414
QIZLAR BULAĞI
(Xəyali hekayə)
Məndən başqa da bir çox cavan dağa dırmaşmaqda idi.
Hərədə bir ümid, uca bir meyl var idi.
Yerişlərində bir dirilik,
rəftarlarında bir hüsn görünürdü. Getdikcə dağ şenlikləşirdi.
Ətrafda dadlı söhbət və zərif gülüş artırdı. Bir az da yuxarı
qalxdıqda gözlərimizə cavan qızlar göründülər. Bunlar bizdən
tez qəbilədən çıxmış imişlər. Qol-qola taxıb qayalardan
sallanmış kolların arasından keçib gedirdilər. Gözləri üzümüzə
sataşdıqda qızlar utandıqlarından qızarıb, başlarını aşağı
dikirdilər; bəzi də rast gəldikdə qəhqəhə çəkə-çəkə daşdan-daşa
sıçrayıb ceyran kimi gözdən itirdi. Gün dağın arxasına
yavıqlaşırdı və həzin şüaları kolların arasından şaqqıltı ilə axan
suya düşüb min rəng çalırdı. Meşədən qızların narın
səsləri qulağımıza gəlib ürəyimizə lətif nəşələr doldururdu.
Yoldaşım mənə yanaşıb gülə-gülə:
– İlyas, eşidirsənmi? Qızlar bizdən qabaq gəlib, oxuşurlar.
Biz kişilər elə belə tənbəl oluruq!
Həqiqətdə də qızlar əl-ələ tutuşub, bir meydançada
oxuşurdular. Onların qarşısında uca bir qayadan yarılıb çıxan
su tökülüb əlvan rəngli çınqıllara
dəydikdə min parça olub,
mirvari danəlari tək dağılırdı. Suyun ətrafı tamam ot və
çiçəklərlə bəzənmiş idi. Böyük dağları, iri daşları kollar və
yaşıl ağaclar qucaqlayıb bürümüşdülər. «Qızlar bulağı» deyə
fikrimdən keçirdim. Nə böyük fəxr! – Mən də bu həyat
çeşməsinə çatdım. Keçən illər buraya gəlməyə təlaş edirdimsə
də, anacığım razı olmurdu
– İlyas, – deyirdi, – hələ sən uşaqsan, Qızlar bulağına
ehtiyacın yoxdur. Həddi-buluğa çatarsan, onda səadət yarın
olsun, get haraya gedirsən.
415
İndi mən daha uşaq deyildim. Cavanlığın ən dadlı
vaxtlarında idim: ürəyimdə bir ümid, xəyalımda
bir dilbər;
qayeyi-amalım da belə yaxın, belə şüadar idi ki, az qalırdı
qarşımda oxuşan qızlara tutub deyim: səadət ulduzum sizsiniz,
gözəllərim!
Qızlar əl-ələ verib, rəqs edə-edə bulağın ətrafında oxuyur-
dular:
Gəldik çeşməyə,
Sudan
içməyə;
Ağca daşlara
Təzim etməyə.
Oğlanlar da qızları əhatə edib fırlanırdılar. Mən də
yoldaşımla yetirib, oxuya-oxuya cərgəyə girdik.
Gəldik bulağa,
Sərin sulara,
Gözümüz
düşdü,
İncə qızlara.
Qızlar –
Qızlar
burada
Gəlmiş murada.
Təbiət salsın
Onları yada.
Oğlanlar –
Gəldik bulağa
Səsə, sorağa.
Gözümüz
düşdü
İncə yanağa.
Qızlar –
Qönçə yanağa
Ağca buxağa;
Oğlanlar gəlib
416
Səsə, sorağa...
Qızlar oxuduqca üzlərini döndərib arxalarına tökülən uzun
tüklərinin arasından bizlərə baxırdılar. Bu baxışlarda o qədər
hüsn
var idi ki, onlara etidali-dəmlə nəzər yetirmək olmurdu.
Sevmək, sevilmək istəyirdim; ürəyimdə qəmli bir sızıltı,
vücudumda mərizanə bir hal hiss edirdim. Gözlərim ağlamaq
xəyalında idi. Qızlar oxumaqlarında davam edirdilər və
oxuduqca da yorulub bulağın ətrafına toplaşırdılar. Birdən
yüzlərcə nazik libaslı sənəmlər saçlarını arxalarına ata-ata
bulağın güzgüyə bənzər səthinə əyilib su içirdilər. Bir də qalxıb
əvvəlki kimi laqeydanə oxumağa başlayırdılar.
Gəldik çeşməyə
Sudan
içməyə;
Ağca daşlara
Təzim etməyə.
Su qızlara ecazkar bir məlahət bəxş edirdi: gözəlləşirdilər,
zərifləşirdilər. Suda bir qüvveyi-möcüzanə, bir sirri-təbiət var
idi. O utancaq qızlar indi bir növ rəqs edirdilər,
bir növ qaş-göz
oynadırdılar ki, ruh bədəndə məst olurdu. Cavanların ürəyi bir
od-parəya düçar olub yanırdı, divanə kimi qızları əhatə edib,
fırlanıb qaçırdıq. Hərəmiz gözümüzü həsrətlə bir pəriüzlüyə
dikib oxuyurduq:
Qızlar, qızlar, aman qızlar!
Ala gözlü, yaman qızlar!
Qızlar söylər şirin sözlər,
Oğlan söylər: «can, ay qızlar!»
Gözəl qızlar, zərif qızlar!
İçin, qızlar, soyuq sular.
On beş sinnə dolsun sinnlər,
417
Eşqə düçar olsun qızlar.
Axşamın qızartısı çəkilirdi. Rəqs qurtarmışdı və hərə bir
guşədə ətraf mənzərənin ifrat gözəlliyinə heyran qalmışdı.
Bulağın üstündə ağca daşa söykəli bir qız oturub, şəhadət
barmağı dodaqlarında fikrə getmişdi. Dağınıq tükləri daşın üstə
ilan kimi qıvrılıb yatmışdı. Nazik libası qızın dolğun bədənini
bir istedadi-xudadi ilə himayə edirdi. Ona zənnlə baxırdım.
Bu tamaşa guya gözələ agah oldu:
birdən fikrindən
aralanıb başını qovzadı, üzümə baxdı. Gözlərimiz qarşı-qarşıya
gəldi. Məni guya oxladılar: filfövr ürəyimdə bir tufan qopdu,
bədənim titrədi. Qız halımı duydu. Dodaqlarında bir təbəssüm
oynadıb, qızarmış üzünü aşağı saldı. Bu təbəssüm daha da məni
odladı, özümü saxlaya bilməyib, ixtiyarsız bulağın bir tərəfində
oturdum. Yəqin qıza halım aşkar olmuşdu: bir də başını
qovzayıb gülümsündü. Yerimdən divanə tək qalxıb
bulağa tərəf
gəldim. Burada nə edəcək idim, məlum deyildi. Bir də ayıldım.
Öz hərəkətim özümə də qəribə gəldi. Güldüm. Qız da
gülümsündü və daha da qızarıb üzunü əlləri ilə gizlədi. Özümü
bir az toxtadıb, qıza dedim:
– Görəsən bu ağaclar burada necə bitib?
Bu sualın nə dərəcədə axmaq bir sual olduğunu düşündüm.
Lakin əlac da yoxdu. Qız da sözlərimdən bir məna anlamayıb,
qəhqəhə ilə güldü və ayağı büdrəyib qayadan düşdü. Bu vəqə
məni gülüş vəziyyətindən qurtardı. Cəld yerimdən sıçradım və
qızın qolundan yapışıb sual etdim:
– Bir zərər toxunmadı ki?!.
– Razılıq edirəm, zərərsiz qurtardım; lakin çəkmələrim
bir az suya batdı.
Qızın sözləri qurtarmamış dəsmalı çıxardıb çəkmələri
silməyə başladım. Qız nə qədər təlaş etdisə də, çəkmələri silib
təmizlədim. Qız həzin bir səslə:
– Şücaətli bir cavana ayaqları silmək yaraşarmı?
Gözəlin cavabında kəmali-fəxrlə: