37
Novqoroda tez-tez səfər edib əla növlü köynək, qalstuk, alt paltarı gətirib
satılırdı; özü də malın keyfiyyətini nümayiş etdirmək üçün, reklam məqsədilə
parçanı qıfvari düzəldib, yuxarıdan enli, aşağı tərəfdən nazik edər, iplə bağlar
və içinə su doldurardı, altına da tas qoyurdular ki, müştərilər görsün ki, parça
necə saf, necə möhkəmdir, su buraxmır.
Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar
satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar,..
Satıcıların hər fəsil üçün paltarları vardı; özləri də çox şey alan
müştəriyə kömək edər, küçəyə qədər yola salar, hətta faytona da mindirərdilər.
Onunla üzbəüz üçmərtəbəli binanın altında qoşa qapılı şirniyyat dükanı
dururdu, qəribə orası idi ki, nə vaxt alınsaydı - pirojna, tort, paxlava, pəşməy və
s. isti olardı.
Bu dükanın qonşuluğunda «Koloniya malları» mağazası vardı; Yava
adasından tutmuş Trabzona qədər dünyanın bütün tütün, papiros, siqar, siqaret,
qəlyənlar üçün Şiraz tənbəkəsi, kakao, qəhvə, bütün ədviyyat və s. mallar
satılırdı; bunların ətri bütün məhəlləyə yayılırdı.
Şəhərdə çoxlu fotoqraf vardı. Kuliyev, Kakavixin və David
Rostamyan dillər əzbəri idi. Bu üç fotoqrafın müştəriləri neftxudalar,
mülkədarlar, zəngin təsirlər, yüksək rütbəli məmurlar, gəmi sahibləri, bir sözlə
seçilmiş adamlar idi.
Kuliyevin foto emalatxanası Nikolayevski (Kommunist) küçəsində,
Kakavixininki isə Krivoy küçədə (indi o məhəllə yoxdur), David Rostamyanın
emalatxanası Marinsk (Karqanov) küçəsilə Torqovi (Nizami) küçənin tinində,
ikimərtəbəli binada idi. Bu emalatxanalarda əlaltılar işləyər, sifariş qəbul
edərdilər. İri portretlər, ailə şəkilləri, venetkalar hazırlayardılar. Qiymətləri də
baha idi. Üst mərtəbədəki altıotaqlı mənzildə David yaşayırdı və çox hörmət
etdiyi dövlətliləri, yüksək mənsəb sahiblərini özü qəbul edər, sifariş götürər və
hazırlayardı. Gödəkboy, çənəsində balaca saqqalı, burma bığı vardı, başı
yekə, qarnı şişman. Evlənməmişdi. Hər barədə usta, püxtə adam idi. İran
təbəəsi olduğundan, konsulla bərk dostluğu vardı; üst mərtəbədə əli altında
yeddi-səkkiz qız işləyirdi, hamısı
da bir-birindən gözəl, göyçək, məlahətli...
Bir dəfə qızlar Davidin başına oyun açmışdılar. Həmişə şərabı gümüşə
tutulmuş bəzəkli buynuzda içərdi. Qızlar onun buynuzuna oxşar buynuz
qayıtdırıb, ucuna yivli düymə saldırırlar. Məclislərin birində qocanı içirdib
kefləndirir, girəvəyə salıb buynuzun ucundakı yivli düyməni boşaldırlar, şərab
axıb Davidin şalvarını isladır. Haramzada qızlar əl-ayağa düşüb, cəld kişini
soyundurub paltarını dəyişdirmək bəhanəsilə onun yarımçılpaq, şalvarsız
şəklini çəkirlər.
Elə ki, o özündən çıxıb qızlara acıqlanardı, darabara salıb işdən
çıxarmaqla təhdid edərdi, qızlar da, bir dəstə qızın arasındakı yarımüryan
fotonu İran konsuluna və şəhərin mənsəb sahiblərinə, nüfuzlu dövlətlilərə