89
Boğazı tutuldu, su verdik, oturdub başladıq təsəlli verməyə. Şəmsi
sakit olmurdu, Muxtarova baxıb dedi: «Ağa Murtuz, bax gör, böyük oğlum,
dəyyus, başıma nə mərəkə açıb. Hər il payızın axırlarında müştəri tacirlərlə
daqavor bağlayıb, neft satıram. Bakıya pravlyaşiyə tel vururam ki, bu qədər
ucuz qiymətə neft al xırda sahibkarlardan, vur anbarlara; yazda yollayım
müştərilərə. Bu il vurduğum tel gəlir bura cümə günü çatır, pravlyaşi olmur
kontorda. Aparıb verirlər Mirzə başıbatmışa. O da teli oxuyur, anasınnan söz
bir olub gizlədirlər. Allah canını almış, mənim gəlməyimdən bir həftə qabaq
anasını götürüb, Xorasan ziyarətinə aparıb ki, üz-üzə gəlməyək. Gəlib
pravlyaşiyə tapşırıram ki, aldığım nefti yavaş-yavaş paraxodlara vur, yerit
Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz payızda sərəncam vermədiniz,
mən də icazəsiz sürət edib, neft almadım. Soruşuram, necə yəni, tel
vurmamışam? Deyir mən almamışam. Çatmayıb mənə. Poçtu yoxladıq, məlum
oldu ki, başı batmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar,
əlbir olublar, Moskvadakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə
oyun açıb, məni xar elədilər». - Birdən başladı hirsindən ağlamağa. - «İndi yaz
gəlib, neft bahalanıb, gərək özüm iki-üç dəfə baha qiymətə Bakıdan aldığım
nefti öz xərcimlə daşıtdırım Urusiyyətin uzaq şəhərlərinə, Alla Əkbərin
qurtaran yerinə, qəbalə bağladığım tacirlərə ucuz satım. Yol pulu da
məndən. Gəmilərin çoxunu satmışam, zavodu satmışam, Ramanadakı
mədəni satmışam... Müflisəm, müflis... Əlimdə qalan bu bağdı, şəhərdəki
mülklərimdir, bir də ki, Suraxanıdakı xırman yeri... Bunlar da tezliklə satılar,
əlimdən çıxar. Canım çıxsa yaxşıdır», Qəzəblə özünü yerə çırpdı, ürəyi getdi.
Otaqda olanlar birtəhər onu ayıldıb, təsəlli verdilər: «Allah kərimdir, əl-
amanda qoymaz səni...».
Musa Nağıyevin qızı Ümülbəni Şəmsinin gəlini böyük oğlunun arvadı
idi. Musa dar gündə qudasının dadına çatıb, iflas olmaqdan xilas edir.
Rusiyadakı müştərilərə neft göndərir, qoymur şəhərdəki mülkü, bağı və
Suraxanıdakı Xırman yerini satsın. Fətulla bəy Rüstəmovun məsləhətilə
Suraxanıda Xırman yerində Musanın puluna buruq qurdurub, quyu qazdırır.
Çox keçmir quyu elə bir fontan vurur ki, ətraf neft dənizinə dönür; özü də xalis
Suraxanı nefti, benzinə bərabər. Müştərilər göydə götürürdülər. Gündəlik
hasilat on min tondan çox idi. O quyu, məşhur fontan vuran quyularla bərabər
Bakı neft-qazma tarixinə daxil edilib, olduğu yerdə xatirə daşı basdırılıb, xüsusi
nişana qoyulubdur.
Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də Seyid Mirbabayev
idi. Çox məlahətli səsi varmış, musiqi duyumu yaxşı imiş. Dövlətlilər bir-
birinin bəhsinə onu toya dəvət edər, güclü pul, qiymətli hədiyyələr verərdilər.
Varşavada səsini qramofon vallarına yazdırıb, çox baha qiymətə satırdı;
çox vaxt
birə-iki, birə-üç qiymətə.