59
verdim ki, Məhəmməd dayını Balakənə, İti Tala kəndinə çat-
dırsın.
Rauf Əfəndiyevlə əlaqədar başqa bir əhvalat da qeyd et-
mək istəyirəm. Mən Baş Göynükdə olarkən eşitdim ki, Reyhan
xanımda Molla Cümənin şeirlərindən ibarət bir əlyazması var.
Ancaq heç kimə vermək istəmir. Mən dolayısı ilə Reyhan xanı-
ma xəbər göndərdim. Ancaq eşitdim ki, o, əlyazmasını mənə də
vermək istəmir. Bu əhvalatı Rauf müəllim eşidir. Rauf müəllim
məni çağırıb dedi ki, Reyhan xanımın ən yaxın qohumu
mənimlə dostdur. Onun vasitəsi ilə mən o əlyazmanı alacağam.
Zəkəriyyə Əzizov Şəkidə Rauf müəllimlə oxuyub, indi çox
dostdurlar. Zəkəriyyə müəllim Raufun xahişi ilə əlyazmasını
Reyhan xanımdan alıb mənə bağışladı. Bu isə ən böyük
əlyazmalarından biridir. Bunun haqqında kitabda yazmışam.
Mən arxivdən Rauf müəllimin mənə yazdığı iki məktubunu
tapmışam. Bunlardan başqa Molla Cümənin nəvəsi Mövlud
Əzizovun mənə ünvanladığı məktub vardır. Onları kitaba daxil
edirəm. Mövlud müəllim mənə ünvanladığı məktubunda yaz-
mışdır: “Paşa müəllim, sizə məlum olsun ki, bu yaxınlarda
babamın şəkli tapılıb. Qaxdan həkim Calal kişinin qızı verib.
Axtıda (Dağıstan R.Ə.) 1914-cü ildə çəkilib. Mən Qaxda
olarkən həkim Əzizin arvadında Molla Cümənin şəkli oldu-
ğunu dedilər. Düzü mən Əziz doktoru tapa bilmədim. Sonralar
mətbuatda aşığın şəkli haqqında məlumat çıxdı. Şəkli də çap
eləmişdilər. Orada yazılmışdır: ... “Q.Hüseynovla Ə.Əsgərov
Zaqatalaya gəldilər. Doğrudan da Calal kişinin qızı Firəngiz
xanım atası ilə Molla Cümənin 1912-ci ildə Axtıda (Dağıs-
tanda) müalicə günlərində çəkdirdikləri şəkli əziz xatirə kimi
saxlayırmış”. Şəkil də məqalənin yanında verilib.
Artıq aşığın əsərlərindən ibarət iki kitab çap eləyib
oxucuların ixtiyarına vermişdim (1966, 1983). Yay aylarında,
tətil zamanında birdən məni qayğı götürdü. Nə üçün mən aşığın
əlimdə olan bütün əsərlərini toplamayım. Onun necə deyərlər
külliyatını hazırlamayım. Çox böyük həvəs və məsuliyyət tələb
60
edən bu işin öhdəsindən gəlmək üçün işə başladım. Axı indiyə
qədər aşıq Ələsgər də daxil olmaq şərti ilə heç bir aşığımızın
sözün həqiqi mənasında elmi külliyatı ortaya qoyulmamışdı.
Molla Cümənin bütün şeirlərini yığdım, düzdüm. Topladığım
nümunələri əlyazmaları və qeydlərimi ortaya qoyub tərtibata
başladım. Çoxlu çətinliklərlə rastlaşdım. Deyəsən aşığın əlimdə
olan bütün şeirlərini bir yerə toplaya bilmişəm. Çoxlu müqa-
yisələr, dəqiqləşdirmələr apardım. Aşıq sənətimizdə deyəsən
ilk elmi-müqayisəli külliyat Molla Cüməyə nəsib olmuşdu.
Çox əziyyət çəkməli oldum. Molla Cümənin bütün əsərlərində
işlənən mifoloji, ictimai adları toplayıb aşkarladım. Gözəl bir
lüğət tərtib elədim. Geniş bir müqəddimə yazdım. Makinaya
verdim. 800 səhifə alındı. Beləliklə, böyük zəhmətin bəhrəsi
kimi aşığın əsərlərinin külliyatı hazırlandı. İndi fikirləşdim ki,
haraya, hansı nəşriyyata aparım. Qərara gəldim ki, “Yazıçı”ya
aparacağam. Getdim, direktor Faiq Məlikov idi. Məni çox
yaxşı qarşıladı. Şöbə müdiri İsgəndərzadəni çağırıb tapşırdı ki,
nəzərdə tutsun. Bir müddətdən sonra Faiq müəllim dünyasını
dəyişdi. Yerinə Əkrəm Əylislini qoydular. O, mənə açıqcasına
dedi ki, bizim çap eləməyə imkanımız yoxdur. Əlyazmasını
tələb elədim, iki gün axtardılar tapa bilmədilər. Özüm şəxsən
arxivə gedib axtardım, 800 səhifəlik əlyazmamı mənimsəmiş-
dilər. Əkrəm Əlisli də heç məhəl qoymadı, üzr də istəmədilər.
Əlyazmamın məndə ikinci nüsxəsi var idi. Onun əsasında
yenidən makinada yazdırdım. İndi mən nə edim, başıma nə
çarə çəkim, hara gedim, əlacım kəsilib “Maarif” nəşriyyatına
getdim. Oranın direktoru mənim sevimli tələbəm Allahverdi
Eminov idi. Şöbə müdiri də yenə yaxşı tələbələrimdən olan
İmran Abbasov idi. Allahverdi müəllim Molla Cümənin külli-
yatını “Maarif” nəşriyyatının tematik planına daxil elədi. Elə
oldu ki, Allahverdi müəllim nəşriyyatın direktorluğundan çıxdı.
Mən heç görmədiyim, adını belə heç eşitmədiyim Ziya
Abdullayevi direktor təyin elədilər. Onun qəbuluna getdim. O,
mənə qəti cavab verdi, biz Molla Cüməni o həcmdə çap eləyə
61
bilməyəcəyik. Kitabın yarısını götürün. Mən isə sakitcəsinə
dedim: Ziya müəllim, kitabın yarısı artıq çap olunub. Bu isə
Molla Cümənin bütün əsərlərinin külliyatıdır. O, mənimlə
kobud danışdı, mən heç gözləməzdim. Çox zəhmət çəkdim,
hətta nazirin yanına da getdim. Şəki şəhərinin rəhbər şəxslərinə
məktub yazdım. Məktub “Şəkinin səsi” qəzetində çap olundu.
Hər yerdən əlim üzüldü. Birdən yadıma Elçin Əfəndiyev
düşdü. Elə bu yaxınlarda Elçin müəllimə yenicə çap olunmuş
kitabımı vermişdim. Nəhayət Nazirlər Sovetində Elçin
Əfəndiyevin qəbuluna getdim. O, məni çox yaxşı qəbul elədi.
Dedi ki, sizi yaxşı tanıyıram. Bu yaxınlarda sizin “Azərbaycan
şifahi xalq ədəbiyyatı” dərsliyiniz haqqında mətbuatda çıxış
eləmişəm.
Dərdimi danışdım. Elçin müəllimin köməkçisi yanımda
idi. Adı da Rasim idi. Elçin müəllim Rasimə dedi ki, direktorun
nömrəsini yığ. Rasim isə bilmirəm nə dedi. Onda mən
dilləndim ki, əzbərdən bilirəm. Rasim yığdı. Elçin müəllim
birbaşa direktorla danışdı. Dedi ki, Paşa Əfəndiyev bizim yaxşı
folklorşünasımızdır. Zəhmətkeş alimdir. Uzun illər çox zəhmət
çəkib Molla Cümənin şeirlərini toplamışdır. Bu folklordur. El
sərvətidir. Paşa Əfəndiyevin şəxsi yaradıcılığı deyil. Paşa
müəllimin kitabını olduğu kimi çap eləyin. Mən Elçin
müəllimə minnətdarlığımı bildirərək qayıtdım. Bir ay, daha çox
keçdi. Kitab yerindən tərpənmir, direktor işi uzadır. Mən yenə
işə qarışdım, dedim yenə Elçin müəllimin yanınamı gedim. Bir
neçə gündən sonra kitabı mətbəəyə göndərdilər. Beləliklə,
ömrü faciə ilə başa çatan böyük sənətkarın külliyatı dünyaya
göz açdı. Kitab böyük əks-səda doğurdu. Bu nəşrin çox qəribə
taleyi olub. Bu kitabın daha təkmilləşdirilmiş nüsxəsi
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 25 min
nüsxə çap edilib. Bütün Azərbaycan kitabxanalarına pulsuz
hədiyyə verilmişdir. Hazırda Molla Cümənin bu külliyatı
Almaniyanın Halle şəhərində kitabxanada saxlanılır.
Dostları ilə paylaş: |