135
dərəcədə daimi təsir etdiyini göstərir. İstehsalın sürətli artımı, yüksək faiz
dərəcələri və xarici ticarət üçün əlverişli şəraitin olması şəxsi əmanətlərin
səviyyəsinin yüksəlməsi, büdcənin, tədiyyə balansının cari hesablarının mənfi
saldoları, sərvətin artması, ÜDM-in adambaşına düşən həcminin yüksək
səviyyəsi isə şəxsi əmanətlərin səviyyəsinin aşağı düşməsi ilə nəticələnir.
Kapital qoyuluşlarına gəldikdə isə, müasir investisiyaların təhlili
zamanı əsas diqqət ölkələrdəki iqtisadi və siyasi vəziyyətə yönəldilir.
Siyasətdə qeyri-müəyyənlik və makroiqtisadi qeyri-sabitlik, vergilərin səviy-
yəsi, habelə rüşvətxorluq, firmaların kreditləşdirilməsi və qeydiyyatı şərtləri,
cinayətkarlıq (investisiya mühiti) investisiya prosesində öz əksini tapır.
__________________________________________________
İnkişaf etmiş ölkələrdə əmanətlərin və yığımların səbəbləri
Əmanətlərin müxtəlif mənbələrinin dinamikası üstünlük təşkil edən
amillərin və şərtlərin təsiri altında formalaşır.
___________________________________________________
Ev təsərrüfatlarının əmanətləri
Ev təsərrüfatlarının əmanətlərinin dəyişməsi F.Modilyaninin "həyat
dövrü" konsepsiyası mövqeyindən nəzərdən keçirilir. Bu konsepsiyaya görə,
insanın müəyyən dövr ərzində istehlak səviyyəsi onun bütün ömrü boyu
qazanmağa ümid etdiyi gəlir əsasında müəyyənləşdirilir. Həyat dövrü modeli
nəzərdə tutur ki, ayrı-ayrı şəxslər ev təsərrüfatlarının resurslarının dəyişməsini
və əmanətlər üzrə gözlənilən gəlirləri nəzərə alaraq, istehlaklarını vaxt
baxımından tarazlaşdırırlar. Fərdin həyatı ərzində əmanətlərin səviyyəsi
mütəmadi olaraq dəyişir və buna müvafiq olaraq əmanətlərin məcmu norması
gəlirlərin ömür müddətində bölgüsündən birbaşa asılıdır.
Gənclər gələcəkdə gəlirlərinin artacağına ümid bəsləyirlərsə, daha çox
borc almağa meyil göstərərək, əmanətləri az məbləğdə toplayırlar. Orta
yaşlılar təqaüdə çıxdıqdan sonra gəlirlərinin azalacağını hiss edərək,
əmanətlərə hamıdan çox diqqət yetirirlər. Onlar həyatlarının çiçəkləndiyi
dövrü yaşayır, yüksək gəlirlər əldə edirlər. Qocalığa əmanət toplamaq, yaxud
varislik yaratmaq səylərinə gəlirlərdə, var-dövlətdə dəyişikliklər və gələcəkdə
pensiya təminatı imkanları da təsir göstərir.
Dünyanın müxtəlif milli təsərrüfatlarında, yaxud ölkələr qruplarında
əmanətlərin səviyyəsinə demoqrafik vəziyyət mühüm təsir göstərir. Əhalinin
strukturunda cavanların və pensiya yaşlıların payı artdıqca, əmanətlərin
məcmu səviyyəsi aşağı düşür. Cavanların təhsil səviyyəsinin yüksəlməsi də
eyni istiqamətdə təsir göstərir. Cavan ailələrin sayının artması mənzillərə və
uzun müddət istifadə olunan mallara tələbatı artırır, bu isə, əmanətlərin
normasının aşağı düşməsi ilə nəticələnir.
136
Sürətlə inkişaf edən ölkələrdə işləyənlər və təqaüdçülərin gəlirləri
arasında böyük fərq müşahidə olunduğuna görə, əmanətlər norması, adətən,
daha yüksəkdir. Bu isə, yığım normasının çoxsaylı, daha çox müvəffəqiyyət
qazanmış işçilərin əmanətləri normasına yaxınlaşması ilə nəticələnir. Bu
müddəa Yaponiya və Koreyanın 1970-1980-ci illərdəki nümunələri ilə
təsdiqlənir.
Ev təsərrüfatlarının zənginliyinin dəyişməsi də əmanətlərə ciddi təsir
göstərir. Zənginləşmə ev təsərrüfatlarını xərcləri çoxaltmağa və əmanətlərin
səviyyəsini aşağı salmağa stimullaşdırır. Xərcləri gəlirlərindən çox olan ev
təsərrüfatları, adətən, aktivlərini ləğv etməyərək, daha çox borc alır, bu isə,
borclanma səviyyəsinin yüksəlməsi ilə nəticələnir.
Əmanətlərin dinamikası ev təsərrüfatlarının sərvətinin borclarına olan
nisbəti, yaxud onların xalis sərvətinin gəlirlərinə nisbəti ilə müəyyənləşdirilə
bilər. Ev təsərrüfatlarının zənginləşməsi prosesi istehlakın artmasına və
əmanətlərin ixtisar olunmasına təsir göstərə bilər. Məsələn, BVF-in
mütəxəssislərinin hesablamalarına görə, ABŞ-da yığım normasının 2 faiz
bəndi azalması, ÜDM-də zənginlik normasının artması ilə izah edilir.
Ev təsərrüfatlarının əmanətlərinin dinamikası gəlirlərin və istehlakın
strukturuna əsas etibarilə sosial təminat vasitəsilə təsir göstərən dövlət
siyasətinin birbaşa təsiri altındadır. Dövlət pensiyaları və sosial təminat
proqramları, adətən, şəxsi əmanətlər normasını aşağı salır. Milli gəlirin yaşlı
əhalinin xeyrinə yenidən bölgüsü qocalığa və gözlənilməz hadisələrə görə
əmanətlər toplamaq zərurətini azaldır. İnkişaf etmiş ölkələrdə dövlət və özəl
pensiya sistemləri geniş yayılsalar da, əhalinin istehlakın mövcud səviyyəsini
gələcəkdə də qoruyub saxlamaq səyləri onları əməkqabiliyyətli yaşda
əmanətləri artırmağa sövq edir. Bunu ev təsərrüfatlarının gəlirlərində
əmanətlər üzrə alınan faizlərin payının artması sübut edir. ABŞ-da yaşı 65-dən
yuxarı olan şəxslər gəlirlərinin 53%-dən çoxunu bu faizlərdən gəlir əldə edir
və buna görə də təqaüdçülərin əmanət toplamağa olan marağı azalır.
Əmanətlərə münasibət qiymətlərin yüksəlməsi nəticəsində də dəyişə
bilər. İstehlak mallarının qiymətlərinin müvəqqəti artımı şəxsləri istehlakı
təxirə salmağa məcbur edə, istehsal vasitələrinin qiymətlərinin nisbətən
yüksəlməsi isə məcmu gəlirlərin istehlakdan investisiyalara yönəldilməsi ilə
nəticələnə bilər.
_____________________________________________________
Müəssisələrin əmanətləri və kapital qoyuluşları
Müəssisələrin əmanətləri və kapital qoyuluşları dalğanın dina-
mikasından əhəmiyyətli dərəcədə asılıdır. Şirkətin vəsaitlərini investisiyalara
yönəltməsinin əsas amili kapital qoyuluşlarından gözlənilən mənfəətdir.
Əmək vasitələrinin toplanmasının artıq əldə olunmuş yüksək səviyyəsi bir çox