Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ildə gördüyü işlər barədə



Yüklə 492,86 Kb.
səhifə1/5
tarix30.12.2017
ölçüsü492,86 Kb.
#18426
  1   2   3   4   5


Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin illik

HESABATI – 2011

Bakı -2012



Buraxılışa məsul:

Firudin Qurbanov



Redaktorlar:
Vaqif Quliyev

Tehran Vəliyev

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəflərindən biri sosial sahədə önləyici inkişaf trendinin təmin edilməsi və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, ictimai həyatın bütün istiqamətlərində, eyni zamanda mədəniyyət və turizm sahəsində yeni nailiyyətlərin əldə olunmasıdır. Bunları nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il ərzində öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət və turizm sahələrinə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin verdiyi göstəriş və tapşırıqlar, mövcud qanunvericiliyə uyğun olaraq qurmuş, ölkədə mədəniyyət və turizm sahələrinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, milli mədəniyyətimizin və Azərbaycanın turizm potensialının dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olmuşdur.

İNCƏSƏNƏT

2011-ci ildə ölkəmizdə və onun hüdudlarından kənarda 100-ə yaxın dövlət əhəmiyyətli tədbir keçirilmiş, Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilmiş, ölkə daxilində və xaricdə müxtəlif təsviri və tətbiqi sənət sərgiləri nümayiş etdirilmişdir.

28 yanvar – 2 fevral tarixində “Gəncliyin səsi” adı altında aşağıdakı silsilə tədbirlər keçirilmişdir:



  • yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert;

  • yanvarın 31-də Gənc Tamaşaçılar Teatrında gənc rəssamların “Qurama” adlı sərgisi, gənc estrada və rep ifaçılarının “Canlı klip” adlı konserti;

  • fevralın 1-də Milli Kitabxanada “Yeni söz” – gənc şairlərlə görüş;

  • fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Milli geyim sərgisi, gənc caz və muğam ifaçılarının konserti.

2011-ci ilin yanvar-iyun aylarında “Zamanla üz-üzə” beynəlxalq layihəsinin ikinci mərhələsi keçirilmişdir. Azərbaycan Dövlət Kamera Orkestrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, repertuarın zənginləşməsi, habelə kollektivin mütəmadi olaraq xarici ifaçılar və dirijorlarla iş prosesini təşkil etmək məqsədilə bu layihə çərçivəsində 8 konsert keçirilmişdir. Layihədə Almaniya, Böyük Britaniya, Ukrayna, İsveçrə, Avstriya, Türkiyə və Azərbaycan musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

14-19 yanvar tarixində Almaniyanın “Berlin-Bakı” Qalereyasında Xalq Rəssamı, akademik Ömər Eldarovun alman heykəltəraşı Bernhard Nürnbergerlə birgə sərgisi keçirilmişdir. Sərginin açılışında iştirak etmək üçün Xalq Rəssamı, akademik Ömər Eldarov, Kamilla Eldarova və Ramazan Şükürov Almaniyaya ezam edilmişlər.

19-23 yanvar tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr olunmuş əsərlərindən ibarət sərgi keçirilmişdir.

Yanvar ayının 26-da Beynəlxalq Muğam Mərkəzində mərhum sənətkar, tanınmış müğənni, Xalq Artisti Baba Mirzəyevin 70 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunmuşdur.

Türkiyənin Ankara şəhərində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində TÜRKSOY Təşkilatının fondunda toplanmış Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgidə iştirak etmək üçün Xalq Rəssamı Fuad Salayev fevralın 2-dən 5-dək Ankara şəhərinə ezam edilmişdir.

Fevral ayının 3-də Azərbaycan Dövlət Filarmoniyasında Rusiyanın tanınmış pianoçusu Nina Koqan və Əməkdar Artist Yeganə Axundovanın iştirakı ilə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş fortepiano musiqisi axşamı təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq fevral ayının 17-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisin “Salle Gaveau” konsert salonunda, aprel ayının 19-da UNESCO-nun iqamətgahında, may ayının 17-də isə Moskvanın Kreml Sarayında Azərbaycan incəsənət ustalarının konserti keçirilmişdir.

Fevralın 21-də Rusiya Akademik Böyük Teatrının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatı ilə dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti Qara Qarayevin “Yeddi gözəl” baleti göstərilmişdir.

Fevral ayında Xalq Artisti Əşrəf Abbasovun 90 illik yubileyi, görkəmli tarzən, Azərbaycan Respublikasının Xalq Artisti Bəhram Mansurovun və Şəmsi Bədəlbəylinin 100 illiyinə həsr olunmuş xatirə gecələri keçirilmişdir.

Fevralın 23-də Dövlət Rəssamlıq Akademiyasında Azərbaycanın Əməkdar İncəsənət Xadimi, tanınmış sənətşünas-alim Leyla Axundzadənin “XX əsr Dünya Təsviri İncəsənəti” kitabının təqdimat mərasimi olmuşdur.

Fevralın 24-də V. Səmədova adına Sərgi salonunda Xocalı faciəsinə həsr olunmuş respublika sərgi-müsabiqəsi keçirilmiş, müsabiqənin nəticələrinə görə 35 nəfər rəssam mükafata layiq görülmüşdür.

5-10 mart tarixində Moskvadakı Mərkəzi Sərgi Zalında (Manej) keçirilən Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Azərbaycan ekspozisiyası təşkil olunmuşdur. Tədbirdə ölkəmizi Əməkdar Rəssam Sakit Məmmədov təmsil etmişdir. Münsiflər heyəti və tamaşaçıların səsverməsi yolu ilə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sakit Məmmədov festivalın iki nominasiyası (“Rəngkarlıqda ənənələrin saxlanılması” və “Orijinal dəsti-xəttinə görə”) üzrə birinci mükafata layiq görülmüşdür.

Mart ayının 10-da milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətlərinə zəmin yaratmaq məqsədilə təsis edilmiş “Zirvə” mükafatının təltifolunma mərasimi keçirilmişdir. Təsviri sənət sahəsi üzrə – SSRİ Xalq Rəssamı, Dövlət mükafatı laureatı, Şöhrət ordenli Toğrul Nərimanbəyov, teatr sahəsi üzrə – U. Şekspirin “Yay gecəsində yuxu” tamaşasına görə Azərbaycan Dövlət Rus Dram Teatrı, musiqi sahəsi üzrə – SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı Fərhad Bədəlbəyli, kino sahəsi üzrə – Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımov, Azərbaycan mədəniyyətinə dəyərli töhfə üzrə – Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü Yaşar Nuriyevə, debüt bölməsi üzrə gənc vokalçı, Beynəlxalq müsabiqələr laureatı Cavid Səmədova “Zirvə” mükafatı təqdim olunmuşdur.

10-13 mart tarixində ASAİF (Xaricdə Təhsil alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Forumu) təşkilatının “Azərbaycan 20 – Baxış 2020” adlı forumunun konsert proqramında iştirak etmək üçün 4 nəfərdən ibarət yaradıcı qrup Fransanın Strasburq şəhərinə ezam olunmuşdur.

15-25 mart tarixində Azərbaycanın Xalq Rəssamı, “Şərəf” ordenli Oqtay Sadıqzadənin 90 illik yubiley sərgisi keçirilmişdir.

14-21 mart tarixində Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Özbəkistan, İraq, Türkiyə, Hindistan, Misir, İran musiqiçilərinin iştirakı ilə konsertlər keçirilmiş, Heydər Əliyev Sarayında “Muğam-latinos” adlı layihə təqdim olunmuşdur. Bakı Caz Mərkəzində isə muğam-caz konsertləri təşkil olunmuşdur.

Azərbaycan Dövlət Rus Dram Teatrı 15-24 mart tarixində Rusiyanın Saransk şəhərində keçirilən “Həmvətənlilər” adlı IV Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.

18-20 mart tarixində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin təşəbbüsü ilə Milan və Roma şəhərlərində Azərbaycan sənətçilərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş konsert keçirilmişdir.

Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadan, təbiətin oyanmasının, varlığının canlanmasının müjdəsini verən Novruz bayramı martın 19-da Dənizkənarı Parkda təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirdə ölkəmizin regionlarını təmsil edən 5000-ə yaxın musiqiçi iştirak etmiş, təsviri və dekorativ tətbiqi sənət, xalq yaradıcılığı sərgiləri və milli mətbəx nümunələri nümayiş etdirilmişdir.

23-26 mart tarixində Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşəbbüsü ilə Berlin şəhərində Novruz bayramına həsr olunmuş tədbirdə iştirak etmək üçün Dövlət Mahnı və Rəqs Ansamblının bir qrupu Almaniyaya ezam olunmuşdur.

Martın 31-də V. Səmədova adına Sərgi Salonunda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi keçirilmişdir.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının inkişaf perspektivlərini müəyyən etmək, yeni teatr estetikası və Sankt-Peterburq şəhərində fəaliyyət göstərən teatrların repertuar siyasəti ilə tanış olmaq, habelə tanınmış rejissorların və teatr kollektivlərinin Bakıya dəvətilə bağlı danışıqların aparılması məqsədilə Nazirliyin nümayəndə heyəti aprel ayının 1-dən 8-dək Rusiyanın Sankt-Peterburq şəhərinə ezam edilmişlər.

2-8 aprel tarixində Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçirilmişdir. Festivalda Reconsil Wien ansamblı və Roland Frayzitser, vokalçı Kaoko Amano, saksofonçu Tomas Şön (Avstriya), Askolta ansamblı və dirijor Titus Engel, Frayburq Perkussion ansamblı və dirijor Bernard Vulf, fleytaçı Beatris Vaqner, musiqişünas Arina Krıtska (Almaniya), skripkaçı Patrisiya Kopaçinskaya (İsveçrə), violonçel ifaçısı Aleksandr İvaşkin (Böyük Britaniya), musiqişünas Rauf Fərhadov (Rusiya), pianoçu Nino Jvaniya (Gürcüstan), Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Kamera Orkestri, dirijor Vladimir Runçak, vokalçı Fəridə Məmmədova iştirak etmişlər. Festival konsertlərində 30-dan artıq müasir, xarici ölkə və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdur. Festival çərçivəsində elmi-nəzəri konfrans və film təqdimatı keçirilmişdir.

6-12 aprel tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Xalq Rəssamı Ağa Əli İbrahimovun fərdi yaradıcılıq sərgisi keçirilmişdir.

Azərbaycan Dövlət Kukla Teatrı Aprelin 20-dən 24-dək Mərakeş Krallığının Taza şəhərində keçirilən Uşaq Teatrı üzrə XII Beynəlxalq Teatr Festivalında iştirak etmiş və teatrın təqdim etdiyi “Xeyir və şər” tamaşası 1-ci mükafata layiq görülmüşdür.

Aprelin 23-də Azərbaycan Respublikası Prezidentinin 14 mart 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun 150 illik yubileyi qeyd olunmuşdur.

Aprelin 27-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblı kollektivinin 40 illik yubileyinə həsr olunmuş xüsusi proqram nümayiş etdirilmişdir.

27 aprel – 3 may tarixində Özbəkistanda II Beynəlxalq Opera sənəti festivalı keçirilmişdir. Əməkdar İncəsənət Xadimi, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Yalçın Adıgözəlov C. Puççininin “Toska” tamaşasında və festivalın qala konsertində çıxış etmişdir.

Aprel ayının 29-da Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar Oqtay Rəcəbovun 70 illik yubileyi keçirilmişdir.

29 aprel – 8 may tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyində Xalq Rəssamı, görkəmli fırça ustası Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş sərgi təşkil edilmişdir.

Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət Mərkəzində dahi bəstəkar Qara Qarayevin yaradıcılıq gecəsində iştirak etmək üçün 26-30 aprel tarixlərində skripka ifaçısı, Prezident təqaüdçüsü Cəmilə Qarayusifli Moskva şəhərinə ezam olunmuşdur.

May ayının 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında SSRİ Xalq Artisti, Azərbaycan monumental rejissurasının görkəmli siması, Akademik Milli Dram Teatrının yaradıcılıq simasının formalaşmasında böyük xidmətləri olan rejissor Adil İsgəndərovun 100 illik yubileyi qeyd olunmuşdur.

9-13 may tarixində Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, “Azərbaycan dünən, bu gün” adlı foto-sərgi və milli geyimlər sərgisi təşkil olunmuşdur. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Xarı bülbül” muğam qrupunun, Xalq Artisti Nəzakət Teymurovanın, əməkdar artistlər Anar Hüseynovun, Cabir Abdullayevin, gənc muğam ifaçısı Vüsalə Musayevanın, skripkaçı Səlim Abbasovun çıxışları böyük maraqla qarşılanmışdır.

Lənkəran Dövlət Dram Teatrı may ayının 9-dan 15-dək Türkiyənin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında S. və H. Latıpovların “Kral və əks-səda” tamaşası ilə çıxış etmişdir.

17-23 may tarixində Muzey Mərkəzinin sərgi qalereyasında Xalq Rəssamı Mayis Ağabəyovun 70 illik yubiley sərgisi keçirilmişdir.

23-27 may tarixində Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Tədbirdə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (21 nəfər), Azərbaycan Dövlət Rəqs Ansamblı (24 nəfər) və solistlər uğurla çıxış etmişlər.

Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlərin iştirakı ilə aprel ayının 24-də Pekin Universitetinin böyük zalında, Pekin Milli Muzeyində, may ayının 26-da Yantay şəhərində – Opera və Balet Teatrında 28 May Respublika Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş konsertlər keçirilmişdir. May ayının 25-də qədim “Pindun” məbədində (San Pin Qalereyası) Azərbaycan fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan ənənə və müasirliyin qovşağında” adlı fotosərgi, milli geyim nümunələri və miniatür kitablardan ibarət sərgi təşkil olunmuşdur.

May ayının 29-dan iyun ayının 6-dək Tatarıstan Respublikasının Kazan şəhərində türkdilli xalqların “Nauruz” adlı X Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Azərbaycan Dövlət Muğam Teatrının muğam üçlüyü və Azərbaycan Dövlət Kukla Teatrı Kazan şəhərinə ezam olunmuşdur.

Ölkə teatrlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı yaradıcılıq fəaliyyətinin tənzimlənməsi məqsədilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı mart ayının 1-8-dək, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayının 29-dan iyunun 2-dək Gürcüstan Respublikasında qastrol səfərində olmuşdur.

İyun ayının 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Sadıq Zərbəliyevin 60 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

2011-ci ilin iyun-noyabr aylarında İtaliyada dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi keçirilmişdir. İyun ayının 1-də həmin tədbirdə Azərbaycan Pavilyonunun rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Biennaledə altı rəssamla - Altay Sadıqzadə, Mikayıl Əbdürəhmanov, Aydan Salahova, Zeyqam Əzizov, Xanlar Qasımov və Ağa Quseinovla təmsil olunmuşdur.

3 iyun tarixində Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti Ələsgər Ələkbərovun 100 illik yubileyi qeyd edilmişdir.

5 iyun 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın rəhbərliyi ilə AMOR ictimai təşkilatının növbəti 3-cü konfransının konsert proqramında çıxış etmək üçün bir qrup incəsənət xadimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə ezam olunmuşdur. Tədbirdə “Natiq” ritm qrupu, “Cəngi” rəqs ansamblı, Əməkdar Artist Tünzalə Ağayeva, Səfurə Əlizadə, “Eurovision – 2011” mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov iştirak etmişlər.

8-9 iyun tarixində Serbiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılan “Taşmaydan parkı”nın və Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılış mərasiminin konsert proqramlarında iştirak etmək üçün bir qrup incəsənət xadimi Belqrad şəhərinə ezam olunmuşdur.

11-16 iyun tarixində Çernoqoriyanın Bar şəhərində Xalq Rəssamı Hüseyn Əliyevin 100 illiyinə həsr olunmuş sərgi keçirilmişdir. Tədbirdə və konsert proqramında SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və rəssam Əsmər Nərimanbəyova iştirak etmişlər.

İyun ayında Türkiyənin Ordu şəhərində “Dövlət Teatrları Opera və Balet Əməkdaşları Fondu”nun (TOBAV) təşkilatçılığı ilə keçirilən VII Ordu Beynəlxalq Uşaq və Gənclik Teatrları Festivalında Gəncə Dövlət Dram Teatrı iştirak etmişdir.

21-27 iyun tarixində Lənkəran şəhərində 12 dövlət və bir bələdiyyə teatrının iştirakı ilə II “Yeni Teatr” respublika Festivalı keçirilmişdir.

“Crans Montana Forum”nun bədii hissəsində iştirak etmək üçün Əməkdar Artist Ənvər Sadıqov və pianoçu Emil Məmmədov 22-24 iyun tarixlərində Brüssel şəhərinə ezam olunmuşlar.

24-28 iyun tarixində Dövlət İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, tanınmış rəssam Hafiz Məmmədovun 90 illiyinə həsr olunmuş sərgi keçirilmişdir.

28-29 iyun tarixində Moskvada Müstəqil Dövlətlər Birliyinin 20 illiyinin qeyd olunması münasibətilə keçirilmiş sərginin “Azərbaycan günü”nün konsert proqramında iştirak etmək üçün Azərbaycan incəsənət ustalarından ibarət nümayəndə heyəti 26-30 iyun tarixində Moskva şəhərinə ezam olunmuşdur. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, estrada ifaçıları Nurlan Növrəsli və Samirə Allahverdi çıxış etmişlər.

29 iyun tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı-publisist, Xalq Yazıçısı Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunmuşdur.

İyul ayının 6-da görkəmli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslim Maqomayevin yaşadığı binaya vurulmuş xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir.

4-8 iyul tarixində 45-ci Montrö Caz festivalı çərçivəsində 13-cü solo piano müsabiqəsində Emil Məmmədov iştirak etmişdir.

15-18 iyul tarixində Fransada Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ramatuel şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş caz musiqisi gecəsi, turizm sərgisi, habelə iyulun 17-də festivalın açılış mərasimində Q. Qarayev adına Dövlət Kamera Orkestrinin və tanınmış pianoçu, Xalq Artisti Murad Adıgözəlzadənin konserti keçirilmişdir.

14 iyul – 5 avqust tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə pianoçuların II Beynəlxalq müsabiqəsi və III Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.

Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya musiqiçiləri, o cümlədən “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Missimiliano Pisaria və başqaları iştirak etmişlər.

Gənc pianoçular – Prezident təqaüdçüləri Nərmin Nəcəfli və Rüstəm Zeynalov 17- 31 iyul tarixində Fransanın Bagneres de Biqorre şəhərində Muza Rubayskitenin ustad dərslərində iştirak etmək üçün, Xalq Rəssamı Salxab Məmmədov və Əməkdar Rəssam Əli İbadullayev isə Polşanın qədim paytaxtı Qneyno şəhərində ucaldılması planlaşdırılan Azərbaycan-Polşa dostluğuna həsr olunmuş “Dostluq” abidəsi üçün müvafiq yerin seçilməsi məqsədilə 2011-ci il avqust ayının 14-dən 17-dək Polşanın Qneyno şəhərinə ezam olunmuşlar.

Sentyabrın 13-də Rəssamlar İttifaqının V. Səmədova adına Sərgi Salonunda Naxçıvan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilmiş və sərginin nəfis tərtibatlı kataloqu çap olunmuşdur.

Sentyabrın 19-da Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun Bakı şəhərində ucaldılmış abidəsinin açılış mərasimi keçirilmişdir.

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, “Zirvə” mükafatçısı, istedadlı gənc müğənni Cavid Səmədovun İtaliyanın Ankona şəhərində Ozimo Opera Akademiyasında vokal üzrə təhsilinin davam etdirməsi təmin edilmişdir.

16-22 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Bakıda batika həftəsi” adlı sərgi təşkil olunmuşdur. Sərgidə Azərbaycan rəssamlarının tarixi ənənələrini özündə yaşadan batika əsərləri nümayiş etdirilmiş, tanınmış batika ustaları tərəfindən ustad dərsləri keçirilmişdir.

Ölkə Prezidentinin “Azərbaycan Respublikasının dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Heydər Əliyev Fondunun dəstəyi və Nazirliyin təşkilatçılığı ilə 2011-ci il 18-30 sentyabr tarixində Ü.Hacıbəyli III Beynəlxalq Musiqi festivalı keçirilmişdir. Festival tədbirlərində Yekaterinburq Opera və Balet Teatrı, Vyana Kamera Orkestri, Macarıstanın Ferens List Kamera Orkestri, Moskvanın “Veritas” Kamera Orkestri, Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Kamera Orkestri, Dövlət Xor Kapellası, “Buta” Kamera Xoru, tanınmış musiqiçilər Aleksandr Melnikov, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Maksim Vengerov, Rauf Abdullayev, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Eyyub Quliyev və başqaları çıxış etmişlər. Festival çərçivəsində “Gəncliyin səsi” layihəsi əsasında Milli İncəsənət Muzeyində istedadlı gənclərin (Prezident təqaüdçüləri və Beynəlxalq Müsabiqə laureatları) iştirakı ilə silsilə konsertlər təşkil olunmuşdur. Festival günlərində Ağcabədidəki Qarabağ Muğam Mərkəzində Azərbaycan Dövlət Opera və Balet Teatrının ifasında Ü. Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunmuşdur. Festival günlərində həmçinin elmi konfrans və kitab təqdimatı keçirilmişdir.

Milli musiqi günü münasibətilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 18-20 sentyabr tarixində Şabran və Xaçmaz şəhərlərində səfərdə olmuş, Ü. Hacıbəylinin “Ər və arvad” tamaşasını nümayiş etdirmişdir.

Sentyabrın 28-də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskva şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının 40 illik yubileyi qeyd olunmuşdur.

Sentyabr ayının 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar Artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin xatirə gecəsi keçirilmişdir.

3-7 oktyabr tarixində Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət Günləri çərçivəsində Bakıdakı Muzey Mərkəzində İran incəsənət ustalarının rəsm, dekorativ-tətbiqi sənət, foto, kitab və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi, İran filmləri nümayiş etdirilmiş, Beynəlxalq Muğam Mərkəzində İran musiqiçilərinin konserti keçirilmiş, Kürdəmirdə və Hacıqabulda İran nümayəndə heyətinin ictimaiyyətlə görüşü, Gəncə şəhərində isə konsert və fotosərgi təşkil olunmuşdur.

“Qaya” Dövlət Ansamblı “Moskonsert” mədəniyyət müəssisəsi tərəfindən 2011-ci il 5 oktyabr tarixində Moskvada “Lujniki” İdman Sarayında təşkil edilən “70 – 80-ci illərin əfsanələri” adlı konsert-çəkilişdə iştirak etmişdir.

2011-ci il oktyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində, 7-də isə Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, professor Cahangir Cahangirovun 90 illiyinə həsr olunmuş yubiley gecələri keçirilmişdir.

11-12 oktyabr tarixində Gənc caz ifaçılarının Respublika festival-müsabiqəsi təşkil olunmuşdur.

12 oktyabr 2011-ci il tarixində isə Azərbaycan və Avstriya Prezidentlərinin iştirakı ilə Bakı şəhərində dahi V. A. Motsartın abidəsinin açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibəti ilə oktyabr ayının 12-də Bişkekdə Dövlət Mahnı və Rəqs Ansamblının 7 nəfərlik heyətinin, 18 oktyabr tarixində Vyanada Emil Əfrasiyab oğlunun rəhbərliyi ilə caz qrupunun, 19 oktyabr tarixində Londonda Rəşad Həşimovun rəhbərlik etdiyi “Rast” qrupunun konsertləri təşkil olunmuşdur.

Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi altında “Natiq ritm” qrupu 14-22 oktyabr tarixlərində Cənubi Koreyanın Geumsan şəhərində otuza yaxın ölkədən 60 qrupun iştirak etdiyi “World Percussion Performance Art Festival in GeumSan” festival yarışmasında iştirak etmiş və Qran Pri mükafatına layiq görülmüşdür.

15 oktyabr tarixində Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Kolumbiyanın tanınmış rəqs qrupunun konserti keçirilmişdir. Konsertdə Kolumbiya xalq rəqsləri, milli musiqi və ritmlər nümayiş etdirilmişdir.


Yüklə 492,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə