106
Telekommunikasiya sahəsinin strukturunda baş verən dəyişikliklər
informasiyadan istifadə olunması üçün yeni imkanlar açmışdır. Rabitənin
ilkin şəbəkələri ikinci informasiya şəbəkələrinin yaradılmasının təməlidir.
Məlumatların onları alanlarla EHM arasında və EHM-lər arasında
ötürülməsini həyata keçirən informasiya şəbəkələri kompyuter, yaxud
informasiya-hesablama şəbəkələri adlandırılır. Rabitə vasitələrinin inkişafı,
informasiya şəbəkələrinin yaradılması dünya informasiya məkanının
formalaşmasına şərait yaradır. Belə ki, İnternet istifadəçilərinin sayı sürətlə
artaraq 1,5 milyard adamı, yaxud dünya əhalisinin 1/5 hissəsini əhatə etmişdir.
İnformasiyadan və informasiya texnikasından istifadə olunması,
onların sahibkarlıq subyektlərinin istehsal sistemlərinə uyğunlaşdırılması
prosesi informasiyalaşdırma adını almışdır. İnformasiya texnologiyaları
sahibkarlıq fəaliyyətinin texniki və idarəçilik baxımından təkmilləş-
dirilməsinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
_____________________________________________________
İnformasiyalaşdırmanın istehsal amillərindən istifadə
olunmasına təsiri
Sahibkarlıq fəaliyyətinin informasiyalaşdırılması onun bir çox
sahələrində məlumatların mübadiləsini sürətləndirməyə, mövcud hesablama
sistemlərinin əsasında mürəkkəb və həddən artıq mürəkkəb sistemləri
avtomatik surətdə layihələndirmək, texniki və ictimai prosesləri modelləş-
dirmək, səmərəli idarəetmə sistemləri işləyib hazırlamağa imkan yaradır.
Rabitənin və informasiya sistemlərinin müasir növlərinin inkişafı
iqtisadiyyatın səmərəliliyini daha da artırır.
1. İnformasiya sistemləri və şəbəkələri şirkətlərə mallar, xidmətlər,
firmalar, bazarlar barədə külli miqdarda məlumatlarla əməliyyatlar aparmaq
imkanı verir. Onlar optimal idarəçilik qərarlarının qəbulu üçün lazım olan
məlumatları tez bir zamanda toplamağa, sistemləşdirməyə və təhlil etməyə
kömək edir. Amerikada aparılan qiymətləndirmələrə görə, rabitədən keyfiy-
yətlə, operativ surətdə istifadə olunması istehsal xərclərini 6-10%, dövriyyə
xərclərini isə 7-20% aşağı salır. Firma səviyyəsində informasiya sistemlərin-
dən istifadənin səmərəliliyi material ehtiyatlarının 3-4 dəfə, dövriyyə
vəsaitlərinin 7-10% azalmasında əksini tapır. Demək olar ki, informasiya-
laşdırma əməkdən və kapitaldan optimal istifadə olunması vasitəsidir.
2. Rabitə sistemləri, informatika işçi qüvvəsindən istifadə
olunmasına mühüm təsir göstərir. Artıq indiki dövrdə bir çox malların
qiymətində informasiya xidmətlərinin əlavə olunmuş dəyəri (dizayn,
qablaşdırma, reklam, bölgü, idarəetmə və s.) onun 80%-nə çataraq, əsas
komponentinə çevrilmişdir. Əmtəədə informasiya komponentinin bir çox
elementləri onların istehsalı üçün işçilərin xüsusi bir yerdə toplaşmasını
tələb etmir. Onlar bu əməliyyatları evdə də yerinə yetirə bilərlər. Bu iş yeri
107
isə sahibkar üçün pulsuz başa gəlir. Bu cür tele-işlər Avropa müəssisələrinin
və təşkilatlarının dövriyyəsinin 5%-ni təşkil edir. Dünyada isə 20 milyon
nəfər bu tərzdə işləyir. 2016-cı ildə onların sayının 200 milyon nəfərdən çox
olacağı gözlənilir.
Qismən məşğulluğa, müqavilə əsasında əməyə keçid sahibkarların
istehsal xərclərini azaldır və şirkətlərə ənənəvi əmək qanunvericiliyinin
tələblərindən yayınmaq imkanı yaradır. Sahibkarlar bu cür tele-işçilər üçün
sosial sığorta ödənişləri aparmır, səhhətlərinə, əməyin təhlükəsizliyinə və s.
görə narahat olmurlar. Bu işçilər onların şəxsi insan kapitalı qismində çıxış
edirlər. Onlar sərbəst peşə ilə məşğul olan şəxslər kimi, muzdla işləyən
fəhlələrlə müqayisədə ikinci növ vətəndaş hesab olunurlar.
Beynəlxalq telekommunikasiya sistemləri bu cür işçiləri işçi qüvvəsi
ucuz olan ölkələrdən cəlb etməyə imkan verir. Rabitənin inkişafı şirkətlərin
məlumatların işlənməsi ilə məşğul olan xidmətləri, mühasibatlığı, telefon
mərkəzlərini işçi qüvvəsi daha ucuz olan ölkələrdə yerləşdirməyə imkan
verir. Vaxt qurşaqlarındakı fərqdən yararlanan şirkətlər əcnəbilərdən istifadə
etməklə, bütün sutka ərzində fasiləsiz beynəlxalq xidmətlər göstərə bilirlər.
Bu cür iş yerinin yaradılmasına qoyulan hər bir dollar 1,12-1,14 dollar
məbləğində xalis gəlir verir. İşçilərdən istifadənin bu "ofşor" üsulu əmək
idxal edən ölkədə işçi qüvvəsi bazarlarının vəziyyətinə təsir göstərir.
Beynəlxalq elektron şəbəkələrin meydana çıxması beynəlxalq ticarət
üçün yeni imkanlar yaradır. Burada elektron ticarət növü (malların və xid-
mətlərin elektron rabitə vasitələri ilə reklamı və satışı) xüsusi fərqləndirilir.
Bu ticarətdə əsasən rəqəm formatına keçirilə və fayl, beynəlxalq kompyuter
şəbəkəsi üzrə informasiya toplusu şəklində yerləşdirilə bilən mallardan və
xidmətlərdən istifadə olunur. Bunlara proqram təchizatını, çap, musiqi və
video məhsulları, informasiya xarakterli xidmətlər aid edilə bilər. Elektron
ticarət sövdələşmə iştirakçıları arasındakı vaxt fərqini və məsafəni silir.
Elektron ticarət əsasən (70-85%-i) müəssisələr arasında aparılan
əməliyyatlardan ibarətdir. Onların böyük qismi milli təsərrüfatlar
çərçivəsində həyata keçirilir. Elektron şəbəkə vasitəsilə yerinə yetirilən
ticarətin həcmi artmaqdadır. İƏİT ölkələrində 9 nəfərdən çox işçisi olan
firmaların 33%-i satınalmalar üçün, 17%-i malları və xidmətləri satmaq
üçün İnternetdən istifadə edir. 2000-ci ildə ABŞ-da bütün pərakəndə
satışların 0,75%-i İnternet şəbəkəsi vasitəsilə yerinə yetirilmişdir. Elektron
ticarətin bəzi sektorlarında əməliyyatların payı daha nəzərəçarpandır. Belə
ki, ABŞ və Qərbi Avropa ölkələrində səhmlər üzrə sövdələşmələrə broker
xidmətlərinin 2%-i, kompyuter avadanlığının, kitabların, musiqi və video
disklərin satışının böyük hissəsi elektron ticarət vasitəsilə yerinə yetirilir.
Telekommunikasiya başqa xidmət sahələrində, məsələn, təbabətdə
get-gedə geniş yayılmağa başlayır. Naviqasiyada və nəqliyyat vasitələrinin
hərəkətinə nəzarətdə peyklərdən istifadə olunması da genişlənir.