biz daim çalışırdıq, istəyirdik ki, Türkiyə ilə bir yerdə olaq, türk
xalqı ilə bir yerdə olaq. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra biz buna nail ola bildik.
Azərbaycan müstəqil dövlət kimi yaşamağa başladı və dərhal Türkiyədə Azərbaycanı tanıdılar və Türkiyə–
Azərbaycan münasibətləri sürətlə inkişaf etməyə başladı.
Bu tarixi dövr ölkəmiz üçün, Azərbaycanda sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün çox önəmli
olmuşdur. Bu dövr ərzində Azərbaycanın gənc dövləti böyük sınaqlardan keçmişdir. Böyük problemlər, əziyyətlər
ortaya çıxmışdır. Bütün bu problemlərin həllində biz daim qardaş ölkənin – Türkiyənin
dəstəyini hiss etmişik və
bunu bu gün də hiss edirik.
Mən bu günlərdə Türkiyədə rəsmi səfərdəyəm. Türkiyədə dəfələrlə olmuşam, çoxlu səfərlərim olubdur,
amma ilk dəfədir ki, müstəqil Azərbaycanın prezidenti kimi səfərə gəlmişəm. Deyə bilərəm ki, dünən və bu gün
keçirdiyim bütün görüşlərdə, danışıqlarda bir daha əmin oldum ki, Türkiyə–Azərbaycan münasibətləri inkişaf
edir, güclənir. İnanıram ki, bu səfərdən sonra münasibətlərimiz yeni pilləyə qalxacaqdır.
Türkiyə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daim Azərbaycana siyasi
dəstək vermişdir. Biz bunu bu gün də hiss edirik və əminik ki, yaxın zamanlarda münaqişə sülh
yolu ilə,
beynəlxalq hüquq normaları əsasında öz həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, işğal
olunmuş torpaqlar azad ediləcək və bir milyondan çox qaçqın, köçkün öz doğma torpaqlarına qayıdacaqdır. Bu,
zamanın tələbidir. XXI əsrdə ölkələr sülh içində yaşamalıdır. XXI əsrdə beynəlxalq ictimaiyyət Avropada bir
ölkənin digər ölkənin torpaqlarını işğal etməsi ilə barışmamalıdır.
Türkiyə–Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xidmətləri çox yüksək olmuşdur. O, 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycanın prezidenti idi. Ondan əvvəl
Naxçıvan Muxtar Respublikasının rəhbəri idi. Bütün bu dövrlərdə onun siyasətinin əsas istiqamətlərindən biri
Türkiyə–Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi olmuşdur.
Biz yaxşı xatırlayırıq, Heydər Əliyev Naxçıvanın rəhbəri olan dövrdə Naxçıvanla Türkiyə arasında "Ümid"
körpüsü salınmış və açılmışdır. O körpü Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan üçün həyati əhəmiyyət
kəsb edir. Məhz Heydər Əliyevin və Türkiyə rəhbərlərinin fəaliyyəti nəticəsində o körpü qısa müddət ərzində
tikilmişdir və indi insanlar o körpüdən rahat istifadə edirlər.
Bütün başqa dövrlərdə prezident Heydər Əliyevin siyasətində Azərbaycan–Türkiyə münasibətlərinin
xüsusi
yeri olmuşdur. Onun məşhur «Biz bir millət, iki dövlətik» kəlamı bu gün də aktualdır, sabah da aktual olacaq,
bütün dövrlərdə yaşayacaqdır. Keçmişdə olduğu kimi, bundan sonra da – bütün dövrlərdə bizim xalqlarımız
daim birlikdə olacaqlar. Bir-birinə dayaq, arxa olacaqlar.
183
Bu gün Bilkənd Universitetində olmaq mənim üçün böyük şərəfdir, xoşbəxtlikdir. Mənim bu universitetə
böyük hörmətim var. Bu, böyük bir elm, təhsil ocağıdır.
Bilirsiniz ki, universitetin qurucusu, Azərbaycan
xalqının yaxın dostu hörmətli İhsan Doğramacı Heydər Əliyevin çox yaxın, səmimi dostu olmuşdur. İhsan bəyin
Türkiyə qarşısında, bütün böyük türk dünyası qarşısında misilsiz xidmətləri vardır. O bütün türk dünyasını
birləşdirən bir insandır. Türk dünyasını bilən, türk dünyasında böyük nüfuza malik olan bir insandır. İhsan bəyi
Azərbaycanda da çox sevirlər, ürəkdən sevirlər, ona böyük hörmət edirlər. O cümlədən bizim ailə üçün İhsan
bəy çox doğma, yaxın adamdır.
Prezident Heydər Əliyevin çox dostu yox idi. O, dostluqda da çox diqqətli idi. Amma İhsan bəylə onu ən
səmimi tellər, duyğular bağlayırdı. 1999-cu ilin may ayını xatırlayıram. O vaxt Heydər Əliyevin çətin dövrü idi.
Onun ürəyində əməliyyat aparılmışdı və Amerikanın Klivlend şəhərində reabilitasiya kursu keçirdi. Bu müddət
onun ad gününə təsadüf etdi. Beləliklə,
biz onun doğum gününü orada, demək olar ki, xəstəxana şəraitində qeyd
edəsi olduq. Bizim üçün çox böyük sürpriz olmuşdu ki, Heydər Əliyevin yaxın dostu, qardaşı İhsan Doğramacı
bu münasibətlə xüsusi olaraq Türkiyədən Klivlend şəhərinə gəlmişdi. On min kilometrdən çox məsafəni qət
etmişdi ki, öz dostunun yanında olsun. Bəlkə başqa bir vaxtda bunu etməzdi. Amma onun dostu çətin günlər
yaşayırdı, çətin əməliyyatdan çıxmışdı.
Əlbəttə, mən xatırlayıram, bundan sonra Heydər Əliyevin əhval-ruhiyyəsi yaxşılaşdı və deyə bilərəm ki,
İhsan bəyin gəlişi onun sağalma prosesində də çox böyük rol oynadı. İhsan bəy öz yüksək insani keyfiyyətlərini
bir daha ifadə etdi. Əsl dostluğu ifadə etdi. Əlbəttə, bu xatirələr bizim üçün çox əzizdir, unudulmazdır. Bütün
dövrlərdə onların – Heydər bəyin və İhsan
bəyin dostluğu bizim üçün, ailə üzvləri üçün nümunə olmuşdur,
örnək olmuşdur. Biz həyatı onlara baxıb öyrənirik.
Düzdür, insan ixtisası elm ocağında, universitetdə, məktəbdə alır. Sonra digər ixtisaslaşmış qurumlarda alır.
Amma o da sirr deyil ki, ailə tərbiyəsi çox önəmli bir amildir. Biz bu tərbiyəni də görə-görə əldə edirik. Əlbəttə,
bu dostluq, bu mehribanlıq, bu səmimiyyət bizim hamımızın – mənim, ailəmin, uşaqlarımın qəlbində həmişə
yaşayacaqdır. Ona görə bugünkü gün mənim üçün bəlkə də ikiqat, beşqat, onqat əzizdir. Çünki bu mükafatı, bu
fəxri adı mən İhsan bəyin əlindən alıram.
Mən bu gün onun surətini əks etdirən medal ilə təltif olunuram.
Mən Azərbaycanda prezident seçkiləri ərəfəsində və ondan sonrakı dövrlərdə etdiyim çıxışlarımda,
bəyanatlarımda birmənalı şəkildə bildirmişdim ki, Heydər Əliyevin siyasətini davam etdirmək əzmindəyəm.
Mən bu siyasətə sadiqəm. Bu siyasət Azərbaycana böyük uğurlar gətirmişdir. Azərbaycanı böhrandan, xaosdan,
anarxiyadan inkişafa, tərəqqiyə, uğurlara gətirmişdir. Azərbaycanın xoşbəxt gələcəyi bu siyasətlə bağlıdır.
Azərbaycan xalqı bu siyasətə alternativ görmür. Məhz bunun nəticəsində Azərbaycan xalqı bu siyasətə səs verir.
Azərbaycan xalqı rahat
yaşamaq istəyir, sülh, əmin-amanlıq, asayiş şəraitində yaşamaq istəyir.
Azərbaycanda böyük quruculuq işləri görülür. Heydər Əliyevin təməlini qoyduğu iqtisadi islahatlar, neft
siyasəti, sosial məsələlər öz həllini tapır. Ölkəmizi müasirləşdirmək, yeniləşdirmək, gücləndirmək,
iqtisadiyyatımızı, ordumuzu gücləndirmək – bu gün bizim planlarımız məhz bundan ibarətdir. Azərbaycan xalqı
üçün gözəl şərait yaratmaq və Azərbaycanı Dünya Birliyinə daha da sürətlə, hərtərəfli inteqrasiya etmək bizim
əsas, prioritet məsələlərimizdir. Əminəm ki, biz buna nail olacağıq. Azərbaycan xalqının iradəsi, qardaş Türkiyə
Cümhuriyyətinin dəstəyi bütün bu məqsədlərə çatmaq üçün bizə kömək edəcəkdir.
Əziz dostlar!
Əziz və hörmətli İhsan bəy!
Hörmətli xanımlar və cənablar!
Mənə göstərdiyiniz
bu hörmətə, diqqətə görə sizin hamınıza bir daha minnətdarlığımı bildirirəm. Sizə bir
daha bəyan edirəm ki, mən bu fəxri doktor adını şərəflə daşıyacağam. Sağ olun, təşəkkür edirəm.
* * *
Azərbaycan prezidenti İlham Əliyev xatirə olaraq Bilkənd Universitetinə azərbaycanlı rəssamın tablosunu
hədiyyə etdi.
Mərasimdən sonra Türkiyə–Azərbaycan Dostluq, Əmək və Həmrəylik Vəqfinin sədri, professor İhsan
Doğramacının adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar təşkil olundu.
Cənab İhsan Doğramacı və xanımı Aysel Doğramacı Azərbaycan prezidenti İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı öz evlərində böyük səmimiyyətlə qarşıladılar. Burada Azərbaycanın xalq artisti, professor
Sərvər Qəniyevin rəhbərlik etdiyi orkestrin ifasında musiqi nömrələri səsləndirildi.
Prezident İlham Əliyev dünya şöhrətli alimin mənzilindəki xatirə kitabına ürək sözlərini yazdı.
Professor İhsan Doğramacı xatirə olaraq, dövlətimizin başçısına üzərində Azərbaycanın xəritəsi və
ümummilli liderimiz Heydər Əliyevin portreti toxunmuş nəfis xalça təqdim etdi.