Dədə Qorqud ● 2014/IV 60
man və məkan fərqlərini üstələməyə kömək etmişdir, insan təcrübəsini saxlama-
ğa və nəsildən-nəslə bir millətdən digərinə ötürmə vasitəsi olmuşdur. Məhz ya-
zının sayəsində müəyyən məkanda meydana çıxan, kəşf olunan, inkişaf etdirilən
siyasi, ədəbi və elmi hadisələr, yeniliklər başqa yerlər üçün də əlçatan olur.
Yazı da dil kimi, kollektiv əməyin məhsuludur. İnsan cəmiyyətində icti-
mai quruluş təşəkkül tapdıqda bu quruluşun nümayəndələri arasında iqtisadi, si-
yasi və s. əlaqələrin də yaranması zərurəti meydana çıxır. Tədricən şifahi ünsiy-
yət bu əlaqələrin tələblərini ödəmədiyi üçün yazı meydana çıxır.
İlk növbədə insanlar əşyavi yazıdan istifadə etmişlər. Daha sonra şəkli (şə-
killər vasitəsilə fikrin çatdırılmasından ibarət yazı növü), fikri (şəkli yazının ün-
sürlərinin inkişaf etmiş, bir qədər mürəkkəbləşmiş forması), heca və hal-hazırda
geniş yayılmış hərfi yazıdan istifadə olunmağa başlanmışdır. Lap qədim zaman-
larda insanlar fikirlərinin ifadəsi kimi müxtəlif əşyalardan yararlanmışlar. Bu
vasitə ilə çox vaxt uzaq məsafələrə məlumat, xəbər və başqa səciyyəli işləri əks
etdirmişdilərsə də, bəzən bu xarakterli əşyalar yaxın məsafələrdə simvol kimi çı-
xış etmişdir. Məs: hindu qəbilələrində başçılar arasında növbə ilə çəkilən qəlyan
sülhə işarə idi. Və yaxud slavyan xalqlarında qonağı duz-çörəklə qarşılamaq
dostluq və xoşməramlılıq adəti idi. Qeyd etmək lazımdır ki, əksər slavyanlarda
bu ənənə hələ də qorunub saxlanmışdır. E.ə VI əsrdə skiflərin farslara göndər-
dikləri qurbağa, siçan, quş və beş oxun mənasını Herodot bu cür açıqlamışdır:
"Əgər siz farslar bataqlıqda qurbağa kimi tullanmağı öyrənməsəniz, siçan kimi
gizlənməyi bacarmasanız, quş kimi uça bilməsəniz, bizim torpağa ayaq basan
kimi oxlarımız altında məhv olacaqsınız".
Məlum olduğu kimi Azərbaycan şifahi xalq ədəbiyyatı qədim tarixə malik
olduğu kimi, bu ədəbiyyatın epik növünün janrlarından olan nağıllarımızın da
tarixi kökü qədim zamanlara gedib çıxır. Nağıllarımız əsrlərdən-əsrlərə keçmək-
lə xalqımızın ruhunu, psixologiyasını, ağlını, dünyagörüşünü əks etdirən ən ma-
raqlı folklor nümünələrindəndir. Təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz əş-
ya-simvollara-fikrin izahı, çatdırılması üçün istifadə olunan əşyalara burada rast
gələ bilirik. Belə bir əşya-simvola "Yeddi qardaş bir bacı” nağılından misal gəti-
rək. “Biri var idi, biri yox idi, bir kişinin yeddi oğlu var idi. Günlərin bir günü
yeddi qardaş yaraqlanıb ova gedəsi olurlar. Analarını çağırıb dedilər:
– Ana, biz ova gedirik. Düz bir ildən sonra qayıdacağıq, bax, bu qabaqdakı
dağda olacağıq. Bu müddətdə əgər qızın olsa, qapıya ələk asarsan, yox, oğlun
olsa, ox-yay asarsan."
Göründüyü kimi, ələk məişətdə qız-qadının, ox-yay isə kişilərin istifadə
etdiyi əşya olduğu üçün burada simvolik olaraq, şifahi nitqə köməkçi olmaqla,
şifahi ünsiyyətdən istifadə edilməmək şərtilə fikri çatdırmağa xidmət edir.
“Şəmsi Qəmər” adlanan nağıldakı başqa bir nümunəyə nəzər salaq. Bura-
da göstərilir ki, vəzir ailə qurmaq məqamına çatmış, lakin bu barədə özləri atala-
rına birbaşa heç nə demək istəməyən padşah qızlarına belə bir tədbir qılır: bazar-
Dədə Qorqud ● 2014/IV 61
dan biri ötmüş, biri dəymiş, digəri isə yetişmək üzrə olan üç qovun aldırır və
bunların hər birinə bir bıçaq sancıb xonçada padşaha göndərir. Padşah bu işarə-
lər qarşısında aciz qaldıqda, vəzir bunun açıqlamasını belə verir: Ötmüş qovun
böyük qıza, yetişmiş qovun ortancıl qıza, yetişmək üzrə olan qovun isə kiçik qı-
za işarədir ki, onlar ərə getmək istəyirlər.
Azərbaycan nağılları içərisində öz maraqlı süjet xətti, personajlarının dər-
rakəliliyi, ağıllılığı ilə oxucunu düşündürməsi baxımından diqqətəlayiq bir nağıl
var: “Daşdəmirin nağılı”. Haqqında danışdığımız əşyavi yazı nümunələrinə də
bu nağılda geniş şəkildə rast gələ bilirik: "Qadın çadrasının altından bir boşqab
çıxarıb Daşdəmirin qabağına qoydu. Daşdəmir baxıb gördü ki, boşqabda bir nar
var, bir top iynə var, bir qayçı var, bir vərəq kağız var, bir tikə ət var, bir də bir
bıçaq var.
Daşdəmir heç bir söz demədi. Bıçağı götürüb əti tikə-tikə doğradı. Qayçını
götürüb kağızı kəsik-kəsik elədi, sonra iynələri bircə-bircə nara sancıb boşqaba
qoydu" [1, 316].
Sonradan isə bunun mənasını belə açıqlayır ki, əgər mənim bədənimi bu ət
parçası kimi parçalasalar, bu kağız kimi tikə-tikə doğrasalar da bu sirri heç kəsə
açmaram. Bu andan sonra həmin qadın Daşdəmirə başqa bir sirri açması üçün
atasının göndərdiyi armud, gavalı, əl dəyirmanı, bir parça dəmir, bir dənə də da-
şı verir. Daşdəmir bu əşyaların da izahını verir: "Bu armudun adı Abasbəyi ar-
muddu. Bu gavalıya da bağbanlar vəzir Alı deyirlər. Atan demək istəyir ki, Daş-
dəmirin xaraba dəyirmanda başına gələn iş padşahın qoşun böyüyü Abas bəylə,
bir də vəzirlə əlaqədardı" [1, 317]. Gedişatdan məlum olur ki, həmin qızın atası
Mirzə Möhsün həbsxanaya salınacağından şübhələndiyi üçün bu əşyaları məlu-
mat kimi göndərmişdi.
Daşdəmir öz ağlı, dərrakəsi ilə digər bir məqamda da diqqəti cəlb edir.
Düşmən padşah öz qoşunu ilə şəhəri dövrəyə alır. Belə bir qəribə şərt qoyulur
ki, göndərdiyimiz suala cavab tapa bilməsəniz, bizə təslim olmalısınız. Torpağın
üstündə yumru çevrə çəkib deyirdilər ki, bu suala cavab tapın. "Daşdəmir əlinə
bir ağac alıb çevrəni ortadan iki yerə böldü. Düşmən tərəf işi belə görəndə gəti-
rib çevrənin bir tərəfində bir ox qoydular. Daşdəmir də padşahın qılıncını götü-
rüb ikinci tərəfə qoydu. Belə olanda düşmən tərəf çevrənin içinə bir ovuc darı
tökdü. Daşdəmir tez əmr elədi, bir xoruz tutub gətirdilər. Xoruz bütün darını
dənlədi. Düşmən tərəf heç nə deməyib yola düzəldi" [1, 324].
Məlum olur ki, düşmən tərəf çevrəni çəkməklə bütün dünyaya sahib ol-
maq istəklərini bildirirmişlər. Daşdəmir çevrəni ortadan iki yerə bölməklə onla-
rın da dünyada öz yerləri olduğunu və oraya heç kəsi qoymayacaqlarını nəzərə
çatdırır. Ortaya qoyulan ox davaya işarə olduğu üçün Daşdəmir padşahın qılın-
cını onların qabağına qoymaqla, qorxmadıqlarını ifadə edir. Sonra düşmənlər
çevrəyə darı tökdülər ki, bizim qoşunlarımızın sayı-hesabı yoxdur. O isə bütün
darını bir xoruza dənlətməklə, bu cür qorxmaz, igid el oğulları olduğunu bildirir.