156
edirdi. 1920-30-cu illərdə Zaqatalada keçirilən aşıq yaradıcılıq-
larına baxışlarda iştirak etmişdir. Molla Cüməni çox məclis-
lərdə görmüş və yaxşı xatırlayırdı. Aşıq Məhəmməd “Novruz”,
“Valeh”, “Alıxan və Pəri xanım”, “Qul Mahmud və Şəhriyar”,
“Nəcəfxan və Pərizad”, “Sayad bəy və Sayalı xanım” və s.
dastanları tam bilirdi. Aşıq Məhəmmədin ən çox sevdiyi və
bildiyi aşıqlar Ələsgər və Cümədir. Molla Cüməni Aşıq
Məhəmməd qədər bilən, yadda saxlayan hələ ikinci bir nəfər
yoxdur. Özü də, o, şeirləri tam, dəqiq və qaydasında yadda
saxlamışdı. Molla Cümənin şeirlərini biz ən çox Aşıq Məhəm-
mədin dilindən yazmışıq. Hüseyn Bozalqanlının “Geri dur”
rədifli müxəmməsi vardır. Aşıq Məhəmməd Həsrətov dedi ki,
onun bir bəndini ixtisar edib nəşrlərdən çıxarıblar. Biz onu
yoxladıq. H.Əlizadənin “Aşıqlar” (1935) kitabında həmin
müxəmməsin dörd bəndi verilmişdi. Çıxarılmış son bəndi Aşıq
Məhəmmədin dilindən yazıya aldıq.
Qülfü Allahı Əhəd
Dünyanı qərar elədi.
Lamyəlüd vələmyüləd
Vahidi aşkar elədi.
Vələmyəkun küffənəhəd
Ləhzədə tarmar elədi.
Yasin halətə əmməni
Hüseyn də əzbər elədi.
Dörd kitabda üç hürüfat,
Mən dili təngəm, geri dur.
Bütün bunlardan başqa, Qax rayonunun mərkəzində ya-
şayan 70 yaşlı Diniyev Nəbi, Şəkinin Baş Göynük kəndində
Salman dayı, Zaqatalanın Çobankol kəndində Aşıq Kazım və
başqaları da Molla Cümənin şeirlərindən bir çoxunu yadda
saxlamışlar. Bunlar bizim tanış olduğumuz adamlardır. Molla
157
Cümənin hələ görüşə bilmədiyimiz biliciləri çoxdur. Qeyd
etməliyik ki, yuxarıda adlarını çəkdiyimiz adamların çoxusu
aşıq deyillər, söz həvəskarlarıdırlar. Ona görə də bir çox
şeirləri tam bilmir, qafiyə və rədifləri qarışdırırlar. Bu səbəbdən
biz bir şeiri bəzən iki, üç nəfərdən yazır, müqayisə və bərpa
edirdik. Bu isə çox çətin olsa da, nəticədə aşığın əsəri tam
şəkildə ortaya çıxırdı.
İdrisov Şərif Yunis oğlu. 1961-ci ildə Baş Göynük
kəndində üç gün Molla Cümənin qızı Reyhan xanımın qonağı
olmuşam. Mənə dedilər ki, orta məktəbin dil-ədəbiyyat müəl-
limi Şərif İdrisov neçə illərdir ki, Molla Cümənin şeirlərini
toplamaqla məşğuldur. Ancaq o, indi evdə yoxdur, harasa
gedib. Mən üç gün Şərif müəllimi gözlədim. Axırıncı günü
axşam mənə xəbər verdilər ki, Şərif müəllim gəlib. Axşam saat
9-da o, evində məni qəbul elədi. Mənə Molla Cümənin iki
müxəmməsini bağışladı. Hər iki şeir kitabın 1966-cı il nəşrinə
daxil edildi. Sonralar biz məktublaşdıq. Bir neçə dəfə o bizdə
oldu. Mən Şərif müəllimə məktub yazdım ki, Molla Cümənin
şagirdləri haqqında mənə məlumat əldə eləsin. Ondan cavab
məktubu aldım. İndi oxucular üçün həmin məktubdan bəzi
sətirləri vermək istəyirəm. Şərif müəllim məktubun əvvəlində
yazır ki, Molla Cümə el sənətinin sirlərini onlarla şagirdinə
öyrətmişdir. Şagirdləri içərisində aşağıdakı şəxslərin adları
çəkilir: “Ləzgi Aşıq Yarəli, Məhəmmədəli, Ümid Ağa Gözlü,
Aşıq İskəndər, Aşıq Məhəmməd, Rutullu (Dağıstan – P.Ə.)
Aşıq Hacı Məhəmməd, Qadruxlu (Dağıstan – P.Ə.) Aşıq
İsmayıl, Zəyəmli (Qax) Molla Oruc, Aşağı Göynüklü Aşıq
Yusif, Aşıq Hacıbala Layisqili, Aşıq Kərəm oğlu, Qaçay oğlu
Aşıq Məhəmməd, Əlizadə Almalı, Qara Oruc İsmayıllı və
sairə”.
Bizim üçün daha çox maraqlısı Molla Cümənin şagirdi
Aşıq Hacıbalanın haqqında olan məlumatdır. Çünki o, son
dövrlərə qədər yaşamışdır. Yenə Şərif müəllimin məktubundan
sətirlər: “Baş Layisqinin Miğan məhəlləsində 1901-ci ildə
158
dünyaya gəlmiş Aşıq Hacıbala sovet hakimiyyəti illərində
çalmış-çağırmış, Cümə irsini təbliğ etmişdir. “Gülür”, “Çəkər-
lər”, “Ceyran”, “Mollalar”, “Zənqərəb oğlu”, “Tütün”, “Bay-
ramdır”, “Son vida”, “May günləri” və sairə 30-a yaxın şeir-
lərin müəllifidir. 1977-ci ildə vəfat etmişdir”.
Şərif İdrisovun məktubunun sonunda çox maraqlı qeydlər
vardır. Bu, eyni zamanda, Molla Cümə şeirlərinin qorunub sax-
lanması üçün çöx əhəmiyyətli bir məlumatdır.
Aşıq Hacıbalanın ən böyük xidməti orasındadır ki, miras
qoyub getdiyi 10 cib dəftərinə Cümənin 196 əsərini köçür-
müşdür. Dəftərdə saxlanılan iri həcmli şeirlərdən bəzilərinin
adlarını veririk:
Dastanlar: “Baxşı bəy və Leyli xanım”, “Molla Cümə və
Aşıq Könül”;
Deyişmələr: “Qafiyə və təcnis”, “Molla Cümə və Aşıq
Donu”. Bunlardan başqa, heç bir yerdə rast gəlinməyən
“Dübeyti misal” adlı gəraylı üstündə 30 bənddən ibarət şeir.
Aşıq Hacıbalanın şeirlərindən nümunələr:
GÜLÜR
Sovet Ordusundan gələndə səda,
Səhra gülür, çəmən gülür, düz gülür.
Şair coşub ona nəğmə yazanda,
Qələm gülür, kağız gülür, söz gülür.
Bizim qoşunların qəhrəmanları,
Ölümdən qorxmayan mərd insanları,
Saldılar nəfəsdən qan soranları,
Ellər gülür, dillər gülür, üz gülür.
Reystağa bayrağı sancan əsgərlər,
Hitleri taxtından salar əsgərlər,
Tarixdə yadigar qalan əsgərlər,
159
Alnıaçıq, indi keyfi saz gülür.
Qızıl Ordu dağlar yarıb, yol açdı,
Elə bil ki, qayalardan sel aşdı,
At oynadıb, qılınc vurub qol açdı,
Həvəslənib ürək gülür, göz gülür.
Cəbhədən qayıdan qəhrəman qoşun,
Dağ kimi dayanıb dik tutub başın,
Ata oğlu gördü, bacı qardaşın,
Ana gülür, oğul gülür, qız gülür.
CEYRAN
Səhər-səhər səfalanıb,
Nə çıxmısan yola, Ceyran?
Bülbül kimi pərvazlanıb,
Sağdan baxır sola Ceyran!
Qaş-gözünü süzə-süzə,
Qurban olum xumar gözə,
Gəl, gözəlim, gedək bizə,
Əl Salıban qola, Ceyran!
Ayrılmaram belə yardan,
Qaşı qara, göz xumardan,
Qoynundakı heyva, nardan,
Birin versən nola, Ceyran?
Mən səni görəndən bəri,
Olmuşam divanə, Ceyran!
Sinəm oldu qəm dəftəri,
Yetir o dərmana, Ceyran!
Dostları ilə paylaş: |