Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə67/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

 
388 
Qızıl cama tökdü meyi pəhləvan, 
Zəvarə adın çəkdi, içdi haman. 
Zəvarə dəxi camı aldı ələ. 
Gətirdi o Kavus adını dilə. 
İçib camı, öpdü üzündən yerin, 
Təhəmtən ona söylədi: – Afərin! 
Meyi qardaş öz qardaşıyla vurar, 
Şərab camını şirlər eylər şikar. 
 
Dedi Rüstəmə Giv: – Ey pəhlavan! 
Bizim şəhriyarın əzizi olan! 
Qoy Əfrasiyabı gedib haqlayım, 
Çayı keçməsin, yolları bağlayım. 
Kəsim körpünü, bəlkə o bədgüman, 
Geciksin o sahildə xeyli zaman. 
Bizim pəhləvanlar geyinsin barı, 
Əfsus, dolu qaldı şərab camları. 
Kamanına iki ox qoydu qoşa. 
Səyirtdi atın körpüyə birbaşa, 
Yerə dəyməyirdi atın dırnağı, 
Yaxınlaşdı, gördu Turan bayrağı, 
Demək, çay keçilmiş, iş olmuş xarab, 
Dayanmış qabaq səfdə Əfrasiyab, 
Təhəmtən alıb geydi bəbri-bəyan, 
Minib Rəxşi, yollandı şiri-jəyan. 
Onu gördü covşəndə Əfrasiyab, 
Nə huş qaldı başda, nə qəlbində tab. 
O pəncə, o qol, o boyun, o kəmər, 
Alıb çiyninə bir əmud dağ qədər, 
Budur, Tus, Gudərz – olub nizədar, 
Durub yan-yana Giv, Qorgin səvar. 
O Bəhram, o da Zəngeyi-Şavəran, 
O Fərhad, o Bərzin kimi qəhrəman, 
Alıb nizə, hindi qılınc əllərə, 
 
389 
Durar yeddisi qarşı bir ləşkərə. 
Yerindən hamı qalxaraq mərdanə, 
Pələnglər kimi girdilər meydana. 
Budur, Giv meydanda səflər yarır, 
Sanarsan bir aslan şikar axtarır. 
Vurub gürzünü gah sola, gah sağa, 
Cəsədlər o meydanda döndü dağa. 
Onun qarşısından qaçır çinlilər, 
Turan padişahın boğurdu qəhər. 
Görüb Rüstəmi, qaçdı Əfrasiyab, 
Bilirdi ki, yox zərbinə onda tab, 
Qaçan ordu ardınca dəydi ata, 
Çalışdı öz əyanlarına çata. 
Çox idi Turan ordusundan ölən, 
Qalar, qaydadır, darda bəxti dönən. 
Sual verdi Əfrasiyab Pirana: 
–Məgər yatmağa gəlmişik meydana? 
Deyirdik: döyüşlərdə şiri-nərik, 
Cahan düşmən olsun, geri dönmərik. 
Gözümdə qoşun bir sürü tülküdür, 
Bir aslan belə onları hürküdür. 
Turanda böyük hörmətin var sənin, 
Döyüş görmüsən, şöhrətin var sənin. 
Dayan bir, atın başını tez çevir, 
Gedib onlara bir qulaqburma ver! 
Sən, ey gücdə fil, pəncədə şiri-nər! 
Sənindir İran, qalib olsaq əgər. 
Eşitdikdə Piran bu xoş sözləri, 
Qızındı ürək, parladı gözləri. 
Seçib türk igidlərdən on min nəfər, 
Qılınc oynadan, baş vuran namivər, 
Bilirdi əsas qüvvə o, Rüstəmi, 
Onun üstünə cumdu şimşək kimi. 
Əlin ağzına tutdu o namidar, 


 
390 
Sanardın Günəşdən od almış, yanar. 
Çəkib nərə, dəydi ata pəhləvan, 
Dənizdir, deyərdin, qoparmış tufan. 
Əlində qılınc, başda qalxan o şir 
Qovur düşməni, hey biçir, hey keçir. 
Uzaqdan bunu gördü Əfrasiyab, 
Dedi: – Başçılar, bağrım oldu kabab! 
Bizim pəhləvanlarla Rüstəm əgər 
Vuruşsa bu cür gün batana qədər, 
Bir atlı səlamət qayıtmaz, yəqin! 
Nə mənası var beylə hərb etməyin? 
Soruşdu: – O cənkavər Əlkus hanı 
Ki, istərdi udsun diri aslanı? 
Tələb eyləyirdi Givi məst ikən, 
Deyirdi: hərifəm o Rüstəmlə mən! 
Tez Əlkusa çatdırdılar bunları 
Ki, ondan söz açmış Turan saları. 
Özün saldı o öz əliylə qana, 
Çevirdi atın başını meydana. 
Qoşun mərkəzinə çapıb gəldi düz, 
Çatınca Turan şahına tutdu üz, 
Dedi: – Sən deyən pəhləvan, bil, mənəm, 
Döyüşlərdə aslan mənəm, fil mənəm. 
Mənə əmr ver, tək kedim, şəhriyar! 
Edim Rüstəmi-Zalı meydanda xar. 
Turan şahı Əlkusa asdı qulaq, 
Dedi: – Ordudan seç igidlər, qoçaq! 
Gedib seçdi mindən ziyadə igid, 
Hamısı suvari, hamısı rəşid. 
Hamı nizə ilə silahlandılar, 
Alıb gürz, covşən də yollandılar. 
Zəvarə birinci göründü gözə, 
Tez Əlkus onunla gəlib üz-üzə, 
Yəqin bildi övladi-Neyrəmdir o, 
 
391 
Elə zənn qıldı ki, Rüstəmdir o. 
Zəvarə dönüb bir filə, aslana, 
Hücum eylədi nizə ilə ona. 
Olunca neçə zərbə rədd əlbəəl, 
Sınıb nizəsi, düşdü, sustaldı əl, 
Qılıncı belindən çəkib, sanki şir, 
Qopan toz içində görünməzdi yer. 
Qırıldı qılınclar, iki pəhləvan 
Alıb gürzü, çarpışdılar durmadan. 
Budur, gürzü Əlkus tez endirir, 
Zəvarə onun qorxusundan əsir. 
Büküldü beli aldığı zərbədən, 
At üstdən yerə düşdü huşsuz bədən. 
Çevik endi Əlkus atından yerə, 
Başın kəsməyə atdı əl xəncərə. 
Elə gördü qardaşını Piyltən, 
O səmtə yönəldi, bir oddur, deyən, 
Çatıb nərəsi Rüstəmin Əlkusə, 
Elə qorxdu, az qaldı ki, qan qusa. 
Durub yel kimi, qalxdı tez atına, 
İgidlik nədir, düşmədi yadına. 
Dedi Rüstəm Əlkusa: – Qaçma, dayan, 
Qudurdunmu aslanla çarpışmadan? 
Zəvarə ata qalxdı halı yaman, 
Əlində qılınc, paltarı laxta qan. 
Təhəmtənlə Əlkus tutaşdı həmən, 
Özü öz əliylə geyindi kəfən. 
Çatıb Rüstəmə, vurdu bir nizə bərk, 
Kəmərbənddən ayrılmadı heç ətək. 
Təhəmtən döşündən vurub nizəni, 
Ciyər qanına qərq edib cövşəni, 
Götürdü yəhərdən onu quş kimi, 
Baxırdı iki ordu bihuş kimi. 
Yerə vurdu bir dağ kimi zərb ilə, 


 
392 
Turan ordusun çulğadı vəlvələ. 
Bu həngaməni gördü Əfrasiyab, 
Dilavərlərə etdi beylə xitab: 
Qazandı bu Rüstəm yeni bir zəfər, 
Gərək qalmasın yerdə bu qan hədər. 
Pələngə dönün, çarpışın can ilə, 
Yuyun bu axan qanları qan ilə! 
Qoşun dinlədi – nə dedi şəhriyar, 
Durub Rüstəmin üstünə cumdular. 
Bunu gördü Rüstəm, qızışdı haman, 
Yanında o yeddi igid, qəhrəman. 
Qılıncı qınından çəkib yeddi şir, 
Deyərdin ki, şirlər şikara gedir. 
Bunu görcəyin başqa iranlılar 
Alıb gürz ələ, hərbə yollandılar. 
Qırıb tökdülər ordunu yan-yana, 
O çöl döndü qanla dolu ümmana. 
Hara göz yetirsə çölü seyr edən 
Görərdi kəsik başla, başsız bədən. 
Tapılmazdı boş yer ayaq basmağa, 
Yol hardan tapaydı hərif qaçmağa? 
Təhəmtən həmin anda mindi ata, 
O istərdi Əfrasiyaba çata, 
Deyərdi: – Sən, ey Rəxş, ey yaxşı dost! 
Amandır, döyüş vaxtı tərpənmə sust! 
Sənə istərəm şahı qurban edəm, 
Qanıyla daşı ləlü mərcan edəm. 
Elə kükrədi od təbiətli at, 
Sanardın ki, o birdən açdı qanad. 
Təhəmtən kəməndi açıb durmadan 
Qaçan padişaha atıb arxadan, 
Dəbilqə ucunda kəmənd oldu bənd, 
Papaq qaldı, şah getdi, işlətdi fənd. 
Ata çəkdi məhmiz, dala baxmadan 
 
393 
Çalışdı çıxa od kimi ortadan. 
Qırıldı, töküldü qoşun tən yarı, 
Geri dönmədi dərbara çoxları. 
Kimi öldürüldü, kimi dəstgir 
Olub, qaldı düşmən əlində əsir. 
Ərəb atları zər cilov, zər yəhər, 
Qızıl tac, qızıl qınlı şəmşirlər, 
O qiymətli şeylər ki, şahlarda var, 
Qənimət yığışdırdı iranlılar. 
Dönüb gəldilər bir daha ovlağa, 
Döyüşdən sonra dinc nəfəs almağa. 
Yazıb şah Kavusa namə həmən 
Şikargahda türklər edən həmlədən, 
Zəvara atından yıxılmışsa da, 
İgidlərlə birlikdə sağdır o da. 
 
   
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə