PREZİDENT DONALD J. TRAMPIN
ANDİÇMƏ MƏRASİMİNDƏKİ ÇIXIŞI
CÜMƏ, 20 YANVAR, 2017-Cİ İL
VAŞİNQTON D.C.
Təqdim olunduğu kimi –
Ali Məhkəmənin sədri Roberts, prezident Karter, prezident Klinton, prezident Buş, prezident
Obama, Amerikalılar və dünya xalqları, təşəkkür edirəm.
Biz – Amerika vətəndaşları ölkəmizi yenidən qurmaq və xalqımıza verilən vədləri bərpa etmək
üçün indi böyük milli mübarizəyə qoşulmuşuq.
Biz qaşıdan gələn illərdə Amerikanın və dünyanın gedəcəyi yolu birlikdə müəyyən edəcəyik.
Bu yolda bizim qarşımıza çətinliklər çıxacaqdır. Biz bu çətinliklərin öhdəsindən gələcəyik. Biz
qarşımıza qoyduğumuz məqsədimizə çatacağıq.
Hər dörd ildən bir, biz hakimiyyətin nizamlı və dinc şəkildə ötürülməsini həyata keçirmək
üçün bu pillələrdə toplaşırıq və biz, prezident Obama və birinci xanım Mişel Obamaya bu
keçid dövründə göstərdikləri iltifata görə minnətdarlığımızı bildiririk. Bütün bu müddət
ərzində onlar son dərəcə gözəl münasibət göstərdilər.
Bütün bunlarla bərabər bugünkü mərasimin çox müstəsna bir anlamı vardır. Bu gün biz sadəcə
olaraq hakimiyyəti bir administrasiyadan digərinə və yaxud bir partiyadan digərinə ötürmürük
- əksinə biz Vaşinqton D.C.-dəki bu hakimiyyəti ötürür və onu yenidən sizə - Amerika Xalqına
geri qaytarırıq.
Uzun müddət bizim dövlətimizin Paytaxtındakı kiçik bir qrup hökumətdən bəhrələnmiş və
bunun ağırlığı isə xalqın üzərinə düşmüşdür.
Vaşinqton çiçəklənmişdir – lakin onun sərvətindən xalqa pay düşməmişdir.
Siyasətçilər firavanlıq içərisində yaşamışlar – lakin iş yerləri azalmış və fabriklər bağlanmışdır.
Hökumətin idarəetmə sistemi ölkəmizin vətəndaşlarını deyil, özlərini müdafiə etmişdir.
Onların qələbəsi sizin qələbəniz olmamışdır, onların zəfəri sizin zəfəriniz olmamışdır və onlar
dövlətimizin Paytaxtında bayram etdikləri bir vaxtda ölkəmizin müxtəlif yerlərində mübarizə
aparan ailələrin sevinmək imkanları çox az olmuşdur.
Bütün bunlar dəyişir – buradan və indidən başlayaraq, çünki bu an sizindir, sizə məxsusdur.
Bu, bu gün burada toplaşan və Amerikanın müxtəlif yerlərindən bizi izləyən hər bir kəsə
məxsusdur.
Bu, sizin gününüzdür. Bu, sizin bayramınızdır.
Amerika Birləşmiş Ştatları sizin ölkənizdir.
Bizim hökumətə hansı partiyanın nəzarət etməsi əsas deyil, əsas olan bizim hökumətə xalqın
nəzarət etməsidir.
2017-ci ilin 20 yanvar tarixi xalqın yenidən bu dövlətin idarəçisinə çevrildiyi gün kimi yadda
qalacaqdır.
Ölkəmizin unudulmuş insanları bir daha unudulmayacaq.
İndi hər kəs sizi dinləyəcəkdir.
Siz bu tarixi hərəkatın bir hissəsi olmaq üçün əvvəllər dünyada misli görünməmiş bir formada
on milyonlarla qrup şəklində gəldiniz.
Bu hərəkatın mərkəzində əhəmiyyətli bir əqidə vardır – dövlət öz vətəndaşlarına xidmət etmək
üçün mövcuddur.
Amerikalılar öz övladları üçün yaxşı məktəblərin olmasını, ailələrinin təhlükəsiz qonşuluq
şəraitində yaşamasını və özlərinin yaxşı işdə çalışmalarını istəyirlər.
Bu, dürüst ictimaiyyətin ədalətli və məqsədəuyğun tələbləridir.
Bütün bunlara baxmayaraq bizim bir çox vətəndaşımız üçün fərqli bir reallıq mövcuddur:
ölkəmizin böyük şəhərlərindəki yoxsul məhəllələrdə analar və uşaqlar kasıbçılığın
məngənəsindədir, istifadəsiz qalmış fabriklər ölkəmizin müxtəlif yerlərində sanki məzar daşları
kimi səpələnmişlər, təhsil sistemi, bura çoxlu pullar xərclənir, lakin bizim gənc və gözəl
şagirdlərimiz təhsildən məhrum olurlar, cinayətkarlıq, oğru dəstələri və narkotiklər bir
çoxlarının həyatını almış və ölkəmizin bir çox reallaşmamış potensialını əlindən almışdır.
Amerikalıların qanının tökülməsi burada və bu andan etibarən dayanır.
Biz bir dövlətik – və onların dərdi bizim dərdimizdir. Onların arzuları bizim arzumuzdur və
onların uğurları bizim uğurumuz olacaqdır. Bizim bir ürəyimiz, bir vətənimiz və bir parlaq
taleyimiz vardır.
Bu gün mənim içdiyim prezidentlik andı bütün amerikalılara olan sadiqlik andıdır.
Bir neçə onilliklər ərzində biz, Amerika sənayesinin hesabına xarici ölkələrin sənayelərini
zənginləşdirmişik.
Digər ölkələrin ordusuna subsidiyalar ayırdığımız bir vaxtda öz ordumuzun pis bir şəkildə
imkanlarının azalmasına imkan vermişik.
Biz digər dövlətlərin sərhədlərini müdafiə etmişik, əvəzində isə öz sərhədlərimizi müdafiə
etməkdən imtina etmişik.
Amerikanın infrastrukturu pisləşdiyi və dağıldığı bir vaxtda biz xarici ölkələrdə trilyonlarla
dollar vəsait xərcləmişik.
Bizim digər ölkələri varlandırdığımız bir vaxtda öz ölkəmizin sərvəti, gücü və etibarı yox
olmuşdur.
Bir-birinin ardınca fabriklər bağlanmış və ölkəmizi tərk etmişlər, buradakı iş yerlərini itirmiş
milyonlarla amerikalı barəsində isə düşünən olmamışdır.
Bizim orta təbəqənin sərvəti əlindən alınmış, sonradan isə bu sərvət dünyanın müxtəlif
yerlərinə paylanmışdır.
Bütün bunlar keçmişdə qaldı. İndi biz yalnız gələcəyə doğru baxırıq.
Bu gün biz burada toplanmışıq və qəbul edəcəyimiz yeni qərarlar hər bir şəhərdə, hər bir xarici
ölkənin paytaxtında və hakimiyyətin hər bir dairəsində eşidiləcəkdir.
Bu gündən etibarən bizim ölkəmizi yeni baxışlar idarə edəcəkdir.
Bu andan etibarən Birinci Amerika anlayışı öndə olacaqdır.
Ticarət, vergilər, miqrasiya, xarici məsələlərlə bağlı qəbul ediləcək hər bir qərar amerikalı
işçilərin və amerikalı ailələrin faydalanması naminə ediləcəkdir.
Biz, digər ölkələrin bizim məhsullarımızı hazırlayan, şirkətlərimizi oğurlayan və iş yerlərimizi
yox edən dağıdıcı təsirlərindən öz sərhədlərimizi qorumalıyıq. Müdafiə böyük çiçəklənmə və
güclənməyə doğru aparacaqdır.
Mən son nəfəsimə qədər sizin üçün mübarizə aparacağam və heç zaman sizin ümidinizi boşa
çıxartmayacağam.
Amerika yenidən qələbə çalacaqdır, əvvəllər heç zaman nail olmadığı qələbəni indi əldə
edəcəkdir.
Biz öz iş yerlərimizi geri qaytaracağıq. Biz öz sərhədlərimizi geri qaytaracağıq. Biz öz
sərvətimizi geri qaytaracağıq. Nəhayət biz öz arzularımızı geri qaytaracağıq.
Biz gözəl ölkəmizin hər bir yerində yeni yollar, şoselər, körpülər, hava limanları, tunellər və
dəmir yolları inşa edəcəyik.
Biz insanların maddi yardımlara bel bağlamaqdansa çalışmalarına – ölkəmizin amerikalıların
əlləri və amerikan əməyi ilə yenidən qurulmasına nail olacağıq.
Biz, iki sadə qaydaya əməl edəcəyik: amerikan məhsulunu al və amerikalını işə götür.
Biz dünyanın digər dövlətləri ilə dostluq və xeyirxah əlaqələr qurmağa çalışacağıq, lakin bunu
edərkən digər ölkələrin də öz maraqlarını önə çəkmək haqlarının olduğunu qəbul edəcəyik.
Biz öz həyat tərzimizi kiməsə qəbul etdirməyə çalışmamalıyıq, əksinə bunun hər bir kəsin əməl
edəcəyi bir nümunə kimi parlamasına nail olmalıyıq.
Biz köhnə tərəfdaşlıqlarımızı daha da gücləndirəcək və yenilərini quracağıq, və sivil dünyanın
radikal islamçı terrorizmə qarşı birləşməsinə nail olaraq onu yer üzündən birdəfəlik siləcəyik.
Bizim siyasətimizin əsas prinsipi Amerika Birləşmiş Ştatlarına sadiqlikdir və ölkəmizə olan
sədaqətimiz nəticəsində biz, bir-birimizə olan sədaqətimizi yenidən kəşf edəcəyik.
Sizin ürəyinizdə vətənpərvərlik kök salanda burada mənfi fikirlərə yer qalmır.
İncilin bizə dediyi kimi, “Tanrının insanlarının dostluq içərisində yaşamağı nə qədər yaxşı və
xoşdur”.
Biz düşüncələrimizi açıq şəkildə ifadə etməliyik, narazılıqlarımızı səmimi formada müzakirə
etməliyik, lakin hər zaman həmrəy olmalıyıq.
Nə zaman ki, Amerika birdir, o zaman Amerika yenilməzdir.
Heç kəs qorxmasın, biz müdafiə olunuruq və biz hər zaman müdafiə olunacağıq.
Bizim silahlı qüvvələrimizin və hüquq mühafizə orqanlarımızın qüdrətli kişi və qadınları bizi
qoruyurlar və ən əsası isə Tanrı bizi qoruyur.
Nəhayət, biz geniş düşünməliyik və hətta daha böyük arzularla yaşamalıyıq.
Amerikada biz anlayırıq ki, hər hansı bir dövlət yalnız mübarizə aparmaqla yaşaya bilər.
Bundan sonra biz, hər hansı bir iş görməyən və bütün vaxtını danışmaqla keçirən – daima
şikayət edən, lakin heç bir addım atmayan siyasətçiləri qəbul etməyəcəyik.
Boş danışıqların vaxtı keçmişdir.
İndi iş görmək vaxtıdır.
Heç kəsin sizə sən bunu edə bilməzsən deməsinə imkan verməyin. Heç bir çətinlik Amerikanın
ürəyi, mübarizəsi və ruhu qarşısında tab gətirə bilməz.
Biz uduzmayacağıq. Bizim ölkəmiz inkişaf edəcək və yenidən çiçəklənəcəkdir.
Biz yeni minilliyin astanasındayıq, kainatın sirlərini açmağa, yer kürəsini xəstəliklərin
əzabından qurtarmağa, gələcəyin enerjisi, sənaye və texnologiyalarından istifadə etməyə
hazırıq.
Bizim ruhumuzu yeni milli qürur hissi hərəkətə gətirəcək, düşüncələrimizi canlandıracaq və
maneələri aradan qaldıracaqdır.
Bizim əsgərlərimizin heç zaman unutmadıqları müdrik kəlamı xatırlamağın vaxtıdır – bizim
qara və ya qəhvəyi və yaxud ağ olmağımızdan asılı olmayaraq hamımızın damarlarında
vətənpərvərlik qanı axır, hamımız möhtəşəm azadlıqlardan faydalanırıq və hamımız eyni
qüdrətli Amerika Bayrağına baş əyirik.
Hər hansı bir uşağın Detroytdakı yeni tikilməkdə olan şəhər ərazisində və yaxud Nebraskanın
küləklə sovrulan düzənliklərində anadan olmasından asılı olmayaraq onlar eyni səmaya
baxırlar, onların ürəyi eyni arzularla doludur və onlara bu həyatı eyni qüdrətli Tanrı bəxş edir.
Beləliklə, yaxın və uzaq, kiçik və böyük şəhərlərdə, dağlarda, okeanın sahillərində yaşayan
bütün amerikalılara üzümü tutaraq demək istəyirəm:
Siz bir daha diqqətdən kənarda qalmayacaqsınız.
Sizin səsiniz, sizin ümidləriniz və sizin arzularınız bizim Amerikanın taleyini müəyyən
edəcəkdir. Sizin cəsarətiniz, xeyirxahlığınız və sevginiz bu yolda hər zaman bizim bələdçimiz
olacaqdır.
Biz birlikdə Amerikanı yenidən gücləndirəcəyik.
Biz birlikdə Amerikanı yenidən zəngin edəcəyik.
Biz birlikdə Amerikanı yenidən məğrur edəcəyik.
Biz birlikdə Amerikanı yenidən təhlükəsiz edəcəyik.
Bəli, biz birlikdə Amerikanı yenidən qüdrətli edəcəyik. Təşəkkür edirəm, Tanrı sizi qorusun və
Tanrı Amerikanı qorusun.
Document Outline - PREZİDENT DONALD j. tRAMPIN
- ANDİÇMƏ MƏRASİMİNDƏKİ ÇIXIŞI
- CÜMƏ, 20 YANVAR, 2017-Cİ İL
- VAŞİNQTON D.C.
Dostları ilə paylaş: |