Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

 
190 
Bağrım dərd əlindən bir viranədir
Bilmirəm, bu dərdin dərmanı nədir? 
Nalələr qoparıb yanan qəlbindən, 
Züleyxa yatmazdı möhnət əlindən. 
Bir şeydən Yusifin ətrini duysa, 
Ah çəkib, qüssədən batardı yasa. 
Bir zaman Yusifin əynində olan, 
Köynəyi bağrına basaraq nalan, 
Gül kimi ətrini ondan alardı, 
Təsəlli tapardı, razı qalardı. 
Sürtüb yaxasını gül yanağına, 
Öpüş yağdırardı hər bucağına. 
Deyərdi: sarılmış onun boynuna, 
Canım yüz tel ilə bağlıdır buna. 
Əlini qoluna salıb bir zaman, 
Taleyin əlindən çəkərdi aman. 
Gah gözünə sürtüb, gah da öpərdi
Gözdən ayağına inci səpərdi. 
Bir gün arxasına dəymişdir deyə, 
Ətəyini sürtüb nəmli didəyə, 
Deyərdi: öpmədim ayağından mən, 
Qoy öpüm barı, bu yar ətəyindən. 
Elə ki tacını başsız görərdi, 
Alaraq üstündən tozu silərdi. 
Deyərdi: bu olmuş o başa həmdəm 
Ki, onun ayağın öpərdi aləm. 
Kəmərini görcək gəlib fəryada, 
Yusifin belini salardı yada. 
Kəməri edərdi boynuna kəmənd, 
Ovçunu qılardı ov kəməndə bənd. 
Zərli xalatını açaraq hərdən, 
Qanlı yaş tökərdi şəhla gözündən. 
Xələtə axdıqca həsrət göz yaşı, 
Bəzərdi ləl ilə zərli qumaşı, 
 
191 
Cütlənmiş görəndə başmaqlarını, 
Deyərdi: – Bax, öpür aşiq yarını, 
Təklikdən dolardı qəlbi qubarla, 
Könlündən keçərdi, birləşsin yarla. 
Gözü sataşardı dolaqlarına, 
Alıb yapışdırar dodaqlarına, 
Telindən qəlbinə düyün vurardı, 
Göz yaşı dolağı al boyayardı. 
Günləri keçərdi bu minval ilə, 
Hər şeydən duyduğu yüz məlal ilə. 
Didarın qədrini bilmədiyiçün
Ayrılıq oduna yandı büsbütün. 
Bir fayda vermədi qıldığı ah-vay, 
Əlacı yox idi, səbrdən savay, 
Lakin aşiqlərdə səbr ola bilməz, 
Eşqdən ayrılan bir könül gülməz! 
Aşiqə ölümdür ayrılıq dərdi, 
Görüşüb ayrılmaq daha betərdi. 
Ortada olarsa ülfət, ünsiyyət, 
Ayrılıq sayılar sonsuz müsibət. 
Yaxınlıq olmazsa ortada əgər, 
Hicran ağrısına dözər aşiqlər. 
Züleyxa möhnətdən doyaraq cana, 
Qəsd etdi ölməklə yetsin canana. 
Başını vuraraq daşa, divara, 
Köksünü istərdi xəncərlə yara. 
Çıxıb darğa kimi qəsrin damına, 
Tullanmaq istərdi eşqin namına. 
Zülfünü eşərək ip kimi möhkəm
Boğmaq istəyərdi özünü hər dəm. 
Dərdü-qəm əlindən candan keçərdi, 
Şərbəti tərk edib zəhər içərdi. 
Heç əyə yox idi könlündə maraq, 
Ölüm istəyərdi özünə ancaq. 


 
192 
Dayə glib öpdü əl-ayağından, 
Dedi: – Gözlərinə bu canım qurban! 
Dünya muradınca, kamınca olsun, 
Piyalən cananın ləliylə dolsun! 
Hicrandan,  həsrətdən düşəsən uzaq, 
Bir daha nəsibin olmasın fəraq! 
Nə olar, möhnətdən, qüssədən dincəl?! 
Çək, ağıllı balam, dəlilikdən əl. 
Edirsən qəmindən bağrımızı qan, 
İnsana bu zülmü etməz bir insan! 
Bu qoca ananın sözünü dinlə, 
Çarə tap dərdinə səbr, təmkinlə. 
Səbirsizliyindən düşdün bu oda
Səbir buludundan çilə su oda. 
Dərdü qəm küləyi əsdiyi zaman, 
Gərək saman kimi uçmasın insan. 
Məsləhətim budur, ey nazlı sənəm, 
Durasan dağ kimi yerinda möhkəm. 
Səbr ilə qələbə qazanar insan, 
Odur insanları xoşbəxt yaşadan. 
Kəsmə ümidini, səbrə qıl adət, 
Səbr etsən, nəsibin olar səadət. 
Səbr ilə sədəfdə inci bəslənər, 
Səbr ilə mədəndə yetişər gövhər. 
Doqquz ay gözləsən bir qətrə sudan, 
Rehimdə bəslənər bir mahi-taban. 
Səbr ilə sünbüldə danə yetişər, 
Səbr ilə qoradan tər halva bişər. 
Züleyxa yansa da hicran qəmindən, 
Məsləhət eşitdi öz dayəsindən. 
Yaxası çak idi ətəyə qədər
Çəkdi ətəyinə ayaq o dilbər. 
Xeyirxah sözünə qulaq asaraq, 
Bir aşiq səbr edər, inanma ancaq?! 
 
193 
Məsləhət verənlər olunca xamuş, 
Aşiq o sözləri edər fəramuş. 


 
194 
ZÜLEYXA  YUSİFİN  FƏRAQINDA  AĞLAYIB 
İNLƏYİR,  DAYƏSİ  İLƏ  BƏRABƏR 
GECƏ  ZİNDANA  GƏLİR,  UZAQDAN 
GİZLİCƏ  YUSİFİN  CAMALINA 
TAMAŞA  EDİR 
 
Məhəbbət Yusifi məğribdə haman
Gizləndi fələyin Züleyxasından. 
Fələk Züleyxası o günəş üçün, 
Üzünü ulduzla bəzədi bütün. 
Züleyxa o qədər dərdü qəm çəkdi, 
Deyərdin: – Göz yaşı qanlı şəfəqdi. 
Şəfəq göz yaşından oldu bağrı qan, 
Qızardı fələyin ətəyi qandan. 
Ağlayıb canını yaxdı odlara, 
Etdi gündüzünü gecəylə qara. 
Qaralsa gecə tək aşiqin günü, 
Göylərə yüksələr gecələr ünü. 
Qaralar hicrandan günü, rüzgarı, 
Gecələr tükənər səbrü-qərarı. 
Üzü qara olar gündüzü qəmdən, 
Gecəsi qaralar dərdü-ələmdən. 
«Gecə hamilədir» məşhur məsəl var, 
Səhər aşiqlərə, dərdü-qəm doğar. 
Bu uşaq anadan olduğu zaman
Əmər süd yerinə ürəklərdən qan. 
Qanlı bir səhəri gözlərsə ana, 
Doğduğu körpə də susayar qana. 
Züleyxanın səbri sona yetincə, 
Cıxdı qarşısına zülmət bir gecə. 
O düşmüş dilbərdən, dildardan uzaq, 
Nə fələkdə ay var, nə evdə çıraq. 
İşıq saçmayırsa cananın üzü, 
Evi rövşən etməz məşəlin yüzü. 
 
195 
Gözü yatmayırdı qəmdən, qüssədən, 
Deyirdi, qanlı yaş töküb didədən: 
– Bu gecə Yusifim nə xəyaldadır? 
Xidmətində kim var, o nə haldadır? 
Görəsən, kim ona açmış yatacaq? 
Kim onun yastığın sahmanlayacaq? 
Kim çıraq yandırmış yatdığı yerdə? 
Onu haqq salmasın cahanda dərdə. 
Kim açmış kəməri onun belindən? 
Kim demiş yatarkən nağıl, görəsən? 
Yenə tərtəzədir, görəsən, gülü? 
Görən hörülmüşdü süsən sünbülü? 
Gülü solmamışmı kəsif havadan? 
Olmuşmu o sünbül saçı pərişan? 
Qəlbi qönçə kimi sıxılmış məgər? 
Bəlkə də, gül kimi açılıb gülər? 
Züleyxa özüylə edirdi söhbət, 
Gecə yarı oldu, yatmadı, əlbət! 
Qalmadı canında heç tabü tavan
Nə də ürəyində səbrdən nişan. 
Canı eşq oduna yaxıldı, budur, 
Ağlaya-ağlaya dedi: Dayə, dur! 
Dur, qara zindana gedək bu gecə! 
O möhnət evinə çataq gizlicə! 
Zindan bucağında oturaraq tək, 
O zindan sakini ayı seyr edək! 
Bir zindan ki olmuş o gülə məskən, 
O yer zindan deyil, gülşəndir, gülşən! 
Bülbülün könlünü açar gülüstan, 
Mənimsə qönçəmi açacaq zindan! 
Züleyxa sərv tək yola düzəldi, 
Dayə kölgə kimi ardınca gəldi. 
Ay kimi zindana çatdı Züleyxa, 
İstədi gizlicə zindana baxa. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə